Архивы

NECƏ QARĞISAQ DA, YAMANLASAQ DA…

Necə qarğısaq da, yamanlasaq da,

Öz üstünlüyü var qəribliyin də.

Qürbətdə yüz ildən artıq olsa da

Ömrün, ölüm fikri yenə gendədir.

 

Bir gün adiləşər bütün qayğılar

Vətəndə, hər fikrin dağıla bilər.

Görərsən bir şey yox arzulamağa,

Onda ölüm fikri girib yer elər

 

Beynində, qəlbində. Qəriblikdəsə,

Tərk etməz sonuncu nəfəsə qədər

Səni yurda dönmək fikri, həvəsi –

Qərib ölüm fikri çəkmədən ölər.

 

                                                      06-13mart 2009, Samara

 

Vüqar bəyin bağışladığı dəftərə

                                  

Bu dəftər nə qəşəngdir!

Vərəqləri ipəkdir!

 

Bu dəftər türk malıdır,

Bahalı, samballıdır.

 

Abırlı, üzağardan,

Hədiyyədir Vüqardan.

 

Gözəl dəri cildi var,

Bağlanır, kilidi var.

 

Qələmi var qızıldan,

Deyir: Durma, yaz, oğlan!

 

15.01.2010 Samara

Şiralı Bədəlova həsr

Eynəyim təzələnir,

Qalınlaşır linzalar.

İşığı gözlərimin,

İldən-ilə azalır.

 

Xırdalanır nəhənglər,

Xırdalarsa yoxalır.

Uzağa yetmir nəzər,

Duman alır yaxını.

 

Dan yerini haçandır,

Gözüm görür qürub tək.

Əyilir, haçalanır,

Ağac, işıq, ot, çiçək.

 

Hələ yol var qabaqda,

Əl uzat, ay dost, keçim.

Bircə qaranı ağdan,

Sonacan özüm seçim…

                                   10.02.2010 Samara

GƏMİLƏR GEDƏRDİ BU ÇAYDA BİR VAXT…

KÜR 7

                          Cahangir Süleymanlıya

 Gəmilər gedərdi bu çayda bir vaxt.

Təmiz, al-yaşıllı göyərtələrdə,

Qəribə adamlar vurnuxardılar,

Qıraqdan baxardıq, heyrət edərdik.

 

Hər gün saatlarla əsir-yesirdik,

Beş-on qoyun quzu qabağımızda.

Qürub yubanırdı, biz tələsirdik,

Tikan sızıltısı ayağımızda.

 

Nədənsə axşamlar keçərdi onlar,
Ayın, ulduzların alışan çağı.

Mühərrik səsiylə ürək çırpınar,

Birdən canlanardı Kürün qırağı.

 

Dünyada nə yaxşı mahnı vardısa,

Həmin gəmilərdə dinərdi hökmən.

Nəğmə yarılanır, dalğalardasa

Davamı, sonuydu coşub səslənən.

 

Gözdən itərdilər tini burulub,

Sükut bürüyərdi suyun üzünü.

Qayanın üstündə bir az da durub,

Qapıya sürərdik qoyun-quzunu.

 

Nə səs eşidirdik, nə də rəng seçir,

Nə aya baxırdıq, nə ulduzlara.

Gəmi çıraqları göz vurub keçir,

Ürək qayğılanır, fikir azırdı.

 

Tələsir, allahın heyvanı bizdən

Yeyin yeriyirdi, cığırı tutub.

Toranlıq bürümüş evlərimizdən,

Süzülən işıqlar hüznlü, tutqun.

 

Candərdi hürərdi qonşu itləri,

Danlaqla çıxardı valideynlər.

Gördükcə titrəşən siluetləri,

Qüssə işləyərdi iliyə qədər.

 

Fikirlər çəkirdi ərşə yuxunu,

Uzaq ulduzlartək uzaqdı səhər.

Burda dayanmışdı zaman axını,

Qumlamış gəmilər kimiydi evlər.

 

16-30 avq. 2010 Ərəbqardaşbəyli