Архивы

YENİ İL AXŞAMI SÜLEYMANIN XATİRƏSİNƏ

 

Görsən, tanımazsan məni bəlkə də,

Özümə yad gəlir güzgüdə əksim.

Saçım, saqqalım ağ, gözüm çökəkdə,

Dəyişməyib bəlkə eybəcər səsim.

 

Səs də ki, haçandır qalıb içimdə,

Boğazımda batıb, çıxıb yadımdan.

Səndən nə gizlədim, məmə köçəndən,

Daha danışmağa qalmayıb adam.

 

…Yolka bəzənərdi çıraqlı, əlvan,

Yöndəmsiz, darısqal xruşşovkada.

“İlahi, özün keç günahımızdan!” —

 Deyilərdi hökmən içəndən qabaq.

 

Siqaret aramsız tüstülənərdi,

Başı ağrıdardı dəmi arağın.

Xarici estrada ustalarının,

Konserti başlardı səhərə yaxın…

 

O vaxt doğrudan da il dəyişirdi,

Təzə il gəlirdi, gedirdi köhnə.

O vaxt sənin kiçik qardaşınıydım,

İndi tanımazsan sən məni görsən…

 

Tanıya bilərdin bəlkə səsimdən,
Bəlkə dəyişməyib, bəlkə həmindir.

Çoxdan öz səsimi eşitmirəm mən,

Yoxsunuz – kiminlə danışım indi?..

 

31.12.2016

Samara

XƏLVƏTƏ ÇƏKİLİB DALANDA, TİNDƏ…

 anam Raziyyənin xatirəsinə

Xəlvətə çəkilib dalanda, tində,

Bağda, xiyabanda, küçədə bəzən,

Elə izdihamın qatı yerində,

Özüylə danışan adam görürsən.

 

 

Səssiz, pıçıltıyla danışan da var,

Səsi eləsinin uzaqdan gələr.

Biri danışdıqca başını bular,

Biri ehtirasla əlini yellər.

 

 

Görəndə baxan var, qulaq verən var,

Duruxub dururlar, oğurluq anı,

Tutulan adam tək. Aralanaraq
Gedirlər, baxaraq o yan-bu yana.

 

 

Çoxu ahılsa da, cavanı da var,

Beləcə özüylə danışanların.

Kimi yol gedəndə, kimi duranda —

Vaxtı yox, yeri yox bu seansların.

 

 

Yaxından-uzaqdan haçan ayrılır,

Haçan öz içinə qapılır insan?

Yaxın-uzaq ondan üz çevirir ya,

İçində onunla kimdi danışan?

 

 

Bəlkə əzizləri həyatdan köçür,

Məzarlıq yaranır içində bəlkə.

Bəlkə də daşlardan birini seçir,

Danışır qəlbinə nədir dağ çəkən.

 

 

Göylərdən üzülüb bəlkə ümidi,

Xitabı, sualı cavabsız qalıb.

Tanrını qəlbində dikəldib indi,

Ona bütbərəst tək mehrini salıb…

 

 

İzdiham içində, daldalıqda ya,

Görürük içiylə danışanları.

Orda  hər birinin onları duyan,

Onları eşidən tanrıları var…

09-11.12.2016

Samara

 

EŞŞƏKLƏR

Tənəli, danlaqlı bu heyvanların,

Atlasdan olaydı çulları gərək.

İnci taxılaydı boyunlarına,

Seyrək yallarına təzə gül-çiçək.

 

Xalılar döşənə axurlarına,

Vaxtında, doyunca yemləri gələ.

Fərmanlar asıla yaxalarına,

Kiçik abidə də bəlkə dikələ.

 

Hərbi paradların önündə onlar,

Gərək gedəydilər nizamlı, həqir.

Meydana yayaydı gur meqafonlar,

Onların tarixi xidməti nədir.

 

Onlar özlərindən ağır yükləri,

Qitədən qitəyə çəkib gediblər.

İnsan tarixinin minillikləri,

Bellərində gəlib bu günə qədər.

 

Quranda rəftarı, səsi pislənib,

Qınaqdan, tənədən əyilən heyvan.

Nə xidməti yadda, nə də ki əsli,

Danlanan, söyülən, döyülən heyvan.

 

Yeməkdən gözü tox, tamahsız suya,

Çörək də daşıyan, su da daşıyan.

Belində yeriyib sivilizasiya,

Heyvanlıq simvolu sayılan heyvan!

 

28.11.2016

Samara

 

 

ÇƏTİN ADAM

Adamlar cürbəcür olur dünyada,

Mən də bu dünyada çətin adamam.

İndi yox, əvvəldən elə çətinəm,

Çətinlik boynuma biçilib mənim.

Deyirər fizika, cəbr kimiyəm,

Tərsimi həndəsə, üzvi kimyayam.

Çətin adamın da qaradır günü,

Asan adamlardır çünki yan yörən.

Evdə hamı asan, işdə eləcə,

Çətinsən onların içində təkcə.

Qohum-qardaş asan, qonşular asan,

Dünya nizamını sanki pozursan.

Hamı üzügülər, hamı mehriban,

Bu ona qurbandır, o buna qurban.

Hamı da tutulur məni görəndə,

Baxır, köks ötürür biri dərindən.

Biri üz çevirir, biri dalını,

Dinməzcə çəkilib gedir qalanı.

Ancaq hər cürü var asanların da,

Var boynu pambıqla kəsənləri də.

Silər yer üzündən eləsi səni,

Elə bil həlli yox bir məsələsən.

Asan adamların planetində,

Çətin adamların günü çətindir…

 

24 11.16

Samara

ALTMIŞ ÜÇ

  63

 

Hər səhər yataqda, zəif, yarımcan,

Tanrı ölülükdən dirildir məni.

Sanki daş tabutda yatan Lazaram,

“Dur, yeri!” deyərək qaldırır məni.

 

Büdrəyə-büdrəyə mən də çıxıram,

Ayaqlarımdasa dəfn ipləri.

Möcüzə göstərib çəkildi Tanrı,

Gərək öz gücümlə gedəm irəli.

 

Yenidən dünyanın adamlarına,
Qoşulub gedirəm. Çənəmi sıxan

Dəfn yaylığını açıb atıram,

Sinəmi doldurur sərin bir axın.

 

Yenə də oyanır min ehtiyacım,

Çarpışam, çalışam, gərək tələsəm.

Yenə də bir tikə çörək dalınca,

Qan-tər axıdıram, qaranəfəsəm.

 

Hərə öz hayında, tələsir hamı,

Yıxıldın – tapdayıb keçir izdiham.

Yalayıb it kimi yaralarımı,

Üzə gətirirəm. Yenə qalxıram.

 

Daş tabutdan qalxıb dirilməyin də,

Dünyaya ilk dəfə doğulmağın da,

Səbəbi, mənası bilmirəm nədir.

Möcüzə göstərib susur tanrı da…

ƏLYAZMASI.jpg

 

17-18. 11. 2016

Samara

 

ONKOLOJİ ŞÖBƏ

               xərçəngdən ölmüş əzizlərimin

                          xatirəsinə

 

Kim deyib oyundur həyat? Şekspir?

Mahirdi, əlbəttə söz oynatmağa,

İngilis dühası. Hansı oyun? Sirk?

Teatr? Serial – baş aldatmağa?

 

Bəlkə adi qumar ya bəlkə şahmat?

Depüt, mittelşpil və endşpil?

Hansı oyuna da bənzəsə həyat,

Əslində o heç də oyun deyildir…

 

Hanı qaydaları, oyunsa əgər? 

Əgər teatrsa,  rejissoru kim?

Kimdi ağ xalatda gedib-gələnlər?

Onlar həkimdilər? Yoxsa ki, hakim?

 

Dünya teatrdlr — ingilis deyib —

Guya aktyoruq hər birimiz də.

Səhnəyə buranın nəyi bənzəyir?

Oyundur? Axı yox rəqibimiz də…

 

Əgər faciəsə, kimdi yazanı?

Hanı qaydaları, oyunsa əgər?

Əgər teatrsa, rejissor hanı?

Və kimdir ağ xalat geyib gəzənlər…

 

05.11.16

Samara

 

 

 

 

ƏRƏBQARDAŞBƏYLİ. APREL, 1961

Gəlib çatmamışdı işıq hələ ki,

Kənddə televizor yox idi onda.

Beş-altı evdəydi radio bəlkə,

Batareyası yox yarısının da.

 

Naxır qabağıydı əsasən o vaxt,

Təzə xəbərlərin yayılan yeri.

Bilinmir kişiydi ya da ki arvad,

Dedi: “göyə çıxıb Yuri Qaqarin”.

 

Palçıq topuğacan, qaloş yamaqlı,

Hər qabarlı əldə söyüd pərdisi.

Çaşırdı deyəsən hamının ağlı,

Heç biri bilmirdi tapıb nə desin.

 

Belə çıxırdı ki, göyə çıxıbsa,

Allahın yanına çıxıb bu insan.

Oranı dolaşıb yaxşı baxıbsa,

Tanrını uzaqdan görüb azından.

 

Kim bilir, bəlkə rus Allahı görüb,
Hökumət deyəcək görməyib amma.

Bəlkə rusu görüb buluda girib,

Hər göyə çıxana görünməz Allah…

 

Ancaq çıxmağına çıxıb rus göyə

Hökumət bu boyda yalan deməz ki.

Bəlkə bundan sonra biz də gün görək,

Göyə köçürərlər kəndi də bəlkə…

 

Bəlkə hissə-hissə, bəlkə də birdən,

Yığıb apararlar bizi kosmosa.

Olsa, orda olar Xruşşov deyən,

Yəni ki, ürəyin nə arzularsa…

 

Bura cəhənnəmdir, bura türmədir,

Yarıac yaşadıq, palçığa batdıq.

Göydə adam kimi ömür sürərdik,

Yaşardıq Allahın qanadı altda…

 

Kasıb, balaca kənd, gözdən həm uzaq,

Uzaq səhiyyədən, uzaq elmdən.

Kommunizm qabağı qıt idi ət, yağ,

Yox idi fizika müəllimi də.

 

Kosmik fəza nədir yox idi bilən,

Yerin cazibəsi, orbiti nədir.

Nə gedən olmuşdu, nə ordan gələn,

Təlaş qarışırdı ümidlərinə…

 

Kür həminki kimi axıb gedirdi

Pambıq cücərirdi yaxın tarlada

Günəş qızarırdı  həminki yerdə,

Heç nədə bir nişan yoxdu Tanrıdan…

28-30.10.2016

Samara

ÜRƏYİ DAŞ ÖLKƏ…

Ürəyi daş ölkə, zülmkar vətən! —

Heç kimi titrətmir bu hönkürtülər.

Mərhəmət bilmədən, ara vermədən,

Qadınlar döyülür, öldürülürlər.

 

Qayış keçirirlər, ciyə salırlar,

Sığala həsrətli boyunlarına.

Dəmli sağlıqlarda “xanım” sayılan,

Qadın yumruq altda boyanır qana.

 

Zülmdən özünü yandıran olur,

Zülmdən özünü suya atan var.

Gündə neçəsinə bıçaq vurulur,

Analar, bacılar baltalanırlar.

 

Məmur qabağında fağır, ikiqat,

Polis qışqıranda sarsılan, əsən.

Rəis görən kimi quzu, farağat

Kişilər qadını doğrayar, kəsər.

 

Cəbhədən yayınan, fərari gəzən,

Kölgəsindən qorxan, gözü kölgəli.

Qadının cəlladı, qadını əzən,

Kişilər bürüyüb, basıb ölkəni.

 

“Cənnət anaların ayağı altda” –

Nəbinin diliylə deyən hər insan,

Cəhənnəm yaradır bir neçə qatda,

Tanrı gözündənsə uzaqdır yanan…

 

21 oktyabr 2016

Samara

 

 

ƏLLİ İL QABAĞIN KİNOLARINA…

Əlli il qabağın kinolarına,
Ya yüz il əvvəllin şəkillərinə,

Baxanda görürsən, ya elə gəlir,

O vaxtdan insanlar dəyişib yaman.

 

Üzlər indikindən ifadəliymiş,

Baxışlar fikirli, fikirlər dərin.

Baxdıqca baxırsan, şəklin hər biri,
Taledir, qarayla-ağla deyilmiş.

 

Hamı bir sifətdə indi elə bil,

İfadəsi kasıb sifətlərinsə.

Gün-gündən artırıq, Tanrı hər kəsə,

Bəllə də fərdilik çatdıra bilmir…

 

10.10.2016

Samara

 

KƏND QƏBİRİSTANI

Bir tərəfi Kürdür, bir tərəfi yol,

Bir tərəf çəpərdir, bir tərəf arxdır.

Daha böyütməyə bir qarış da yox,

Dəyişmir yüz ildir, hamıya çatır.

 

Köhnə qəbirlərin qalanı azdır,
Tək-tük qalanın da yazısı gedib.

Kənd qədər yaşı var yenə azından,

Kəndinsə yaşının bəlkə yox dibi.

 

Bütün kəndlər kimi dəyişir bu kənd,

Kür boyu yuxarı, aşağı gedir.

Çin divarı kimi ucaldaraq bənd,

Arxanı bərkidir, qabağa gedir.

 

Həyətlər böyüyür, yekəlir evlər,
Torpaq çox olsa da, çatmır ərazi.

Özündən firavan görən fikirli,

Qardaş qardaşından acıqlı gəzir…

 

Kəsir su yolunu qonşu qonşunun,
Girişi-çıxışı bağlanan da var.

Arvadın-uşağın, heyvanın, quşun,

Qoyma-qışqırığı anbaan qopar…

 

Kürün qırağında əl içi boyda,

Yer tutur bu kəndin qəbiristanı.

Bəlkə yüz illərdir eyni qaydada,

Hamı ölənini burda basdırır.

 

Bəlkə də əlli il qabaq çəkilən,

Hasar bu günəcən həmin yerində.

Alır öz payını bura hər gələn,

Torpaqdır altı da, üstü də indi…

 

Hasardan bu yanda hamı bərabər,

Hasarın bu yanı sülh yuxusunda.

Hasardan o yanda müharibələr —

Keçir insan ömrü qurd yaxasında…

 

07.10.2016

Samara