Архив тегов | Mirzə Əlil

NƏHAYƏT, BİLİNDİ Kİ, ŞEKSPİR AZƏRBAYCANLI, AZƏRBAYCAN TÜRKÜ İMİŞ…

 

Şekspirin ölümündən dörd yüz ildən çox keçdiyinə baxmayaraq indi də təkcə İngiltərədə yox, bütün dünyada Uilyam Şekspirin əsl kimliyi barədə mübahisələr davam edir. Yəni Şekspirin Şekspir olduğuna şübhələr var, guya Şekspirin adıyla tanınan əsərləri əslində başqa adam yazıb, ancaq o adamın kim olduğu hələlik dəqiqləşdirilməyib.

Başqaları ilə işim yoxdur, şəxsən mən üç-dörd gündür ki, Şekspirin əslində kim olduğunu bilmişəm. O adam azərbaycanlı, yəni vozqurtlar demişkən, Azərbaycan türkü olub. Adı… Adını elan edirəm: Hidayət Orucov!

Üç-dörd gün əvvəl mən başa düşdüm ki, Şekspirin əsərlərini, yəni “Hamleti”, “Makbeti”, sonetləri azərbaycanlı yazıb. Yazmağı bir yana, bu adam indiyəcən yaşayırmış, yəni uzunömürlülükdə talış babamız Şirəli Müslümovu da üç dəfə keçibmiş. İndi, nəhayət, bu dahi Azərbaycan türkü (vozqurtlar demişkən) dünyasını dəyişib…

Sual verilə bilər: Mən niyə bu nəticəyə gəlmişəm? Qabaqcadan cavab verirəm: bu üç-dörd gündə Hidayət Orucovun ölümünə, həyat və yaradıcılığına həsr olunmuş məqalələrdə, postlarda mərhumun ünvanına elə təriflər var ki, onlara Şekspirdən başqa heç bir dünya dahisi layiq görülə bilməz. Dünyada isə o yekəlikdə iki dahinin olmağı mümkün deyil. Yəni ikisindən biri artıqdır. Ona görə də əsl Şekspirin Azərbaycan türkü (vozqurtlar demikən)  Hidayət Orucov olduğuna şübhə qalmır.

Hidayət Orucov nəinki ədəbiyyat dahisi olub, o həm də ümumbəşər dahisi, universal dahi olub, yəni həm kommunust, həm liberal, həm demokrat, həm əliyevçi, həm vəzirovçu, həm mütəllibovçu, həm elçiyəyçi, yeri gələndə rüşvət də alıb, vəzifə borcunu yerinə yetirməkdən ötrü. Rüşvət deyəndə ki, hədiyyə…

İndi gərək İlham Əliyev Britaniyanın baş naziri Starmerlə və Kral Çarlzla danışıb bizim Şekspirimizi bizə qaytara, və bütün dünya bilə ki, Şekspir-zad yoxdur, Hidayət Orucov var…

İndi ermənilər bunu biləndə elə şoka düşəcəklər ki, Artsax da yadlarından çıxacaq… Yəni əsl Şekspirin (Hidayət Orucov) əsl ölümü Azərbaycana sülh gətirəcək…

Mən burda bir rusa dedim ki, Şekspir bizimdir. Qaşqabağını sallayıb ddi ki, sabah deyərsiniz ki, Lev Tolstoy da sizindir…

Doğrudan da… Bəlkə Lev Tolstoy da bizimdir?

 

Mirzə ƏLİL

16. 06. 2026, Samara

EVİMİN YANMAĞINA İNDİ SEVİNİRƏM: RAMİZ MEHDİYEVİN DƏ MƏKTUBLARI YANIB!

Bakıda Ramiz Mehdiyevin adamlarının tutulmağından xəbər tutanda başa düşdüm ki, il yarım bundan qabaq mənim bəxtim gətirib ki, evim yanıb. Evim yanmasaydı, gec-tez məni burda tutub Azərbaycana təhvil verərdilər…

Məni, əlbəttə, yanğında kitablarımın məhv olmağı, söz oynatmaq olmasın, yandırırdı. Dostoyevski, Puşkin, Mandelştam, Lermontov, Folkner, Coys, Bodler… Kitabxanamda Salman Rüşdinin “Şeytan ayələri” romanı da vardı, onu mənə Mərkəzi kəşfiyyat idarəsindən hədiyyə göndərmişdilər. Mən, nə gizlədim, kasıbçılıq üz verəndə Mərkəzi kəşfiyyat idarəsiylə əməkdaşlıq eləyirəm, onlar da hərdən pul əvəzinə kitab göndərirlər…Ancaq məni ən çox yandıran Ramiz Mehdiyevin məktublarının yanmağı idi. Neçə il idi ki, o kişi ilə məktublaşırdım. Akademikdən yüzdən çox məktub almışdım. Məktubların bəziləri erməni dilində idi, biz Ramiz müəllimlə ermənicə yazışırdıq ki, poçtalyonlar açsalar, oxuya bilməsinlər.

Ramiz Ənvəroviç məni çoxdan əməkdaşlığa cəlb eləmişdi. Hərdən görüntülü danışırdıq. Mənə deyirdi Mirzə, yaman sınıqsan, yəqin yeməyin qıtdır, darıxma, burda çevriliş eləyən kimi sənin bağın da olacaq, bostanın da.

Ramiz Mehdiyein planına görə çevrilişdə Samaradan bir alay da iştirak etməliydi, mənə tapşırılmşdı ki, qabaqda gedən tanka minib yolları göstərim. Düzü, deməyə utanırdım ki, Azərbaycanın yollarını özüm çoxdan unutmuşam, fikirləşirdim ki, naviqatordan-zaddan istifadə edərik, azmarıq. Özüm tankın qabağında qaça-qaça yerli adamlardan, bir dostum demişkən, şorusaram. Bilirəm ki, Azərbaycanda rus tanklarını həsrətlə gözləyənlər çoxdur. Him eləyən kimi məndən qabaqda qaçacaqlar…

Ramiz Ənvəroviç söz vermişdi ki, bağdan, bostandan başqa, mənə akademik rütbəsi versin, əmioğlum Mirzə Təbili isə qoysun Anarın yerinə Yazıçılar birliyinin sədri.

Mən Ramiz Ənvərovuçin məktublarının əzizləyib saxlayırdım. Fikirləşirdim ki, gələcəkdə onun heykəlləri qoyulacaq, muzeyləri açılacaq, mən də bu böyük insanın məktublarını muzeyə verəcəyəm…

Əlbəttə, indi İlham Əliyevlə Vladmir Putinin arası soyuqdur, ona görə də Erdoğandan fərqli olaraq, Putin məni tutub Bakıya göndərməz. Ancaq nə bilmək olar, birndə gördün İlham Əliyev yenə Petinlə, türkün məsəli, aranı qayırdı. Onda istədiyi adamın başına kisə atdırıb Bakıya gətirdər…

Allah, sən saxla! Bircə ümidim onadır ki, axtarış eləsələr, heç nə tapmayacaqlar. Çünki Ramiz Ənvəroviçin məktubları yanıb! Əlbəttə, Bakıda hörmətli akademikə təzyiq göstərib köhnə tarixlə mənə məktub yazdırar və sonra axtarış zamanı elə cibimdən çıxara bilərlər. Nə gizlədim, qorxuram. Əmioğlum Mirzə Təbil deyir ki, qorxma, Əliyevlə Putinin arası tezliklə düzələn deyil…

Təki düzəlməsin…

Təki Əliyevlə Ərdoğanın da arası dəysin. Elə dəysin ki, qanlı-bıçaqlı olsunlar…

Mİrzə Əlil

30.11. 2025, Samara

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «İKİSİNƏ DƏ»

Molla Pənah Vaqif, bizim böyük və istəkli şairimiz bəzən elə şeylər yazır ki, adam utandığından gözüyumulu oxumaq istəyir.

“Səhər-səhər həsrət ilən gəzirdim,
Cüt qoşa nar gördüm iki sinədə.”

Görünür, klassikimiz çox temperamentli kişi, ayıb olar deyə “qızğın” demirəm. Elə səhər tezdən gözü xanımların sinəsini alıb. Narları sayır… Cüt qoşa… Yaxşı ki, salyanlılar şeir oxuyan olmurlar, oxusaydılar, deyərdilər: “Ala, bu qazaxlı nə yazır…” Salyanlılar şeir oxumurlar, salyanlılar Marksın «Kapital», Leninin «Materializm və empriokritisizim» əsərlərini oxuyurlar…

Dalına (qoşmanın) baxaq.
“Birisi qız idi, birisi gəlin,
Can qurban eylərəm ikisinə də.”

Bu qoşmanı yəqin klassikimiz müəllim olanda yox, vəzir olanda yazıb. Müəllimdə bu bilicik hardandı ki, uzaqdan hansı xanımın qız, hansının gəlin olduğunu təyin edə. Şübhə yoxdur ki, bunu yazan bilikli və təcrübəli ekspertdir…

Nikulin “Qafqaz əsiri” filmində mahnı oxuyur: “Əgər mən sultan olsaydım, üç arvadım olardı…”

A kişi nə sultan, sən elə Qarabağ xanının vəziri olsaydın, bəsindi…
“Gəlin bulaqda əl-üzünu yuyur,
Qız deyin gəl gedək, həriflər duyur”.

Qız gəlindən həyalı və həssas imiş, görür ki, şair şor gözünü dikib onların sinəsinə…
“Belə gözəl sevən əldənmi qoyur,
Can qurban eylərəm ikisinə də.”

İkisinə də! Məşədi İbadı qınayırdıq. Məşədi İbad dükançı idi. Molla Pənah müəllim, sonra saray vəziri… “İkisinə də…”
“Gəlnin dodağıdır Təbrizin məti”

Nə bildi?
“Əlli-altmış tümən qızın qiyməti”

Məşədi İbad təkcə Tarixi-Nadiri oxumurmuş, kişi yəqin ki, Vaqifin şeirlərini oxuyurmuş… Əlli-altmış tümən görəsən manatla nə qədər eləyərdi?

Molla Pənah isə gözlərini xanımların sinəsindən çəkmir.
“Gəlinin yaxası polad iynəli,
Qızın yaxasıdır çarpaz düyməli.”

Bu bəndlərdə şiddətli erotizm və hətta, salyanlılar demişkən, ayıbçılıq olsa da, oynaqlıq var, az-çox şeiriyyət var. Ancaq başı yəqin eşqbazlığa qarışdığandan şeiri bitirməyi Vaqif elə bil şagidlərindən birinə ya da nökərinə tapşırıb, o da yarıtmayıb.
Kababım olaydı, közüm olaydı,
Yar yanında ötkün sözüm olaydı,
Vaqif deyir: iki gözüm olaydı,
Baxaydım bunların ikisinə də.

Biirnci beyt, əlbəttə, cəfəngdir. İikinci beyt isə daha cəfəngdir. Bayaqdan gözləri xanımların sinəsində, indi deyir “iki gözüm olaydı”…

Məşədi İbada gülürük, çünki Məşədi aldadılıb gülünc vəziyyətə düşür və Sənəmə qane olur. Ancaq Qarabağ xanının vəziri “ikisinə də” deyirdisə, yəqin ki, istədiyi kimi olardı…

09. 10. 2025, Samara

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «AĞ GƏLİN»

Molla Pənah Vaqifin gülməli şeirlərindən biri də “Ağ gəlin” rədifli qoşmadır. Əvvəlcə deməliyəm ki, möhtərəm şairlərimizin subay qıza yox, məhz gəlinə sevgi şeirləri və hətta erotik sayıla biləcək şeirlər həsr etməsi və nə vaxtında, nə də indi bu mətnlərin heç bir dava-şava doğurmaması  xeyli təəccüblüdür. Axı məsələ ciddidir: sən durub kiminsə gəlininə sevgi şeiri həsr edirsən, yəni onunla eşqbazlıq edirsən. Elə “Sarı gəlin” mahnısını götürək. Deyir ki, “səni mənə verməzlər”. Qırışmal, xalq götürsün evinin gəlinini versin sənə? Sən kefli-zadsan?..

İndi baxaq Molla Pənahın qoşmasına. Təkrar edirəm ki, mənim Mollah Pənaha hörmətim çox böyükdür. Məhəbbətim də.

“Dərdin məni heyvalara döndərdi”

Burda heca ölçüsü işi korlayıb, “məni heyvaya döndərdi” olmalıdır, yəni “rəngim saraldı”, heca çatmadığından Molla Pənah yazıb “heyvalara”. Və bu özü gülməlidir.
“Ey saçları siyah, üzü ağ gəlin!
Ta ki, gördüm cəmalının şöləsin,
Əridi bağrımda tamam yağ, gəlin!”

Niyə Vaqif “qara” yox, “siyah” deyir, başa düşmək çətindir. Bəlkə savadlı görünmək üçün. Bilmirəm, ancaq “qara” hətta rəvanlığına görə bu misrada “siyah”dan yaxşıdır.

Üçüncü misraya diqqətlə baxın: şair yarının “camalını”, yəni gözəlliyini görür. Konkret desək, üzünü. Başqa yerlərini yəqin görə bilməzdi. Yadda saxlayaq: şair gözəlin üzünü görür, yəni üz açıqdır.

Üçüncü bənd belə başlayır:
“Nə olur, üzündən niqab alasan”.

Yəni gəlinin üzündə niqab var, hə? Bəs bayaq nə deyirdi?
“Sənin həsrətini vilayət çəkər,
Qəmzən yayı dəyər, məlalət çəkər”.

Həsrəti vilayət çəkər, Bəs “məlaləti”? Məlaləti də vilayət çəkər? Yəni “qəmzə yayı” bütün vilayətə dəyər? Qəmzənin yayı dəyər ya oxu?
“Hüsnün eylər aya, günə lağ, gəlin!”

Vallah,, bunu nəinki böyük şairə, bunu heç balaca, laaaap balaca şairə də yaraşdırmaq olmaz. “Hüsnün aya, günə lağ eylər…”

Vallah, adam xəcalət çəkir. O mələklər kimi…
“Mənim könlüm sənin ilən şad olur,
Sən eylərsən damağımı çağ, gəlin!”

Aha! Deməli dördüncü bəndə keçənəcən şair xalqın gəliniylə aranı düzəldib, gəlin niqabını atıb və hoqqa çıxarıbsa, şairin “damağını çağ eləyib…”
“Bəlalərdən səni saxlasın xuda”

Bir-iki bənd şeirə aldanıb niqabını (yəqin ki, təkcə niqabını yox) çıxaran gəlini xuda, yəni Allah, “bəlalərdən” necə saxlasın?

“Xəstə Vaqif ölsə, başına fəda,
Təki olsun sənin canın sağ, gəlin!”

Şeyx Nəsrullah Şeyx Əhmədə nə deyirdi? Deyirdi, Əhməd, mən xəstəyəm, mən eşq xəstəsiyəm…

Molla Pənahın da xəstəliyi, görünür, elə o xəstəlikdən olub…

 

03. 10. 2015, Samara

NECƏ QAN AĞLAMASIN DAŞ BU GÜN, DEPORT OLUNDU BU QARDAŞ BU GÜN…

Mən Rusiyada son iyiirmi-iyirmi beş ildə Georgi lenti taxan çox soydaşımızı görmüşəm, ancaq bu lentin Elşən İbrahimov qədər ikinci bir azərbaycanlıya yaraşdığını görməmişəm. Baxın, ağalar, xanımlar, gör lent necə topalanıb, necə düyünlənib. Mən bu şəklə baxanda əfsanəvi Bülbülün oxuduğu bir mahnı yadıma düşdü.

Döşünə bir gül taxım,

Gül düşsün gül üstünə…

Düzdür, bu mahnıda, türkün məsəli, qız sinəsi nəzərdə tutulur. Elşən İbrahmovun sinəsi, əlbəttə, qız sinəsinə bənzəməz, rəhmətlik Qoqolun dediyi kimi, yəqin ki, baş kimi tüklü olar. Ancaq lent Elşən İbrahimovun döşünə yaraşır. Vallah, yaraşır, mənə nə deyirsiniz deyin!

İndi mən qalmışam əlimyandıda. Mənə yemək-içmək haram olub. Gecələr yatmıram, fikir nəni götürür ki, bu yazıq gədə indi Azərbaycanda Georgi lentini taxa biləcəkmi? Axı, deyilənlərə görə, Azərbaycanda Georgi lenti taxanı tuturlar!. Bu yazıq gədə isə öyrəşib döşündə Georgi lenti gəzdirməyə. İndi bunun halı necə olacaq? Bəlkə əlahəzrət İlham Əliyev istisna halında bir fərman imzalayıb Elşən İbrahimova döşündə Georgi lentini gəzdirməyə icazə verə?

Ya əlahəzrət! Ya bizim rəhim və rəhman padşahımız! Mİllətin azmış qoyununa (Tövrat diliylə deyirəm) yazığın gəlsin!

Hardasınız ay Nəcəf bəy Vəziriov və Əbdürrəhim bəy Haqverdiyev! Nə qədər yatmaq olar? Qiyamətdir, qalxın! Biriniz “Bəxtsiz cavan”ın davamını, biriniz də “Müsibəti-Elşən” yazsın!

Necə qan ağlamasın daş bu gün?! –

Deport olundu bu qardaş bu gün…

Öləydin, Mirzə Əlil, bu günü görməyəydin…

İndi internetdə bu bədbəxt soydaşımızn Rusiyada haçansa öz-özünə verdiyi müsahibəni oxuyub lap dəhşətə gəldim. Cənab İbrahimov deyir ki, miqrantlara Rusiyada verilən kvot azalıb, ona görə soydaşlarına tapşırıb ki, yerli arvadlarla nikah bağlasınlar. Demir ki, ailə qursunlar, evlənsinlər. Deyir ki, nikaf bağlasınlar, yəni saxta nikah. İndi Allaha şükr edirəm ki, Elşən İbrahimovun öz-özünə verdiyi müsahibəni özündən başqa heç kim oxumayıb. Bu müsahibə FSB-nin gözünə sataşsaydı, Elşən İbrahimov əlli-ayaqlı gedərdi… Vallah, gedərdi. Ucarlılar, beş-altı qoyun kəsib paylayın, rayonunuzun fəxri Rusiya türmələrində çürüyəcəkdi…

Bir məsələ də var. Bilmirəm deyim ya deməyim… Yox, gərək deyəm. Bu yazıq gədə Podmoskovye azərbaycanlılarından pul, pay-parça yığıb SVO-ya, yəni Ukraynada ədalətli savaş aparan Rusiya ordusuna göndəririmiş. İndi fikirləşirəm ki, Əliyev bunu Azərbaycanda bu işi görməyə qoyacaqmı. Yəni Elşən İbrahimov Azərbaycandan Rusiya ordusuna yardım göndərə biləcəkmi?

Ya pərvərdigar! Bizim bu azmış qoyunumuzu  (Tövrat diliylə deyirəm) məyus eləmə…

Vallah, fikir çkməkdən quruyub-qurtarmışam… Sərin Podmoskovyedən gedən adamın Ürəyi Ucarda partlamayacaqmı?

Yazırlar ki, Podmoskovyedə adına on şirkət var imiş. Deyirəm görəsən onlar kimə qaldı…

Ya Əli! Özün bu ucaqlı soydaşımıza kömək ol! Bəlkə də sünnüdür, eybi yox, sünnü də müsəlmandır, quyruq-muyruq söhbəti isə yalandır…

Gözümün yaşı kağızı isladır, ona görə yazımı bu yerdə saxlayıb Elşən İbrahimovu Azərbaycanın şərəfli hüquq-mühafizə orqanlarına tapşırıram.

 

Mirzə Əlil

10. 07. 2025, Samara

XVİÇA

Ah, yenə tarix yaradır Dembele,

Həm ötürür, həm də vurur kim belə?!

Mərkəzi xətdən o, dəqiq pas verir,
Gürcü də dərhal səsinə səs verir.

Top ona çatcaq şığıyır güllə tək,
Göz yumub-açcaq çıxır o, təkbətək.

Şansı itirmir, solaxaydan vurur,
Heykələ dönmüş qapıçı lal durur.

Münheni alqış səsi sarsıtmada,

Xəstə tayan vardısa, durmuş o da.

İndi təsəvvür elə Gürcütanı,
Tapmaq olarmı bir ayıq insanı…

Milli fəxr, ah, necə də güc gəlir,
Kuboku almış elə bil gürcülər…

Yox İvanişvilini xatırlayan,
Yox Saakaşvilini xatırlayan…

Qol vurub əla Kvaratsxeliya,
İndiki anda nə demokratiya…

Gürcü olaydım o gecə kaş ki mən,
Hamı kimi nəğmə deyən, şənlənən.

Ayrı sevinc hardadır, anlat mənə,
Futbol olur ağrıya məlhəm yenə…

 

03. 06. 2025, Samara

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «HƏYAT, SƏN NƏ ŞİRİNSƏN…» I

Səndən doymaq olarmı, həyat sən nə şirinsən!
Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!..

Mübahisəli iddiadır. Vaxtını kimin necə keçirməyindən assılı olmayaraq, həyat hər kəsə şirindir – bu, təbiətdir, biologiyadır. Akademik şair bir neçə misra sinra özünü təkzib edir:

«Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər bu dünyada qəlbini qoydu getdi.”

Hə? Belə çıxır ki, həyat hamınındır?

«Ömür paylanan zaman görün kimə nə düşdü
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.»

Qarğanın üç yüz il yaşamağı mifdir, orta hesabla iyirmi ildən çox yaşamır, akademik şair bunu yazanda Vikipediya olmayıb, ancaq universitet həmkarlarından soruşa bilərdi. Yadımdadır, Azərbaycan televiziyasında heyvanlardan veriliş var idi, iki nəfər aparırdı, birinin adı Qara müəllim idi… Əlli il əvvəl…

Və deyə ki, elə akademik şair deyəndir.  Bu nəyə işarədir? Yəni yaxşılar az yaşayır, pislər çox? Bəxtiyar Vahabzadə özü 84 il yaşadı. Müşfiq 28 yaşında öldürülüb, Əli Kərim 37 yaşında ölüb. İndi hər kəs özü nəticə çıxarsın…

“Dünən qoca bir qarı dilində ahu-zarı.
«Bu dünyanın əlindən gəlmişəm zara»- dedi.”

Qarının cavanı da olur?

Sonrasına baxın:
«Ölmürəm ki, bir dəfə canım qurtara»- dedi.

Akademik şair açıq-açığına xaltura edir. Xalq ifadəsi necədir: “Ölmürəm ki, bir dəfəlik (!) canım qurtara. Şair misraya sığışdıra bilməyib, ona görə “bir dəfə” yazıb. Nə alınır? – bir dəfə canım qurtara! Halbuki, zruri olmayan «ki», bağlayıcısını atsaydı, «bir dəfəlik» yerləşərdi…
“Ürəkdənmi söylədi o, bu sözü görəsən?
Xeyr, inanmıram mən!”

Akademik şair inanmır! Niyə? Həyatından bezənlər, hətta intihar edənlər azmıdır?

“Dili söyləsə də, ürəyində o dərhal
«Lənət şeytana!»- dedi.”

Allahu əkbər! A kişi (sağlığına deyirəm), hardan bilirsən? “Qoca qarı”nın ürəyinə girmisən? Bəs o “iksus” («uksus», sirkə turşusu) içib özünü öldürənlər niyə “lənət şeytana” deyib qərarlarını dəyişmirlər?

«Həyat, sevincin qədər əzabın da şirindir,
Səni mənalandıran o keşməkeşlərindir.»

“…o keşməkeşlərin”? Hansı keşməkeşlərin? “O” artıqdır, misra doldurmaq üçündür.


«Iki yüz il yaşadı ləzzət içində Loğman
»

Loğman iki yüz yaşayıb? Ləzzət içində? Bu məlumat akademik şairdə hardandır?

23.04. 2025, Samara

(ardı var)

YUXUSUZ MÜXALİFƏT DAHA QOYUNLARI YOX, TOFİQ YAQUBLUNUN ACLIQ GÜNLƏRİNİ SAYIR…

Məlumdur ki, yuxusu pozulmuş adamlar yuxuya getmək üçün yataqlarında qoyun sayırlar: bir qoyun, iki qoyun. Bütün dünyaya yayılmış bu metodun çobanlarla bağlı olduğunu iddia edənlər var. Çobanlar axşam qoyunları yatağa gətirəndə onları bir-bir sayırlarmış. İtib-batanın olmadığına arxayın olanda çoban rahat yatırmış.

Bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycsnda da bu metoddan istifadə edənlər az deyil. Azərbaycanda, sirr deyil, yuxusu pozulmuş insan çoxdur. Hansı insanların yuxusunun pozulduğu da məlumdur. Yapçıların, milli məclis deputatlarının, polislərin, hakimlərin, prokurorların, məmurların yuxusu niyə pozulsun? Pulları zibil kimi, kefləri istəyəni eləyirlər, qayğı, fikir çəkmirlər, əsgərliyə övlad göndərmirlər. Ona görə də başlarını balışa qoyan kimi şirin yuxuya gedirlər.

Yuxusu pozulan müxalifətdir. Necə yuxuya gedəsən ki, hər dəqiqə polis qapını sındırıb içəri girə bilər? Necə yuxuya gedənsən ki, başını qoyduğun balışın altından qaçaqmal, narkotik çıxar? Başqa səbəb var: müxalifətçilərin evində gizli kameraların quraşdırılması. Vallah, bu kameralarla nəinki yuxu, hətta başqa vacib funksiyalar da pozular.

İndi biz orta statistik bir müxaifətçini təsəvvür edək. Gecədən xeyli keçib. Arvad yuxuya gedib, müxalifətçi ər Azərbaycanın qoyunlarını sayıb, keçib Gürcüstanın qoyunlarına, ancaq yata bilmir. Arvad ayılıb baxır ərinə və deyir:

— Əzizim, indi ki, yata bilmirsən, bəlkə zad eləyək?

— Nə zad?

— Şey də…

— O şey?

— Hə, o şey, çoxdan eləmirik…

— A qız, nə danışırsan, bilmirsən Əliyevin kamerası bizi çəkir? Zad, türkün məsəli, şey eləyərik, elə sabah bütün İnternet bizim nə qayırdığımızı görər..

— Düz deyirsən, əzizim. Onda mən yatım, sən də hələlik qoyunları say. Yata bilməsən, Azərbaycan polislərini say, onlar qoyundan çoxdur…

İndi məndə belə təsəvvür yaranır ki, müxalifət daha qoyunları yox, Tofiq Yaqublunun aclıq çəkdiyi günləri sayır. Cəmil Həsənli sayır, Əli Kərimli sayır… Tofiq Yaqublunu aclığı, birinci gün, Tofiq Yaqublunun aclığı, ikinci gün, Tofiq Yaqublunun acllığı, üçüncü gün… Bir Altay Göyüşov var, bilmirəm kimdir, ancaq gündə bir neçə dəfə sayır, yəqin yatmağı sevir…

Nə gizlədim, son vaxtlar mən də yuxuya getmək üçün sayıram: Tofiq Yaqublu, beşinci gün, Tofiq Yaqublu onuncu gün… Onuncu gündən o yana keçmirəm, çünki məni yuxu aparır. Əliyevlər, Paşayevlər, deputatlar, hakimlər, prokurorlar kimi pullu deyiləm, vəzifəm yoxdur, yəni həsir və Məmmədnəsir. Ancaq arsız adamam, arsız adam da  fikir çəkməz, başını daş üstə də qoysa, yuxu aparacaq…

Mirzə ƏLİL

22.04. 2025, Samara

GƏDƏBİYYAT. BƏXTİYAR VAHABZADƏ: «BİR SALAMA DƏYMƏDİ»

“Bu gün mən səni gördüm,
Salam vermək istədim.”

Yadınızda saxlayın: şair sevdiyi xanımı görür, salam vermək istəyir.
“Üzünü yana tutdun.”

Xanım şairin ağzını tutmayıb, xanım öz qulaqlarını tutmayıb. Yəni salam vermək istəyirsən, ver salamını.
“Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?”

Müsürmannar, baxın, akademik və professor şair “əsər”lərinin çoxu üçün xarakteRik olan tavtologiyaya yol verir: “illərdən bəri”, “bir vurduğu illəri”.

Bu, şeir dili deyil!

Beş ildə gözümüzdən axan o qanlı sellər”

Aha! Bunlar beş il imiş sevişirlərmiş!  Bəs niyə bu beş il ərzində hər ikisinin gözlərindən “qanlı sellər axıb”?

Yaş yox, su yox, sellər!

Müsürmannar, yadınızdadırsa, İraq şairi (mən Nizamini Azərbayucan şairi adlandıranların acığına belə deyirəm) Məhəmməd Füzuli deyirdi “gözümdən qanlı axar su”. Bəxtiyar Vahabzadə əndazədən çıxır: qanlı sellər. Elə bil gözləri Bakının kanalizasiya borularıdır…

Müsürmannar, bu kişi dedi ki, beş il gözlərindən “qanlı sellər axıb”? Dedi! İndi dalına baxın.

“Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?”

Sonrakı misrada deyir ki, illər fərəhlə dolu olub. Bu nə işdir?

“Heç üzümə baxmadan yanımdan necə keçdin?”

Müsürmannar, bu da akademikin əvvəl dediyi ilə düz gəlmir. Əvvvəl demişdi ki, “üzünü yana tutdun”. Əvvəl baxmasaydı, üzünü yana necə tutardı?

“Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?”

Kiminsə, məsələn, böyüyün üzünə ağ olmaq bilirəm nədir. Məncə, ilqara, əhdə ağ olmaq düz ifadə deyil. Qulağı deşir.
“O qədər yaxın ikən, bu qədər uzaq oldun.”

Bu, şeir guya sevgi tarixçəsidir? Ancaq bu deyilənlərdən başa düşmək olarmı ki, bunların arasıında nə olub? Nə qədər yaxın olublar? Yaxın olub neyləyiblər? Qanlı sellər axıdıblar? Ya ayrı şeylər də olub?

“Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?”

Akademik yenə getdi çıxdı on beşinci əsrə. Ancaq İraq şairi Məhəmməd Füzulinin fözqəladə söz duyğusu olub. O “fəğanlar” deməzdi. Bakı və Şəki şairi Bəxtiyar Vahabzadə Azərbaycan xalq şairi adını daşısa da, Azərbaycan dilinə yiyələnməyib.

“Qayğılı anlarımız, qayğısız anlarımız”.

Bu sözlərin arxasında nəsə durur? Bu sözləri yazıb-oxumağı bacaran hər kəs işlədə bilər? Burda nə bədiilik var? Qayğılı, qayğısız…

“Sən neylədin, bir düşün!”

A kişi, səbrimiz kəsildi, axı bu xanım neyləyib? Allah Əliağa Vahidə rəhmət eləsin, o, ürəyimizi üzmürdü, deyirdi xanım özgələrlə gəzib. Özü də incimirdi. “Get hər kiminlə gəzirsən gəz, inciyən deyiləm!” Yəni kefini çək.

Bəh-bəh!

“Yalnız indi anladım: ah, sən daha mənimçün”
Əlçatmaz bir çiçəksən”.

(“Ah”a baxın, “ah”la misranı doldurur…)

Beş il bir yerdə “qanlı sellər” axıdandan və bəlkə ayrı işlər görəndən sonra çiçək qalar? Çiçək olar ilk həftələrdə, uzağı aylarda… Beş ildə istənilən xanım bu hoqqalardan sonra boranı tağına dönər…

“Əlçatmaz” —  ulduz haqqında deyilib, çiçək haqqında yox…

Birdən akademik şair Cəfər Cabbarlının eynəyini taxır.
“Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm”
Cəfər Cabbarlının “Ana” şeiri yadınızdadır? Müsürmannar, müqayisə edin, görəcəksiniz ki, Cabbarlı şairdir, Vahabzadə isə şair deyil, özünü şairliyə qoyub.

“Bir günlük həsrətimə dözə bilməyən, gülüm”

Əlçatmaz çiçək indi oldu gül. Yaxşı ki, bu fars sözləri var…

“Düz beş il ürəyimdə Bəslədiyim məhəbbət…”

Vallah, bir şey başa düş bilmirəm…
“Getdin, dalınca baxdım, can ayrıldı canımdan…”

Yenə büründü Füzuli əbasına. A kişi, sən Füzuli yerişi yeriyə bilərsən?

“Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm…”

Akademik yazdığının nə qədər gülünc olduğunu anlamır…Biz də özümüzü qanmazlığa qoyaq?

İraq şairi Məhəmmdə Füzuli necə demişdi?

“Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?”

Şəki-bakı şairi deyir ki, ahından yarpaqlar əsib…

Müsürmannar! Yəqin ki, hər birinizin həyatında sevgi olub, hər birinizin sevgi tarixçəsi var. Bu cəfəng mətndə həqiqi sevgi tarixinə azacıq da olsa bənzəyən nəsə var?

Bəxtiyar Vahabzadə on illərlə universitetdə dərs deyib. Vəzifəsi filoloji fakultənin tələbələrində yüksək dil mədəniyyəti tərbiyə etmək olub. Ancaq iyirminci əsrin sonunda və ya iyirmi birincinin əvvələrində “qablı sellər”, “ahım yarpaqları tərptdi” kimi əcayib ifadələr işlədən müəllim şagirdlərdə, təəssüf ki, ancaq dil mədəniyyətsizliyi tərbiyə edə bilərdi…

Mən FB-un lentində Azərbaycanda ad çlxamş yazıçıların postlarını görürəm. Mübtədaları ilə xəbərləri uzlaşmr! Dünən, yəqin ki, əlli kitabı çıxmış birinin postunu gördüm. Yazır: “Bir neçə insanlar..”

Akademik şairin şeirindəki qanlı sellərə and olsun!

 X.X.

17. 04. 2025, Samara

 

AH, BAKIDA GÖR NECƏ DƏ SEL GEDİR…

Ah, Bakıda gör necə də sel gedir,

Qurşağacan islanaraq el gedir!

 +

Güclənir, artır suların həmləsi,
Tutduğun anda qabağı – dal gedir!

 +

Qaz kimi yollarda maşınlar üzür,

Hər biri sanki keçərək göl gedir.

 +

Boynuna güclü əfəli mindirir,
Gör neçə insan qıraraq bel gedir!

 +

Sanki hovuzdur içi avtobusun,
Həm yuyunur sərnişin, həm yol gedir!

 +

Azəribaycansa azaltmıqr qazı,

Sanki uçur quş, ya da ki, yel gedir.

 +

İnkişafın misli, bərabəri  yox,

Dalda qoyub aləmi əvvəl gedir.

 +

Keçmişik İlhamla biz Avropanı,

Təngnəfəsdir, çıxarıb dil gedir.

 +

Seyr edib İlhamsa seli söyləyir:

 “Mehriban, işlər nə mükəmməl gedir!”

 Mirzə TƏBİL

16. 04. 2025, Samara