Архив тегов | Teofil Qotyenin şeirləri

TEOFİL QOTYE. DƏNİZDƏ QÜSSƏ

gautier_big-min

             Tristesse en mer

Göydə qağayılar oynaşar, süzər;
Ağ çapağanları coşan dəryanın,
Şahə qalxmadadır dalğalar üstdə,
Yellənir havada uzun yalları.

 

 

Günün gedən vaxtı; sısqa yağışsa,
Söndürür qürubun ocaqlarını.
Tüstü tüpürərək buxar gəmisi,
Gedir, dalınca da qurum qaralır.

 

 

Açıq səmadan da rəngim indi ağ,

Kömür diyarına yollanıram mən.

Suisid yurduna, dumanlı yurda,

 — Belə vaxtı seçər intihar edən.

 

Acgöz ehtirasım görünməz olur,
Düşərək ağaran acı girdaba.

Gəmi rəqs eləyir, sular burulur,

Artırır gücünü külək anbaan.

 

 

Ah, qəlbim necə də qayğılanıbdır,
Okean ah çəkir, sinəsi şişir.

Ümidsizlik onun canını sarır,

Məni başa düşən dostdur elə bil.

 

 

Qoy olsun – ağrısı ölən sevginin,

İtən ümidlərin, aldanışlarım,
Onlar atılsınlar zirvədən indi,

Girdabın bu dərin şırımlarına!

 

 

Məhv olun! Keçmişin iztirabları!

Dönmək adəti var onların, gəlib,

Qasnaq bağlayanda qəlb yaraları,
Yenə qanadırlar  qazıyıb, dəlib.

 

 

Get, yox ol, kabusu arzularımın,

Ölümcül peşmanlıq təcəssümləri,

Qanlı ürəyində yeddi qılınc var,
Ağır iztirablar anası kimi.

 

 

Hər fantom baş vurur suya və elə,

Çox çəkmir dalğayla əlbəyaxası.

Bir anın içində dalğa üstələr,
Hönkürtü qoparıb udar kabusu.

 

 

Həm miskin, həm nadir incilərdiniz.

Daşınmaz yükdünüz siz ürəyimdə,

Batın! Və elə ki, çatar qərqiniz,
Enərəm dənizin dibinə mən də.

 

 

 

Göyərər və şişər, tanınmaz hallı,
Dəli dalğalardan layla dinləyər,

Yaş qumu başımın altına alıb,

Körpə tək yataram səhərə qədər.

 

 

…Ancaq mantiyalı bir qadın indi,
Oturub körpünün bir tərəfində.
Cavandır bu qadın, məlahətlidir,
Birdən baxışını mənə döndərir.

 

 

Və Rəğbət onun bu baxışlarıyla,
Açır qollarını mənim dərdimə.

Elə bil bacıdır, sevgilidir ya,

Salam, mavi gözlər! Dəniz, gedirəm!

 

 

Göydə qağayılar oynaşar, süzər;
Ağ çapağanları coşan dəryanın,
Şahə qalxmadadır dalğalar üstdə,
Yellənir havada uzun yalları.

 

Fransızcadan tərcümə

27-29. 10. 2018

Samara

TEOFİL QOTYE. VENETSİYA KARNAVALI: SENTİMENTAL AY İŞIĞI

gautier_big-min

VENETSİYA KARNAVALI

  1. SENTİMENTAL AY İŞIĞI

Clair de lune sentimental,

 

Lidodan müqəddəs Marka yönələn,

Sevincli, divanə küy arasında,
Raket tək uclır qamma qəfildən,
Fəvvarə yönəlir elə bil aya.

 

 

Zarafat tonludur bu melodiya,

Yellə toqquşaraq dinər zəngləri.
Peşmanlıq, üzülən quş kimi ona,
Hərdən calaşdırır hönkürtüləri.

 

 

Uzaqda, nəğməli duman içində,

Az qala yuxu tək silinib gedən,

Qadın ki, sevirdim mən keçən ildə,

Görünür, qüssəli, ağuş yenə də.

 

 

Ürəyim yaş tökdü xatırlayaraq,
Aprel ayında biz necə meşədə,
Gəzib dolaşırdıq bənövşə tapaq,

Necə əllərimiz birləşirdi də.

 

 

 

Bir not skripkanın şantrelində,

Harmonika kimi əsib-titrəyər.

Uşaq səsidir bu, kövrək, incədir,
Gümüş bir ox kimi qəlbimi dələr.

 
Bu səs həm yanlışdır, zərifdir həm də,
Şirin, təkəbbürlü, amansız və sərt,

Soyuq və möhtəşəm, onu eşidən,

Ölümün özünü bilər səadət.

 

 

Suları hovuzu qidalandıran,
Taxtavan sayağı ürəyim mənim,

Göz yaşı axıdır, bu damlalardan,

Qanlı gölməçəyə bürünür sinəm.

 

Ah, bu Venetsiya karnavalının,
Köhnə havası şən, melanxolik həm.

Onda göz yaşıyla təbəssüm axır,
Ah, necə ağrıdır məni cazibən!
fransızcadan tərcümə

25-17. 10. 2018

Samara

TEOFİL QOTYE. VENETSİYA KARNAVALI: KARNAVAL

gautier_big-min

Carnaval

Baldır, Venetsiya dəyişib donu,

Ulduzlar bəzəyib tamam əynini.

Şəhər parıldayır, qaynayır, yanır,
Al-əlvan karnaval başlayır yenə.

 

 

Zənci maskasınıda Arlekin durur,

İlan tək min rənglə sayrışır əyni.

Fantastiq qeyzlə dalbadal vurur,

Kassandrı, dişinin girəvəsini.

 

 

Yellənir qolları qanad sayağı,

Pinqvindir, qayada sanki dayanıb.

Yarım not içindən bəyaz Pyero,

Başını bulayır, gözünü qıyır.

 

 

Filosofluq edir qəti basıyla,

Qızıb bolonyaılı doktorun ağzı,
Gəzir Polişinel qaşlı-qabaqlı,

Səkkizdəbir notdur burun əvəzi.

 

 

Əcayib bir səslə burnunu çəkən,

Trivelini o itələyərək,

Qaytarır Kolombin Skaramuşa,
Onun yelpicini ya əlcəyini.

 

Ucalır qəfildən bir kadinsiya,
Başlıqlı paltarda bir nəfər keçir.
Sətin kirpiklərin arxasındakı,

Məkrli baxışı gözlərin seçir.

 

 

Titrəyir gül kimi təmiz nəfəsdən.

Ah, krujevalı  nəfis ləçəyi,

Arpecio deyir: “Bilirəm  hökmən,

Odur, gizlətsə də onu örpəyi,

 

 

Və qorxunc maskanın altda olsa da,
Tanıdım şirəli al dodaqları,
İncə hülü tükü dodağın üstdə,

Və zərif boynunda xırdaca xalı.

Fransızcadan tərcümə

24-25. 10. 2018

Samara

TEOFİL QOTYE. VENETSİYA KARNAVALI: LAQUNLARDA

Sur les lagunes.

Tra la, tra la, tra la və tra la ler!

Kimə tanış deyil bu hava axı?

Analarımız da onu seviblər,
Həm şən, həm məzəli, həm də qəlb yaxan.

 
Bir vaxt Venetsiya karnavalında,
Kanallar üstündə oxunan hava.

Dəli bir küləyin qanadlarında,
Girib indi balet tamaşasına.

 

Xəyalən görürəm mavi sularda,

Həmişə bu hava çalınan zaman,

Qondol üzüb gedər parıldayaraq,
Skripka qoluna bənzər uzaqdan.

 

 

Onun xromatik qammalarında,

Mirvariylə dolu sinə nurlanır.

Gül-bəyaz bədənlə çıxır sulardan,
Adriatikalı Venera yenə.

 

 

Məbədlər ucaldı dalğalar üstdə.

Dalınca musiqi kəlmələrinin,

Onlar irilənir, ehtirasından,
Alışan qızların sinəsi kimi.

 

Qayıq yan alaraq məni düşürür,
Dolanır ciyəsi yaxın sütuna.
Qarşımda gül rəngli fasad görünür,

Mərmərdir pilləkən, həm də astana.

 

 

Bütün qondolları, saraylarıyla.
Maskaradlarıyla dənizin üstdə,
Məzəli anları, ağrılarıyla,

Bu havada dinən Venetsiyadır.

 

 

Titrək incə bir sim can verir təzə,
Bu qədim havaya piççikatoda.

Şəhəri vəsf edib bəxtəvər, gözəl,

Dahi fırçasıyla Kanatello da.
 

Fransızcadan tərcümə

23-24. 10. 2018

Samara

TEOFİL QOTYE. VENETSİYA KARNAVALI: KÜÇƏDƏ

gautier_big-min

Dans la rue.

Bir ariya var ki, qədim və məşhur,

Bütün skripkalar vizıldadırlar,

İtlər cin atına minib hürüşür,
Elə ki orqanda dinir ariya.

 

 

Yazılıb musiqi  qutularında

Repertuarlara ariya çoxdan.

Sarı bülbüllərə klassikadır,

Nənəm əzbər bilir uşaqlığından.

 

 

Pudralı pariklə dolu balları,

Bu havanı çalıb orkestr bəzər.

Qrizetlər, klerklər coşub tullanar,
Quşlar baş götürüb yuvadan gedər.

 

 

Mayaotu da var, doqquzdon da var.

Çardağın altında, sənin, meyxana.

İçkili nəqarat qulaq batırar,
Bazar günü, şərab su kimi axar.

 

 

Gah düşür, gah düşmür barmağı nota.

Gözü yaşlı zəlil faqot mələdir.

Hərdən mırıltıyla ona dəm tutur,
Ağzında pul qabı dayanan iti.

 

 

Və arıq, balaca gitaraçılar,
Nazik tartanlarda üşüsələr də,
Kafeşantanlarda yeyib-içənə,

Onu oxuyurlar qüssəli səslə.

 

 

Böyük və fantastik Paqaninisə,
Bir axşam ucuyla sanki qarmağın,

Özünün ilahi kamanəsinə,
Çəkib bənd elədi qədim havanı.

 

 
Köhnə naxışları hələ sönməyən,
Xalıya can verdi mahir əliylə.

Hamını bezdirmiş havada birdən,
Qızıl arabesklər oynadı yenə.

 

Fransızcadan tərcümə

22-13. 10. 2018

Samara

TEOFİL QOTYE. RONDALLA

gautier_big-min

Rondalla

İmperatriçəyə bənzəyən uşaq,

Görkəmdə göyərçin, baxışda şahin.

Balkonun altından durmaram uzaq,
Nə qədər çox ola mənə nifrətin.

 

 

Daşa ayağımı söykəyib orda,
Simlərdə gəzərəm, ağac çalaram.

Çırağın və çöhrən eyni zamanda,

Sənin pəncərənə işıq salınca.

 

 

Bircə gitara da qoymaram gələ

Serenada çala həndəvərimdə.

Məhəllən mənimdir, bil, indən belə,
Səni mən tərənnüm edə bilərəm.

 

 

Pəncərən önündə cürət eləyib,

Yaxş ya pis kuplet deyən manısın,

Səsi qulağına çatmamış hələ,

Mən qulaqlarını tutub kəsərəm.

 

 

Xəncərim dayanmır daha qınında,
Kimin al boyanmaq düşüb xətrinə?

Kim istər yaxası qızara qandan,

Narın giləsinə düyməsi dönə?

 

 

Öz qanım darıxır damarlarımda,

Qanın qaydasıdır oynamaq axı.

Qara bir gecədir, yağış bu yandan,

Qorxaqlar, qayıtmaq daha vaxtıdır!

 

 
Gedin, qırışmallar! Döşə döyənlər!

Gedin, plaşları çiyinə atıb.

Yoxsa üzünüzü yaxşıca bəzər,
Qanlı xaç çəkərək iti silahım.

 

 

Yollanıb getsinlər! Tək ya da birdən,

Qəti dayanmışam mənsə yerimdə.

Sənin şərəfinə kəsə bilərdim,
Burnunu kimin ki, qabaqda gedər.

 

 
Gedib-gəlməyinə bir əngəl olan,

Ağ ayaqlarını bulaya bilən,

Arxa yaxşı körpü slaram, inan,

Mən bu cavanların bədənlərindən!

 

 

Səni öz eşqimə inandırmağa,
Hazıram öldürəm kimi istəsən.

Çıxaram İblisin qabağına da,

Mənə mələfəni eləsən kəfən.

 

Sənin qapın kardır, pəncərənsə kor,

Gərək mənim səsim sənə yetişə.

Yaralı öküz tək nərələrim gur,

Oyanıb ətrafda itlər hürüşür.

 

Qapına bur mismar vur sən heç olmasa:

Ondan ürəyimi asa bilərəm.
Qəzəblə doludur, üzülüb daha,

Onu gəzdirirəm mən əbəs yerə.

 

Fransızcadan tərcümə

21-22. 10. 2018

Samara

TEOFİL QOTYE.  YAZIN İLK TƏBƏSSÜMÜ

gautier_big-min

Premier sourire du printemps

İnsan gecə-gündüz fəna işiylə,

Əlləşib-vuruşub düşərkən əldən,

Leysanlar da gedə, Mart gülümsəyər,
Xəlvətdə hazırlar yazı yenə də.

 

 

Gecə, bütün aləm yuxulayarkən,

Gözə görünmədən çəkər sığal da,

Qızçıçəklərinin yaxalarını,

Qızıl düymələri silib parladar.

 

 

Gəzər o, bağları üzümlükləri,
Sənətkar bərbərə işiylə bəzər,

Sanki qu quşunun bəyaz tüküylə,
Badamın saçını pudralar, düzər.

 

 

Təbiət yataqda hələ dincəlir,
Mart gəzib-dolaşır adamsız bağı.

Qızıl gülün təzə qönçələrinə,

Al-yaşıl məxmərdən qəşəng don taxır.

 

 

Atüstü bəstələr solfeciolar,
Qarataqoyuqlara zümzümə elər.

Çöllərə qargülü yoxumu sancar,

Meşəliklərsə bənövşə əkər.

 

 

Qulaq şəkləyərək ürkək maralın,

Fontandan sərin su içdiyi yerdə,

Zanbaqlarda gümüş zınqrovları,

Görünməz əliylə dənələyər də.

 

 

Qırmızı çiyələk otların altda,
Gizlədir gələsən, tapıb yığasan.

Yaşıl  yarpaqlardan hörər çalma da,
Səni incitməyə günəş yanğısı.

 

 

 

Sonra tamamlayar işini bütün,
Bitər təbiətdə hakimiyyəti

O zaman aprelə üzünü tutub

Deyər: “Bahar, gələ bilərsən indi!”

 

Fransızcadan tərcümə

19-20. 10. 2018

Samara

TEOFİL QOTYE. ANAKREONT SAYAĞI NƏĞMƏ

gautier_big-min

Odelette anacréontique

Şair, istəyirsən sevim mən səni,

Qorxutma alovlu ehtirasınla.

Mənim məhəbbətim ürkək göyərçin,

Həya səmasında o pərvazlanar.

 

 

Xiyabanda səkən zərif quşcuğaz,

Qorxur, uçub gedir səs eşidən tək. 

Məndə də qanadlı quşdur ehtiras,
Təqib edilərsə, uçub gedəcək.

 

Girib xiyabanda çardağa dayan.

Mərmərdən yonulmuş lal Hermes sayaq,
Tezliklə görərsən öz ağacından,

Qorxusuz aşağı enər quşcuğaz.

 

 

Sənin gicgahların yaxından duyar,

Havada sərinlik dalğalarından,
Necə çırpınırlar zərif qanadlar,
Göz önündə qopar bir ağ burulğan.
Ələ öyrədilib elə bil daha,
Göyərçin qonacaq sənin çiyninə.

İncə dimdiyiylə öpüş alaraq,
Xumarlanıb sonra sinənə enər.

 

Fransızcadan tərcümə

19. 10. 2018

Samara

  TEOFİL QOTYE. MİLAD

gautier_big-min

         Noël

Göydə qara bulud, qardan ağ hər yer,

Zəng səsi ucalsın sevinc çalarlı!

İsa doğulubdur; — Məryəm əyilir,

Körpənin sevimli üzünə sarı.

 

 

Qotazlı pərdələr asılmayıbdır,
Körpəyə dəyməyə qışın soyuğu;

Təkcə pərdilərdən sallanıb qalır,

Örtüyə bənzəyən hörümçək toru.

 

Təmiz bəlim üstdə bədəni əsir,
Bu xırda körpənin, əziz İsanın,
Onu qızdırırlar nəfəsləriylə,

Gələrək öküzlə ulaq yaxına.

 

Damın bəlimində qar komalanır,

Damın üstündəsə açıqdır səma.

Mələklər üz tutub çobanlar sarı

Oxuyur: “Miladdır! Sevinsin hamı!”

 

Fransızcadan tərcümə

18-19.10. 2018
Samara

TEOFİL QOTYE. PARİS OBELİSKİ

Obélisque-de-Paris.jpg   L’obélisque de Paris

Yarsız və yoldaşsız bir obeliskəm,
Qoyulduğum bu yer bezdirir məni,

Həm yağış, həm duman, qar və qırov həm,
Dondurur dağılmış böyürlərimi.

 

Od tökən səmanın gur ocağında,
Yanıb qızarardı mənim şpilim.

Daimi qüssədən ağarır indi,
Burda göyün rəngi mavi də deyil.

 

 

Luksorun kölgəli divarlarının,
Və sütunlarının indi önündə,

Gülrəng qardaşımdan azca aralı,

Dayana biləydim kaş ki, yenidən.

 

 
Donuq, hərəkətsiz  maviliklərə,
Al-qırmızı ucum qalxa, sancıla.

Qumların üstündə mənim kölgəmə,
Günəşin yerişi düşüb yazıla.

 

 

Əbədiyyət yatır mənim möhtəşəm,

Daşımda, günlərin bir günü Ramzes,
Qopardı, elə bil çəngə otam mən,

Və bir oyuncağa çevirdi Paris.

 

 

Əcayib şeylərə gözü dikilən,

Mən bir keşikçiyəm qranit bədən,
Bir yanımda saxta məbəd dikəlir,

Deputatlar evi bir tərəfimdə.

 

 

On altıncı Lui eşafotuna —

Mənasından mərhum bir monolitə,

Qoydular sirrimi, o, beş min ilin,
Unutqanlığını ötər çəkidə.

 

 

Başımı bulaylr üzlü sərçələr,
Yığılıb gəlirlər dəstə bağlayıb.

Qaraleylək, bir də toğlu götürən,
Ağappaq lələkli, qızıl ayaqlı.

 

 

Senasa qaraca bir küçə arxı,
Kirli axınların yaratdığı su.
Bulanır ayağım, bir zaman axı,
Onu Nil öpərdi, sular atası.

 

 

Sağğalı ağarmş qoca, nəhəng Nil,
Lotusdur, qamışdır onun saçları.
Həmişə əyili camdan əndərir,
Qumlaqçılar üçün o, timsahları.

 

 

Böyük fironların haçansa qızıl,

Sədəfli faytonu ötüb yanımdan.

İndisə bir minik böyrümü cızır —

Sonuncu kraldır beləcə gedən.

 

 

Bir vaxt mənim qədim daşım önündən,

Kahinlər keçirdi alnında nişan.

Qəribə qayıqlar Nildə gedərdi,

Bayraqları qızıl, rəngləri əlvan.

 

 

Ancaq indi isə bu miskin sütun,
Durur arasında iki fontanın.

Buradan görünür kurtizan qadın,
Necə ekipajda rahat uzanıb.

 

 

İlin əvvəlindən sonuna qədər,

Görürəm burjua hərəkətdədir.

Palataya sarı gedir Solonlar,
Arturlar meşəyə üz tutub gedir.

 

 

Nə qədər eybəcər skelet qalar,
Ah, görün yüz ildə bu bəd tayfadan!

Nə tabutları var, nə bağlanıblar,

Qalıqları yatar taxta-tuxtada.

 

 

Yox burda çürüntü-dağıntılara,

Davamlı yeraltı dəfn yeri də.

Əsrlərlə belə mağaralara,

Nəsillər gömülüb yuxuya gedir.

 

 

Müqəddəs torpağı ieroqliflərin,

Kahinlər qoruyan dərin sirlərin.

Sürtüb pyedestalın orda tininə,
Caynaq itilərdi sfinks səbrlə.

 

Orda ayaq altda səslənir kript,

Qırğı yuvasında çıxarır bala,

Qəlbim, qədim Misir, səni istəyir,

Daşım da göz yaşı axıdıb ağlar.

 

Fransızcadan tərcümə

16-18.10. 2018

Samara