SEYİD ƏZİM ŞİRVANİNİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «HANI O MAH İLƏ MƏN İŞRƏT ETDİYİM GECƏLƏR…»

Vikipediyada muğam haqqında “Muğam ensiklopediyası”ndan götürülmüş iri məqalə var. Belə başlanır: “Muğam, muğamat (ər. məqam – yəni vəziyyət, mövqe)
– mürəkkəb, ideya – emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən xalq musiqi dühasının gözəl məhsuludur.”

Elə birinci cümləni oxuyan kimi “yalançının lap…” deyərək  dayanırsan və dalını (türkün məsəli – məqalənin dalını) oxumursan. Çünki Azərbaycan xanəndələrinin muğamlarla oxuduqları qəzəlləri qulaqucu da dinləyən adam bilir ki, “bədii həyəcan”, “dərinbitkin təfəkkür” kimi ifadələr qondarmadır və ağ yalandır.

Yeri gəlmişkən: bu məqaləni tərtib edən insan bilirmi ki, “bitkin təfəkkür” nədir? Olasan, Kefli İsgəndər demişkən, Rüstəm-zal, yıxasan bunu yazanı yerə, çıxasan qarnının üsünə, deyəsən ki, yazdığını indi mənə izah elə, lütfən…

Muğamlar, əlbəttə oxunduğu kimi, çalınır da. Çalınan, yəni instrumental musiqidə çox şey görmək, daha doğrusu, çox şey eşitmək olar. Bu, dinləyənin hazırlığından asılıdır. Ancaq xanəndə ifasında muğamın interpretasiyasını oxunan sözlər müəyyən edir. “Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım” – bu misra ilə oxunan qəzəli eşidəndə hansı “bədii həyəcan yarana bilər”? Kişi açıq mətnlə deyir ki, sevgilisi gəzəyəndir, nə qədər yalvar-yaxar edirsə, elə gəzir… Burda nə “emosional məna”? Orta statistik soydaşım gərək bunu eşidəndə deyə “kül sənin kişi başına”. Ancaq demir. Soydaşım bunu demir, əksinə, bu xoşqeyrtəlilik manifestini yazan Əliağa Vahidi dahi sayır…

İndi Seyid Əzim Şirvaninin “Gecələr” rədifli qəzəlinə baxaq. Bu qəzəli arvadlı-kişili çox xanəndə oxuyub və hə oxunanda minlərlə soydaşım “bədii həyəcanın” təlatümündən qəşş edib.

“Hanı o mah ilə mən işrət etdigim gecələr,
Tülui-sübhə kimi söhbət etdigim gecələr.”

Yəni Seyid Əzim və ya onun lirik qəhrəmanı bir xanımla gecələr “işrət edirmiş”, indi ortaya ayrılıq düşüb, Seyid və ya onun qəhrəmanı stress keçirir. Birinci beytdən onu başa düşürük ki, Seyid gecələr “işrət edəndən”sonra səhər açılana kimi xanımla söhbət edirmiş. Yəqin xanım gözəl olduğu kimi həm də “bitkin təfəkkürlü” imiş.

“Gedəndə yar, durub naz ilə kənarından
Alıb ələ ətəgin, minnət etdigim gecələr.”

Gecə seyidə bəs eləmirmiş. Yar səhərə yaxın durub gedəndə Seyid onun ətəyindən tutub minnət edirmiş ki, getməsin. Burdan həm də onu başa düşmək olar ki, xanım Seyidin yanına gizli gəlib-gedir, yəqin əri var.
“Düşəndə xatirimə göglərə çıxır ahım,
O mahparə ilə xəlvət etdigim gecələr.”

Birinci beytdə xanım “mah”, yəni “ay”idi, ind oldu “mahparə”, yəni ay parası…
“Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb,
Təvafi-kuyi üçün niyyət etdigim gecələr.”

Yəqin xanımn əri duyuq düşüb, Məşədi İbad kimi bir yekə qıfıl alıb qapını qıfıllayıb, Seyid də ayaqyalın, başaçıq göz yaşı tökür…

Yaxşı ki, Məcnun kimi tamam soyunmayıb…

“Gəlib nihani dəri-yarə, üz qoyub xakə,
Qübarın öpməgə ol cürət etdigim gecələr.”

Aha! Gecələr xəlvət gəlir xanımın evinin qabağına, özünü yıxır yerə, xanımın ayağının tozunu öpür…

İndi xanımın əri onun hənirini duya, üş-dörd heybətli iti açıb buraxa… Şamaxıda da itlər olur ha…

“Deyəndə yar mənə dərd, mən deyərdim can,
Məzaqə təlx sözün şərbət etdigim gecələr.”

Belə çıxır ki,  Seyiddə və ya onun qəhrəmanında özünü aşağılatmaq, incidilməyə və hətta təhqirə məruz qoymaq meylliyu var. Xanım ona “dərd” deyir, o, xanıma “can”…Belə özünüaşağılatmağın elmi adı da var. Bəziləri özlərini döydürürlər də…

Mükərrər eyləyib ol acı sözlərin, Seyyid,
Özüm-özümə dönüb ləzzət etdigim gecələr.

Və yəqin Seyid xanmdan o qədər təhqirlər görüb ki, uzun müddət dönə-dönə xatırlaylb “ləzzət etməyə” kifayətdir…

Soruşula bilər: niyə muğam sevənlər oxunulan sözlərə fikir vermirlər? Bu sualın cavablarından biri “Məşədi İbad”filmindədir. Ortastatistik azərbaycanlı muğama toylarda və başqa şənliklərdə yediyini gövşəyə-gövşəyə qulaq asır. Yəni nəinki sözlər, hətta musiqinin özü də qulaqlarından yan keçir. Oxunan şeirlərə qalanda, indi Azərbaycanda yaxşı şeiri pis şeirdən, əslində şeir olanı şeir olmayandan ayıra bilən çoxmu adam var?

 

03. 06. 2026, Samara