Архив | Январь 2017

İTİRİB SƏSİNİ MƏNİMSƏ XALQIM…

Çoxlu ölkələr var yer üzündə ki,

Qadınlı-kişili hamı oxuyur.

Beş nəfər bir yerə yığılan kimi,

Bir anda yaradır peşəkar xoru.

Kefdən oxuyurlar, həm də sevincdən,
Toyun da, yasın da mahnıları var.

Verərlər baş-başa, çiyin-çiyinə,

Səs-səsə qatılar, mahnı ucalar.

Tanrının adına nəğmə deyilən,

Çoxlu məbədlər var yer üzündə ki,

Kişili-qadınlı çiyin çiyinə,

Elə oxuyurlar, ürək kövrəlir.

Elə ölkələr var işləyən zaman,

Oxumaq adətdir. Çöldə, zavodda,
Oxuya-oxuya işləyən insan,

Əlləri məşğulsa, ruhu azaddır…

Bizəsə oxumaq sanki yasaqdır,

Çaşıb oxuyarsan – fitə basarlar.

Xəlvətə çəkilib kim oxusa da,
Tutub utandırar, asıb-kəsərlər.

Bizdə sevgi ayıb sayıldığı tək,

Oxumaq da ayıb havalananda.

Sevgi nəğməsini sevənçin gərək,

Manıslar oxuya qaval əlində.

Oxuyur Avropa, Yapon, Afrika,

Gürcülər oxuyur verib səs-səsə.

İtirib səsini mənimsə xalqım,

Ya da sinəsində salıb qəfəsə.

Nə dərddən oxuyur xalq, nə sevicdən,

Hamı xəlvət gülər, gizli də ağlar.

Beşiyin başında analar indi

Layla deməyi də yadırğayıblar.

Xalq varsa, var xalqın mahnıları da,

Neçəsi şöhrətli, şanlı, möhtəşəm.

Çoxdan ötübsə də ömür yarıdan,

Xalqımı oxuyan görməmişəm mən…

30-31. 01, 2017

Samara

ALEKSANDR BLOK. «AH, NECƏ YAŞAMAQ İSTƏYİRƏM MƏN…»

ALEKSANDR BLOK

              О, я хочу безумно жить,

              Все сущее – увековечить…   

 

Ah, necə yaşamaq istəyirəm mən:

Ötəri hər şeyi —  əbədi etmək,

Canlatmaq  — həyata keçməyənləri,

Simasız nə varsa – bəşərilətmək.

 

Ağır yuxusuyla boğsa da həyat,

Nəfəsdən düşsəm də indi nə qədər,

Məni yada salıb bəlkə də bir vaxt,

Qəlbi sevic dolu gənc belə söylər:

 

Ona hüznlüyü tutmayaq irad,

Bəlkə bu, ilhamın mənbəyi idi?

Xeyirdən, işıqdan yaranmış övlad,

O həm azadlığın təntənəsiydi.

 

5 fevral 1914

Ruscadan tərcümə

26-27.01. 2017, Samara

 

SERGEY YESENİN. İT HAQQINDA NƏĞMƏ

SERGEY YESENİN

 İT HAQQINDA NƏĞMƏ

 

     Утром, в ржаном закутке,

     Где златятся рогожи в ряд…

 

Qızılı həsirlərin

Sıralandığı damda.

İt səhər yeddi kürən,

Küçüklə balaladı.

 

Axşamacan yaladı

Diliylə çəkdi sığal.

İsti qarnının altda,

Əriyib gedirdi qar.

 

Axşamsa toyuq-cücə,

Pərdiyə qonan çağı,

Küçükləri acıqlı,

Kişi kisəyə yığdı.

 

Dalıycan ana itsə,
Qaçırdı var gücüylə…

Soyuq suyunsa səthi,

Xeyli titrədi hələ…

 

Yalayaraq tərini,

Nəhləyib dönəndəsə,

Küçüklərdən birinə,

Ayı bənzətdi nəsə.

 

Baxıb göy ucalığa,

Yana-yana uladı.

Aysa yuvarlanaraq,

İtdi təpə dalında.

 

Kefli bir kəmağıllı,

Çırpdı daşları itə.

Ulduz kimi dağıldı
Gözləri qarın üstə.

 

1915
 ruscadan tərcümə

23 yanvar 2017, Samara

ALEKSANDR BLOK. «GÜNAHA BATASAN BAŞDAN AYAĞA…»

ALEKSANDR BLOK

              (1880 – 1921)

 

             Грешить бесстыдно, беспробудно,

             Счет потерять ночам и дням…

 

Günaha batasan başdan ayağa,

Sayı bilinmədən günlərin ötə.

İçkinin dəmiylə başın ağrıya,

Kilsəyə gedəsən salıb xəlvətə.

 

Üç dəfə səcdəylə ikiqat olub,

Sonra yeddi dəfə  xaç da vurasan.

Qızmalı alnını tüpürcək dolu,

Kirli döşəməyə toxundurasan.

 

Nəzir nimçəsinə mis quruş atıb,

Üç və yeddi dəfə, dalbadal gərək,
Bəlkə də yüz yaşlı, ləkəli, çatlı,

Minlərin öpdüyü surəti öpmək.

 

 Qarşına çıxanı evə dönən tək,

Aldadasan elə o quruş qədər.

Qapına sığınan ac iti görcək,

Yaxşı bir təpiklə qovasan gedə.

 

Surətin önündə yanan çırağın,

İşığında sayğav şaqqıldadasan.

İsladıb ağzında sonra barmağı,

Pulları saydıqca çay da vurasan.

 

Yıxasan özünü pərqu döşəyə,

Nəhayət, dolanda yuxu gözünə…

Belə həyatla da bil ki, Rusiya,

Bütün ölkələrdən əzizsən mənə.

 

26 avqust 1914

Ruscadan tərcümə

20-22 yanvar 2017, Samara

 

 

 

 

POL VERLEN. AXŞAM SUPU

POL VERLEN

                                         (1844 – 1896)

                AXŞAM SUPU

                          İl fait nuit dans la chambre étroite et froide où l’homme
                         Vient de rentrer, couvert de neige, en blouse, et comme

 

Gecə düşür, kiçik otaqda soyuqdur və bu an,

Kişi dönür evə, başdan ayağa ağ qardan.

Su alıb ağzına sanki, susur o, üç gündür,

Qorxur arvad, göz ağardır uşağa hərdənbir.

 

Çarpayı, dörd stul və köhnə, sınıq bir sandıq,

Bit qanıyla qaralan pərdə haçansa ağdı.

Masa bir yamndan əyilmiş, qıçı sınmış çoxdan,

Natəmizlik çöküb hər küncə, sarsılır insan.

 

Geniş alınlıdır kişi, alovvu gözləri var,

Həqiqətən bilinir ağlı, incə qəlbi də var.

Beləsi xalq xalq gözündə məhz ciddi oğlandır,

Gəncdir arvad, gözəl deyilsə də şirinqandır.

 

Fəqət qonub Səfalətin bu evə müdhiş əli,

Dayanmadan alır onlarda nə var qiymətli.

Gedir ləyaqət, gedir hörmətli nə var insanda.

Gedər sabah kişilik, məhv olar qadınlıq da.

 

Masa başında yığışmış şama miskin bu topa,

Közərir tutqun işıqla abajursuz lampa.

Bir qazan sup qoyulur süfrəyə, bir azca da ət,

Uzanan sayışan ətrafda kölgələr dəhşət.

 

Rəngləru solsa da, sağlamdır uşaqlar, deyəsən,
Arıqdır hər bir hərçənd və qabarmış sinəsi.

Soba çətin qış aylarında qalanmış hər gün,

Yaydasa onları, əlbəttə, yandırıb bürkü.

 

Şüalar oynaşır və canlanır ətrafda nə var,

Divarda paslı bir tüfəng asılıb mismardan.

Qoca polis agentinin gözüylə baxsan əgər,
Üzə çıxar yəqin hər küncdə müxtəlif şeylər.

 

Zirehli sandığın dibində bir qalaq yığılıb,

Tozlanıb tarixi və “elmi” kitablar, burada bağlı qalıb.

Gizlədilmiş döşək altındasa səliqə ilə

O romanlar ki, hopub ehtiras vərəqlərinə.

 

Bitməmiş şam, kişi çılğın, yabançı halda yeyir,

Yesə bir başqası bu süfrədə, bəlkə öyüyər.

Basır, heç fərqinə varmır, həqir ifadə ilə,

Şişir, yatır ovurdu, sanki iş görürü o belə.

 

Köhə rəfiqəsini bəlkə xatırlar arvad:

Gətirib bəxti: kənddə yaxşı evi, at-araba.

Bezib uşaqlar, ovurlar yumulu gözlərini

Oxşadırlar beləcə ağlayana özlərini.

 

1884-cü ilə qədər

 

Fransızcadan tərcümə

10-16.01.17

Samara

NİKOLAY RUBTSOV. «ÖLƏRƏM KREŞŞENSK ŞAXTALARINDA…»

 

NİKOLAY RUBTSOV

                                (1936 – 1971)

                   Я умру в крещенские морозы…

Ölərəm Kreşşensk şaxtalarında,

Ağcaqayınlarda çat yarananda.

Tamam dəhşət olar gələndə bahar.

Daşıb məzarlığı yenə çay basar.

Mənim qəbrimi də boz sular yaxar,

Miskin, unudulmuş tabutum çıxar.

Çırpılıb dağıdar onu dalğalar,
Qorxunc taxta-tuxta axıb yox olar.

Özüm də bilmirəm nə hoqqadır bu…

Yox, əbədi deyil ölüm yuxusu!

Ruscadan tərcümə

09.01.2017

Samara

ALEKSANDR BLOK. ƏZİZ DOST, ELƏ BU SAKİT EVDƏ DƏ…

ALEKSANDR BLOK

                (1880 – 1921)

              Милый друг, и в этом тихом доме,

                        Лихорадка бьет меня…

 

Əziz dost, məni bu sakit evdə də,

Titrətmə-qızdırma yaman çaşdırıb.

Rahatlıq və nizam var, ancaq nədən,

Mənə yer tapılmaz ocaq başında.

 

Çöldən boran səsi gəlir qəribə,

Bu nizam, rahatlıq qorxu gizlədir.

Sənin arxandaca, əziz rəfiqə,

Görürəm iki göz məni izləyir.

 

Elə arxasında çiyinlərinin,
Duyuram titrəşir zərif qanadlar.

Fırtına mələyi – Əzrail məni,

Yaxır gözlərində alışan odla.

 

Oktyabr 1913

Ruscadan tərcümə

07.01.2017

ALEKSANDR BLOK. YENƏ GECƏ, KÜÇƏ, APTEK, FƏNƏRLƏR…

            ALEKSANDR BLOK

                      (1880 – 1921)

                   Ночь, улица, фонарь, аптека,

                   Бессмысленный и тусклый свет…

 

Yenə gecə, küçə, aptek, fənərlər,

Mənasız, məzmunsuz işıq közərir.

Hələ otuz il də yaşasan əgər,

Heç nə dəyişilməz. Yox ümid yeri.

 

Ölərsən – başlarsan hər şeyi bir də,

Təkrar yaşanılar nə olub əvvəl.

Kanalda buz suyu külək tərpədir,

Yenə həmin küçə, aptek, fənərlər.

 

10 oktyabr 1912

Ruscadan tərcümə

04-05.01.2017

Samara