Архив тегов | Salyan

“SƏN DƏ O FİTƏ BƏNDDİN, MƏN DƏ…”

U LENİ. KİNO       

Cəfər Mehdiyevə

Bethovenin beşinci simfoniyası necə,
Başlananda ürəyi, sinirləri titrədir,
Vağzalda ya yolüstü qatar fiti dinincə,
Ürək elə çırpınır, bəzən qarışır fikir.

 + 

Kimsə ayrılıb gedir, özün gedirsən ya da,

Vaxt yetişir, fit dinir, çaşırsan, duruxursan.

Tale qapını döymür, durub artıq yanında,
Qulaqlarını dələn onun səsidir bu an…

 +

Qaynar yay gecələri, zəbt edib sərin zalı,
Səhər açılanacan çay içər, danışardıq.

Sağlam fikri və elmi elmikommunizmlə,

Uzlaşdırmağa cəhdlə tər töküb çalışardıq.

 +

Gecənin bir aləmi  qatar fiti dinərdi,
Çaşardıq, duruxardıq, yaranardı pauza.

Sən də bu fitə bənddin, mən də bu fitə bənddim,

Getməliydik elə bil biz haçansa, harasa…

 +

O gecə qatarınıın yolu uzaq deyildi:

Bakıdan Astaraya, Bakıya Astaradan,
Mükaliməni kəsən qatarın fiti idi,

Tale çağırışıydı sanki səslənən o an…

 +

Dahi Trevitikin ixtirası yoldadır,

Relslərdən krujeva toxunub kürəmizdə,

Dəyişılib ölkələr, dəyişilib adları,

Yox daha SSRİ, elmi kommunizm də.

 +

Qatar fiti eşitsəm harda, kinoda belə,

Duruxuram. Elə bil taleyin öz səsidir,

Qulaqlarımı dələn Bethoven qüdrətiylə.

Yola səsləyir, ancaq vaxtını saxlayır sirr.

 

14.05 2023, Samara

 

 

“QURUYAN TARİXİN MÜRƏKKƏBİDİR…”  

SONY DSC

      

əziz dost İbrahim Hüseynova

Nə qədər yaşı var? Min il? Milyon il?

Kim bilir yaşını bu məskənlərin?

Anası Kür olub gör neçə nəslin,

Suyuyla yazılıb tarix elə bil.

Kürüm gündən-günə quruyub gedir,
Dibinin qumunu günəş qurudur.

Yox sabahkı günə ümidi yurdun,

Quruyan tarixin mürəkkəbidir.

Kürüm son nəfəsdə, o axmır, sızır.

Axır göz yaşı tək, acı, şor tamı.

Quruyur göz yaşı quruyan kimi,
Ürəyi yandırır şoru, acısı…

06. 03. 2022, Samara

GÜLANƏ

SONY DSC

Qardaş qızı, nə xəbərdir mən aldım? –

Eşidəndə yaş axıtdım, ağladım.

“İssiz yerin qurdları tək” uladım,

Havalanıb fikir dolu gəzirəm,
Mənə gəlsin hər nə varsa azarın.

 

Bəlkə səni  görmədiyim on ildir,
Demə əmin həmin əmi deyildir.

Qəlb yaşadır xatirəni, həm də dil,
Danışıram mən səninlə xəyalən,
Mənə gəlsin, balam, sənə hər gələn.

 

Atan səni candan artıq sevirdi,

Nə tufanlar qoparardı gör indi.
Atan kimi sən özün də igiddin,

Əlin, qolun ağrımasın, əzizim,
Ağrın alım, dərdin alım mən özüm.

 

06. 08. 2020, Samara

DOST

ilham                                            İlham Ağayevə           

 

İstər Pele olsun, Ronaldu ya da,

Oyuna azarkeş maraq yaradır.

Topu da qovduran, qol da vurduran,
Dəniz kimi coşan tribunadır.

 

 

Kütlələr olmasa stadionda,
Rekord qazanılmaz, zirvə aşılmaz,

Həvəs öləziyər yarışa onda,

Bədən ağırlaşar, sönər ehtiras…

 

 

İdmanı sevirəm – ancaq uzaqdan,
Sözə  söz calamaq mənim peşəmdir.

Çoxdan, lap ilk yazım üzə çıxandan,

Bir insan həmişə azarkeşimdir.

 

 

Uğura səsləyib, uğur gözləyib,
Məni inandırıb özümə bəzən.

Layiq olmadığım elə söz deyib,

Bəlkə qızarmışam xəcalətimdən.

 

 

Məndən söhbət açıb kimi görübsə,
Guya ki, beləyəm, eləyəm ya da.

Ay səmimi insan, qəlbi böyük dost!

Özüm də bilmirəm kiməm, hardayam…

 

 

Nə vaxtdan içində tozun-torpağın,
Əskidən qayrılma top qovuram mən.

Sönməyib nə qədər mənə marağın,
Qan-tərə bürünər, qovrularam mən.

 

 

Əgər bu səylərim getməsə hədər,
Bükülüb baş üstdən top vura bilsəm,
Sevinər bu işə azı bir nəfər,

Şübhə yox, əziz dost, yenə o sənsən…

 

05. 02. 2020
Samara

YANĞIN

2

Şiddətli yanmışam körpəliymdə:

Bələyib qoyublar evdə, gediblər,

Kerosin lampası aşıb üstümə,
Alışıb bələyim, od alıb kilim,

Haçandan haçana görüb tüstünü,
Həyətdən yüyürüb gəlib anamgil.

 

 

Yarıcan Salyana aparılmışam,

Keşiyimi çəkib neçə ay anam.

Yata bilməmişəm – o da yatmayıb,
Dəmir çarpayını yırğalayaraq.

Elə ki, əliylə gücü çatmayıb,

Dırmaşıb yelləyib ayaqlarıyla…

 

 

Ölmədim, sağaldım, böyüdüm, ancaq,
Bəxtimə düşmədi uğur və qazanc.

Ana sevindirən işim olmadı,
Dərd qoydum dərdinin üstünə hələ.

Açıq deyinsə də, ya dodaqaltı,

Demədi “yanaydın kaş o vaxt, bala…”

 
Qalır bədənimdə yanğın izləri.

Anam gözlərimin önünə gəlir,

Baxıram, görürəm onları haçan.

Neçə ay palata cəhənnəmində,
Məni, üzülsə də, yelləyən insan! —

Xəcalət yandırır məni indi də…

 

14-15. 01. 2020, Samara

SALYAN, HEYVALIQ, YAŞAR ŞÜKÜRBƏYLİ

1960-cı illər

 

Dekabr Salyanda hələ payızdır,

Ən azı əvvəli. Səhər qırovdan,
Torpaq ağarsa da, günəşdən qızır,
Günortaya yaxın yer də, hava da.

 

 

Yadıma nədənsə tez-tez Heyvalıq

Məhəlləsi düşür. O vaxtkı bağlar,
İnana bilmirəm indiyə qalıb.

Çoxdan heyvaların iyi dağılar.

 

 

İmpressionist mənzərəsi tək,
İndi də gözümün önünə gəlir,
Payızı heyvalar, gözəl gül-çiçək,
Həyətində Yaşar Şükürbəylinin.

 

 

Mane fırçasından sanki yaranıb,
Qızıl heyvaların siluetləri.

Ağdaş ev dumana batııb dayanıb,
Gəmidir elə bil, atıb lövbəri.

 

 

Xaloğlum qalırdı o evdə bir vaxt,
Mən də hərdən-hərdən gedib-gəlirdim.

Elə bil əsərdi o ev, o həyət,
Deyirdin yaşayar hələ min il də…

 
Yetim böyümüşdü Yaşar, ana da,
Ata da irtica qurbanı idi.

Həyat əsər deyil fırça yaradan:

Sonra maşın vurub Yaşarı, bildim…

 

03. 12. 2019, Sonra

DÜNYADAN GETDİYİN ON İKİ İLDİR…

SÜLEYMANLA.jpg

Süleymanın xatirəsinə…

 

Dünyadan getdiyin on iki ildir…

Ağac əkilsəydi qəbrinin üstdə,

Elə ucalardı, kölgəsi indi,
Qonşu məzarlara bəlkə də bəsdi.

 

 

Seyrəlir, çəkilib gedir duman tək,

Sənin xatirənsə on iki ildə,

Üzülür sevgini yaşadan ürək,

Soyuyur, toxtayır incidilən də.

 

 

Özünə yüz il də çətin bəs elər,
Xurma kölgəsində, su qırağında,
Mələk qanadıyla sığal çəkilə,
Gedə mindən biri ağrılarından.

11.02. 2019

Samara

HƏR YAZIMI BƏYƏNƏN…

HACINIIN XATİRƏSİNƏ

Hər yazımı bəyənən,

Əzbərləyən Hacıydın.

Yazıma “əsər” deyən,

Yeganə oxucuydun.

 

Danışsaydım hər nədən,

Susub qulaq asardın.

Təkcə səndin kəsməyən,

Sözümü yarısında.

 

Təkcə sən məni yekə,

Bir sənətkar sayırdın.

Sənin gözündə bəlkə,

Mən ağıl dəryasıydım.

 

Dünyaya gəlmişlərin,

Ən həqiri indi mən.

Sənin qiymətin imiş,

Məni ucaldan demə.

 

Yoxsan – yox oxuyanım,

Eşidənim yox daha.

Sən yoxsan, ən yaxınım,

Mənə səndən uzaqdır…

 

07.01.2016 Samara

 

 

 

 

 

 BİR YAXŞI İŞ GÖRMÜŞƏM, ONUN DA MÜKAFATI LOPAQDIR…

 Bu yaxınlarda bir nəfərlə epistolyar janrda davam oldu. Davalaşdığım adam uzaqdan-uzağa, yəni Azərbaycanda elə qeyzlənmişdi ki, yəqin qolunun iki min kilometr uzunluqda olmadığına çox təəssüf elədi, yoxsa uzadıb ağzıma bir yumruq vurardı. Dedi ki, “sən ömrün boyu heç kimə bir qəpiklik yaxşılıq eləməmisən, ancaq faydalanmısan”.

O dəqiqədən gecəm-gündüzüm olmadı, yuxum qeybə çəkildi, çox çallışdım ki, yadıma haçansa kiməsə bir yaxşılıq elədiyimi yadıma salım, mümkün olmadı. Gördüm ki, doğrudan da elə mənə yaxşılıq eləyiblər, məndən isə yaxşılıq görən olmayıb, çoxlu insan ziyan da çəkib.

Üç gün, bir həftə…On günün tamamında birdən yadıma düşdü ki, mən bu davalaşdığım adamı bir dəfə Kürdə boğulanda xilas eləmişəm…

Bu hadisə sovet dövründə baş verib. O vaxtlar sudan adam çıxaranlara döş nişanı verirdilər. Bəlkə hələ üstündə beş-on manat da üstündə. Qəzetdə yazırdılar. Rusiyada indi də belədir. Ancaq, görünür, indi Azərbycanda sudan adam çıxarmaq yaxşılıq sayılmır və belə adamın mükafatı lopaqdır. Yaxşılıq toya bir bağlı pul salmaqdır, gəlirli işə, məsələn, vergiyə, gömrüyə düzəltməkdir, maşın bağışlamaqdır. Əslində bunda ədalət var. Çünki sudan adam çıxarmaqda yaxşı bir şey yoxdur. Bunu hamı bacarır. Sən çıxarmayacaqsan, gəlib bir başqası çıxaracaq, bəlkə başqası bir az gec gələcək, ancaq axır ki gələcək…

Çox fikirləşib gördüm ki, elə məni də kimsə xilas etsəydi, mən ona qarşı heç bir minnətdarlıq hissi duymazdım. Bəlkə də acıqlı olardım ona. Bəlkə də çalışıb bir yolla üstünə pul da kəsdirərdim: çıxarıb atmısan qırağa, indi dolandır məni…

Belə-belə işlər…

24.04 2015

Samara