Архив тегов | Bodler

ŞARL BODLER. SƏYAHƏT

бодлер

 

Le Voyage

À Maxime du Camp

I

Estamplara, kartlara vurğun yeniyetməyə,
Kainat onun hədsiz iştahına bərabər.

Ah! Çıraq işığında böyükdür necə dünya!

Xatirənin gözündə kiçikdir o nə qədər!
Yollanırıq bir səhər, beynimiz alovlanır,
Ürəyimizdə hiddət və acı ehtiraslar.

Gedirik, uyuşaraq ritminə dalğaların,
Bizim sonsuzluğumuz dəniz sonuna varar.

 

Kimlərsə sevinir ki, rəzil vətəndən qaçır,
Kimlərsə dəhşətindən yurdun, və bəzilər də,
Sirseyin, bu hökmran,  ölümcül ətir saçan,
Qadının gözlərində batan münəccimdilər.

 

Heyvana dönməsinlər deyə, nəşələinrlər,
Fəzadan və işıqdan, alovlanan səmadan.

İynələyən şaxtalar və yandıran günəşlər

Öpüşlərin izini silib aparır tamam.

Əsil səyyahlar ancaq onlardır ki, gedirlər,
Getmək üçün; yüngüldür ürəkləri top kimi.

Talelərindən heç vaxt yan ötüşən deyillər,
Niyəsini bilmədən deyirlər ki, “Gedirik”!

 

Bunların ehtirası buludlara bənzəyən,

Özlərisə top-tüfəng arzulayan rekruta.

Diyar arzulayırlar naməlum və dəyişkən,
Bəşər ağlı heç zaman bilməyir nədir adı.

II

Dəhşət! Biz özümüzü kürəyə oxşadırıq,
Hərlənir, fırlanırıq,  hətta yuxumuzda da,
Bizə işgəncə verir Maraq, bizi fırladır,
Necə ki qəddar Mələk günəşləri qamçılar.

 

Məqsədin yer aldığı bənzərsiz yazı, tale,
Heç yerdə o, yoxsa da, ancaq o, hər yerdə var!

Azca olsa da dinclik axtarar necə dəli,

Ümidini kəsməyən insan onu arayar!

Üçdor gəmi qəlbimiz,  İkariya axtaran;
Körpüdən səs ucalır: “Ehtiyatlı olun, ha”

Qəzəbli biq qışqırıq ucalır yuxarıdan:

“Sevgi… şərəf… səadət!” Lənət! Sualtı qaya!
Keşikçinin gördüyü hər kiçicik bir ada

Sanki Eldoradadır bizə Tale vəd edən;

Kefə hazırlıq görən Təsəvvür ancaq orda,
Tapmır dan işığında qayadan özgə heç nə.

Ah, xəyali yurdlara vurulan zavallılar

Yandırılaydı, suya atılaydı ya birbaş,

Daha da acılayan ilğımı, girdabları

Amerikalar açan o sərxoş dənizçi kaş!

 

Palçıqda eşələnənən qoca sərsəri belə,
Behiştləri arzular yelə burnunu tutub;

Ovsunlanmış gözünə, harda şam şöləsiylə

İşıqlanan daxmacıq varsa, görünər Kapu.

III

Heyrətamiz səyyahlar! Nə qədər gözəl əsər,

Oxuyuruq dəniz tək dərin gözlərinizdə!

Zəngin xatirələrlə hanı dolu mücrülər,
Ulduzlardan, efirdən yaranmış incilər bəs?

Biz yelkənsiz, buxarsız istəyiririk dolaşaq!

Qüsssəni dağıtmağa bizim bu türmələrdən,
Keçsin ruhlarımızdan gərilmiş yelkən sayqaq,

Xatirələriniz qoy sərhəd, üfüq bilmədən.

Söyləyin, nə gördünüz?

IV

“Biz ulduzları gördük
Və qumlu sahilləri, həmçinin dallğaları;
Ancaq burdakı kimi qüssədən də ölürdük,
Baxmayaraq şoklara və qəfil bəlalara.

 

Şəhərlərin cəlalı günəşin qürubunda,

Bənövşəy dənizdə günəşin cəlalı var.

Bunlar bizdə təlaşlı istək oyandırırdı,

Rənglərin bu sayrışan səmasında qərq olaq.

 

Ən əzəmətli peyzaj, ən zəngin şəhərdə də,
Təsadüfün əliylə buludlardan yaranan,
Sehrli gözəlliyin yox heç vaxt əsəri də.

Və həmişə qanımız ehtirasla qaynayar.

 

— Əyləncələr istəyi daha da artırandır.

Həzz ilə mayalanan qoca ağacdır istək.

Nə qədər ki, bərkiyir qabığın, qalınlanır,
Budaqlar o qədər çox günəşi görə gərək.

 

Artarsanmı həmişə, sərvdən iri daha,
Nəhəng ağac? – Fəqət biz,  qayğı ilə yığılan,

Eskizlər gətirmişik, albiomunuza yarar,
Axı sizə xoş gəlir, nə gəlirsə uzaqdan.

 

Xortumlu sənəmlərə biz səcdə eləyirdik;

Alışan incilərlə bəzənibdir taxtlar;

Elə bir dəbdəbəylə saraylar tikilib ki,
Beləsini istəsə, bankir var-yoxdan çıxar;

Geyimləri görənin gözləri xumarlanır;

Dişləi, dırnaqları qadınların rənglənib.

İlanlar sığallayır mahir jonqlyorları.

V

Sonra, bəs dana sonra?

VI

“Ah, körpə beyinlilər!

 

Yaddan çıxarmamaqçın ən önəmli bir şeyi,
Elə hər yerdə gördük, izləməsək də onu,

Ayaqdan başınacan fatal pilləkəni biz,
Qüssəli tamaşası ölüm bilməz günahın;

 

Təkəbbürlü, həm də küt, miskin kənizdir qadın,

Öz-özünün heyranı, gülüş, ikrah bilmədən.

Cəsarətli və qəddar, kişi acgöz tirandır,

Kölənin köləsidir, murdar, üfunət verən.

 

Cəlladziyafət qurar, əzabkeşsə hönkürər,
Bayram qanla yaranmış, qan qoxusu da yayar,

Hakimiyyət zəhəri despotu kefləndirər,

Xalqınsa sevgisi var kütləşdirən qamçıya.

 

Bəziləri dinlərin bizim dinlərə bənzər,

Hamısı da dırmaşır göyə; Saflıq istəyən,

Ərköyün tək pərquda əzab çəkər, əzilər,
Nəşələnər, dincələr  mismar, at tükü üstdə.

 

Bəşəriyyət boşboğaz, öz dühasından xumar,
Qabaqlar olan kimi  divanədir indi də.

Çarpışmaqdan üzülüb Tanrını o çağırar,
“Ah, özümə bənzəyən, ağam, mən səni lənətlədim!”

Az kütlər, Dəliliyin qorxusuz vurğunları,
Tale otaran böyük bir sürüdən qurtulur,

Tiryək ənginliyinə çəkilib sığınırlar,

— Əbədi bületeni bütün dünyanın budur”.

 

Acıdır səyahətdən insan qazanan bilik!

Dünya, xırda, monoton, həm bu gün, həm də sabah,
Daim göstərər bizə necəyik, nəyik, kimik:
Birə dəhşət vadisiyik biz qüssə səhrasında!

 

Yollanaqmı? Qalaqmı? Qala bilərsənsə qal,
Gərəksə, yollan. Biri qaçır, gizlənir biri

İstər sayıq və fatal düşmənini aldada,
Qaçan var ki, ah, Zaman! Əfsus, nəfəs də dərmir,

 

Sərsəri Cuhud kimi, həvarilər kimi ya,
Onlara nə ekipaj, nə də gəmi bəs elər.

Retiar ayıbından qaçalar; başqalar var

Heç beşikdən durmamış öldürməyi bilirlər.

 

Nəhayət, belimizə qoyanda ayağını,
Qışqırarıq: İrəli! bizdə ümid oyanar,

Necə ki, başqa vaxtlar biz Çinə yollanırıq,

Gözlərimiz dənizdə, saçımızla yel oynar.

 

Toranlıq dəniziylə başlayırıq səfəri,

Gənc bir səyahətçi tək qəlbimizdə sevinc var.

Eşidin bu qüssəli, məlahətli səsləri,

Oxuyurlar: “Ətirli Lotos arzulayanlar

 

Burdan gedin! Bu yerdə yığılır ürəyiniz,

Tamarzı tək istəyən möcüzəli meyvələr.

Əbədi gündüzlərin şirinliyi misilsiz,

Xumarlandırar sizi, hamınızı məst edər!”

Biz tanış avazından kabusu tanıyırıq,
Bizim Pilad əlini bizə sarı uzadır.

“Ürək sərinlətməyə üz Elektra sarı!”

Deyir dizini bir vaxt öpdüyümüz o qadın.

VIII

 

Ölüm! Qoca kapitan, vaxtdır, lövbəri qaldır!

Ölüm, bizi bezdirir bu ölkə! Yelkən açaq!

Əgər göy də, dəniz də mürəkkəb tək qaradır,

Qəlbimizdə, bilirsən, günəş özü nur saçar!

 

İçirt zəhərini sən bizə ki, gümrahlanaq!
Elə yandırır bu od beynimizi, girdaba,
Göyə ya Cəhənnəmə istəyirik qərq olaq,

Naməlumun dibində təzə nəsə tapmağa!

 

Fransızcadan tərcümə

09-12.08. 2018

Samara

ŞARL BODLER.  DON JUAN CƏHƏNNƏMDƏ

бодлер

        (Don Juan aux enfers)

Yetişərək Don Juan yeraltı dalğalara,
Şarona verən kimi obolu, Antisfenə,
Gözlərinin oduyla bənzəyən qaraqabaq,
Dilənçi avarları aldı güclü əlinə.

 

Açıq yaxalarından məmələri sallanan,
Arvadlar qıvrılırlar qara qübbənin altda.

Sürüsüdür elə bil qurbanlıq heyvanların,

Gedirlər, eşidilir dallarınca fəryadı.

 

Sqanarel gülərək öz haqqını istəyir,
Don Luissə bu zaman titrəyən barmağıyla,
Sahillərdə dolaşan ölülərə göstərir,
Onun bəyaz alnına gülən utanmaz oğlu.

 
Bakirə, arıq Elvir, əsir matəm donunda,

Bir vaxt məşuqu olmuş sədaqətsiz əriylə.

Elə bil ki, elə bir təbəssüm umur ondan,

İlk andın zərifliyi dodaqlarında gülə.

 

Daşdan yonma bir nəhəng dayanıb düz, yaraqda,

Sükanı sıxır, qara dalğaları doğrayır.

Rapiraya söykənən qəhrəmansa arxada,
Köpüklənən sulara heç nə görmədən baxır.

Fransızcadan tərcümə

17-18.06. 2018

Samara

ŞARL BODLER.   QARAÇILAR YOLDA 

бодлер

           Bohémiens en voyage

Gözləri alovlanan peyğəmbəri bu tayfa,
Dünən yola düzəldi, sarıyaraq  dalına,
Körpələri; acıyıb ağlayandasa, sallaq,

Məmələrin əvəzsiz nemətiylə doyarlar.

Piyadadır silahı parıldayan kişilər,

Bütün arabalara yüklənib avadanlıq.

Boş çıxan ümidlərin ağrılarıyla ağır,

Baxışları onların göy üzündə dolaşar.

 

Və qumlu dəliyinin dibindən baxan sisəy,
Lap ucadan oxuyar, keçənləri görərək.

Onları sevən Sibel yaşıllanar daha da.

 

Səhralar çiçəklənər, qayalardan su damar,

Bu yolçular önündə, gələcək toranların

Tanış məmləkətinin qapıları açılar.

Fransızcadan tərcümə

 15-16.06. 2018

Samara

Şarl BODLER. KASIBLARIN ÖLÜMÜ

BaudelaireNadard-thumb      

(La mort des Pauvres)

 

Təsəlli, əfsus, ölümdür! Və ölümdür yaşadan;

Yeganə məqsəd həyatda, ümid də bircə ona.

O, eliksir, coşar ondan və məst olar insan,

Ürək verən də odur ki, çıxaq ömrün sonuna.

Qırovla örtülər aləm, qasırğalar gurlar –

Qara üfüqdə tək odur parıldayan, ağaran.

O bir qonaq evi ki, alnımızda ünvanı var,

Yedirərlər gələni, orda salarlar yatağa.

O, mələkdir, hamı ovsunlu əllərindən alar,

Ən əziz töhfə — yuxu, dadlı, şirirn röyalar.

Və son yataqda bu əllər çəkər lütün nazını.

Sirli saxlancdır, onda Tanrının cəlalı da var,

Kasıbın muzdudur o, həm də ona doğma diyar,

O, tanınmaz səmalara açılan darvazadır.

1852

                                     fransızcadan, may 2007, Samara

ŞARL BODLER. DE PROFUNDİS CLAMAVATİ

                                                                           Şarl  BODLER

       DE PROFUNDİS CLAMAVATİ[1]

 

Sevirəm tək səni, səndən də mərhəmət dilərəm,

Qəlbimin düşdüyü bu qorxulu dibsizlikdən.

Hər tərəf yaslı, üfüqlərsə qurğuşun rəngdə,

Burda daim havaya küfr və dəhşət ələnər.

 

Yanır səmada günəş istisiz ilin yarısı,

Altı aysa gecədir, aləmi zülmət örtər.

Bəlkə qütbün özü çılpaq deyil bu ölkə qədər,

Nə bir heyvan dəyir gözə, nə ağac var nə də su.

 

Daha zalım, daha qəddar  bu kainatda hanı,

Bir günəşdən ki, nuru dondurur damarda qanı.

Qoca Xaos da seçilməz bu tükənməz gecədən.

 

Vəhşi heyvan kimi dünyaya gələydim kaş mən

Uzanaydım günün altında qayğısız, yarıcan,

Bir yumaq tək açılaydı, axıb gedəydi zaman.

 

Fransıcadan tərcümə, iyun-11iyul 2008, Samara

 

Qeyd: İlk dəfə 9 aprel 1851-ci ildə çap olunub. Şerin adı katolik rəhmət duasının ilk sözlərindən götürülüb

 

 

 


[1] Dərinlikdən çağırıram(lat.)