ƏRƏBQARDAŞBƏYLİ. APREL, 1961

Gəlib çatmamışdı işıq hələ ki,

Kənddə televizor yox idi onda.

Beş-altı evdəydi radio bəlkə,

Batareyası yox yarısının da.

 

Naxır qabağıydı əsasən o vaxt,

Təzə xəbərlərin yayılan yeri.

Bilinmir kişiydi ya da ki arvad,

Dedi: “göyə çıxıb Yuri Qaqarin”.

 

Palçıq topuğacan, qaloş yamaqlı,

Hər qabarlı əldə söyüd pərdisi.

Çaşırdı deyəsən hamının ağlı,

Heç biri bilmirdi tapıb nə desin.

 

Belə çıxırdı ki, göyə çıxıbsa,

Allahın yanına çıxıb bu insan.

Oranı dolaşıb yaxşı baxıbsa,

Tanrını uzaqdan görüb azından.

 

Kim bilir, bəlkə rus Allahı görüb,
Hökumət deyəcək görməyib amma.

Bəlkə rusu görüb buluda girib,

Hər göyə çıxana görünməz Allah…

 

Ancaq çıxmağına çıxıb rus göyə

Hökumət bu boyda yalan deməz ki.

Bəlkə bundan sonra biz də gün görək,

Göyə köçürərlər kəndi də bəlkə…

 

Bəlkə hissə-hissə, bəlkə də birdən,

Yığıb apararlar bizi kosmosa.

Olsa, orda olar Xruşşov deyən,

Yəni ki, ürəyin nə arzularsa…

 

Bura cəhənnəmdir, bura türmədir,

Yarıac yaşadıq, palçığa batdıq.

Göydə adam kimi ömür sürərdik,

Yaşardıq Allahın qanadı altda…

 

Kasıb, balaca kənd, gözdən həm uzaq,

Uzaq səhiyyədən, uzaq elmdən.

Kommunizm qabağı qıt idi ət, yağ,

Yox idi fizika müəllimi də.

 

Kosmik fəza nədir yox idi bilən,

Yerin cazibəsi, orbiti nədir.

Nə gedən olmuşdu, nə ordan gələn,

Təlaş qarışırdı ümidlərinə…

 

Kür həminki kimi axıb gedirdi

Pambıq cücərirdi yaxın tarlada

Günəş qızarırdı  həminki yerdə,

Heç nədə bir nişan yoxdu Tanrıdan…

28-30.10.2016

Samara