Mənə uşaqlıqdan deyiblər hələ,
Nə iş bacaranam, nə də yarıdan.
Nə dalınca getsə — gələn boş əllə,
Suya göndərsələr – Kürü qurudan.
+
Eləydi… Elədir indiyə qədər.
Nə yığdım, tikməyi nə də bacardım.
Mənə verilsəydi xəzinə əgər,
Beş günün içində dağıdacaqdım.
+
Nəinki bir bağın — çiçəyin hətta,
Çəkə bilməmişəm nazını azca.
Suya həsrət qalıb, həm də diqqətə,
Quruyub gözümün qabağındaca.
+
Qəfəsdə baxımsız quş kimi ölər,
Solar susuz qalan gül kimi ya da.
Nə yada salınar, nə dilə gələr,
Unudulub gedər anamın adı.
+
Qəbir daşından da bir zaman itər,
Qurandan seçilib qoyulan bu ad.
Bir gün daş da itər, itər qəbir də,
Daşı, torpağı da dəyişir həyat.
+
Yedik sağlığında nəyi vardısa,
Mən də çox yemişəm, yarıtmamışam.
Ana xatirəsi, adı da irsdir,
Heyf, varisini yaratmamışam…
+
Anama şeirlər həsr eləyirəm,
Adını yaşadım yazılarımda.
Əsər yox, övladdır, nəvə onlar həm,
İrsim də onlardır mənim, varım da.
11-12. 11. 2022, Samara