TEOFİL QOTYE.  BULUD

gautier_big-min

  La nue

Üfüq üzərində bulud yüksəlir,
Donu mavilikdən biçilib onun.

Çılpaq bakirədir baxsan elə bil,
Ayna sularından çıxır bir gölün.

 

Sədəfdən ləyənin içində durub,

Gedir mavilikdə dalğalanaraq.

O da Afrodita kimi yoğrulub,

Hava köpüyündən yaranıb ancaq.

 

Görünür göz oxşar hər duruşundan,
Gərdəni naməlum cizgiləriylə.

Yağış tək çiləyir şəfəq anbaan,

Atlas çiyinlərə qızıl gülləri.

 
Mərmər ağlığı var onda, qar həm də,
Bu iki çaları qovuşdurur eşq.

Sanki Korredjonun bir əsərində,
Çılpaq Antiopa yuxuya dalmış.

 

 

İşığa bürünüb uçur, qalxır o,

Alpdan, Apenindən yüksəyə daha,

“Əbədi qadınlıq”  bacısıdır o,

Onda ilk yaranış gözəlliyi var.

 

Mənsə ehtirasla qanadlanaraq,
Əbəs can atıram yenə də ona.

Uçur mənim ruhum buluda sarı,

Hazır İksion tək basa bağrına.

 

 

Ağlım mənə deyir: “Bu, bir dumandır,
Onda öz arzunu görürsən elə.

Ya bir kölgədir o, külək oynadan,

Köpük tək dağıla, kimə fərq elər?”

 

Duyğu cavab verir: “Fərq elər hökmən!

Dünyada gözəllik sayılan nədir?

Sevimli bir kabus, qəlbi titrədən,

Yoxluqdan, heçlikdən yaranır qəfil.

 

Qəlb aç İdeala, ürəyinə sən,
Gözlərin doyunca göyləri doldur!

Bulud da, qadın da sevə bilərsən,

Vurul və sev ancaq! Ümdəsi budur!”

 

Fransızcadan tərcümə

28-29.09. 2018

Samara

Реклама