Архивы

Mirzə TƏBİL.  KOMMUNİST ŞAİR SƏMƏD VURĞUNA NƏZİRƏ

                      

 

Yerdən ayağını quş kimi üzüb,

Qaşını oynadıb, gözünü süzüb,

Bəlkə bizi kimi ölkədən bezib,

Baş alıb gedirsən hayana ceyran?

 

Bir məsəl qalmışdır ata-babadan:

“Üç yüz il geriyik biz Avropadan”.

Çətin ki çatarsan, necə də qaçsan,

Bələmə özünü tər-qana ceyran!

 

İlham, insaf elə, keçmə bu düzdən,

Kürünü, neftini çıxar dənizdən.

İndi ki asırsan pərdəni gözdən,

Yoxdu Mehribandan yaxşı talisman,

Qıyma ki qatıla yalana ceyran!

Bunu bağışlamaz insana ceyran!

 

27.11. 2014

Samara

AZƏRBAYCAN ƏSGƏRİNƏ  

 

“Komandir, ayə, vur!” – qışqıran oğlan!

Kimsən, haralısan? Bəs adın nədir?

Ürəyim titrədi eşidən zaman:

“Vur ey, nə durmusan, vur ey, komandir!”

 

Kasıb balasısan, bilirəm, əsgər,

Bu cəbhə bölgəsi kasıbın yeri.

Bəlkə gecə-gündüz atan tökür tər,

Anan ayağının ətini yeyir.

 

Biliyin az olub, balın çatmayıb,

Məktəbə girəsən – pullu ya büdcə.

Qoyunu-quzunu atan satmayıb,

Cəbhəyə düşmüsən sən də beləcə.

 

Səngərdə yeməyin bəlkə də qıtdır,

Bəlkə də kir basır, bəlkə bitin var.

Dağılır paltar da, ayaqqabı da,

Amma qeyrətin var, ləyaqətin var.

 

“Komandir, ayə, vur! Vur, ay komandir!” –

Ləhcən yapışıqlı, deyişin şirin.

Ədəbi tələffüz qaydalarını,

Elə bu ləhcəylə dəyişək, gəlin.

 

“Komandir, ayə, vur!” – Əhməd Cavadın,

Yazdığı himndə çatmayan budur.

Çalınsın Üzeyrin cəngisi indi,

Alaylanıb deyək: “Nə durmusan, vur!”

 

Oğul, düş qabağa, gələk dalınca,

Çox da sıravisən – ləyaqətin var!

General yalançı, nazir yalançı,

Sənin qılınc kimi həqiqətin var.

 

Bağır kəndçi dili: “Nə durmusan, vur!”

Düşür kürsülərdən söz deyənləri!

Yağı qoşunu tək zərbələ, qovdur,

Ömürlük vəzifə zəbt edənləri.

 

“Ayə, nə durmusan, vur ey, komandir!” —

Diksinib oyandıq qışqırığından.

Bilmirəm hardansan, ya adın nədir,

Amma tanıyıram səni, Qəhrəman!

 

25-26 noyabr 2014

Samara

 

 

 

 

 

 

FUTBOL

Xırda fışdırığa üfürər hakim,

Ən qədim musiqi dinər bəlkə də.

Top oyuna daxil olunan kimi,

Sanki yer də, göy də hərəkət edər.

 

Bütün dünya boyu hərlənir kürə,

Hamı uşaq-böyük düşüb dalınca.

Qapıdan qovular, qapıya girər –

Dünya bir balaca topun girinci.

 

Salar min azara bu girdə sovxa,

Ürəyi acıqdan partlayan olur.

Oynayan dəlidir, dəlidir baxan,

Dərdi sevinc qədər vurulan qolun.

 

Kiməsə şöhrətdir, kiməsə qazanc,

Kimisə qaldırar zirvəyə qədər.

Kiməsə məyusluq gətirər ancaq,

Yıxar, həmişəlik zədələyər də.

 

Hərlənir, fırlanır, kürə dayanmır,

Boşalmır dünyada stadionlar,

Ayaqı yer tutan körpə dadanır,

Qatılır oyuna indi qadınlar.

 

“Axı nə mənası bu top qovmağın”, —

Deyib bu oyunu qarğıyan da var.

Oyunda bir məna axtaran oğlan,

Özünü üzərsən, başın ağrıyar!

 

Baxın elə bizim yer kürəsinə,

Yaranan günündən hərlənir o da.

Nə dərin bir məna bunda görürsən? — 

 Onu da qovan var bu Kainatda!

 

Dolub-boşalmada stadionlar,

Hamı oyunsevər, bir fitə bənddir.

Tanrıdan min nemət alıb dadanlar,

Nədənsə futbolu seçib bəyəndı.

 

10.11. 2014

Samara

MÜSAVATIN HİMNİ

Müsavat dəyişibdir –

Başqan o başqan deyil!

Cağbacağ işlər gedir –

Bu baş o başdan deyil.

 

Qayğılanıb iqtidar –

Bilir barışqan deyil!

İslanıb neçə şalvar –

Səbəb yağışdan deyil!

 

Bayram edir kənd, şəhər —

Bu aş o aşdan deyil.

Sağ olsun İsa Qəmbər — 

Çox da ki başqan deyil!

 

29.09. 2014 Samara

  ONLAYN ŞEİR 

Əşşi, bu İnternetin,

Nə çoxmuş. əziyyəti!

Gərək hər asqırağı,

Durub “layk” eləyəsən,

Eləməsən küsərlər,

Ya deyərlər dəlisən.

Pəpə yeyən də burda,

“Məmə” deyən də buurda.

Əli çomaqlı da var,

Vurar – başın yarılar.

Qapını bağlayanda,

Pəncərədən girən var.

Arxayın yatağında,
Yatan zaman görən var.

Qaçırsan gizlənəsən,

Gəlir qarabaqara.

Gəlir üzülənəcən,

Gəlir, gedəsən hara.

Çatır, üzə dirənir,

Dildən, ayaqdan zirək.

Başın üstdə hərlənir,

Sancır ağcaqanad tək.

Pusquda duranı var,

Badalaq quranı var.

Nə tərbiyə, nə qanun,

Nə böyük-kiçik qanan.

Burda atadan küsən,

Burda ananı atan.

Ev dağıdan, baş kəsən,

Dostu düşmənə satan.

Doldurub İnterneti

Burnufırtıq uşaqdır.

Qalaq-qalaq vurulub,

Yuyulmamış qaşıqlar…

 10. 09.2014 Samara

 

 

 

ÇANTA

20230721_135628

qardaşım Salmanın (16.10.1958-05.08.66) xatirəsinə

 

Köhnə bir dolabın arxasındakı,

Mıxçadan balaca çanta asılıb.

Dəbdən düşüb gedib beləsi çoxdan,

Rəngi çəhrayıdır, duruşu yaslı.

 

Yarım əsrdir ki dolub bağlanıb,

Bu çanta açılmır, qıfılı pasda.

“Beş”lə birincini adlayan oğlan,

Tətilin bitmədi? İndi hardasan?

 

Qırmızı beşlərin rəngi çəkilər,
Vərəqlər saralıb incələrsə də.

Bu xırda çantanın içindəkilər,

Dünyanın ən böyük faciəsidir.

 

Yetişər günlərin sonu haçansa,

Yer göyə qarışar, Qiyamət qopar.

 Hüzura bir uşaq əlində çanta,
Gələrsə, Yaradan çətin söz tapar…

29 avqust 2014, Ərəbqardaşbəyli

   ÇAQQALLAR

KÜR 8.jpg

Günün gedən vaxtı, bir də gecələr

Çaqqallar ulaşar kənd qırağında.

Qıyyalar toranı deşib ucalar,

Qəlbə təlaş salar, rəngi ağardar.

 

Şamı yubadılan süfrədə birdən,

Duruxar, ağzında tikə ləngiyər.

İtlərin kürkünə daraşar birə,

Bağlılar çırpınar, yeyər zənciri.

 

Elə ağlaşarlar, ölüb deyərsən

Əzizləri qalıb qabaqlarında.

Çaları başqadır orda hər səsin,

Hərəni öz dərdi yaxır, ağladır.

 

Bizdən qədimdilər neçə milyon il,

Bilmirik nə çəkir, nə duyur onlar
Qiyamət gününü Tanrı, kim bilir,

Bəlkə şifrələyib qıyyalarına.

 

Tapıb yedikləri zəhrmar, haram,

Qapazlı əbədi yetimdir onlar.

Adları qınaqlı, günləri qara –

Onların da Tanrı təyinatı var.

 

22.06. 2014  Samara

LAÇIN MAHNISI                

Araz axar lil ilə

Durulmaz əlli ilə.

Yağıya tapşırıldı,

Millətin öz əliylə

 

Ay Laçın, can Laçın…

 

 

Bağçaların barı gül,

Bəzə məzarları, gül.

Qarılar qırıldııar,

Qız-gəlinlər qarı, gül.

 

Ay Laçın, can Laçın…

 

 

Top atdıq – hara dəydi?

Yer xəlvət, hərə bəydi.

Əsgərlər qəhrəmandı,

Generallar gədəydi.

 

Ay, Laçın, can Laçın…

 

 

17.05.2014 Samara