Архивы

QURTARIB OYUNUN VAXTI HAÇANDIR…

Qurtarıb oyunun vaxtı haçandır,

İndi artırılan dəqiqələrdrir.

Qüvvəsi tükənib oyunçuların,

Qaçan elə bil ki biyara gedir.

 

Nəticə bilinir, iş işdən keçib,

Dağılır camaat stadiondan.

Gözləri saatda məşqçilərin,

Bir fitin girinci neçə min insan…

 

Əlimi qoynuma qoyub durmuşam,

Nə gözucu baxan, nə də dindirən.

Vaxt keçib, oyunu başa vurmuşam,

Mən də bir hakimin fitinə bəndəm…

 

 28.12. 2015 Samara

AZƏRBAYCAN ƏSGƏRİNƏ

AZƏRBAYCAN ƏSGƏRİNƏ

 

“Komandir, ayə, vur!” – qışqıran oğlan!

Kimsən, haralısan? Bəs adın nədir?

Ürəyim titrədi eşidən zaman:

“Vur ey, nə durmusan, vur ey, komandir!”

 

Kasıb balasısan, bilirəm, əsgər,

Bu cəbhə bölgəsi kasıbın yeri.

Bəlkə gecə-gündüz atan tökür tər,

Anan ayağınnı ətini yeyir.

 

Biliyin az olub, balın çatmayıb,

Məktəbə girəsən – pullu ya büdcə.

Qoyunu-quzunu atan satmayıb,

Cəbhəyə düşmüsən sən də beləcə.

 

Səngərdə yeməyin bəlkə də qıtdır,

Bəlkə də kir basır, bəlkə bitin var.

Dağılır paltar da, ayaqqabı da,

Amma qeyrətin var, ləyaqətin var.

 

“Komandir, ayə, vur! Vur, ay komandir!” –

Ləhcən yapışıqlı, deyişin şirin.

Ədəbi tələffüz qaydalarını,

Elə bu ləhcəylə dəyişək, gəlin.

 

“Komandir, ayə, vur!” – Əhməd Cavadın,

Yazdığı himndə çatmayan budur.

Çalınsın Üzeyrin cəngisi indi,

Alaylanıb deyək: “Nə durmusan, vur!”

 

Oğul, düş qabağa, gələk dalınca,

Çox da sıravisən – ləyaqətin var!

General yalançı, nazir yalançı,

Sənin qılınc kimi həqiqətin var.

 

Bağır kəndçi dili: “Hə durmusan vur!”

Düşür kürsülərdən söz deyənləri!

Yağı qoşunu tək zərbələ, qovdur,

Ömürlük vəzifə zəbt edənləri.

 

“Ayə, nə durmusan, vur ey, komandir!” —

Diksinib oyandıq qışqırığından.

Bilmirəm hardansan, ya adın nədir,

Amma tanıyıram səni, Qəhrəman!

 

25-26 noyabr 2014

Samara

SƏN QEYRƏTLİ KİŞİ İDİN…

   qardaşım Seyfullanın xatirəsinə

 

Sən qeyrərtli kişi idin,

Yaradandın, qurandın.

Yerlə, göylə əlləşirdin,

Nə gərəksə, varındı.

 

Yuxudasan on beş ildir —

Yuxu sevən deyildin.

Yatır atan, qardaşın da,

Yoxdu səni ayıldan…

 

İndi, qardaş, qəbrin üstdə

Tikan, şoran göyərib.

Gələn-gedən belləsə də,

Yenə bitir şoğərib.

 

Fağır, qərib təbəssümün,

Donub qalıb daşında.

Hardasansa, üzün gülsün,

Qardaş, səksən yaşındı!

14 noyabr 2015

 Samara

   MƏRZİYYƏ XALAMIN XATİRƏSİNƏ

Salyan məzarlığı böyük, dolaşıq,

Haçan gedirəmsə, çaşır, azıram.

Eləcə bir dəfə çıxdı qarşıma,
Sənin məzarın.

 

 

Oğlunun, nəvənin abidələri

Yanında sadədir daşın, kiçikdir.

Gözdən qaçırarlar gəlib-gedənlər…

Bağışla, ay xala, mən də gecikdim…

 

 

Demirəm burnumun ucu göynədi,

Ancaq ətir iyi  başıma vurdu.

Mən uşaq olanda qonaq gələrdin,

Bizə hərdən-birdən, bayram olurdı.

 

 

Sənin paltarından, şalından çiçək

Ətri yayılardı həyətə çatcaq.

Bəlkə “Krasnaya Moskva”, bəlkə

Ayrı ətir idi, xoş idi ancaq.

 

 

Qalmaqal yatardı, sən gələn kimi,

Davasız-dalaşsız ev keçinərdi.

Hamının yatırdı elə bil kini,

Səndən evdəkilər ya çəkinərdi…

 

 

Sən çıxıb gedəndən xeyli sonra da,

Evin havasında qalırdı ətrin,

Yenə də qalmaqal, dava olardı,

Xatirən şirindi, əzizdi xətrin.

 

 

Təmiz ürəkliydin, nahaq qınandın.

Sən indi haqq üzə çıxan yerdəsən.

Anamın adıyla adın Quranda,

Qoşadır[1], ay xala, ürəyimdəsən.

04.11. 2015 Samara

[1] Quran, 89-28

ƏLİMİ SİNƏNƏ QOYUB BİR ARA…

ANAMIN XATİRƏSİNƏ

               6

Əlimi sinənə qoyub bir ara,

Biləyini sıxdım – nə nəfəs, nə nəbz.

Boynunda haçandan çırpınan damar,

Dərinin altında indi görünməz.

===============

Öpdüm yanağından – soyuyub gedib,

Gedib can istisi, yay istisi də.

Mənimsə alnımı bir öpüş yeri,
Yandırar, ömürdən illər ötsə də…

 

04.10. 2015 Samara

QƏBRİNİ TEZ QAZDILAR…

 ANAMIM XATİRƏSİNƏ

              3

Qəbrini tez qazdılar,

Çadırın tez düzəldi.

Dedilər bir ağızdan,

Mərasimin gözəldi.

Yaxınlar yığışdılar,

Uzaqdan da gəldilər.

Bir azca ağlaşdılar,

Sonra deyib-güldülər.

Sən indi tək deyilsən,

Ağrı da yox canında.

Sən indi dincəlirsən,

Hamı da arxayındı…

14.ş9.2015 Samara

DOYUB SƏRİN SUDAN, DOYUB GÖY OTDAN…

SENTYABR 2016 MƏMƏ

ANAMIN XATİRƏSİNƏ

            2

Doyub sərin sudan, doyub göy otdan,

Qazlar arx döşündə düşərgə salıb.

Qoyunlar yatışıb söyüdün altda –

Mənzərə elə bil yüz ildən qalıb.

====

Çıxıram – bəlkə də bu son dəfədir,

Yox daha yanına döndüyüm insan.

Dişsiz ağzı ilə alnıma hər il,

Xeyir-duasını möhür tək basan.

======

Daha bu ağızda nə qınaq dinər,

Nə də dualarla çağrılar adım.

Özüm öz əlimlə ulduz öləndə,

Köhnə yaylığıyla sıxıb bağladım…

11-12 sentyabr 2015, Samara

SEVİRƏM QÜRUBLARI…

Sevirəm qürubları –

Çay qırağında durub,

Göz çəkmərəm sonuncu

Qızartı yox olunca.

Uşaqlıqda nədənsə,

Qəlbə dolardı qüssə.

Canım təlaşlanardı,

Üfüqlər alışanda.

Günün gedər çağına,

And da içərdi anam.

Buludları bəzəyən,

Közərən, öləziyən,

Şölələr mənə hər dəm,

Xatırladır qəribəm.

Ölüm yaxın, hardasa,

Yetişər bu gün-sabah.

Bilirəm dönə-dönə,

Ölüm istəyib mənə,

Günün gedər çağından
Neçə sevgili insan…

25-27.06. 2015

Samara