Архивы

EŞİTDİM BAĞLANIR MƏKTƏBİ KƏNDİN…

Kitabı bağlanır kiminsə gündə,
Gün nədir? Hər saat, saninə hətta.

Başına iş gəlir gözlənilmədən,

Gəlir səhər, axşam, gecə, günorta.

 

Gözünün içinə qızıl-qırmızı
Söyləyir həkimi sanki sevincək:

Kitabın bağlandı sənin, əzizim,

Belədir dünyanın işi, neyləyək.

 

Kimisə işindən qova bilərlər,
Borc bataqlığının kimsə əsiri.

Kimin bağlanıbsa kitabı əgər,
Onu açmayacaq bir daha Tanrı.

 

Kitabı bağlanan təkcə fərd deyil,

Xalqın bağlanırsa üzünə qapı,
Vurursa sərhədə hampazor qıfıl –

Bağlanır millətin, demək, kitabı.

 

Eşitdim bağlanır məktəbi kəndin.
(Bu misra üç dəfə gərək oxuna,
Şübhə kim eləsə bağlanır yəqin,
Özüm çətinliklə inandım buna….)

 

Bir vaxt o məktəbdə yaxşı şagirddim,

Sonra pisi oldum müəllimlərin.

Əgər bağlanırsa kitabı indi,

Bağlanar kəndin də kitabı yəqin…

 

Uşaq tapılmırsa indi məktəbə,
Boşalar evlər də yəqin get-gedə.

Kitablar atılar küllüyə bəlkə,
Vərəqlər çevrilər külək əsəndə…

 

25.08. 2026, Samara

 

 

ELMİRANIN XATİRƏSİNƏ

Ən yaxını belə məsafələrin,
Uzaq planetə yol tək uzaqdı.

Uzaqdan gedəni, yaxın gələni

Tanıdın – xəstəlik ciddi sınaqdı…

 

Bütün ağrıların çəkilib yəqin,
Quş kimisən, çəkin ölçüyə gəlməz.

Ən uzağı belə məsafələrin,

Səni indən belə qorxuda bilməz.

 

Uçub otağndan nəfəsin gedər,
Yatdığın divan da təzələnəcək.

Pəncərən yuyulub silinsə əgər,
Görünər keçirsən bulud, duman tək…

 

 24. 08. 2026, Samara

«ÜRƏK VAR QAPALI OTAĞA BƏNZƏR…»

Bu yaxınlarda gəncəli soydaşımız Elçin Məhərrəmov ürək əməliyyatını keçirib. Xoşbəxtikdən, əməlliyyat uğurlu olub və Elçin indi yaxşıdır. Mən bu şeiri Elçinin mənə illər ərzində göstərdiyi qayğı və mehribanlığa cavab kimi ona həsr edirəm. 

+++++++++++++++++++++++++++++++

Elçin MƏHƏRRƏMOVA

Ürək var qapalı otağa bənzər
Açılmaz qıfılı bəlkə də illə.
Durub qapısında səslə nə qədər,

Eşidilməz zəif döyüntü belə.

 

Qapalı otaqdır ürək: arabir

Qapı-pəncərəni açasan gərək

Kif atıb incidir içini söz-sirr,

Boşaltsan, nəhayət, dincələr ürək.

 

Yaxşıdır pəhriz və yuxu rejimi,
İdman oyunları və gimnastika.

Ancaq dərdə şərik yaxın dost kimi,
Yaxşı şəfa yoxdur ürəyə başqa.

 

Adi ürək deyil qərib ürəyi,

Qala hər havada açılı gərək.

Təmizlər içini vətən küləyi,

Doğma uzaqlardan əsib gələrək.

 

Danış, ürəyini aç çəkinmədən,
Yığ yol ayrıcında başına kütlə.

Özün ürəyini açmasan, hökmən,

Gəlib cərrah açar onu kəsərlə.

 

 14. 08. 2026, Samara

«UNUTDUQ OTURAQ, DİNC ÖMÜR NƏDİR…»

Unutduq oturaq, dinc ömür nədir,

Elə bil yoldayıq gecə və gündüz,
Ölkə bir nəqliyyat vasitəsidir,

Təpilib gedirik nə vaxtdır ki, biz.

 

Atılıb-tutulur, silkələnirik,
Əsir, gicəllənir başlar anbaan.

Aşıb yıxılanlar çox, ancaq bu sirk,
Güldürmür salonda heç kimi çoxdan.

 

Haradır son mənzil – bizə demirlər,

Ağzından vurulur, əgər soruşsan.

Bürüyüb hər yeri qusuntu, qan, tər,

Vəhşiyik, adımız olsa da insan.

 

Qalın dəmir divar vardır arada.
Kimdir sürücümüz – yox bilən, görən.

Içib xirtdəyəcən, dəlidir ya da,

Harda dirək varsa, vurur o hökmən.

 

Sükansız nəqliyyat vasitəsi tək,
Çıxıb yola böyük bir ölkə gedir.

Bizi uçuruma bəlkə tökəcək,

Yan-yörəsinə də təhlükə gedir…

 

11. 08. 2026, Samar

NURMƏHƏMMƏDLƏ ELXANIN MƏNİ İŞIĞA ÇAXARMAQLARI

  dastan

Bu əhvalat şeirə çəkilə gərək,
Yarı qoşma ola, yarı da qəzəl.

Xanəndələr onu əzbərləyərək,
Toyda oxuyalar şirin və gözəl.

 

Günlərin bir günü gecə keçəndə,
Söndü mənzilimin işığı birdən.

Kor kimi dolaşdım zülmət içində,

Xəsarət də aldım bir neçə yerdən.

 

İlan vuran yatı, yatammadım mən,
Fikir yordusa da səhərə qədər.

Nəhayət ki, günəş pəncərələrdən,

Yaydı mənzilimə qızıl zırrələr.

 

Qapım da döyüldü elə bu zaman,
Açıb kimi gördüm? – Nurməhəmmədi!

Soruşdum ki, xəbər tutmusan hardan,
“Mirzə, kəşfiyyatım işləyir,” – dedi.

 

O bu işin üstə gəlməmişdi tək
Yanında diplomlu mühəndis də  var.

Elxan Quliyevi çox insan gərək,
Tanısın, ya indən belə tanıyar.

 

Stulu stolun qoyub üstünə,
Məhəmməd girişdi işə dinmədən.

Hər xətti yoxladı o, dönə-dönə,

İslandı əynində köynəyi tərdən.

 

Yalan olmasın, iş çəkdi dörd saat,
Əlbəyaxa döyüş sanki gedirdi,

Cərəyan üç dəfə azı vursa da,

Qorxuda bilmədi o, Məhəmmədi.

 

Elxansa Rüstəm-Zal kimi dayanıb,
Yapışıb stoldan, ciddi dayaqdır.

Pompey əsgərini yəqin o anıb,

Postda etibarlı, həm də sayıqdır.

 

Nəhayət, mənzilin yandı işığı,
Məhəmməd alnının sildi tərini.

Müzəffər əsgər tək düşdü aşağı,
Mən də yaxın gəlib sıxdım əlini.

 

Sonra yanımızı yerə basaraq,
Sevincdən göz yaşı axıtdıq da biz.

Əllərin var olsun, usta, üzün ağ,

Qalmasın dünyada heç kim işıqsız!

 

06. 08. 2026, Samara

 

«HƏMİŞƏ BİRİNCİ SİNİFDƏSƏN SƏN…»

               Salmanın xatirəsinə

Həmişə birinci sinifdəsən sən,
Dərsdə birinciydin, tərbiyədə də.

Sonbeşik olsan da, birinci gedən,

Döndü ilk tətilin əbədiyyətə.


İllərlə divardan asılı çantan
Ananı ağlatdı gözü sataşcaq.
Övlad böyütməkdə nə var ki, çətin,
Övlad itkisidir ən ağır sınaq.

 

05. 08. 2026, Samara

«KOROĞLU SOYDAŞIM, QIRAT SOYDAŞIM…»

         dastan

Odsevər soydaşım, Babək soydaşım,
Şah İsmayıl kimi zirək soydaşım.

 

Daha kim: Nəbi tək qoçaq soydaşım,

Hər an bir ayağı qaçaq soydaşım.

 

Koroğlu soydaşım, Qırat soydaşım,
Qayaları yaran Fərhad soydaşım,

 

Gecəni gündüzə indi də qatır,
O nə yeyib-içir, nə də ki, yatır.

 

Qoymur külüngünü yerə, tər tökür,

Yorulmur, torpağı laybalay sökür.

 

Çəkmir Fərhad kimi amma süd arxı,

Bu iş indi deyil aktual axı.


İndi süd daşınır avtomobillə,
Xanımlar da daha süd içmir elə.


Xanımlar şərabı sevirlər daha,
Qəhvıni də südsüz içirlər hətta.

 

Torpağın altını qazır soydaşım,

(Burda kompüterə axdı göz yaşım…)

 

Bu gün külüngüylə tarix yazır o,
Sərhədi keçməyə tunel qazır o.

 

 

Beş ildən çoxdur ki, sovxa bağlanıb,
O vaxtdan nə qədər ürək dağlanıb.

 

Bu zülmə nücə bəs dözə soydaşım,
Koroğlu soydaşım, Həmzə soydaşım.

 

Fransız, alman tək axı onun da,
Azadlıq eşqi var yəqin qanında.


Qalsa bağlı qapı dalında əgər,
Soydaşım azarlar, get-gedə çərlər.

 

Odur ki, külüngü qaparaq indi,

Torpağın dərin bir qatına endi.


Qazır, yeyib-içmir, yuxu da yatmır,
Soydaşım hələ ki, məqsədə çatmır.

 

Soydaşım bu günün Fətəlisidir,

Ya da Koroğlunun bir dəlisidir.

 

Şoğərib sərhədin o tayındasa,
Yas düşüb, soydaşım tələsir yasa.

 

Üç də ötüşübdür, yeddi də ancaq
Qırxı da verilib iki il qabaq.

 

Bir iş var: yad deyil yas yiyəsi də,
Soydaşa qardaşdır, sadə deyilsə.

 

Necə gec də olsa, getməsə əgər,
Otaydakı ondan yəqin inciyər.

 

Daha iki il də qazmalı olsa,
Qazıb çatdıracaq özünü yasa…

 

Koroğlu soydaşım, Nigar soydaşım,
Səfəvi soydaşım, Qacar soydaşım.

 

Qazır, qazır, qazır dayanır hərdən,
Bilsin yuxarıdan nə səsdir gələn.

 

Bu işin xəbəri, qorxur o, bir gün,

Çata sahibinə dəmir yumruğun.


Top-tüfəng götürüb o zalım gələ.

Göydən də atıla bomba tunelə…

 

Bilndə gələn yox, külüngü yenə,

Qapıb davam edir soydaş işinə…

 

Tuneli bitirər, bəlkə də ancaq,
Yasa yox, o, toya gedib çıxacaq…

 

 21. 07. 2026, Samara

«SƏNİ, HARDA OLSAN, GƏNCƏ ÇAĞIRAR…»

Namiq Məmmədova

Adlayıb ən uzaq məsafələri,

Səni, harda olsan, Gəncə çağırar.

Yuxudan oyatmaz, yuxuna girər,

Gündüz eşitməsən, gecə çağırar.

 

Ananın səsiylə gah dinər hərdən,
Ayağın üzülər bir anda yerdən.

Çatdırar neçə bəd xəbəri birdən,

Seçər ərklə səni təkcə, çağırar.

 

Qulağın dincəlməz tanış hənirdən,

Sezərsən sükutun səsini də sən.

Əli üzüləndə həndəvərindən,
“Qardaş, qardaş!” deyib bacı çağırar…

 

19. 07. 2026, Samara

SAMARADA AZƏRBAYCAN EVİ

        Şirvan Kərimova

Möhür tək basılıb Volqaboyunda,

İmzalar içində o, imzadır həm,

Əsrlər yaşayar — əsaslı, möhkəm,

Görənin əbədi qalar yadında.

 

O ev arzun olub nə vaxtdan bəri,
Çəkmisən xəyalən rəsmini öncə.

Yuxuda görmüsən bəlkə hər gecə,
O evdə açmısan elə səhəri.

 

Özünə qıymadın olsa da imkan,
Adına, şəninə mülk ucaltmadın.

Arzun millətini tanıtmaq idi,
Mübarək arzuna indi çatmısan.

 

Bu evdə qayğın var, məhəbbətin var,

Özülündən tutmuş damına qədər.

Daşıyıb vətəndən gətirdin nələr! –

Döşənən, asılan indi göz oxşar.

 

Boya-başa çatdı bu ev ağac tək,

Bu ev övlad kimi gəldi ərsəyə,
Neçə soydaşının dəstəyi, səyi,
Deyilə, əlbəttə, sayıla gərək.

 

Azərbaycan evi durur qürurla,
Evlər sırasında burda haçandan,

O, sənin arzundan doğdu bir zaman,

Gün gələr, divara yazıb vurarlar…

 

“Balığı dəryaya …” deyilib bizə,
Bunu rəhbər tutur böyük adamlar.

Böyük işlərinə layiq adın var,
Yarıb zülmətləri çıxacaq üzə…

 

13. 07. 2026, Samara

«BU ŞILTAQ VƏ YUMRU TOP UYUŞMUR KÖLƏLİKLƏ…»

İki min iki yüz metr dəniz səviyyəsindən

Yüksəklikdə yerləşən stadionda rəsmən,

Səksən bir mindən bir az futbol azarkeşi var

Hərçənd bəlkə bu rəqəm  yüz mindən də çox olar.

 

Bu kütlə axıb gəlib dünyanın hər yerindən,
Köpüklü dalğalarla coşan dənizdir indi.

Adamlar hər geyimdə, hər rəngdə, hər yaşdadır,

Məhəbbətdir futbola onları birləşdirən.

 

Oyunu udmalıdır komandalardan biri,
Təəssüf ki, uduzan tərk edəcək turniri.

Əlbəttə, bu, dramdır, amma faciə deyil,
Yenə bəxt sınanılar ötüb keçəndə dörd il.

 

Bir deyil, iki deyil sayı turnirlərin də,

Dolur stadionlar dünyanın hər yerində.

Əlbəttə, şişirdirəm, “hər yerində” deyərək,
Əfsus ki, öz ölkəmi istisna edəm gərək.

 

Nə dolu stadionu, nə oynayanları var,
Millətin ayağına çünki vurulub çidar.

Bu şıltaq və yumru top uyuşmur köləliklə,

Nə futbol — millət özü qovulursa təpiklə…

 

…Bu oyunda ingilis Meksikanı udacaq,

Bu, ali bir dramdır, faciə deyil ancaq.

Bizim həyatımızdır faciə tək yaşanan,

Çidarlanıb, qovulur top kimi çünki insan…

 

06. 07. 2026, Samara