Архив | 16.06.2026

QOCA DONDURMA YEYİR…

Otuzu da keçib deyəsən isti,
Kölgəli yerlər də şəhərdə qızır.

Volqaya üz tutur sərin istəyən,
Çaydan uzaqdakı havalı gəzir.

 

Kvas içir ya da “pivələyirlər”,

Qızıb içkinin də alveri indi.

Gecə yarıyacan, boğaza qədər

İçəsən, susuzluq elə həmindir.

 

Yanını qumuna çayın basaraq,
Bir qoca oturub “plombir” yeyən.

Ucuzundan alıb, dondurma ancaq,
Nə qiymətə olsa, dadlıdır yenə…

 

Yemir dondurmanı, düzünü desək,
Sümürür, yalayır buzlu neməti,

Dilini çıxarır hərdən ilan tək,

Hərlədir, ucuyla dadır şərbəti.

 

Kiçilir, əriyib gedir plombir,
İnsan ömrü kimi əriyir elə.

Uşaqlıq, cavanlıq beləcə gedir,
Çökür xatirəsi damağa, dilə….

 

Bəlkə plombiri yeyir son dəfə,

Bəlkə sonuncudur aldığı bu həzz.

Bizə dondurma da kaş ki, vəd edə,
Xurma kölgəsini vəd eləyən kəs…

 

16. 06. 2026, Samara

NƏHAYƏT, BİLİNDİ Kİ, ŞEKSPİR AZƏRBAYCANLI, AZƏRBAYCAN TÜRKÜ İMİŞ…

 

Şekspirin ölümündən dörd yüz ildən çox keçdiyinə baxmayaraq indi də təkcə İngiltərədə yox, bütün dünyada Uilyam Şekspirin əsl kimliyi barədə mübahisələr davam edir. Yəni Şekspirin Şekspir olduğuna şübhələr var, guya Şekspirin adıyla tanınan əsərləri əslində başqa adam yazıb, ancaq o adamın kim olduğu hələlik dəqiqləşdirilməyib.

Başqaları ilə işim yoxdur, şəxsən mən üç-dörd gündür ki, Şekspirin əslində kim olduğunu bilmişəm. O adam azərbaycanlı, yəni vozqurtlar demişkən, Azərbaycan türkü olub. Adı… Adını elan edirəm: Hidayət Orucov!

Üç-dörd gün əvvəl mən başa düşdüm ki, Şekspirin əsərlərini, yəni “Hamleti”, “Makbeti”, sonetləri azərbaycanlı yazıb. Yazmağı bir yana, bu adam indiyəcən yaşayırmış, yəni uzunömürlülükdə talış babamız Şirəli Müslümovu da üç dəfə keçibmiş. İndi, nəhayət, bu dahi Azərbaycan türkü (vozqurtlar demişkən) dünyasını dəyişib…

Sual verilə bilər: Mən niyə bu nəticəyə gəlmişəm? Qabaqcadan cavab verirəm: bu üç-dörd gündə Hidayət Orucovun ölümünə, həyat və yaradıcılığına həsr olunmuş məqalələrdə, postlarda mərhumun ünvanına elə təriflər var ki, onlara Şekspirdən başqa heç bir dünya dahisi layiq görülə bilməz. Dünyada isə o yekəlikdə iki dahinin olmağı mümkün deyil. Yəni ikisindən biri artıqdır. Ona görə də əsl Şekspirin Azərbaycan türkü (vozqurtlar demikən)  Hidayət Orucov olduğuna şübhə qalmır.

Hidayət Orucov nəinki ədəbiyyat dahisi olub, o həm də ümumbəşər dahisi, universal dahi olub, yəni həm kommunust, həm liberal, həm demokrat, həm əliyevçi, həm vəzirovçu, həm mütəllibovçu, həm elçiyəyçi, yeri gələndə rüşvət də alıb, vəzifə borcunu yerinə yetirməkdən ötrü. Rüşvət deyəndə ki, hədiyyə…

İndi gərək İlham Əliyev Britaniyanın baş naziri Starmerlə və Kral Çarlzla danışıb bizim Şekspirimizi bizə qaytara, və bütün dünya bilə ki, Şekspir-zad yoxdur, Hidayət Orucov var…

İndi ermənilər bunu biləndə elə şoka düşəcəklər ki, Artsax da yadlarından çıxacaq… Yəni əsl Şekspirin (Hidayət Orucov) əsl ölümü Azərbaycana sülh gətirəcək…

Mən burda bir rusa dedim ki, Şekspir bizimdir. Qaşqabağını sallayıb ddi ki, sabah deyərsiniz ki, Lev Tolstoy da sizindir…

Doğrudan da… Bəlkə Lev Tolstoy da bizimdir?

 

Mirzə ƏLİL

16. 06. 2026, Samara