Архив | 21.06.2026

SAYINI BİLƏN YOX MƏZARLIQLARIN…

Rusiyada neçə məzarlıq olar? –

Bunu dəqiq demir statistika.

Bəlkə indilərdə yüz minə çıxa,

Düz sayı ölkədə çətin bilən var.

 

Kəndlər ləğv olunur, qəsəbələr də,
Köçə bilən köçür, ölür qalan da,

Şəhərin öləni doğulanından

Artıqdır, kiçilib gedir şəhər də.

 

Şəhərdə, həm kənddə qəbirdir artan.
Qalxır hər gün yeni məzar sırası,
Sıralar uzundur, sıxdır arası,
Bayrağa bürünüb hər qəbirstan.

 

Bağlı tabutlarda basdırılırlar,
Şərəfsiz yürüşdən gətirilənlər,

Pul dalınca gedib ölüb-itənlər,

Hələ tapılmayan gör nə qədər var!

 

Cırılır bayraqlar qış küləyindən,

İslanır qəbirlər yaz yağışından,

Ziyarət edəni, yaş axıdanı,

Tək-tükünün olar, olsa da – hərdən…

 

Onları ölkə, xalq xatırlayacaq?
Dili gələcəkmi “qəhrəman” deyə?

Onlarsa ən qara bir səhifəyə,

Ölkənin adını yazdılar ancaq.

 

Hərdən elə gəlir keçəndə gecə,

Gəzər məzarlığı ruh kimi kimsə,
Sayar qəbirləri, razı gülümsər.

Kimdir o? Bu hərbi törədən qoca?…

 

21.06. 2026, Samara