Архивы

SALYANLI ÇƏKMƏÇİ CƏFƏRAĞAYA HƏSR OLUNMUŞ ŞEİRİN TARİXİ

xeyrulla _xəyal

Bu şeirin düz əlli yaşı var, onun yazıldığı dəftəri itirilmiş sayırdım, onu haçansa Azərbaycandan gətirib hara qoyduğumu unutmuşdum. Bir il əvvəl başqa evə köçərkən dəftər üzə çıxdı.

1973-ci iyun ayında mən Salyanda dərzi Bahadıra kostyum tikdirirdim. O, Səməd Vurğun küçəsində, köhnə univermağa yaxın yerdə çəkməçi Cəfərağa ilə şərikli dükan işlədirdi. Kostyum tikilincə mən o dükana çox getmişəm, çünki dərzi Bahadır uzağı bir aya tikməli olduğu şeyi bəzən altı aya da başa çatdırmırdı. Mənim kostyumumun nə qədər yubandığı yadımda deyil, onu bilirəm ki, mənim yerimə Nizami Gəncəvi olsaydı bir şeir yox, aLtıncı dastanını yazar, yeddicisini də başlardı…

Dərzi Bahadırdan ayrı danışmaq lazımdır, Allah ona rəhmət eləsin. Keçək usta Cəfərağaya.

Şərikli dükan çox kiçik idi. Uzağı bir müştəri qapının ağzına pərçim olub otura bilərdi. Oturan kimi usta Cəfərağa kimliyini soruşar, harda oxuduğunu ya hansı peşə sahibi olduğunu bilən kimi yəqin qabaqcadan hazırladığı sualını verir və heç vaxt aldığı cavabdan razı qalmır, cavabını özü verir, gedib mözunu yaxşı-yaxşı öyrənməyi tapşırardı. Mənə Firdövsidən sual verdi. Mən də dərslikdən oxuduqlarımı kəkələyib danışanda sözümü kəsib bizini mənə uzadıb zəhmlə dedi: “Elə deyil!”. Mən çox imtahanlar vermişdim, çox qəddar müəllimlər görmüşdüm, ancaq heç birinin əlində ucu küçədən düşən gün işığında parlayan biz olmamışdı. Sarımı udub gözlədim ki, ustad öz sualının cavabınl özü versin. Çəkməçi Firdövsünün türmədə çobanla bir kamerada oturmağndan, vargəl edib şeir oxumağından, şeiri eşitdikcə çobanın zar-zar ağlamağından danışdı və danışdıqca kövrəldi də. “Başa düşürsən çoban nöş ağlayırdı? Çünki Firdövsü şeir oxuduqca saqqalı yellənirmiş və dustaq çobanın yadına sevimli təkəsini salırmış…”

Bunu eşidəndə mən də az qaldım ağlayam…

Mən o vaxt hərdənbir Sabirə bənzətmələr, satirik şeirlər yazırdım. Birdən həvəsə düşüb çəkməçi Cəfərağaya bu şeiri yazdım. Özünə verməyə ehtiyat edirdim. Bizi gözümün qabağında idi. Nəhayət, özümü toplayıb dəftər vərəqini ustaya verdim. Oxuyub qurtaranda gördüm ki, çox təsirlənib, bir az da çaşan kimidir. Gözləmirmiş…

Sonra Sabir dayıma da Qələbə bağında bu şeri göstərdim. Oxuyub güldü. “Bacıoğlu, sən bu salyanlılardan özünü gözlə, səni döyərlər”, — dedi…

Allah hamısına rəhmət eləsin…

02. 06. 2023 Samara

 

 

ÇƏKMƏÇİ CƏFƏRAĞAYA HƏSR OLUNUR

 

Çəkməçi sənətini eyləyərək bir peşə sən,

Mərhaba, salmısan öz adını çox dil-dişə sən.

 +

Baxma ki, çəkməçisən, elmə də çoxdur həvəsin,
Olmusan sahib əzəldən bu gözəl vərdişə sən.

 +

Kim şeirdən aça söhbət, bilirəm, könlün açar,
İstəməzsən bu zaman əl vurasan bir işə sən.

 +

Bu səbəbdən yubanıb çox sifarişlər gecikir,
Qorxuram, vallah, axırda düzü çaş-baş düşəsən.

 +

Suala, sorğuya az tut gələn ər müştərini,
Nə gərək hər dəfə bir qovğa açıb sözləşəsən.

 +

Xəyalın şeri əgər ruhunu oynatmadısa,

Usta, gəl onda dayım Sabir ilə döş-döşə sən.

 

14. 06. 1973, Salyan

SALYANLI ŞAİR ZABİL PƏRVİZİN BİR ŞEİRİNƏ NƏZİRƏ

20230601_184459

                                   Başqa bağçalardan gül ətri gəlsə,

                                  Sizin bağçanızdan naz

ətri gələr…

                                                                       Z. Pərviz

Hər il Kür üstünə payız gələndə,

Şoran ətri gələr, duz ətri gələr.

Salyan küçələri bənzəyər gölə,
Ördək ətri gələr, qaz ətri gələr.

+

Təpələr od tutar, düzlər alışar,

Dil-dodaq pörtülər, sözlər alışar.

Pambıq tarlasında qızlar alışar,
Kabab ətri gələr, köz ətri gələr.

 +

Bülbüllər bu yerdə gəlməz həvəsə,
Köhnə traktorlar verər səs-səsə,
Başqa şəhərlərdən gül ətri gəlsə,
Salyan şəhərindən toz ətri gələr.

29. 12. 1979, Bakı

BƏXTİYAR VAHABZADƏNİN “HƏYAT SƏN NƏ ŞİRİNSƏN!” ŞERİNƏ NƏZİRƏ

Bəli, ömür nədənsə bərabər paylanmayıb,

Xoş o kəsin halına – pay alıb, aldanmayıb.

Kim bilir üç yüz ili qarğa nə yolla alıb,

Zavallı şahinəsə vur-tut onca il qalıb.

Yəqin növbə zamanı basırıq da salıblar,

Çoxları əl altından, tanışlıqla alıblar.

Həyat, sən həm acısan, həyat, sən həm şirinsən,

Hərdənbir turşməzəsən, hərdən də kəmşirinsən.

Əgər desə bir qarı: “Ölmürəm ki qurtaram!”

Əzrailin gözünə kül üfürür, vəssalam.

Üzə demək olmasın, həyan, yaman şirinsən,

Maaş üstdən mükafat alan zaman şirinsən.

Bəli, bir gün Əzrail Loğmanla da görüşdü,

O nəcib alim kişi görün nə günə düşdü!

İstəyən utanırsa ən çoxu qurşağadək,

Verməyənlər qızarır təpədən dırnağadək.

Loğman istədi onu birtəhər tutsun dilə,

Bir gül dərib çəməndən uzatdı Əzrailə.

Söylədi: “Düşünməyin rüşvət verirəm sizə,

Kiçik bir hədiyyədir bu, xoş gəlişinizə”.

Əzrail dedi: “Alsam bu gülü səndən əgər,

Bil ki təmiz adıma min böhtan deyəcəklər.

Düşmənlər ayağımın altını qazacaqlar,

Düz allahın üstünə anonim yazacaqlar”.

…Loğman köçdü dünyadan ürəyində dərd, qubar,

Nəvələri o güllə “çilədi” oynadılar…

Demirəm ki, hər zaman belə şirinsən, həyat,

Bəzən acı zəhərə dönməyin də var, heyhat!

Bir gündə on beş toya çağrılanda yamansan,

Arvadın danlağıyla qovrulanda yamansan.

Bircə şüşə çaxırın pulu düzəlməyəndə,

Dadsız-tamsız olursan, bağışla məni, sın də.

Ancaq şirin də olsan, acı zəhər də olsan,

Hələ səndən doymayıb bu dünyada bir insan.

Necə əzizsən mənə! Yığılıb gələ aləm,

Öz payımı heç kəsə bil ki, verən deyiləm!

        20 yanvar 1978, Ərəbqardaşbəyli

 

 

RUSİYA

Yurdun peyğəmbəri qıraqdan gələr,
Bilinmədi yurdda, qədrim, Rusiya!
Rus atar vətəni, qərbə köç elər,
Mən atdım vətəni, qərbim — Rusiya.

Onillərlə hədər getdi əməyim,
Çığıra düşmüşdüm, yolumu əydim.
Dayazlarda üzən xırda gəmiydim,
Qoynunda yetişər qərqim, Rusiya!

Yorur ayağımı yolların buzu,
Gedərəm – dalımca silinər izim.
Baharların qısa, qışların uzun,
Dözmürəm, tükənir səbrim, Rusiya!

Elə ki görünür günəşin üzü,
Gülür kilsələrin qızıl günbəzi.
Sən həm qəribliyim, sən həm əzizim,
İkiyə bölünüb qəlbim, Rusiya.

Günahlarmı belə canımda coşan,
Vicdanı göynədən, ürəyi düşən?
Özüməm özümə ən qatı düşmən,
Yalnz özümlədir hərbim, Rusiya.

Ayrıldım yurdumdan, yaman ayrıldım,
Hanı haraylayan, dönəm, qayıdam?
Nə qədər ürəkdə sevgim soyudu,
Nə qədər ürəkdə qəbrim, Rusiya!

Doğma dil eşqiylə yanar dodağım,
Mən kimə dərdimi deyim-dağıdım?
Burda bir ölkəyəm sərhədi bağlı,
Dolu ürəyimdir gerbim, Rusiya!
fevral 1987, Samara

ƏSƏRLƏRİM, YAZILARIM…

Yazılarım qəzet, jurnal deyibən

Baş alıb gedər,

Yazılarım redaktorların ürəyindən

Daş alıb gələr

Ürəyimi əzməyə.

Əsərlərim, yazılarım,

Redaksiya qapılarında qurdlara tuş olan quzularım.

Yazılarım ürəyimdən qanad alar,

Qəzet, jurnal deyibən

Uçar, uçar.

Redaktorlar

Qanadını qırar quşlarımın,

Yasını intizarım saxlar ölmüşlərimin.

Əsərlərim, yazılarım,

Çoxu ev dustağı olan

əzizlərim.

Əsərlərim, yazılarım,

niyyət dolu, sevgi dolu sözlərim,

nuru gedən gözlərim,

beş-on dostun ürəyində düşüb qalan izlərim.

Əsərlərim, yazılarım,

mənim şikəst övladlarım,

mənim xəcil balalarım.

Əsərlərim, yazılarım,

əzizlərim,

oğlanlarım, qızlarım.

                20.03. 1976 Ərəbqardaşbəyli

SAÇ AĞARMAQDA…

Saç ağarmaqda, daralmaqda nəfəs,

Qaynamır qanda o əvvəlki həvəs.

 

Hanı o nəğmə ki, yaxardı məni,

Hanı o yanğılı, göynərtili səs?

 

Bu ömür borc idi, mən xərc elədim,

Bu ağır borcu min fikir ödəməz.

 

Diləyim, tanrı, bir udum havadır,

Rəhm elə, ruhumu al məndən əvəz.

 

Vətənə üz çevir, vətən – qiblə,

Ötürərsən anı, Xeyrulla, tələs.

 

oktyabr 1989, Samara

 

SABAH TOYUNDUR

 

 

Könlümə qar yağar, qırov tökülər,

Sabah öz taxtına çıxar qış yenə.

Sabah bir boyverməz hasar çəkilər,

Görüş yerinə.

 

Bilmirəm neyləyim ürəyimlə də,

Tar-kaman səsindən diksinib qorxur.

Yəqin inciyəcək sabah bu vədə —

Axı toyundur!

 

Hicran bir ürəkdə od qalayacaq,

Axacaq bir qəlbə sevinc sel kimi.

Bir ağ rəngli maşın tapdalayacaq,

Son ümidimi.

 

Qızlar “aparmağa gəlmişik” desə,

Cavanlar qol açıb girsə meydana,

Məhəl qoymayacaq kimsə bu səsə:

“Deyin, hayana?”

 

Maşın karvanını saxlayıb bir-bir,

Nəmər istəyənlər olacaq sabah.

Bəs mənim könlümün istəyi nədir?-

Bilmirəm, vallah.

 

Sənin aprdığın bir aləm cehiz,

Qüssədir, ağrıdır mənə qalanlar.

Sevgimdən qəlbində qalıbsa bir iz –

Onu da qaytar!

                                                                    12 avqust 1974, Ərəbqardaşbəyli

 

QƏLBİMİN İSTİSİ, SEVİNCİ ANAM…

Qəlbimin istisi, sevinci anam,

Bu kasıb ömrümə tək inci anam.

 

Qoydu övlad yolunda dincliyini,

Qızının, oğlunun girinci anam.

 

Nə qədər uğradım fəlakətə mən,

Yetişdi dadıma birinci anam.

 

Məni çox qarğısa da aşkarda,

Yandı hər dərdimə gizlincə anam.

 

Atar aləm məni, atmaz Tanrım,

Əl üzər ancaq — əl üzüncə anam.

 

Canımda şerə həvəs yandırdı,

Canı atəşli, ruhu incə anam.

 

 

07-08 oktyabr 1989, Samara

BU GÖRÜŞ TƏSADÜFİ…

Bu görüş təsadüfi,

Adam çox, yer narahat.

Min baxışa hədəfik,

Bilmirik hara baxaq.

 

Bu görüş göz qırpımı,

Hər dəqiqə qənimət.

Kəsib durur qapını,

Ayrılıq-əbədiyyət.

 

Bir nəfəslik məsafə,

Səni məndən ayıran.

İstilənir nəfəsim –

Nəfəsini duyuram.

 

Bu görüşün ömrü an,-

Macal yox ki yalvarıb

Sən məni saxlayasan,

Ya mən səni aparam.

 

Bu görüşə ümid yox,

Kəpənək ömürlüdür.

Ayrılıqdan yorğunuq –

Bəlkə şirin mürgüdür?

 

Bu görüş, bu ayrılıq –

Zaman yükü çəkər an.

Əbədiyyət asılıb,

Kəpənək qanadından…

 

 

                                              12-17 mart1993, Samara