Otuzu da keçib deyəsən isti,
Kölgəli yerlər də şəhərdə qızır.
Volqaya üz tutur sərin istəyən,
Çaydan uzaqdakı havalı gəzir.
Kvas içir ya da “pivələyirlər”,
Qızıb içkinin də alveri indi.
Gecə yarıyacan, boğaza qədər
İçəsən, susuzluq elə həmindir.
Yanını qumuna çayın basaraq,
Bir qoca oturub “plombir” yeyən.
Ucuzundan alıb, dondurma ancaq,
Nə qiymətə olsa, dadlıdır yenə…
Yemir dondurmanı, düzünü desək,
Sümürür, yalayır buzlu neməti,
Dilini çıxarır hərdən ilan tək,
Hərlədir, ucuyla dadır şərbəti.
Kiçilir, əriyib gedir plombir,
İnsan ömrü kimi əriyir elə.
Uşaqlıq, cavanlıq beləcə gedir,
Çökür xatirəsi damağa, dilə….
Bəlkə plombiri yeyir son dəfə,
Bəlkə sonuncudur aldığı bu həzz.
Bizə dondurma da kaş ki, vəd edə,
Xurma kölgəsini vəd eləyən kəs…
16. 06. 2026, Samara
