Архив | Февраль 2023

DANTE ALİGYERİ. İLAHİ KOMEDİYA. CƏHƏNNƏM

1200px-Dante_Domenico_di_Michelino_Duomo_Florence

1-Cİ NƏĞMƏ

(FRAQMENT)

1 Ömrün yarısını adladığım dəm,

Qaranlıq meşədə gözümü açdım,
Gördüm azıb yolu itirmişəm mən.

+

4 Ah, mən o meşədən necə danışım:

Yabanı, qorxuncdur, sarsılır ürək.
Saxlar o dəhşəti hələ yaddaşım.

+

7 Acıydı az qala o an ölüm tək,

Elə qılıq gördüm  fəqət mən orda,
Ayrı şeyləri də söyləyəm gərək.

+

10 Ora necə girdim – deyil yadımda,
Elə tutulmuşdum  xumarlıqla mən,

Azıb itirmişdim düz yolu hətta.

 +

13 Bu düzün bitdiyi yerdə yüksələn,
Dağın ətəyinə yetişdiyim an,

Qorxu sancdı mənim qəlbimi birdən.

 +

16 Gördüm baş qaldırıb baxdığım zaman

Arxası qızarır düz yol hər kəsə

Göstərən planet şüalarından.

 +

19 Məni iztirabla üzən o gecə,
Qəlbimin gölünü yel tək əsdirən,

Qorxu azalmışdı sonra bir azca.

 +

22 Necə ki, birisi  dərin dənizdən,

Qaranəfəs halda çıxıb sahilə,

Dönüb baxır qorxunc sulara birdən;

 +

25 Ruhum də eləcə: qaçırkən hələ

Dönür, dalda qalan yerə baxaraq.

Ordan sağ çıxmayıb bir insan belə.

+

28 Bir azca dincimi sonra alaraq,

Üz qoydum adamsız yamac sarı mən,
Qalxdım, ayağımıla verərək dayaq.

 +

31 Və dikin başlanan yerində birdən,

Dayanır cəld, oynaq bəbir önümdə.

Tanınır ləkəli xəz dərisindən.

 +

34 İstəmir çəkilib yolumdan gedə,

Kəsərək yolumu durur  eləcə,

Məcburam dolanam, dönəm yenə də.

 +

37 Gözünü açırdı səhər təzəcə,

Günəş də qalxırdı, həndəvərində

Həmin ulduzlardı, onları necə,

 +

40 Oyatdı İlahi Sevgi ilk dəfə;

Beləcə qəlbimdə ümid yarandı:

Aldım əlvan xəzi indi hədəfə.

 +

43 Hava da gözəldi, şirindi an da,

Qorxudan titrədim fəqət yenə mən,

Şiri göz önündə görən zamanda…

italyan dilindən tərcümə

fevral 2023, Samara

 

«BİLİRİK QONAĞIQ BU HƏYATDA BİZ…»

cropped-u-lenc4b0.jpg

Bilirik qonağıq bu həyatda biz,
Ayrı münasibət görür hər insan.

Adın qonaqdırsa, gərək susasan,

Qonağın küsüsü, gileyi yersiz.

 +

Çatmır hamıya yer yuxarı başda,

Düşən çox süfrənin başından uzaq.

Tanıyan, üzünə baxan yox, ancaq,

Qabağa atarlar səni savaşda.

 +

Yox bu ziyafətin sonu, əvvəli,
Bura gələn yoxdur, gətirilən var.

Hamıya xoş deyil gördqyü rəftar,

Fəqət dualıdır hər kəsin dili.

 

18. 02. 2023

 

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-15

İlham Əliyev 4

Bağlamışam  sərhədləri,

Donquldanır xalq yenə.

Təkcə Ruben gəlib-gedir,
Dəyəmmirəm xətrinə.

 +

Laçın yolundadır yenə,
Bizim ekofəallar.

Əl edirlər Vardanyana,
Hər keçəndə qırışmal.

Eyyy! Uxx!

 +

Mehriban ev bağışladı,
Qəşəm Nəcəfzadəyə.

Kim eşitdi, alqışladı,

Uçdu sevincdən göyə.

 +

Kimdir Qəşəm Nəcəfzadə,
Doğrusu bilmirəm mən.

Qonaq olub bəlkə bizdə,
Cəbhəyə mən gedərkən.

Eyy! Uxxx!

 +

Səxavətdə Mehribanın,
Bu dünyada yox tayı.

Hamıya ürəyi yanır,

Nəyi varsa, paylayır.

 +

Kimə bir ev, kimə iki,
Bağışlayır arvadım,
Biznes alır kimsə yekə,

Kimsə vəkil mandatı.

Eyy! Uxxx!

 +

General poqonu verir
Bir də gördün çavuşa.

Şəhəri, rayonu verir,

Deyir get qazan, yaşa.

 +

Nazirliyi peşkəş edir,
Səfirliyi də hərdən.

İşləri çox yaxşı gedir,
Ölkənin bu səbəbdən.

Eyyy! Uxx!

 +

Bundan şeir yazıb Leyla,
Bu gecə səhərədək.
Ramiz Rövşən bizim dilə,
O şeiri çevirəcək.

 +

Bitirincə tərcüməni,

Qabağıma qaçacaq.

Yaxşı bilir məndən yeni,

Mənzil alacaq qoçaq.

Eyy! Uxxx!

17. 02. 2023 Samara

AİLƏ PORTRETİ

Kimisə ötürürlər, kimsə qarşılanır ya,

Otuz nəfərə yaxın bəlkə sayları olar.

Yarımdairə olub obyektiv qabağında,
Qala divarı kimi qohumlar dayanıblar.

 +

Üç sıradır bu divar, alınmaz, möhtəşəmdir,

Sığınıb bir-birinə durub şəkildəkilər.

Bilməz heç biri qorxu, qaçıb-dağılmaq nədir,

Əli qılınclı gələ, topla ya tankla gələ.

 +

Həvəskar obyektivin önündəki divarda
Üç nəslin monolit tək durub nümayəndəsi.

Uşaq, yeniyetmə var, qarımış arvad da var,
Hər birinin kefikök, üzügülərdir əksi.

 +

Əlli-ayaqlıdırlar, yoxdur azarlıları,
Yox əfəl görünəni, çəliyə söykənəni..

Ailə sevgisiylə bərkiyib sıraları,
Bu sevgidən bərk sement dünyada yoxdur yəni.

 +

Ah, ayrı şeylər də var bu dünyada sevgidən!

Obyektiv qabağağında duranlardan bir nəfər,
Xərçəng xəstəliyilə yaxalanarsa birdən,

Ya başqa bir azardan yatağa düşsə əgər

 +

Çaxnaşma və tərəddüd sıralarda yaranar,
Bəhanə axtarılar baş götürüb qaçmağa.

Portret gözəlsə də, möhtəşəmsə də divar,

Taleyin bir zərbəsi bəs elər onu yıxa.

14. 02. 2023, Samara

«TÜRKÜN DOSTU TÜRKDÜR» SÖZÜNDƏN TALIŞ İNCİMİRSƏ, O TALIŞIN ÜRƏYİ YOXDUR…

12.11.22

“Qardaş Türkiyə!” (Niyə “bacı” Türkiyə yox, “qardaş Türkiyə?)

“Türk qardaşlarımızın yanındayıq!” (niyə türk bacılarımızın yanında deyilik?)

“Bir millət, iki dövlət!”

“Türkün türkdən başqa dostu, qardaşı yoxdur!”

Aha! Yoxdur deyirsiniz? Bunu talış necə başa düşməlidir? Belədirsə, talış niyə Türkiyəyə yardım etməlidir? Axı dövlət yardımında bütün əhalinin payı var. Əgər türkün qardaşı türkdürsə, Türkiyəyə yalnız türkdilli azərbaycanlılardan yardım getməlidir. Belə deyil?

Türkün qardaşı yalnız türkdürsə, talış niyə əsgər getməlidir? Niyə Qarabağ uğrunda vuruşmalıdır? 44 günlük müharibədə Lerikin bir kəndi əhalisi iki ilyon yarım olan Bakıdan çox şəhid verib. Bu cavanlar Azərbaycan üçün yox, türk üçün ölüblərsə, nahaq ölüblər. Belə deyil?

“Bir millət, iki dövlət”? Bu necə olur? Bəs siz Qarabağ ermənilərinə demirsiniz ki, bir millətin iki dövləti olmaz?

Deyək ki, br millətin iki dövləti ola bilər. Ancaq millətin vahid dili olmalıdır. Biz osmanlılarla bir millətiksə, iki dildən biri artıqdır. Yəni biri dildir, o biri onun  dialekti ya da ləhcəsi. Osmanlılar, əlbəttə, öz dillərini dil sayırlar, bizimkini ləhcə. Bizim pantürkistlər də belə sayıblar. Ona görə Hüseyn Cavid osmanlıca yazıb və onun əsərlərini tərcümə eləmədən ya da ən azı azərbaycancaya uyğunlaşdırmadan başa düşmək mümkün deyil.

Siz istəyirsiniz ki, sabahdan “pis” deməyək, “götü” deyək?

“Bir millət, iki dövlət” iddiası Azərbaycana xəyanətdir, bununla dövlətçiliyimizin əsasları sarsılır, azərbaycanlıların millət olduğunu inkar edilr.

Əgər xalq, yəni onun etnik türk hissəsi osmanlıların ağuşuna atılmağa hazırdırlarsa, talışın bu qızğın, ehtiraslı  ağuşdan var gücüylə yayınmağa haqqı var.

“Bİz türkük!”

 “Türklər dünyanı idarə edəcəklər!”

Haçan? Kim, hansı türklər dünyanı idarə edəcəklər? Ölkəsində feodal-faşist rejimi yaratmış Türkmənbaşılar, ölkəsini ailə mülkiyyətinə çevirmiş quldur Nazarbayevlər, Kərimovlar? Bu şizofrenik iddianın arxasında nə dayanır? Sovet imperiyasından çıxan türkdilli ərazilərdə ən rəzil rejimlər yaranır, əhali müti şəkildə əsli-kökü olmayan, hakimiyyətə quldurluqla gəlmiş hampazorların ailəvi əsarətinə dözür. Hansı dünya ağalığını arzulayırsınız? Özünüzə yaxşı baxın, nə gündə olduğunuzu görərsiniz.

Türkçülük isteriyası Azərbaycanın içəridən qurd kimi yeyəcək, çünki gündə milyon dəfə “biz türkük” deməklə başqa etnik qruplarda dözlətə, ölkəyə qarşı inciklik və hətta nifrət yaranır. Özünüzü talışın yerinə qoyun: hər dəfə “türkün yeganə dostu türkdür” iddiasını eşidəndə hansı hissləri keçirərdiniz?

Bu şüarı Erdoğan səsləndirəndə də ağ yaan deyir. Osmanlıların qardaşları almanlardır. Almaniyada üç milyondan çox etnik türk var, vaxtilə Almaniyaya ayağı çarıqlı fəhlələiyə gələnlər orda savadlanıblar, adam içinə çıxablar, biznneslər qurublar, deputat seçilirlər, nazir olurlar. Həsən bəy Zərdabini, Üzeyir bəyi, Mirzə Fətəlini, Mirzə Cəlili ruslar oxudub bizim milli sərvətimizə çeviriblər. Türklərdən öyrənən Caviddir ki, yazdığını tərcümə ilə oxuuruq.

Bizim qardaşlarımız və bacılarımız qabaqcıl millətlərdir, ölkələrini həbs düşərgələrinə çevirmiş, insan qanı içən diktatorlar yox. Bizim qardaşımız, bacımız bizə rentgeni, penisilini, pasteri, radionu, televizoru, təyyarəni, İnterneti vermiş almanlar, ingilislər, fransızlar, amerikalılardır, on minlərlə mehseti türklərini diri-diri yandıran, hamilə qadınları qarılnlarıı cıran özbəklər yox.

Azərbaycan çoxmillətli dövlətdir – nə qədər ki, bu əsas birgəyaşayış qanununa çevrilməyib, ölkənin gələcəyi tükdən asılı olacaq. Talışı məktəbdənn, mətbuatdan, teatrdan mərhum etməyiniz bəs deyilmş kimi, indi onun boynuna zorla türkçülüyü də qoyursunuz.

Utanın! Talışların verdiklləri saysız şəhidləri xatirəsinə hörmət edin!

Türkiyə zəlzələsi indi ekranda eyni vaxtda nümayiş etdirilən çoxsaylı realiti-şouya çevrlib. Günün qəhrəmanı – drunduletinə köhnə yorğan-döşək yüykləyib şəhəri fırlaan və bunu videoya çəkdirib yayan manısdır. Onun nimdaş yatacağına osmanlı yiyə durmayacaq. Bu manıs işləyən, qan-tər tökən adama da oxşamır, yəqin avantüristin biridir, gəlib nənəsinin pal-paltarını yükləyib arabaya, hərçən ağlı işləyir ki, bunu videoya çəkdirsin.

Şoy baş tutub.

Və şou davam etməlidir!

Bizim rəhbərliyə isə bu zəlzələ Allahın meməti kimi oldu. İndi bu hay-küyün, mərəkənin fonunda nə qədər fəalı istəsən şərləyəb dama basa bilərsən. Nə qədər bandit MTN-çini damdan buraxıb oğurladığı miluyardları özlərinə qaytara bilərsən…

Mən bir anlığa təsəvür elədim ki, talışam. Və gördüm ki, bu komediya, bu türkçülük hoqqabazlığı mənim xoşuma gəlmir. Mən nəinki inciyirəm. MƏn hətta hiddətlənirəm də!

Mirzə ƏLİL

  1. 02. 2023, Samara

«SÜLEYMAN OLAN YERƏ DEYƏRDİM MƏNİ GÖNDƏR…»

    Süleymanın xatirəsinə

Bir əsr ötdü, qardaş —

Gör haçandır  sən gedən!

Elə çoxalıb ki, yaş,

Düzü, utanıram mən…

 + 

Getmirəm daha yurda,

Məmə köçüb gedəndən.

Kənd hələ yadımdadır,

Unudulubdur Vətən.

 +

Avtovağzala çatıb,
Avtobusdan düşərkən,

Məni qarşılasaydın,

Gələrdim yenə bəlkə.

 +

Orda məni axtarır

Bəlkə ölüm mələyi,

Kimsə qalmayıb axı,

Yerimi bilib deyə.

 +

Düşüb qarabaqara,
İzimə, gəlsə əgər,

Süleyman olan yerə,
Deyərəm məni göndər…

 

11.02. 2023, Samara

CƏNUB AZƏRBAYCANLILARINA AZƏRBAYCAN MƏKTƏBİ LAZIMDIRMI?

Bizim yeyib-içməyən, gəzməyən, ata, ana, ər, arvad, övlad sevgisni qəlbindən çıxarıb onu türkçülüyə qızğın, həris məhəbbətlə əvəz edən soydaşlarımız zarıyırlar ki, “…niyə cənubdakı 40 milyon azərbaycanlının öz dilində məktəbi yoxdiur”.

Hər şeydən əvvəl demək lazımdır ki, 40 milyon söhbəti yalandır. Bu, mərhum Heydər Əliyevin vaxtında 200-300 min ton pampıq yığıb Moskvaya bir milyon iki yüz min tonun raportunu vermək kimi bir şeydir. Yəni şişirtməyə, yalana bizi elə yoluxdurublar ki bu azardan çətin sağalaq. Cənubda lap 20 milyon azərbaycanlı varsa və onların öz dillərində məktəbləri yoxdursa, bu yalnız onların maymaqlığını və əfəlliyini göstərir. Bir həftənin içində bu məsələni üsyansız, qiyamsız  həll etmək olar. İranda dərs ili nə vaxt başlanır? Həmin gün azərbyacanlı ailələrindən olan uşaqlar məktəbə getməyələr. Hamısı. Bir gün, üç gün, beş gün… Əgər əhalinin sayı 40 milyondursa, azərbaycanlı uşaqların sayı ən azı yeddi-səkkiz milyon ya daha çox olmalıdır. Bu qədər uşağın məktəbi, yəni fars məktəbini boykot etsəydi, Tehran hökuməti məcbur olardı ki, ən azından Azərbaycan dilində ibtidai məktəblərin açılmasına icazə versin. Azərbaycanlı isə hərəkətə gəlmir. Bir vaxt böyük Sabirin yazdığı kimi sızıldayır:

Ah, bu məşrutən şah neçin verməyir,
Gah verir filməsəl, gah neçin verməyir…

Ancaq daha ciddi sual var: cənub azərbaycanlılarına öz dillərində məktəb lazımdırmı? Belə məktəblər açılsa, çoxmu azərbaycanlı uşaqlarını fars məktəbinə yox, Azərbaycan məktəbinə göndərəcək?

Mən son vaxtlar cənublulara Tvitterdə baxıram. Azərbaycanca yazanlar var, ancaq çox deyil, əsasən entuziastlardır.  “Türkcəyaz” həşteqi də hələ ki, az insanı ilhamlandrır. Cənublu Azərbaycan şairi ölüb, biri azərbaycanlı soydaşlarına başsağlığı bildirir, ancaq bunu farsca yazır…

Şimali Azərbaycanın nümunəsi bizə nə deyir? Çar vaxtından rus-tatar məktəbləri olub, bolşeviklər Azərbaycan dilində məktəblər açıblar, təhsil icbari olub. Otuz ildən çoxdur ki, müstəqil dövlətik. Bəs niyə indiyəcən vətəndaşların çoxu uşaqlarını rus məktəbinə verir ya vermək istəyir? Niyə indiyəcən Bakı əhalisinin çoxu özünü “rusdilli”adlandırır, yəni dövlət dilinə tüpürür? Niyə prezidentin öz uşaqları, nəvələri Azərbaycan dilini bilmirlər? Niyə Azərbaycan dövlətinin büdcəsi rus məktəblərinin saxlanılmasına milyardlara pul xərcləyir, halbuki Azərbaycanda cəmi 70-80 min rus qalıb…

Və buna görə də şimalda guya cənubluların dərdindən yaxalarını cıran cənablar və xanımlar özlərini ələ alsınlar, ətraflarına baxsınlar. Azərbaycan məktəbinin davasını eləyənlərin çoxu burda Azərbaycan dilinə müvəqqəti bir anlaşılmazlıq kimi baxır, onun osmanlı dili ilə əvəz olunacagünü  səbirsizliklə gözləyirlər.

Biz yəqin ərəblərin vaxtından, yəni 1300 ildir ki, “zəlzələ” sözünü işlədirik və bu söz bizə doğma və halaldır. İndi Azərbaycan saytlarında türklərin qondardığı “deprem” sözünü oxuyanda istər-istəməz qarğışlayırsan ki, “vay, səni “deprem” qurbanı olasan”. “Ekib” sözünü gördüm, başa düşmədim. Sözə çox diqqət edəndən sonra başa düşdüm ki, bu, fransızların “equipe” sözüdür, osmanlılar çırpışdırıb salıblar öz dillərinə, bizim meymunlar isə yəqin bunu qədim türk sözü sayırlar…

Kül başınıza…

10. 02. 2023, Samara

P.S. Ev tapşırığı: Azərbaycan Respublikasında talış məktəbləri varmı?

ŞOPENHAUER

12.11.22

“Tanrımız  insanları güclü, zəif yaratdı,

Polkovnik Kolt hamını etdi ancaq bərabər”.

Yaranandan İnternet, sosial şəbəkələr,
Sanki bərabər olub hamı intellektdə də.

 +

Əgər Şopenhauer yaşasaydı bu zaman,
Tvitterdə uzağı adını tanıdardı.

Kanal açar YouTube-da, ya da Teleqramda,

Deyərdi çıxarmayın “layk” qoymağı yaddan.

 +

“Donat” da istəyərdi, utanıb-sıxılsa da,

Ac qarına düşünmək, deyərdi, gəlmir vecə.

Subay qocaların da az deyil axı xərci,

Düşünə daim gərək kimi ki, filosofdusa.

 +

Bir günə beş min-on min “layk” yığardı bəlkə,
Zəvzəklər tökülüşüb trollayardılar da.

Bəlkə başı xarab tək onu tanıyardılar,
Kimliyini bilərid nə dünya, nə də ölkə.

 +

Tanrıya şükr eləyək gərək usanmadan biz.

İnternet yox, yaratdı polkovnik Kolt revolver,
Kütləyə qarışardı yoxsa Şopenhauer,

Bəşər yaşardı alman dahisindən xəbərsiz.

05.02. 2023, Samara