Otuz beş il oldu bura gəldiyim,
Şəhərə yağırdı… şıdırğı, soyuq.
Gecə aeroport cəhənnəm idi,
Qarşılayan da yox, gözləyən də yox…
=
Şəhər yöndəmsizdi – özü, həm adı,
Söyürdü elə bil “Kuybışev” deyən,
Bu adı beş il də daşıyacaqdı,
Öz adı dönüncə geri yenidən.
=
Dolandım qıraqda otuz beş ili,
Şəhər də heç mənə gəlmədi yaxın.
Tabordan qovulan qaraçı bilir
Bəlkə də… bilmir ki, nədir günahım…
=
Məni bu şəhərə gətirən uçar,
Şığıyıb dalımca gələn deyildir.
Şəhərə yenə də şıdırğı yağar,
Açılmır ürəyim otuz beş ildir…
23.09. 2020, Samara