
1960-cı illər
Kosmosa uçan il Yuri Qaqarin,
Kennedi ağ evə gəldiyi vaxtda,
Bizim xalqımız da qalmadı geri,
Böyük bir hadisə yaratdı o da.
=
Radio vardısa evində kimin,
Bir gün eşidildi səsi Zeynəbin.
Bu səs oxşamırdı heç kimininkinə,
Bu həm doğma səsdi, həm də əcnəbi.
=
Dinəndə çaşdırar, məəttəl qoyar,
Başında tükləri ürpədər həm də.
Oxuyan nə Fatma Mehralıyeva,
Nə Şövkət, nə Sara, Tükəzban nə də.
=
Yoxdu televizor kənddə o vaxtlar,
Şəklini görən də Zeynəbin azdı.
Tək-tük qrammafon valı alanlar,
Görə bilərdilər şəklini üzdə.
=
Bu zalım qızıının, deyirdi hamı,
Bəlkə də gözəldir özü səsindən.
Baxışı ilan tək çalır adamı,
Bir də görürsən ki, alışır bədən…
=
Gəldi televizor dövranı sonra,
Kimin gücü çatdı, aldı kənddə də.
Cib dəsmalı boyda ekran, ağ-qara,
Verdiyi sevincsə dünyalar qədər.
=
Leonid Brejnev, Axundov Vəli —
Rəhbərlər gəldilər evlərə birdən.
Hərdən Əliağa, hərdən Lütvəli,
Gəldi Nəsibəylə Bəşir də hərdən.
=
Yığışıb qonşuda futbola baxdıq,
Ağladııq baxaraq “Leyli-Məcnun”a.
Gözlədik il boyu Məşədibadı,
Gülüşdük qarnımız cırılanacan…
=
Sonra qasırğa tək gəldi elə bil
Xanlarova Zeynəb televizora.
Tanrı qəzəbi tək tək şığıdı qəfil,
Gəldi, camaatı saldı azara.
=
Qolu, çiyni açıq, sinəsi açıq,
İşvəli gözlərdə ocaq qalanmış.
Vardısa bir azca müsəlmançılıq,
Çıxdı axırına əndamı yanmış.
=
Dayanan deyilmiş səhnədə müti,
Açdı qollarını, oynadı zalım.
Sən bu kişilərdə gör məşəqqəti,
Hərənin çəkdiyi içində qalıb.
=
Baxır qaşqabaqlı Məmmədhüseyn,
Deyir «kim buraxır bunu bu halda”.
Qardaşı Ərəstun gülür, əksinə,
Deyir “səsi qəşəng, oynamağı da”.
=
“Sakit olun!” deyir Böyükkişə,
Özü oxuyandır, dəyər verəndir.
Ətirlənib gəlib, əyni də təzə,
Zeynəb ona baxır elə bil indi…
=
Durub qabağında televizorun,
Özünü Zeynəbə oxşadır Atlas.
Deyir məndə ola bəzəyi bunun,
Vallah, gözəllikdə mənə tay olmaz…
=
Başını bulayır Tükəzban xala,
Düşür sümüyünə səsi Zeynəbin.
Deyir “əyni-başı abırlı ola,
Neynək, oynasın da, axı nə eybi…”
=
Əlini əlinə vurur Şiralı,
“Yaxşı qulaq asın, deyir, mənə siz,
Bizim qız-gəlin də, daha az qalıb,
Belə geyinəcək, görəcəksiniz…”
=
Əsəbi qatılır debata Yavər.
“Əşşi, bir köpüklük oxuyan deyil”.
Əsir dodaqları, üzü, boynu tər,
Şeytanla döyüşə girib elə bil…
=
Gəldi dağlı qızı, gəldi qəfildən,
İtirdi özünü bizim kənd yazıq.
Dəyişdi baş-beyin, dəyişdi bədən,
Dəyişdi hərarət, nəbz və təzyiq.
=
Bilindi su deyil axan damarda,
Qandır — qaynamaqdır qanın xassəsi.
Günahkar yaradıb bizi yaradan,
Günah tək şirindi Zeynəbin səsi…
06-08. 09. 2020, Samara
Понравилось это:
Нравится Загрузка...