ƏRƏBQARDAŞBƏYLİ KƏNDİNƏ HƏSR OLUNUR
Keçən əsrin altımışıncı illəri dünyanın müxtəlif ölkələrində baş vermiş çox gökəmli hadislərlə yada düşür: Kuba inqilabı, Çe Gevara, Qəraib böhranı, Bitlz, Parisdə tələbə iğyişaşları, Kennedinin qətli… Mənim fikrimcə, ötən yüzilliyun altımişıncı illərində Azəıbaycanda baş vermiş ən mühüm hadisə dilimizdə “maygülü” sözünün yaranmağıdır. Çox təəssüf ki, bu hadisənin günün və ayını indi dəqiqləşdirmək çətindir. Səhv eymirəmsə, bu sözü mən ilk dəfə 1965-ci ildə, yəni on iki yaşında ikən eşitmişəm. Elə günlərin bir günündə gördüm ki, məndən bir ya iki sinif yuxarıda oxuyan, indi hörmətli kənd ağsaqqalları olan (onlara can sağlığı arzulayıram) uşaqlar bir-birinə “maygülü” deyirlər. “Dalda qalan maygülüdür!” “Maygülü-maygülü danışma!” “Topu lap maygülü kimi vurursan!” “Maygülü sən özünsən!” “Maygülü sənin dədəndir!”
“Maygülü” sözü dilimizə ildırım sürətiylə girdi və dərhal bəzi sözlərin yerini ya qismən, ya da tamam tutdu. “Maygülü”yə qədər bizim kənddə oğlanların və kişilərin söyüş kimi ən çox işlətdikləri sözlər “ləvənd” və “qırışmal” idi. Bu sözlər uzun illərdir ki, qulağımda Yavər Bədəlovun səsiylə dinir. Yavər Bədəlov o vaxtlar yaşı yavaş-yavaş otuza yaxınlaşan subay oğlan idi, üç gündən bir işləyirdi, qalan günləri evlərinin qabağından məktəbə gedən ya məktəbdən gələn xırda oğlan uşaqlarını qışqırtmaqla məşğul olurdu. Uşaqlar Yavərin uzun boyunu uzaqdan görən kimi yollarını dəyişməyə çalışırdılar, ancaq Yavər onları haqlayıb qulaqlarından yapışırdı. “Ləvənd, qaçma. Səndən söz eşitmişəm. Deyirlər qız istəyirsən!” Qulağı Yavərin əlində olan uşaq başa düşürdü ki, dünyada qız istəməkdən ayıb şey yoxdur, ona görə qızarıb-bozarır, dartınıb Yavərin əlindən çıxmağa çalışırdı.”Qız-zad istəmirəm, Ətağa cəddi!” Yavər əlindəki xırda və kirli qulağı daha da bərk sıxırdı. “Ləvənd-qırışmal! Qələt eləmə! İstəyirsən! Özü də…”
Bu yerdə Yavər uşaqdan təxminən on-on beş yaş böyük bir qızın adını çəkir, uşaq həmin qızı gözünün qabağına gətirəndə elə dəhşətə gəlirdi ki, qulağının ağrısı da yadından çıxırdı. “Yavər dayı, burax, sən allah, burax…”
Yəqin diqqətinizə çatdı ki, tamaşanın zirvə yerində Yavər “ləvənd” sözüylə kifayətlənmir, emosinal təsiri artırmaq üçün “qırışmal”ı da qoşurdu böyrünə…
Ancaq Yavər və onun tay-tuşlarının qabağında yeni nəsil böyüyürdü ki, bu nəslin öz tələbləri, öz zövqləri, öz ifadə vasitələri olmalıydı. Və “maygülü” sözü də bu cür ifadə vasitəsiydi. Ancaq bu söz hardan çıxmışdı, hardan gəlmişdi, demək mümkün deyil. Bir onu yada salmaq istəyirəm ki, o vaxt Azərbaycana Vəli Axundov başçılıq edirdi…
Güman etmək olar ki, “maygülü” sözü Afrikadan gəlib. Bəzi Afrika dillərində eyni söz intonasiyadan asılı olaraq müxtəlif mənalar verir. “Maygülü” sözü də elə. Kimə deyildiyindən, necə deyildiyindən asılı olaraq, “maygülü” on-on beş mənada başa düşülə bilərdi. Ancaq “maygülü” sözünün üstündə adamların bir-birini bıçaqladığını eşitməmişəm. Bəlkə də Salyanın özündə bıçaqlayıblar. Ancaq kəndlərdə belə şeylər olmayıb. Kəndlərdə nəinki “maygülü”yə dözürdülər. Ömrünün qırx ilini kolxoz və sovxoz qarovulçusu olmuş mərhum Əlfağa kimi beş-altı kəndin adamlarına “binamıs” deyirdi, hamı da dözürdü…
(Əvvəli. Ardı var)