Архив | 12.06.2026

FƏRİDİN XATİRƏSİNƏ

 

Ağac böyütməyin nəyi çətindir?-

Əkdin – boy atacaq günlə, saatla.

Suyu göydən gələr, dəni də yerdən,

Ya meyvə gətirər, kölgə salar ya.

 

Bağ, meşə salarsan olarsa əzmin.
Göz açıb-yumunca ərsəyə gələr.

Oğul böyütmək tək deyil bu çətin,

Kim oğul böyüdüb – yəqin ki, bilər…

 

Hər kəs ev də tikər, olsa niyyəti,

Zəngin – dəbdəbəli, kasıbsa – sadə.

Evdəki həyatdır evin qiyməti,
Qiymət nə daşdadır, ağacda nə də.

 

Ağacın quruya, ya meşən yana,

Ağrıdar, əlbəttə, üz verən itki.

Ancaq işə yatar əllərin yenə,
Əkər, becərərsən il ötən kimi.

 

Ev də yana bilər, su dağıdar ya,
Məhv olar həmçinin içindəkilər.

Yenə qollarını çırmalayaraq,

Tikırsən daha da zəngini bəlkə.

 

Heç kim, heç nə yoxdur ancaq həyatda,
Oğul itkisinin yerini tutsun.

Nəinki meyvəsi, kölgəsi hətta
Yox bağın — sərini yara soyutsun.

 

Oğul yox, evinin istisi itər,

Dağıt, tik təzədən – həmindir yenə.

Qəbrinin üstündə bir çiçək bitər,
Gözünün yaşıyla sulayar ana…

 

12. 06. 2026, Samara