Архив | 05.09.2018

ŞARL BODLER.  HƏDDƏN ARTIQ ŞƏN OLANA

бодлер

À Celle qui est trop gaie

Başın, görünüşün, hərəkətlərin,
Gözəldir gözəl bir mənzərə qədər

Üzündə-gözündə təbəssüm gəzər,
Necə təmiz göydə yel əsər sərin.

 

Sənin əllərindən, çiyinlərindən,

Ətrafa bir işıq kimi yayılan,
Sağlamlıq qaytarar sənin yanından
Ötən qüssəlini həyata birdən.

 

Sarsıdar görəni, baş gicəllənər.

Sənin geyimində o rənglər ki var.
Şair xəyalında səhnə yaranar,

Başlayar bir coşqun rəqsə çiçəklər.

Bütün bu divanə biçimli paltar,
Rəmzidir ruhunda rəngarəngliyin.

Məni dəli edir divanəliyin,

Sənə sevgim qədər nifrətim də var.

 

Haçansa sevimli bağ içində tək,

Gəzib sürüyərkən əfəlliyimi

Birdən hiss elədim günəş elə bil,

Dağıdır sinəmi, mənə gülən tək.

 

Bütün bu yaz çağı, bu göy çöl-çəmən,
Elə ürəyimi aşağıladı,

Qisasını zərif çiçəkdən aldım,
Təbiətdə olan təkəbbürün mən.

Beləcə bir gecə istəyirəm mən,

İşrət saatının vurduğu zaman,

Bədən xəzinənə xəlvət atım can,
Qorxaq tək üstünə sürünüb gələm.

 

Füsunkar dərinə çəkəm qamçını,

Sıxam, bağışlanmış döşünü əzəm.

Titrəyən böyrünü sarsıda zərbəm,

Orda gen və dərin bir yara açam,

 

Baş gicələndirir ah, bu şirinlik!

İndi daha gözəl, daha da parlaq,
Dəyişmiş və təzə dodaqlarınla,

Bacım, zəhərimə əlavə də tök!

 

Fransızcadan tərcümə

28.08. 2018

Samara