Архив | Сентябрь 2018

TEOFİL QOTYE.   ÇAYGÜLÜ

gautier_big-min

           La rose-thé

Nə qədər qızıl gül var zərif, incə,
Yoxdur çaygülü tək gözəli ancaq.

Gülümsər yarpaqlar içində qönçə,
Ləçəklər allanıb hələ azacıq.

 

Var ağ qızıl gülə onun bənzəri,

Deyərsən həyadan bir az allanıb,
Ehtirasla dolu bir kəpənəyin,

Nəvazişləriylə belə oyanıb.

 

Onun qırmızımtıl və şəffaf canı,
Məxmərdən yumşaqdır, həm də sayadır.

Soldurur o bütün alı-əlvanı,
Nə rəng var, kobuddur onun yanında.

 

Necə ki, üzünü kübar qadının,
Qarabuğdayıya günəş döndərər,

Çay gülü də kəndçi bacılarından,
Bir az od alıbdır, bir az da al rəng.

 
Ətrini iyləyib sığallayaraq,

Üzünüzə yaxın gətirsəz əgər,
Hardasa bir balda onu siz ancaq,

Bir anda sönüküb adiləşəcək.

 

Tapılmaz baharın palitrasında,

Bir gül də çaygülü gözəlliyində.

Siz on səkkiz yaşda onları, madam,

Qoya bilərsiniz yəqin kölgədə.

Dəri kimi incə bir ləçək hanı?

Və nəcib ürəkdən dolanıb gedən,

Gənclik həvəsindən rəng alan qana,

Bütün qızıl güllər basılar hökmən!

Fransızcadan tərcümə

29-30.2018

Samara

TEOFİL QOTYE.  BULUD

gautier_big-min

  La nue

Üfüq üzərində bulud yüksəlir,
Donu mavilikdən biçilib onun.

Çılpaq bakirədir baxsan elə bil,
Ayna sularından çıxır bir gölün.

 

Sədəfdən ləyənin içində durub,

Gedir mavilikdə dalğalanaraq.

O da Afrodita kimi yoğrulub,

Hava köpüyündən yaranıb ancaq.

 

Görünür göz oxşar hər duruşundan,
Gərdəni naməlum cizgiləriylə.

Yağış tək çiləyir şəfəq anbaan,

Atlas çiyinlərə qızıl gülləri.

 
Mərmər ağlığı var onda, qar həm də,
Bu iki çaları qovuşdurur eşq.

Sanki Korredjonun bir əsərində,
Çılpaq Antiopa yuxuya dalmış.

 

 

İşığa bürünüb uçur, qalxır o,

Alpdan, Apenindən yüksəyə daha,

“Əbədi qadınlıq”  bacısıdır o,

Onda ilk yaranış gözəlliyi var.

 

Mənsə ehtirasla qanadlanaraq,
Əbəs can atıram yenə də ona.

Uçur mənim ruhum buluda sarı,

Hazır İksion tək basa bağrına.

 

 

Ağlım mənə deyir: “Bu, bir dumandır,
Onda öz arzunu görürsən elə.

Ya bir kölgədir o, külək oynadan,

Köpük tək dağıla, kimə fərq elər?”

 

Duyğu cavab verir: “Fərq elər hökmən!

Dünyada gözəllik sayılan nədir?

Sevimli bir kabus, qəlbi titrədən,

Yoxluqdan, heçlikdən yaranır qəfil.

 

Qəlb aç İdeala, ürəyinə sən,
Gözlərin doyunca göyləri doldur!

Bulud da, qadın da sevə bilərsən,

Vurul və sev ancaq! Ümdəsi budur!”

 

Fransızcadan tərcümə

28-29.09. 2018

Samara

TEOFİL QOTYE. SAAT

gautier_big-min

Montre         

İki dəfə baxdım mən saatıma,

Fikirli gözümə dəydi ki, elə
Əqrəblər bir yerdə yatıb qalıblar,

Zamansa…bir saat gedib irəli.

 

Qonşu salondakı saat kəfgiri,
Yellənir, deyəsən, qımışır elə.

Həyəcan siqnalı elə bil dinir,

Hər dəfə vuranda gümüşü səslə.

 
Uzun barmağını mənə uzadır,
Baxır istehzalı günəş saatı.

Bir yol uzanaraq gedir divarda,
Göstərir bu yolu kölgəsi salıb.

 

Dinir kinayəli kilsə saatı,
Dəqiq vaxtı deyir və zəng qülləsi,

Əkssədalayıb sonuncu notu,
Sanki ələ salır məni nədənsə.

 

Bax, belə! Ölümü çatdı vəhşinin.

Elə xumarlandım arzularımdan,

Onun qıfılında yaqut deşiyə,

Qızıl açarımı dünən salmadım.

 

Onun qutusunda görünmür daha,
Kəfgiri işlədən incə yayı da.
Gedər, qayıdardı, sola, həm sağa,
Polad kəpənəyə bənzəri vardı.

 

Bəli, mən beləyəm, Hippoqiriffi,

Minib çapan zaman Mavi diyara,

Mənim ruhsuz canım uçur elə bil.

Tanrı bəyənəndir baş verən nə var.

 

Gedir əbədiyyət dairəsiylə,
Ətrafında bu lal sferblatın.

Zamansa qapağa qulaq sökəyir,

Eşidə qəlbini bəlkə saatın.

 

Uşaq inanır ki, ürəkdir vuran,

Və bu ürəiyn hər döyüntüsünə,
Bizim sinəmizdə elə həmin an,

Bərabər cavab tək titrəyiş dinər.

 

Daha vurmasa da, böyük qardaşı,
Həmişə mənimlə, həmişə vurur.

Hər zaman diqqətli və oyaq Kişi,

Mən yuxuda ikən, onu doldurur,

 

Fransızcadan tərcümə

27-28.09. 2018

Samara

  TEOFİL QOTYE. MANSARD

gautier_big-min

La mansarde

Kirəmit üstündə ovçu pişiyin,
Su içən bir quşu pusduğu yerdə,

Birdən iki boru arasındakı,
Mansard balkonumdan gözümə dəydi.

 

Qələm sahibi tək uyduraraq mən,
Deyərdim bəzəyi-düzəyi çoxdu.

Bəlkə o mansardın pəncərəsindən,
Qol-budaq atardı yaşıl noxud da.

 

 

Deyərdim önündə xırda aynanın,
Riqoletta necə uğunub gedir.

Cızıqlı güzgüsə əks edir onun

Qara gözlərini yarıya qədər.

 

Deyərdim ki, açıq yaxalı Marqo,

Saçını, döşünü yelə verərək,

Becərir güvəcdə cücərən bağı,

İncə qrafindən su çiləyərək.

 

Ya da ki, uzaqdan siluetinə,
Baxıb Monmartrın, dəyirmanların,

Sibillik şeirlər söyləyir yenə —
Coşub ehtirası gənc sənətkarın.

 

Əfsus, həqiqətdir mansardım mənim,

Onu sarmaşıq-zad bəzəmir hətta,
Çatlağı görünür pəncərəsinin,

Köhnəlmiş, göyərmiş çatının altda.

 

Kasıb dərzi qızda və aktyorda

Ahıl dul kişidə, cavan subayda,

Mansardlar həmişə qüssə yaradar,
Sevimlidir ancaq mahnda çardaq.

 

Bir zaman damların irəli çıxan
Bucağının altı öpüş yeriydi.

Qayış çarpayıya Amurla Süzan,
Uzanıb məzəli vaxt keçirirdi.

 

Biz qalın divarlar sevirik ancaq,
Nəşə səslərimiz çatmasın yada.

Krujevalarla bəzənə otaq,
Monbrodan gələ çarpayımız da.

 

 

Gəlib çıxmayayacaq Marqo bir axşam,
Yubanıb Breda dağında qalar.

Düşmür əspərəyi daha yadına — 

Riqolettonun da saxlayanı var.

 

Daha şairin də nə vaxtdan bəri,
Halı yox danışa qafiyələrlə.

Göylərdən enibdir, antresol yeri,
Qəzetdə reportyor indi o işlər.

 

Bu vaxt pəncərəmin arxasındasa,

Arıq profilli qarıdır ancaq.

Qabağında pişik, oynadır sapı.

Əlində durmadan fırlanır yumaq,

 

Fransızcadan tərcümə

26-27.09. 2018

Samara

TEOFİL QOTYE. YAZI TƏK GƏTİRƏN ÇİÇƏK

gautier_big-min

  La fleur qui fait le printemps

Terrasda nazlanan bu şabalıdlar

Sen-Jan gününıcən çiçəklənərlər
Mavi dağlarınsa zirvəsində qar
Görünür, baxılsa villadan əgər.

 

Nazik köynəyində əsib-titrəyir,

Yarpaq üşüyürdü dünənə qədər,

Canlanan budağın üstdəsə indi,
Görünür birinci yaşıl ləkələr.

Ancaq əbəs yerə günəş dikəlir,

Şirə budaqlarda hələ ləng axır.

Gecikmiş çiçək də qalıb fikirli,

Bilmir yetişibmi vaxtı açmağın.

 

Şaftalılar tamam allanıb ancaq,
Necə ki utancaq həvəsdən yanar.

Qürub qızartısı yayılan sayaq,
Çiçəyə bürünür indi almalar.

 

Cəsarəti artıb dəstərəyin də,
Çəmənlikdə qızıl düymələrini,
Artıq yetişməyə həvəsləndirir,
Onu təbiətin mehriban əli.

 

Mənsə indən belə qayıtmalıyam,
Adəti cəhənnəm dairəsinə.

Açılın, açılın, şabalıdlarım,
Bəzəyin gözümün mənzərəsini.

 

Çıxara bilərsiz zəncirənizi,
Təhlükə bilmədən indi bayrama.
Göydən işıqlanır zirvəniz sizin,
May aprel dalınca dabanbasmada.

 

Sevinc bağışlayın rəhmə gələrək,

Ürəyi kədərlə dolu şairə,

Çıxmamışdan uzaq yola o bəlkə,

Od kimi alışan çiçəklər görər.

 

Nəhəng şabalıdlar, geniş terrası,
Bəzəyən sıranız əzəmətlidir.

Sizin lütfünüzü görmək istərəm,
Lütf gözəllikdən axı əzəldir.

 

Zəngin donlarınız mənə tanışdır,
Açar oktyabr elə ki əl-qol,
Sizə geyim biçər qızıl qumaşdan,
Başınıza qızıl tac da taxar o.

 

Mən sizi görmüşəm, bəyaz bulaqlar —

Gecələr gümüşü şüşənin üstdtə,

Yaranan naxışa oxşarınız var.

Şaxtanın fırçası necə səlisdir!
Mən yaxşı bələdəm hər üzünüzə,
Qoca şabalıdlar, nəhəng ağaclar.
Bahar ətrinizsə məminçin təzə,

Görməmişəm necə yaz donunuz var.

 

Gözləyə bilmərəm daha, əlvida,
Nurlu buketiniz təzə-tər qala!

Dünyada çiçək var, incə və safdır,

O bircə çiçəklə mənə yaz olar.

Dolu səbətiylə gəlib çatır  may,
Mənimsə bəsimdir bircə o çiçək.

Onun ürəyində elə şirə var,
Həm insana, həm də arıya gərək.

 

Göylər açıq ola, dumanlı ya da,
Ətirli, sevimli, gülər həmişə,

İlin hər fəslində, hər cür havada,

Mənim öz evimdə bitən bənövşə!

 

Fransızcadan tərcümə

24-25.09. 2018

Samara

  ŞOR

25.09.18

(Kasıbların süfrəsi)    

Bəzən iki dəfə, üç dəfə bəzən,
Süfrə salınardı adəti üzrə.

Ya boz, ya da qara, “kir götürməyən”,

Nuh nəbidən qalma, yamaq yüz yeri.

=

Kimi bardaş qurur, kimi diz üstdə,
Kimi üzü üstdə yıxıli sayaq.

Çörək çəkilirdi boyad ya isti,

Daş stəkanlara süzülürdü çay.

=

Əgər rəng seçilsə ümidsizliyə,
Elə bu çay rəngdə gərək olaydı.

Bir evdə əsil çay içilməyibsə,
Nemət sayılırdı elə bu çay da.

=

 Torbadan tikə qənd çıxarılırdı,
Çəkiclə doğranıb nərd zəri boyda.

Sayılı qənd payı hamı alırdı,

Böyük payı vardı, uşaq payı da.

=

Neçə yerdən çatlaq fincanda ya da,
Saxsı nəlbəkidə şor qoyulardı.

Şəhadət barmaqlar eyni zamanda,
Şığıyaraq şoru sıyırırdılar.

=

Yaxıb sürtürdülər çörəyə səylə.

Barmağın ucunda qayıdan şoru,

Yemək bircə tikə ya bircə gilə,

Tilova, tələyə belə qoyulur…

=

Duzu yandırsa da, bəd görünsə də,
Həvəsi, iştahı şor aldadırdı.

Çörək lap quruyub daşa dönsə də,
Boğazdan keçirmək qüdrəti vardı.

=

Gələrdi ortaya gündə üç dəfə,
Saralar, göyərər, qurd da salardı.

Daş kimi bərki də basıb yedirdər,

Kasıba nemətdi, yaxşı ki vardı.

=

Fransız deyildi, alman deyildi,

Millətim kasıbdı, qıtdı süfrəsi,

Ya iş bacarmırdı, ya tənbəl idi,

Ya da qazancını yedi özgəsi.

=

Tələ yemi kimi şor yeyən kişi,
Nə at çapar, nə də qılınc oynadar.

Əyildi, pozuldu qadın yerişi,

Şor nə rəngi açar, nə qan qaynadar…

=

Zəngin süfrələri hər görəndə mən,

Nəlbəki yadıma düşür şor dolu.

O həm nemət idi, lənət idi həm,
Xalqımın tarixi şorla yoğrulub…

25-26. 09. 2018

Samara

TEOFİL QOTYE. FƏLLAH QADIN

fellah.jpg

La fellah

                 Şahzadə Matildanın bir akvarelinə

Fantastik fırçanın bu, şıltaqlığı,
Və imperiyadan gələn bir məzə.

Maskalı sfinksdir bu fəllah qadın,

Çətin tapmacadır duyğuya, hissə.

 

Əlbəttə, bu modun qanunu sərtdir,
Uzun paltar olsun,, ya da ki, maska.

O bütün bu salon Ediplərini,
Sirriylə intriqa toruna salar.

 

Duvağı irs qoydu əntiq İsida

Çağdaş qızlarına Nil diyarının.

Ancaq niqab altdan saf, incə odla,
İki sönməz ulduz alışıb yanır.

 

Şeirdir elə bil bu gözlər, onlar,

Gizlər xumarlığı, ehtirası həm.

Onlarda tapmaca cavabı da var:
“Eşq və ehtiras ol, mənsə gözələm!

 

Fransızcadan tərcümə

24.09. 2018

Samara

  TEOFİL QOTYE. XOŞ AXŞAM

gautier_big-min

La bonne soirée

Lap itin günüdür! – həm yağış, həm qar

Əsirlər qozlada arabaçılar,

Burunları göyərib.

Dekabr axşamı belə havada,
Ocaq qırağında qıç uzadaraq,
Çıxmayasan heç yerə.

 

Üstəlik kamindən bir az aralı.
Yumşaq bir kreslo, axsaq ayaqlı,

Elə bil əl eləyir,

Sevgiliniz kimi mehriban baxır,

Nəvazişli səslə sanki çağırır,

“Evdən çıxmayın!” deyir.

 

Krujeva bəyaz döşləri necə,

Yarımçıq örtürsə, indi eləcə,
Gülrəng kəsik kağızla,
İşığı süd rəngli çıraq qapanıb

Şöləsinin əksi bəzər tavanı,

Otaq sükuta dalar.

 

Heç nə eşidilmir, və bu sükutda,
Kəfgirin səsidir dinən saatda,
Dayanmadan yellənər.

Ağlayıqr qıraqda sərsəri külək,
Sanki fikri budur hiylə gələrək,
Evə soxulub girə.

 

Bal gedir ingilis səfirliyində,
Hazıram, frakım önümdə indi,
Durub qolları sallaq.

Jiletim əsnəyir, köynək az qalır,
Danışa, bilmir ki, ağ qolucları,

Bəs haçan taxılacaq.

 

Uzun, dar burunlu çəkmələrimin,
Parlaq boyasına əksi çilənir,

Alovlanan yerlərin,
Yanındasa nazik qalstukların,
Mənim əlcəklərim donub qalıblar,
Cüt ələ bənzəyirlər.

 

Getmək zamanıdır! – Burda da əngəl,

Növbəyə durasan çatanda gərək,

İzləyəsən keçəndə,

Xanımlar əyləşən karetaları,
Gerbləri vurulub qapılarna,
Matahları içində.

 

Qapının ağzında g dayanıb hələ,
Görəsən ki, necə alaylanaraq,
Qonaqlar yığışırlar;

Təravətli üzlər, qoca sifətlər,
Fraklar, sinəni açıb göstərən,

Dekolteli korsajlar.

 

 

Yüngül, buludları xatırladan tül,
Qırmızı dərili kürəyi örtür,

Görünür sızaqları.

Burda diplomatlar və dendilər var,
Onların üzündə ağuş çalarlar,
Heç nə demir maraqlı.

 
Burda çəpəri var dul arvadların,

Quzğun ya qartal baxışlıdırlar.

Asan deyil aşasan,

Sədəfli, boyalı xırda gözəlın,
Zərif qulağına xəlvət əyilib,

Ürəyini açasan!

 

 

Yox, gedən deyiləm! Ancaq elə ki,
Operada çiçək dəstəsindəki,
Məktub gözünə dəyər;
Parmada yetişmiş bənövşələrdən,

Dağılar, ürəyi nə var göynədən,

Şübhə yox ki, o gələr.

 

 

İntermezzosu var məndə Heynenin,
Rəfdə qonşusudur kitabı Tenin,

Qonkurlar da var hələ,

Zaman necə keçdi, xəbər tutmaram,

Kitabı oxuyub sona çatmaram,
Göümə yuxu gələr.

 

Fransızcadan tərcümə

22-23.09. 2018

Samara

BİR SƏSİN XATİRƏSİ

Habib_Zarbaliyev.jpg

professor Həbib Zərbəliyevin 65 illiyinə

Həbibi ilk dəfə 1968-ci ilin yayında Əlibayramlıda köhnə şəhərdən təzəyə gedən avtobusda görmüşəm. Lələmlə sənədlərimi pedaqoji məktəbə verməyə gedirdim. ZİS markalı, səhv etmirəmsə, avtobusun ortasında “Kazan” qarmonunu yanına qoyub durmuş ağköynək oğlanı görən kimi ürəyimə damdı ki, o da pedaqoji məktəbə qəbula gedir. Papaq kimi saçı, qırğı burnu, inamlı duruşu ilə nə qədər qeyri-adi görünsə də, onun pedaqoji məktəbə getdiyinə şübhə ola bilməzdi.

Qarmonla yayın bu qızmarında ayrı hara gedərdi?

Pedaqoji məktəbə qəbul imtahanlarından əvvəl musiqi qabiliyyətini yoxlamalıydılar. Məndə şübhə yox idi ki, Salyandan özüylə bir dəvə yükü olan “Qazan” qarmonunu gətirmiş abituriyent məktəbə şuppultu ilə girəcək. O ki qaldı özümə… Məni “danışmışdılar”. Həm də əlaçılıq şəhadətnaməm olduğuna görə imtahansız girirdim. Bircə qabiliyyət yoxlanışından keçməliydim. O da, dediyim kimi danışılmışdı… Ancaq yenə narahat oldum, mən əliboş, qırğı burunlu bu oğlan isə Salyandan bura “Kazan” götürüb gəlib…

İkimiz də girdik…

Həbiblə ayrı qruplarda oxumuşuq, ancaq dörd ilə yaxın vaxt ərzində məktəbin özfəaliyyət kollektivində iştirakımız bizi qrup yoldaşlığından da yaxın eləmişdi. Həbibin musiqi qabiliyyəti yoxlanış zamanı nəinki məktəb rəhbərliyini razı salmışdı. Həbib rəhbərliyi əməlli-başlı sarsıtmışdı. Özü də “Kazan” qarmonu ilə yox. “Kazan” qarmonuun səsindən ancaq fiziki sarsıntı keçirmək olar, baş ağrısına tutulmaq olar. Həbib isə qabiliyyət yoxlanışına şəxsən rəhbərlik edən mərhum Gülbala müəllimin qəlbini sarsıtmışdı. Yəni ürəyinin başını soymuşdu…

Öz səsiylə!

On beş yaşına təzə-təzə çatan Həbibin necə oxuduğunu təsəvvür etmək üçün əfsanəvi müğənnimiz Qədir Rüstəmovun səsini yadınıza salın. İnanılası çətin olsa da, Həbibdə Qədir Rüstəmovun möcüzəli səsi vardı. Bu səs Azərbaycan Dövlət Filarmoniyasının səhnəsindən ucalıb, Azərbaycan teleziyası ilə yayılıb, çoxlu festivallarda, respublikanın müxtəlif yerlərində dinlənilib. Onun səsini hətta cənubda sovet sərhədçiləri də alqışlayıblar. Çox təəssüf ki, Həbibin ifasına valeh olmuş musiqi avtoritetləri onun səsini studiyada yazdırmaq qayğısına qalmadılar, hələ 1969-cu ildə onu böyük Niyazi, gözəl müğənni İslam Rzayev də eşitmişdilər…

Həbib nəinki Əli Bayramlı pedaqoji məktəbinin, hətta bütün Əli Bayramlının sevimlisi idi. O vaxt şəhərdə tez-tez müxtəlif bədii təbbirlər keçirilirdi. Həmişə zal Həbibin çıxışını səbirsizliklə gözləyirdi. Əli Bayramlı pedaqoji məktəbində teatr da var idi, idmançılar da. Ancaq əsas vizit vərəqi Həbib Zərbəliyev idi. Təəssüf ki, bu “vizit vərəqi”ni hər yerdə, vaxtaşırı göstərmək istəyi istismara çevrildi. On altı-on yeddi yaşlarda Həbib oxumağa fasilə verməli idi, yəni bunu ona musiqi müəllimləri deməliydilər. Demədilər. Onlar üçün məktəbin bugünkü “şərəfi” bu nadir səsin gələcəyindən vacib oldu. Həbib səsini itirdi…

Ancaq Əli Bayramlıdan sonrakı on illərdə də Həbibin “səsi” ucadan səslənir. Çox şadam ki, Həbib Zərbəliyev indi Azərbaycanda dilçilik üzrə fövqəladə xidmətləri olan alim, çoxlu tələbələri tərəfindən sevilən pedaqoq, nufuzlu və yüksək ixtisaslı tərcüməçidir.

Həbib Leninqrad universitetində oxuyanda mən iki dəfə onun qonağı olmuşam. Moskvada da görüşlərimiz olub. Tələbə yoldaşlarının, müəllimlərinin onu elə Əli Bayramlıda olduğu kimi sevdiklərinin şahidiyəm. “Səsi”nə görə yox, Həbib daha oxumurdu. Səsini itirəndən sonra məlum oldu ki, onun sevilməyi təkcə səsinə görə deyilmiş.

Sonuncu dəfə Həibiblə 1984-cü ildə görüşmüşəm. Yəni çoxdan. Ancaq həmişə səsinni eşidirəm. Uğurlarına şadam. Bütün azərbaycanlılar kimi məndə də yerliçilik var. Ona görə də Həbib Zərbəliyev kimi bir alimin salyanlı olmağı mənim üçün fəxrdir.

Uzun ömür, can sağlığı arzulayiram, Həbib!

Xeyrulla Xəyal

23.09. 2018

Samara

TEOFİL QOTYE.  TÜSTÜ

gautier_big-min

           Fumée

Hardasa yaxında ağaclar altda,

Qozbel daxma qaralır,

Damı əyilibdir, divarı çatlaq,

Kandarı basıb mamır.

 

Pəncərəyə əski basılıb, ancaq,

Qışda ağızdan buxar
Çıxaraq havada görünən sayaq,

Bacadan tüstü çıxar.

 

Tüstüdən yaranma bir ağızaçan,

Göy şırnaq tək qıvrılar.

Bu zülmət komanın əsiriruhdan,

Söz aparar Tannrıya.

Fransızcadan tərcümə

22.09. 2018

Samara