Архив тегов | Kürün qurumağı

KÜR HEKAYƏTİ

08.06 2020

…Torpaq yandırırdı yalın ayağı,
Yanır, qovrulurdu dünən göy olan.

Havalı işləyir, gəzirdi insan,

Heyvan nəhləyirdi xəstə sayağı.

 

 

Gördüyn ilğımdı hayana baxsan,
Buludlar dönürdü tüstüyə göydə.

Həyat dayanırdı, ölməsəydi də,
Kürdü əvvəlki tək dolanıb axan.

 

 

Elə ki dərəcə qırxı keçirdi,

Yaxır, bişiriridi dərini usti,

Doldurub kolazın dərinkəsini,
“Ya Allah” deyərək lələm içərdi.

 

 

Çayın özü kimi lələm qədimdi,
Vardı xəzrisi də gilavarı da,
Qasırğa, fırtına qaldırardı da,

Coşurdu, aşırdı Kür kimi həddi…

 

 

Lələmin getdiyi azı min ildir,
Gedib tək kolazlı donanmasıyla.

Dövran, yox xəbəri, tərsə dolanır,

Kür yox, Xəzər Kürə tökülür indi.

 

 

Dərinkə doldurub içməli deyil,
Dil vurur, üzünü döndərir heyvan.

Kürün balıqları, kürüsü talan,

Dadı oğurlanıb indi elə bil…

 

 

Ağır və yöndəmsiz mis farışında,
Anam gün uzunu su daşıyardı,
Anam bişirərdi, anam yuyardı,
Qarıya dönürdü gəlin yaşında..

 

 

O vaxt, nə gizlədim, həyat ağırdı,
Ağır yaşayan var bəlkə də indi,
Çörək zəhrmardı, qandı, irindi,

İndi suyumuz da zəhrmar dadır…

 

24.07. 2020, Samara

«QARA BAŞIM QURBAN OLSUN, SUYIM, SANA…»

KÜR

Dolaşıq-bulaşıq tariximizdə,

Yeganə sətirsən sadə və aydın.
Dəyişən səthində qalmasa iz də,

Tanrı çöhrəsini görüb suların.

 

 

Gəlib səndən keçib qızıl dəvələr,
Kitablı, bayraqlı keçib atlılar.

Sənin qırağında diz çöküb ərəb,

Su çəkib üzünə, deyib “Ya Allah!”

 

 

Oynayıb, əylənib dalğalarında,
Ağacdan, dəmirdən gəmilər gedib.

Səninlə insanlar qidalanıbdır,
Yeyib sularının yetirdiyini.

 

 

Babildə oturub çay qırağında,
Yəhudi Sionu yada salaraq,
Ağlardı. Eləcə yaşasaq harda,
Kürü xatırlarıq, biz də ağlarıq…

 

 

Sən həm xatirəsən, həqiqət  həm də,
Bütün yalanları yuyub gedirsən.

Fəlakət olardı sınıq qələmdən,

Düşən bir ləkəyə dönsən əgər sən…

30.06. 2020, Samara