KONSTANTİN KAVAFİS
(1863-1833)
Niyə camaat belə yığışıbdır meydana?
Tezliklə barlarlar gəlməlidirlər.
Niyə öz iclasını keçirmir senat, niyə,
Senatorlar işləmir qanunlar üzərində?
Çünki gələcəklər barbarlar bu gün.
Nə qanun işləmək? Barbarlar indi
Burda hər qanunu çıxaracaqlar.
Niyə belə tez durub imperator yerindən,
Qalaqapıda taxta oturub, başında tac,
Paltarı təntənəli, görkəmisə qayğılı?
Barbarlar tezliklə gəlməlidirlər,
Başçını gözləyir imperatorsa.
Ona şanlı adlar, rütbələr verən
Fərmanlar yazılmış perqamenti də,
O təqdim edəcək başçıya şəxsən.
Niyə pretorlarımız, hər iki konsulumuz,
Geyib bu gün bəzəkli, zərli toqalarını?
Niyə ametist dolu qolbaqlar bağlayıblar,
Niyə üzüklərində zümrüdlər parıldayır?
Niyə onların bu gün nəfis əlağacları,
Qızıl-gümüşlə belə gözəlcə bəzənibdir?
Axı gələcəklər barbarlar bu gün.
Barbarlar daş-qaşın əsiridirlər.
Niyə bəs başlamırlar şanlı natiqlərimiz,
Bu gün həmişəki tək odlu çıxışlarını?
Barbarlar gələcək axı şəhərə,
Meydan çıxışları onları yorur.
Nədən bu qəfil təlaş, bu qəfil narahatlıq?
(Adamların üzləri gör necə ciddiiləşib!)
Niyə bəs bu küçələr belə qəfil boşaldı,
Hamı gedir evinə özünü itirən tək.
Çünki gecə düşdü, gəlib çıxmadı
Barbarlar. Sərhəddən gələnlər deyir
Ki, heç barbarları görən olmayıb.
Barbarlar gəlmədi. İndi neyləyək?
Axı çıxış-ümid bir növ onlardı.
1904
Şeir Azərbaycan dilinə, təəssüf ki, bilmədiyim yunan dilindən yox, Edmund Kilinin ingilis, S. İlyinskayanın, İ. Jdanovun, O. Şmakovun (İ. Brodskinin redaktəsi ilə), M. Kasparovun və A. Velçanskinin ruscaya tərcümələri əsasında çevrilmişdir. Məqsəd bu vacib şeiri heç olmasa rus dilini bilməyən (güman edirəm ki, Azərbaycanda belələri var) oxucuları tanış etməkdir.
X.X. 24-25may 2007, Samara