Bizim yeyib-içməyən, gəzməyən, ata, ana, ər, arvad, övlad sevgisni qəlbindən çıxarıb onu türkçülüyə qızğın, həris məhəbbətlə əvəz edən soydaşlarımız zarıyırlar ki, “…niyə cənubdakı 40 milyon azərbaycanlının öz dilində məktəbi yoxdiur”.
Hər şeydən əvvəl demək lazımdır ki, 40 milyon söhbəti yalandır. Bu, mərhum Heydər Əliyevin vaxtında 200-300 min ton pampıq yığıb Moskvaya bir milyon iki yüz min tonun raportunu vermək kimi bir şeydir. Yəni şişirtməyə, yalana bizi elə yoluxdurublar ki bu azardan çətin sağalaq. Cənubda lap 20 milyon azərbaycanlı varsa və onların öz dillərində məktəbləri yoxdursa, bu yalnız onların maymaqlığını və əfəlliyini göstərir. Bir həftənin içində bu məsələni üsyansız, qiyamsız həll etmək olar. İranda dərs ili nə vaxt başlanır? Həmin gün azərbyacanlı ailələrindən olan uşaqlar məktəbə getməyələr. Hamısı. Bir gün, üç gün, beş gün… Əgər əhalinin sayı 40 milyondursa, azərbaycanlı uşaqların sayı ən azı yeddi-səkkiz milyon ya daha çox olmalıdır. Bu qədər uşağın məktəbi, yəni fars məktəbini boykot etsəydi, Tehran hökuməti məcbur olardı ki, ən azından Azərbaycan dilində ibtidai məktəblərin açılmasına icazə versin. Azərbaycanlı isə hərəkətə gəlmir. Bir vaxt böyük Sabirin yazdığı kimi sızıldayır:
Ah, bu məşrutən şah neçin verməyir,
Gah verir filməsəl, gah neçin verməyir…
Ancaq daha ciddi sual var: cənub azərbaycanlılarına öz dillərində məktəb lazımdırmı? Belə məktəblər açılsa, çoxmu azərbaycanlı uşaqlarını fars məktəbinə yox, Azərbaycan məktəbinə göndərəcək?
Mən son vaxtlar cənublulara Tvitterdə baxıram. Azərbaycanca yazanlar var, ancaq çox deyil, əsasən entuziastlardır. “Türkcəyaz” həşteqi də hələ ki, az insanı ilhamlandrır. Cənublu Azərbaycan şairi ölüb, biri azərbaycanlı soydaşlarına başsağlığı bildirir, ancaq bunu farsca yazır…
Şimali Azərbaycanın nümunəsi bizə nə deyir? Çar vaxtından rus-tatar məktəbləri olub, bolşeviklər Azərbaycan dilində məktəblər açıblar, təhsil icbari olub. Otuz ildən çoxdur ki, müstəqil dövlətik. Bəs niyə indiyəcən vətəndaşların çoxu uşaqlarını rus məktəbinə verir ya vermək istəyir? Niyə indiyəcən Bakı əhalisinin çoxu özünü “rusdilli”adlandırır, yəni dövlət dilinə tüpürür? Niyə prezidentin öz uşaqları, nəvələri Azərbaycan dilini bilmirlər? Niyə Azərbaycan dövlətinin büdcəsi rus məktəblərinin saxlanılmasına milyardlara pul xərcləyir, halbuki Azərbaycanda cəmi 70-80 min rus qalıb…
Və buna görə də şimalda guya cənubluların dərdindən yaxalarını cıran cənablar və xanımlar özlərini ələ alsınlar, ətraflarına baxsınlar. Azərbaycan məktəbinin davasını eləyənlərin çoxu burda Azərbaycan dilinə müvəqqəti bir anlaşılmazlıq kimi baxır, onun osmanlı dili ilə əvəz olunacagünü səbirsizliklə gözləyirlər.
Biz yəqin ərəblərin vaxtından, yəni 1300 ildir ki, “zəlzələ” sözünü işlədirik və bu söz bizə doğma və halaldır. İndi Azərbaycan saytlarında türklərin qondardığı “deprem” sözünü oxuyanda istər-istəməz qarğışlayırsan ki, “vay, səni “deprem” qurbanı olasan”. “Ekib” sözünü gördüm, başa düşmədim. Sözə çox diqqət edəndən sonra başa düşdüm ki, bu, fransızların “equipe” sözüdür, osmanlılar çırpışdırıb salıblar öz dillərinə, bizim meymunlar isə yəqin bunu qədim türk sözü sayırlar…
Kül başınıza…
10. 02. 2023, Samara
P.S. Ev tapşırığı: Azərbaycan Respublikasında talış məktəbləri varmı?