Архив | Июнь 2020

«QARA BAŞIM QURBAN OLSUN, SUYIM, SANA…»

KÜR

Dolaşıq-bulaşıq tariximizdə,

Yeganə sətirsən sadə və aydın.
Dəyişən səthində qalmasa iz də,

Tanrı çöhrəsini görüb suların.

 

 

Gəlib səndən keçib qızıl dəvələr,
Kitablı, bayraqlı keçib atlılar.

Sənin qırağında diz çöküb ərəb,

Su çəkib üzünə, deyib “Ya Allah!”

 

 

Oynayıb, əylənib dalğalarında,
Ağacdan, dəmirdən gəmilər gedib.

Səninlə insanlar qidalanıbdır,
Yeyib sularının yetirdiyini.

 

 

Babildə oturub çay qırağında,
Yəhudi Sionu yada salaraq,
Ağlardı. Eləcə yaşasaq harda,
Kürü xatırlarıq, biz də ağlarıq…

 

 

Sən həm xatirəsən, həqiqət  həm də,
Bütün yalanları yuyub gedirsən.

Fəlakət olardı sınıq qələmdən,

Düşən bir ləkəyə dönsən əgər sən…

30.06. 2020, Samara

FƏVVARƏ

U LENİ. KİNO

Ah, bu nə şən, cilvəli fəvvarədir,
Xoş və sərin nəğməsi gəl-gəl deyir!

 

Şırnağı mehdən əyilir, yellənir,

Ağca köpüklərlə göyə millənir.

 

 

Burda coşur eşqi göyərçinlərin,
Küylə, çığırtıylə çimir sərçələr.

 

Xırda uşaqlarla dolu həndəvər,
Hər biri bu möcüzədən bəxtəvər.

 

Nazlı gözəllərsə şəkil çəkdirir,

Məndə olaydı o şəkildən biri…

 

Burda oturcaq qocalar mürgülər,
Ağrıları tez bədəni tərk elər.

 

Kaş ki vuraydı belə fəvvarə, ah,
Qəlbi alan yanğılı səhrada da!

 

28.06. 2020, Samara

SABİR TALIŞİNSKİNİN XATİRƏSİNƏ

U LENİ

Qalıbmı dünyada hansı izinsə?

Varmısan kiminsə xatirəsində?

Yiyə duranların mənzilinizə,
Bəlkə yuxusuna girirsən hərdən?

 

 

Kübar əsillydin ata tərəfdən,
Anan samaralı vəkil övladı.

Köhnə portfelinlə özünsə kənd-kənd,
Gəzib dərs deyirdin –harda yer oldu…

 

 

Sümükdən iriydin, boydan ucaydın,
Kövrəkdin, ürkəkdin, qıpıqdın həm də.

Nə qədər heyvərə acılayırdı,
“Rus” deyib ilişən vardı nə qədər…

 

 

Folkner qəhrəmanı Kristmas sayaq,

Vurnuxan qarayla ağ arasında,

Qətl arzulardın, bəlkə intihar,
İradənsə səif. İçə salardın.

 

 

İçirdin. İsgəndər deyildin ancaq,

Sən əsil faciə qəhrəmanıydın.

Sənə dəli kimi çoxdu baxanlar,
Hərçənd şəhər özü dəlixanaydı…

 

 

Öldü mələk anan, öldü qardaşın,
Qonşular mənzilə yiyələndilər.

Deyirlər bazarda yük daşıyırdın,
Belinə minirmiş gədə-güdələr…

 

 

Bilən yox səni kim basdırıb, harda,

Deyirlər qudurmuş yeniyetmələr,

Döyüb öldürüblər səni bazarda.
Beləcə haqqını ödəyib şəhər…

 

 

Mən də günahkaram, saf ürək insan,
Dostum, keç mənim də günahlarımdan…

Bircə Tanrı bilir indi hardasan,

Rəhmət diləyirəm sənə Tanrıdan….

 

25.06. 2020, Samara

QADIN SƏSİ

08.06 2020

 

Bir vaxt Haqverdiyev Əbdürrəhimin,
Yazdığı faciə sanki oynanır.

Kişilərə verib bütün rolları,

Surəti, sözüsə yox qadınların.

 

Hərdənbir, həftədə, ya da ki, ayda,
Dili eşidirəm kişi səsiylə.

Ciddi ya lağlağı danışsalar da,
Dözüb dinləyirəm dil həvəsiylə.

 

 

Anamın dilindən dil eşitdiyim,
Bilmirəm beş ildir, əlli il ya da.

Toyuğa, cücəyə “kiş” deyə indi,

Qarğış da eləyə — qəlbimə yatar…

 

 

Ya anam çağıra adımla birdən,
Ya da Bəyim xala, Tükəzban xala.

Adımda taleyim sanki dinərdi,

Ana dilimizdə haçan tutula…

 

 

Dili eşitmirəm qadın səsindən,
Elə bil çəkilib gedir şirəsi.

Səs vardı, eşitcək qəlbim əsərdi,

Dil elə həmindir, itirdim səsi…

 
Daha incəlikdən yadırğamışam,
Həsrətəm haçandan bal avazlara.

Yox daha eyhamla, himlə danışan,
Susan çoxmənalı pauzalarla.

 

 

Kar kimi, lal kimi indi yazıram,
Səsim batıb qalıb içimdə çoxdan,

Xəbərlə uzlaşır hələ mübtədam,

Çıxmayıb vergülün yeri yadımdan.

 
Səsi yaddaşımdan çəkilən qadın,

Məni yazdığımdan tanıya bəlkə.

ÇağrIla anamın səsiylə  adım,
Bilərəm hardayam, nəçiyəm, kiməm…

 

20-21.06. 2020, Samara

OTUZ İL BƏS DEYİL MİLLƏT OLMAĞA…

08.06 2020

Tayfayıq hələlik, uzağı xalqıq,
Biz indi millətik yalnız ağızda.

Fransız, ingilis, alman olmağa,
Otuz il bəs deyil, əlli il azdır.

 

 

Kasıbıq yaddaşdan, nə gizlədək ki,
Əsrdən o yana  az insan aşar.

Bilən yox babanın babası kimdi
Nə kağız sənəd var, nə də ki, daş var.

 

 

Güdülən, qorunan sərhəd olmayıb,
Vuruşan vuruşub yad ordularda.

Qılınc çalan olub, zəfər çalmayıb,
Papaq özgənindi, yaddı şüar da.

 

 

 

Bəs deyil otuz il millət olmağa,
Qoltuq axtarırırq dürtməyə başı.

Qardaşıq gah türkə əziz və doğma,
Gah da səfəviyik biz, qızılbaşıq.

 

 

 

“Farsdili Nizami bizə fəxrdir”

Deyən həm də farsı söyür nədənsə.

Urus məktəbinə övladı gedir,
“Urus bizi qırdı” söyləyən kəsin…

 

 

Ərəbi söyürük, salmırıq yada,
Kitab da, məscid də ərəbdən gəlib.

Ərəb muğamıyla qidalanaraq,
Bizim müğənninin səsi yüksəlib.

 

 

 

Qurtula bilmirik tayfaçılıqdan,
Vətəndaş deyilik, tayfadaşlarıq.

Hərənin vətəni  hasar dalında

Hərənin sərhədi hasar başıdır.

 

 

Himnimiz, gerbimiz, bayrağımız var,
Varmı dövlətimiz – demək çətindir.

Doğulur, yaşayır, ölür adamlar,
Bilinmir onları xalq edən nədir.

 

 

 

Korporasiyadır ölkə, ya şirkət,
Canı bəsləyən var, canı üzən də.

Millət yaranacaq haçansa bəlkə,
Buna bəs eləməz əsrin özü də.

 

 

Çəkilib hardasa xətti sərhədin,
Nə vaxtdan mövqedə dayanıb ordu.

Hələ qələbəsi yoxdu millətin,
Millətin özü də hələ ki, yoxdur.

 

17.06. 2020, Samara

MANDELŞTAM

08.06 2020

Axmatova yazır “xatirələrdə”:
Bir gün Moskvada Mabdelştamla
Gedərkən, söylədi nədənsə birdən

Şair: “Mən ölümə indi hazıram…”

 

İndiki yaşımdan dahi yəhudi,
Otuz yaş cavanmış, bir az da artıq…

Müstəbid adaşdan usandı, ya da,

Dühası edirdi ona ağırlıq…

 

İndiki müstəbid Stalin deyil,
Mandelştam kimi nə də var düham.
Ancaq istərəm ki, ürəkdən deyim,
Bir dosta: “ölməyə daha hazıram…”

 

15.06. 2020, Samara

ÖLÜRƏM TƏKLİKDƏN ŞƏBƏKƏLƏRDƏ…

08.06 2020

Layiqli adamlar vardı haçansa,
Vardı adamların çürükləri də

Oturub-duranda, danışandasa,
Yaxşı görünürdü içindəkilər.

 

 

Bəlkə İnternetdir ayıbı açan,

Səbəbi sosial şəbəkələrdi —

Abırlı, ağıllı bildiyin insan,

Layka ləyaqəti dəyişib indi.

 

 

Dost vurur sözünü qulaqardına,
Qızıldan qiymətli olsa da kəlmən.

Deyir “dünən məni “layk”lamadın,
Çətin ki, tezliklə özümə gələm…”

 

 

Uşaq da, böyük də “layk” qoy deyir,
Baxmır saqqalına, yaşına baxmır.

Deyir “qırmızı” qoy, “ürək” qoy deyir,
Qoymursan – üzündən zəhrmar damır…

 

 

Ayıra bilmirsən çürüyü safdan,
Dostlar itib gedib, qalan “frend”dir.

Varmı yazdığını oxuyan insan –

Bilmirsən. Bu “layk”ın dəyəri nədir?

 

 

Hamı Platondur, hamı da Kantdır,
Hər qadın üstəlik fotomodeldir.

Hər kəsin vaxtında “layk”ını çatdır,
Qırmızı ürəklə sevgini bildir…

 

 

Yox daha evtiyac ciddi söhbətə,
Daha danışmırıq, “layk”laşırıq.

Unuduruq nədir dost məhəbbəti,
Uyub “layk”larla alış-verişə…

 

 

Qədim dost! Hardasan? İndi sevgilər,
Virtual qırmızı ürəklərdədir.

Hardasan, əzizim? Səsimə səs ver,
Ölürəm təklikdən şəbəkələrdə…

 

10.06. 2020, Samara

TRAMVAY

08.06 2020

Ah, bu tramvay nə qədər qəşəngdir,
Sağ yanı da, sol yanı da qırmızı!

Küylü də olsa, şəhərə bəzəkdir,

Benzinə yox ehtiyacı, yox qazı.

 

 

Ah, gedişi, bax, necə ləngərlidir,

Sövq eləyir sərnişini yatmağa.

Relslər ilə zənn elə fayton gedir.

Yox tələsənlər də evə çatmağa.

 

 

Kim yaradıb, ah, bu nə həngamədir,
Ötsə də dövranlar, o köhnəlməyir.

Çox da ki, çaqqıldayaraq ləng gedir –

Getdiyi yolla geri hökmən gəlir…

 

08.06. 2020, Samara

SAMARA

18.11. 19

Bura nə şimaldır, cənubdur nə də,
Şərqə, qərbə də yox aidiyyəti.

Relyefi dolaşıq, yeri köndələn,
Gah yazı gecikir, qışı gah itir.

 

 

Çayı dolğun axar, çay arxasında,
Zəngin qürubların nümayişi var.

Bozsa, qarasa da, qar tək ağsa da,
Göz oxşar həmişə göydə buludlar.

 

 

Ulduzdan kasıbdır burda göy ancaq,
Sanki yağmalayıb yadplanetli.

Səfər ulduzumu necə tapım, ah,

İlişib qalmışam burda mən yetim…

 

07. 06. 2020, Samara

«VƏTƏN NƏ ÖLKƏ, NƏ DƏ DÖVLƏTDİR…”

QATARDA 2009

Vətənim var mənim də, əlbəttə,
Qütbdən qütbə uçmuram quş tək.

Vətən nə ölkə, nə də dövlətdir,
Bir qarış yerdi ki, bağlanmış ürək.

+

Cənnətə bənzəməz, gözəl də deyil,

Yayın da qış kimi əziyyəti var.

Gülləri sısqadır, ötməz bülbül,
Nə sərindir, nə duru orda sular.

+

Kişi tutqun və qaşqabaqlı gəzər,
Ağzı qarğışla arvadın açılar.

İncidər qonşunu bəd qonşu, əzər,

Uşaqların da böyük hikkəsi var.

+

Buranı kimsə cəhənnəm də sayar,
Bir az şişirtmədir bu, insafən.

Adi kənddir…pisi var, yaxşısı var,

Əziz və doğma…Vətəndir o, vətən…

+

Sözümlə, istəsə əgər Tanrı,
Dönərəm, vaxt gələndə, mən də ora,

Qoyaram arxada təyyarələri,
Ürküdüb quşları çaş-baş salaram.

+

Yox ləyaqətsə yanam ulduz tək,
Kəndin üstündə dönərəm buluda.

Bu işə xeyli təəccüblənərək,

Mənə baxar kişi də, arvad da…

02. 06. 2020, Samara