Архивы

BU DA BİR QƏRİBƏ MÜHARİBƏDİR…

 

Yaxın neftayırm zavodu yanır
Ucalır möhtəşəm tüstü  sütunu,

Yayılır, qaraldır çayın üstünü,

Çayın suları da qara boyanır.

 

Gəzən çox bulvarda, hava istidir,
Qızıldır bu payız həqiqətən də.

Durub baxan da var, selfi çəkən də

Tarixdir bu yanğın, qara tüstü də.

 

Yanğın, yanğın” deyib bağırmır heç kəs,

Elə bil təbiət hadisəsidir,
Baş verir yerdə və göydə arabir,

Səbəbi, adətən, dəqiq bilinməz.

 

İki-üç sutkaya,, külək də əssə,
Şəhərin üstündən tüstü dağılar.
Bilinər yanğında ölən-itən var,

Bu, maraqlı deyil ancaq heç kəsə.

 

Bizdən uzaqlarda döyüşlər gedir,
Deirlər milyonu keçib itkilər,
Dinib-danışmasaq, əlli il çəkər,
Bu da bir qəribə müharibədir…

 

02-03. 11. 2026, Samara

HİCAB

İrandan qovulur nə vaxtdan bəri,
Yer tapa bilmir ki, canını qoysun.

Qayıtmaq istərdi əlli il geri,

Qoruyanı vardı o vaxt bir qoşun.

 

Ciddi yaralanıb, quduzdur yəqin,
Toxunsa, öldürər, geci-tezi var.

Başda yer eləsə, düşməyi çətin,
Bir başı örtəndə min baş ağrıdar.

 

Qovur kürd qızı da, fars qadını da,

Çırpılır, qalmayıb salamat yeri.

Ayrı baş axtarır qona yenə də,
Bizi hədəf alıb nə vaxtdan bəri.

 

Bizdəsə qapılar açıq taybatay,

Yarıyuxuluyuq, salan yox haray…

 

 23. 10. 2026, Samara

 

 

YUXUMU GÖRÜRƏM, QARAMI BASIR…

Yuxumu görürəm, qaramı basır –

Bəzən yarısında kimsə gecənin,
Oyadır, önümdə bir ekran asır,
Və göstərir necə öləcəyimi.

 

Nə öz yatağımda bu iş baş verir, bu iş,
Qaranlıq dalandır ölüm məkanı.
Nə qohum-qardaş var, nə də dost-tanış,

Görmürəm, varsa da, gəlib-gedəni. 

 

Birdən yıxılıram qamarlanaraq,

Dərhal keçirirlər boynuma ilgək,

Sarınır kəndirlə sonra əl-ayaq,
Məni aparırlar, süründürərək.

 

Məndən bağırtılar qopur anbaan,
Ağrı yox, ölümdən qorxudur səbəb.

Belə qışqırmayıb hələ bir heyvan,

Bıçaqla üstünə gələndə qəssab.

 

Başımı qoyurlar iri kötüyə,

Təzədir üstündə qan, qurumamış.
Bu qan insanınmı, heyvanınmı ya –

Öz qanımkı kimi iyisə tanış.

 

Cəllad yaxınlaşır əldə bıçağı,
Qopur ixtiyarsız bağırtım yenə:

“İnsanam, mənim də var haqqım axı,
Bu heyvani qətl yaraşmır mənə.”

 

Cəllad gülümsəyir: “inan ki, rahat
Ölüm elə budur, nə istəyirsən?

Öz yatağında yat, palatada yat —
Yenə məşəqqətlə ölməlisən sən.

 

Belə yaranmısan, budur qismətin,
İnsanla heyvanın sonu eyni, bir.

Kasıb ol ya başdan aşa sərvətin–

Burnundan yediyin-içdiyin gəlir…”

 

Tiyəni dizinə sürtür o sonra,
Məni öz bağırtım birdən ayıldır,

Yuxumu görürdüm, ya basdı qara…

Burnumda, ağzımda qan iyi, dadı…

 

  1. 10. 2026, Samara

COKONDA

İncə dodaqların yalnız ucunda,

Təbəssüm görünüb itir anbaan.
Bizə beş yüz ilin uzaqlığından
Baxıb gülümsəyir yenə Cokonda.

 

Kitab və məqalə bəlkə beş yüz min,

Var bu təbəssümün sirrini açan.

Hər şey aydın olur oxuyan zaman,
Elə ki, baxırsan, heyrətin həmin.

 

Bəlkə də az deyil arzulayanlar,
Gülümsəyən xanım danışaydı da.

İndiki elm üçün çətin işdimi? –

Danışdırar. Amma bir məsələ var:

 

Çox qadın görmüşük… gözəl və göyçək,

Düşüb gözümüzdən ağız açan tək…

 

09. 10. 2026, Samara

BİZ İNSAN DEYİLİK, «DAXİLİ İŞ»İK..

 

Çoxlu ölkə var  ki. əhali  — xalqdır,

Və xalqsa tarixin həm siyasətin

Subyekti – deyilsə elmi və ciddi.

Yaradanı da o, mədəniyyətin.

 

Xalqdır hakimiyyət uğrunda gedən

Mübarizələrin iştirakçısı.

Odur dövlətini idarə edən,
Hər işi də onun həll edir səsi.

 

Xalq deyil əhali amma bizdəsə,
Elə əhalidir – adam yığını.

Yox subyektliyi də, dizi üstəsə,

Dili kəsilirsə, açsa ağzını.

 

 Vətəndaş deyildir insan ölkədə,
İnsan da sayılmır, baxsan əslinə.

“Daxili iş” sayır bizi nə vaxtdan,
Keçirib ölkəni kim ki, əlinə.

 

Nə seçə bilirik, nə də seçilə,
Nə parlament vardır, nə də məhkəmə.

Kimsə səs çıxarsa uzaqdan belə,

Deyirlər “daxili işdir bu, dinmə”.

 

Yox, insan deyilik, işik daxili,
Hər iş tək bu işin ləğvi asandır.

Tərimiz tökülür, qanımız axır

İsti, qaynar– insan sayılmasaq da…

 

08. 10. 2026, Samara

«RAZIYIQ GÜZƏRANDAN…»

           Bədəlov Kainatın pişikləri — 2

Bir gün də yubanmadan,
Pişik pulları gəldi.

Çatdrdılar obaşdan —
Xidmət necə gözəldir!

 

Dollardı bir hissəsi,
Bir hissəsi manatdı.

Var avro əlavəsi,
Doymalı təminatdı!

 

Pişikana Kişini

Bazarlığa yolladı.

Kişi bilir işini —

Nə istəmişdik, aldı.

 

Yerinə yetirilir,
Olsa nə arzumuz da.

Durur iki magistr,

Bizim qulluğumuzda.

 

Razıyıq güzərandan,

Yeyər, içər, yatarıq.

Sənə, Azəribaycan,
Ürəkdən minnətdarıq.

07. 10. 2026, Samara

«ALTINDA TARİXİ OLSA DA ŞEİRİN…»

Altında tarixi olsa da şeirin,
Təzəsi-köhnəsi olmasın gərək,

Havanın və suyun, göyün və yerin,
Tarixi, mənşəyi bilinməyən tək.

 

Hər misra labüd və zəruri ola,
Misrada hər biri sözün eləcə.

Hər səsin, hecanın düz yeri ola,

Rəvan axıb gedə, su axır necə.

 

Doğa zərurətdən gərək qafiyə,
Hər biri qənimət, şikar, tapıntı.

Ona alternativ axtaran deyə:

Vur, öldür özünü – yox variantı…

 

Sintaksisdə kamil arxitektura

Ola, oxucunu hətta sarsıda.

Təzə, gözlənilməz hər metafora —

Sözləri tanış və adi olsa da.

 

Sonda razı qalsan əgər işindən,

Altında tarixi göstər hər halda.
Yaşı yox əsərin (əsərsə) hərçənd,

Necə ki, yaşsızdır su da, hava da….

 

25.09. 2026, Samara

KOROĞLU…XALIQ KOROĞLU!

müəllimin xatirəsinə

“Əslində Xalıq deyil, Əbdülxaliqdir adım,
Yaradan deyiləm mən, quluyam yaradanın”, —

Üzündən xoş təbəssüm çəkilməyən bu adam,

Danışardı yarısı necə itib adının…

 

Bəstəboy, qarabəniz. Çoxumuzdan qaraydı,
Vətəni Aşqabadın istisində  yox aman.

Orta məktəbi farsca bitirmişdi orada,
İran icması varmış Aşqabadda bir zaman.

 

Azərbaycanlılar da az olmayıblar orda,

Elə sevgisi yoxmuş onlara türkmənlərin.

Xalıq müəllin deyərdi “qardaş türkmən” arada

Söyərmiş: “…ay dənizdən sizi keçirənlərin…”

 

Həkimlik oxumuşdu əvvəl o, Moskvada,
Həkim işləmişdi də. Diaqnozu dəqiqdi.

Bakıda ad çıxarmış bir “akademik” haqda

İlıq təbəssümüylə “o, nağılçıdır” dedi…

 

Çexov, Bulqakov kimi həkimlikdən onu da,
Ayırdı ədəbiyyat. Mötəbər həm şərqşünas,

Həm də türkoloq kimi tanınmışdı dünyada,
Azərbaycanda hərçənd tanınır hər yerdən az.

 

Nə ideologiya, nə yumruq, nə də bayraq,
Tanıyırdı işində, həqitətdi meyarı.

Onu rəhbər tutaraq, onu bilərək dayaq,

Yaşayırdı. O bizdən həm uzaqdı, həm ayrı…

 

Yüksək rütbəli məmur mənə dedi Bakıda:

“Koroğluydu rəhbərin? Deyirlər ermənidi…”

Unudulub məmurun rütbəsi də, adı da,
Ancaq partladılmalı yaxşı başı var idi…

 

23. 9. 2026, Samara

XALAOĞLUM ƏZİZAĞA HAQQINDA NƏĞMƏ

Hərdən eşidərdim tanışlarımdan:

“Başı üstdə durur motosikıetdə
Xaloğlun.” Duyurdum fəxr bu zaman,

Özüm sürməmişdim velosiped də…

 

Baxa bilməmişəm, heyf, mən ona,
Motosunu şahə qaldırır necə.

Millət yığılırmış tamaşasına,

Xaloğlum hər dəfə yola çıxınca.

 

Ovçuluğundan da çoxdu danışan,
Guya sərrast yoxmuş rayonda ondan.

İki quş düşərmiş bir atəşindən,
Əjdaha boydaymış vurduğu qaban.

 

Bəlkə fərqlənirdi yerlə göy qədər,
O dörd bacısından, üç qardaşından,

Oturub-durmağı  xarici təhər,

Xarici kimiyidi danışmağı da.

 

Rusdu qonşuları, məktəbi rusca,
Rus dilində idi kitabları da.

Qəsəbə içində düşüb xaricə,

Xaloğlum qəribə ömür yaşardı.

 

Dünyanı gəzirdi dil qanadında,
Kitaba həvəsdə əjdaha idi.

Oxuyurdu doyub-dolanmadan o,
Yeyirdi bir gündə bir neçə cildi.

 

Motosikletini mələdəndə də,
Konan Doylun ölməz səhifələri

Gözünün önündə vərəqlənirdi,
Fenimor Kuperin ya da əsəri.

 

Qəsəbə — dəmiryol stansiyası,
Evləri də yola lap yaxın idi.

Xüsusən gecələr relslərin səsi,
Elə bil çağırır, “gedək” deyirdi.

 

Getmədi, heç getmək istəmədi də.

Genişdi dünyası burda da elə.

Bəxtəvərlik üçün ona bəs idi,
Həndəvərdə yürüş motosikletlə.

 

Oxu ətrafında fırlanır ancaq,
Günəşin başına həm də kürəmiz.

Və bu hərəkətdə yox dayanacaq,

Dəyişir dünyamız, dəyişirik biz.

 

Atəş açdı naşı ovçu elə bil,
Yox oldu qonşular, yəqin hürkərək.

Xaloğluma doğma mühit ilbəil,
Dəyişdi, tanınmaz hala düşərək.

 

Bacılar, qardaşlar getdi həmçinin,
Onlar gedən yerdən yox geri dönən.

Doğrusu, mənimçin inanmaq çətin:

Dedilər xaloğlum ağlayır hərdən.

 

 

Göz yaşı giləsi boyda yer ancaq

Tutar Stansiya xəritələrdə

Böyük planet də bəs olmayacaq,

Bircə ürəkdəki bəlkə də dərdə.

 

Yenə də yaxından gedir qatarlar,
Səsi eşidilir relslərin yenə.

Bu səsdə “gəl, gedək!” çağırışı var,
Xaloğlum Əzzağa nə desin buna?

 

Bəlkə saxlatdırsın gedib qatarı,

Maşinistə desin: “qulaq as, brat
Qatarının səsi ürək dağlayır,
İndən belə bir az aralıdan get?…”

 

Pəncərə önündə həyətdə ya da,
Oturar, Çexovun Firsi tək axşam.

“Getdilər…Çıxmışam mən isə yaddan…

Ömür keçdi… Sanki yaşamamışam…!

 

20-21. 09. 2026, Samara

«XÜSUSİ ÖLKƏDİR KOVİDLİ ÖLKƏ…»

Kovid azarını dünya unudub,
Daha nə yoluxan, ölən var nə də.

Bir ölkəsə kovid əsirliyində

Yaşayır hələ də -yaşamaqsa bu.

 

Yenə fövqəladə vəziyyətdə xalq

Yaşayır – gedişi-gəlişi məhdud.

Bütün ölkələrdən qovulub kovid,

Guya birindəsə yurd salıb ancaq.

 

Hər üç-beş aydan bir adıyla fərman

Verilir, oturum alır elə bil,

Sanki gəldi-gedər xəstəlik deyil.

Vətəndaşlığı da olar bir zaman.

 

Xüsusi ölkədir kovidli ölkə,
Var nə parlamenti, nə məhkəməsi,

Dinən susdurulur çıxan tək səsi,

Yoluxar eşidən sözünü bəlkə.

 

Ciddi təhlükədir Təpəgöz qədər,
İnsan əti deyil tələbi ancaq.

“Başıaşağı xalq, itaətli xalq –

Kovid əhalidən tək bunu istər.

 

Koviddən nə ölən, nə yoluxan var,

Xərçəngdir bu xalqı nə vaxtdan qıran,
Kürsünü əbədi zəbt edən klan,

Virus yaradar da, bəlkə lap yayar…

 

 18. 09. 2026, Samara