Архив тегов | azadlıq haqqında şeir

«VƏTƏN ƏSARƏTDƏDİR, AZAD DEYİLSƏ FİKİR…»

12.11.22

Oranın azadlığı,
Buranın azadlığı

Uğrunda qanlar axır,

Al boyayır torpağı.

 +

Əsgər keçir canından,

Vuruşur torpaq üstdə,

Kölədir ancaq insan,
Yurd azad edilsə də!

 +

Torpaq azad eləyən,
Azad söz deyə bilmir.

Əsarətdədir vətən,

Azad deyilsə fikir.

 +

Kim ölür – dəmir medal,

Yardım alır sağ qalan.

Ölü tək diri də lal,

Danışır ancaq paxan.

 +

Can qoyub, əsgər, dünən,
Azad etdin torpağı.

İşlə, çalış bu gündən,
 Sal başını aşağı.

 

10.12. 2022, Samara

İTİRİB SƏSİNİ MƏNİMSƏ XALQIM…

Çoxlu ölkələr var yer üzündə ki,

Qadınlı-kişili hamı oxuyur.

Beş nəfər bir yerə yığılan kimi,

Bir anda yaradır peşəkar xoru.

Kefdən oxuyurlar, həm də sevincdən,
Toyun da, yasın da mahnıları var.

Verərlər baş-başa, çiyin-çiyinə,

Səs-səsə qatılar, mahnı ucalar.

Tanrının adına nəğmə deyilən,

Çoxlu məbədlər var yer üzündə ki,

Kişili-qadınlı çiyin çiyinə,

Elə oxuyurlar, ürək kövrəlir.

Elə ölkələr var işləyən zaman,

Oxumaq adətdir. Çöldə, zavodda,
Oxuya-oxuya işləyən insan,

Əlləri məşğulsa, ruhu azaddır…

Bizəsə oxumaq sanki yasaqdır,

Çaşıb oxuyarsan – fitə basarlar.

Xəlvətə çəkilib kim oxusa da,
Tutub utandırar, asıb-kəsərlər.

Bizdə sevgi ayıb sayıldığı tək,

Oxumaq da ayıb havalananda.

Sevgi nəğməsini sevənçin gərək,

Manıslar oxuya qaval əlində.

Oxuyur Avropa, Yapon, Afrika,

Gürcülər oxuyur verib səs-səsə.

İtirib səsini mənimsə xalqım,

Ya da sinəsində salıb qəfəsə.

Nə dərddən oxuyur xalq, nə sevicdən,

Hamı xəlvət gülər, gizli də ağlar.

Beşiyin başında analar indi

Layla deməyi də yadırğayıblar.

Xalq varsa, var xalqın mahnıları da,

Neçəsi şöhrətli, şanlı, möhtəşəm.

Çoxdan ötübsə də ömür yarıdan,

Xalqımı oxuyan görməmişəm mən…

30-31. 01, 2017

Samara