Архив | Декабрь 2016

YENİ İL AXŞAMI SÜLEYMANIN XATİRƏSİNƏ

 

Görsən, tanımazsan məni bəlkə də,

Özümə yad gəlir güzgüdə əksim.

Saçım, saqqalım ağ, gözüm çökəkdə,

Dəyişməyib bəlkə eybəcər səsim.

 

Səs də ki, haçandır qalıb içimdə,

Boğazımda batıb, çıxıb yadımdan.

Səndən nə gizlədim, məmə köçəndən,

Daha danışmağa qalmayıb adam.

 

…Yolka bəzənərdi çıraqlı, əlvan,

Yöndəmsiz, darısqal xruşşovkada.

“İlahi, özün keç günahımızdan!” —

 Deyilərdi hökmən içəndən qabaq.

 

Siqaret aramsız tüstülənərdi,

Başı ağrıdardı dəmi arağın.

Xarici estrada ustalarının,

Konserti başlardı səhərə yaxın…

 

O vaxt doğrudan da il dəyişirdi,

Təzə il gəlirdi, gedirdi köhnə.

O vaxt sənin kiçik qardaşınıydım,

İndi tanımazsan sən məni görsən…

 

Tanıya bilərdin bəlkə səsimdən,
Bəlkə dəyişməyib, bəlkə həmindir.

Çoxdan öz səsimi eşitmirəm mən,

Yoxsunuz – kiminlə danışım indi?..

 

31.12.2016

Samara

SERGEY YESENİN. «BİR DƏ GÖRÜŞMƏRİK, BAKI, ƏLVİDA…»

SERGEY YESENİN

                       (1895-1925)

       Прощай, Баку! Тебя я не увижу.
      Теперь в душе печаль, теперь в душе испуг.

Bir də görüşmərik, Bakı, əlvida,

Qəlbə qorxu dolur, qəlbi alır qəm.

Ayrılıq ürəyi sıxar, ağrıdar,

İndi “dost” sözüdür yaraya məlhəm.

 

Əlvida türk göyü! Bakı, əlvida,

Damarda qan donur, dizlərim əsir.

Fəqət ölənəcən qalar yadımda,

Blaxanı mayı, Xəzər ləpəsi.

 

Sadəcə nəğməsən! Əlvida, Bakı!

Bağrıma basıram dostu son dəfə.

Yasəmən dumanı içindən başı,

Yellənib dalımca “yaxşı yol” deyə.

 

Ruscadan tərcümə

29.12.2016

Samara

MARİNA TSVETAYEVA. «KÖÇKÜNLƏRİK…»

TƏRCÜMƏÇİDƏN: İyirminci əsrin iki rus dahisinin  — Andrey Platonov və Marina Tsvetayevanın əsərlərində təkcə b0lşevik Rusiyasının yox, həm də Putin Rusiyasının təkcə faciə yox, həm də kainat təhlükəsi  heyranedici dəqiqlik və uzaqgörənliklə göstərilib. Aşağıdakı şeir yaxşı nümunədir. «Звезда Российская – Противу всех!». Elə bil bu gün deyilib, ya da Putin hakimiyyətə gəldiyi gün…

Şeir zahirən sadə görünsə də, tərcümə üçün çox çətindir. İlk növbədə Azərbaycan poeziyası üçün xarakterik olmayan sintaksisinə görə. Ancaq cəhd etməyə dəyər. Azərbaycan poeziyasının ənənəvi sintaksisini dəyişmək, onun ifadə içkanlarını artırmaq cəhdinin özündə məhsuldarlıq potensialı var. Nəticənin keyfiyyətini isə oxucu müəyyənləşdirə bilər.

 

MARİNA TSVETAYEVA

               Переселенцами –

               В какой Нью Йорк…

 

Köçkünlərik biz, hansı,
Nyu York mənzil bizə?

Dünya dava-dalaşı,

Yüklənb dalımıza —

 

Ayılarıq biz axı!

Biz axı həm tatarıq!

Bitlər yeyib-dağıdır,

Biz yanğın aparırıq.

 

Buracan – hələ nisyə!

Orda –qaranlıqdasa

Bizdən heç seçilməyən,

Qaragüruh dalğası.

 

Çəp gözə bənzəri var –

Polad yarıq ya lülə.

Çəngə-çəngə soyuq qar,

Çiyinlərdən tökülər.

 

Hər kəs ata qatili –

Bunlar hara soxulur?

Bəlası Kainatın

Gəlir – kaş bu səhv ola!

 

Tanrını çağırırıq,

İdraka tuturuq üz.

Biz axı qartmaqlıyıq,

Cüzamlıyıq axı biz

 

Qar-boranda od saçan,

Qurd gözünə bənzəyir –

Ulduzu Rusiyanın:

Hamının əleyhinə!

 

“Əkinçi insan, oyan,

Dur yorğan-döşəyinlə!”

Güllələyən qolboyun,

Gedir güllələnənlə.

 

Və mehribancasına,

  • Cındır çılpağa söylər:

“Cənnətin açılacaq

Qapıları, hə, sən öl!”

 

22 fevral 1922

 

Ruscadan tərcümə

25-26.12.2016

Samara

 

EMİLİ DİKİNSON. BU XIRDACA GÜLÜ KİMDİ TANIYAN

EMİLİ DİKİNSON

           (1830 – 18886)

 

Nobody knows this little Rose –
It might a pilgrim be

 

Bu xırdaca Gülü kimdi tanıyan? –

Bənzər o, yol gedənə.

Onu götürmədim yol qırağından,

Gətirmədim mən sənə.

Yoxluğunu təkcə Arı duyacaq,

Bir də bəlkə Kəpənək.

Onlara uzaqdan uçub qayıtcaq,

Yataqdı incə ləçək.

Təkcə Quş qəribsər, solar qüssədən,
Təkcə Külək ah çəkər.

A xırda Qızılgül, necə də asan,

Ölür sənin kimilər!

 

İngiliscədən tərcümə

24.12.2016

MARİNA TSVETAYEVA. VARLILARIN TƏRİFİ

MARİNA TSVETAYEVA

     VARLILARIN TƏRİFİ

                  И засим, упредив заране,

                 Что меж мной и тобою – мили…

 

Beləcə qabaqdan bildirirəm ki,

Bizim aramızda —  kilometrlər.

Mən —  lütə, cındıra bərabər kimi,

Layiqəm dünyada tutduğum yerə.

 

Bütün israfların təkəri altda:

Qozbellər, kifirlər yeyən, kef çəkən

Qalxıb, beləliklə, ən uca qatdan

Deyirəm: sevierəm varlıları mən.

 

Kökləri çürükdür çünki onların,

Beşikdən başlanar xəstəlikləri.

Çaşqındir, qıpıqdır davranışları,

Bu cibdən o cibə gəzər əlləri.

 

Çünki pıçıltılı ricaları da,

Səslənir həmişə qışqırıq kimi.

Çünki gözlərində xəcalət yatar,

Buraxmayacaqlar cənnətə çünki.

 

Çünki çatdırarlar çaparla sirri

Eşqi də özgəylə çatdırar onlar.

Zorladır onların kef gecələri,

Öpərlər, içərlər həmişə zorla.

 

Çünki ömürləri haqq-hesab, yazı,

Əyin-baş bahalı, çənə əsnəyən.

Nədənsə almazlar mən həyasızı –

Biliniz: sevirəm  varlıları mən!

 

Üzləri həmişə təmiz, qırxılı,

Yeyimli-içimli (pulmu? – bir ətək!).

Amma gözlərində nəsə qorxu var,

Şübhəli baxırlar döyülmüş it tək:

 

Bəlkə də çaş salıb hesabı çəkən…

Tərəzi tarazmı… yaxşımı sayıb…

Bütün səfilliklər içində çünki,

Belə yetimliyin tapılmaz tayı.

 

Cəfəng rəvayət var, deyir ki, guya,

İynə ulduzundan dəvələr keçir.

… Çünki gözlərini təəccüb qıyar

Azarda, iflasdır bu da elə bil.

 

“Verərdim… Qardaş tək…Həmişə şadam…

“Min dəfə saymışam… hə… yalan deyən…”

Çünki güclə çıxır ağızlarından —

Eşidin: sevirəm varlıları mən!

 

30 sentyabr 1922

Ruscadan tərcümə

21-23 dekabr 2016 Samara

XƏLVƏTƏ ÇƏKİLİB DALANDA, TİNDƏ…

 anam Raziyyənin xatirəsinə

Xəlvətə çəkilib dalanda, tində,

Bağda, xiyabanda, küçədə bəzən,

Elə izdihamın qatı yerində,

Özüylə danışan adam görürsən.

 

 

Səssiz, pıçıltıyla danışan da var,

Səsi eləsinin uzaqdan gələr.

Biri danışdıqca başını bular,

Biri ehtirasla əlini yellər.

 

 

Görəndə baxan var, qulaq verən var,

Duruxub dururlar, oğurluq anı,

Tutulan adam tək. Aralanaraq
Gedirlər, baxaraq o yan-bu yana.

 

 

Çoxu ahılsa da, cavanı da var,

Beləcə özüylə danışanların.

Kimi yol gedəndə, kimi duranda —

Vaxtı yox, yeri yox bu seansların.

 

 

Yaxından-uzaqdan haçan ayrılır,

Haçan öz içinə qapılır insan?

Yaxın-uzaq ondan üz çevirir ya,

İçində onunla kimdi danışan?

 

 

Bəlkə əzizləri həyatdan köçür,

Məzarlıq yaranır içində bəlkə.

Bəlkə də daşlardan birini seçir,

Danışır qəlbinə nədir dağ çəkən.

 

 

Göylərdən üzülüb bəlkə ümidi,

Xitabı, sualı cavabsız qalıb.

Tanrını qəlbində dikəldib indi,

Ona bütbərəst tək mehrini salıb…

 

 

İzdiham içində, daldalıqda ya,

Görürük içiylə danışanları.

Orda  hər birinin onları duyan,

Onları eşidən tanrıları var…

09-11.12.2016

Samara

 

MARİNA TSVETAYEVA: «BU GEC İŞIQ SƏNİ QAYĞILANDIRIR?»

MARİNA TSVETAYEVA

                  (1892 – 1941)

              Поздний свет тебя тревожит?

              Не заботься, господин!

 

Bu gec işıq səni qayğılandırır?

Cənab, ürəyini saxla buz kimi.

Yatmıram. Yuxusu tək adamların,

Bir də yaxşıların ərşə çəkilir.

 

 

Bizə yuxusuzluq deyil məşəqqət,
Qazanda qaynarıq biz doğulandan.

Elə bu yaxşıdır. Vaxt yetişəcək,

Yuxudan doyacaq torpaq altda can.

 

 

Nə sümük sızıldar, nə əsnəmə var,

Oğul yuxudadır, dost – gələsidir.

Dost gələr anadan muğayat olar,

Tanrının nəzəri oğulun üstdə.

 

 

Hələ ki yaxşıyam, xoşa gəlirəm,

Hələ ki tənhalıq dözülməz olur —

Mən arvad ömrümü belə bölürəm:

Gecə dostumundur, gündüz oğlumun.

4 sentyabr 1917

Ruscadan tərcümə

02.12.16 Samara

 

HÜZNLÜ MUSİQİ ƏSƏRLƏRİ VAR…

Hüznlü musiqi əsərləri var —

Çalanlar ifadan əvvəl hər dəfə,
Xahiş edirlər ki, tamaşaçılar,

Alqışlamasınlar bitəndə ifa.

 

Eynilə belədir bəzi həyatlar  —

Doğum günlərini hər dəfə yəqin,

Təbrik yox, alqış yox, bəlkə yeri var,

Bir anlıq sükutla qarşılamağın…

 

01.12.16

Samara