YUSİF RÜSTƏMOV DEDİ: «HEÇ PEYKDƏ DƏ YERİM YOXDUR». O, ƏLBƏTTƏ, KOSMİK APARATI NƏZƏRDƏ TUTMURDU…

Salyanlı Emil B. Məmmədovun səhifəsində düz  qırx bir il əvvəl cəmi bir dəfə görüşdüyüm, ancaq indiyəcən yadımdan çıxmayan bir adamın kiçik yazı ilə müşayiət olunan şəklini gördüm. Bu adam 1990-cı ildə ölmüş Yusif Rüstəmovdur.

1985-ci ildə Moskvada təhsildən qayıdandan sonra mən bir neçə ay işsiz oldum. Məni Yazıçılar İttifaqından Azərbaycan KP Mk-ya göndərdilər, orda başdansovdu vədlər, elə o cür başaldatdı telefon zəngləri. Sonra mənə dedilər ki, Saltyan Rayon partiya komitsinə zəng eləyib tapşırmışıq, səni məktəblərin birinə təyin edəcəklər. Raykomda vaxt təyin elədilər ki, Maarif şöbəsinin müdiri Yusif Rüstəməvun qəbuluna gedim. Mən o vaxtlar Rayon partiya komitəsi yanında siyasi maarif kabinetinin müdiri işləyən Sovet Hüseynovun yanına gedib söhbətləşirdim. Kəndçimiz idi, mənim müəllimim olmuşdu, ilk şeirlərimi redaktə eləmiş, divar qəzetin də vurmuşdu, özü də şeir yazırdı. Sonralar müəllim yoldaşı olduq. Salyana köçəndən sonra o əvvəl məktəb müəllimi, Maarif şöbəsində metodiki kabinənin müdiri işləmiş, sonra rayon partiya komitəsinə keçmişdi. Biz həm də qohum idik, Sovet müəllimin arvadı mərhum Leyla müəllim mənim xalam qızı idi… Sovet müəllimə maarif şöbəsində qəbula gedəcəyimi deyəndə, dedi ki, əgər Yusif müəllim səni rədd eləsə, qayıt gəl bura.

Məni raykomda təlimatçı işləyən Yasər Cəbrayılov Yusif müəllimin kabinetinə ötürdü. Yusif müəllimin FB-a qoyulan şəkli yəqin onun 30-35 yaşında çəkilib. Mən gördüyüm əlli yaşlı adama az oxşayır. Səhv eləmirəmsə, o, iri adam idi. Xüsusən başı və üzü çox yekə idi. Ağzı həmişə geniş açıq idi və irişən kimi görünürdü. Mənimlə salamlaşdı, ancaq oturmaq təklif eləmədi. Ayıb olsa da, özüm haqqında bir neçə kəlmə deməliyəm – bu, oturmaq təklifini niyə niyə qeyd etməyimin izahıdır. Mən Salyanın Qələbə qəzetində uşaq vaxtımdan çap olunmuşam, 1973-cü ildən sonra müntəzəm şeirlərim və məqalələrim çap olunub. Salyanda Qələbəni hər evdə alırdılar. Yusif müəllim məni tanımaya bilməzdi. Bundan əlavə, o vaxta qədər  “Azərbaycan”, “Literaturnı Azerbaydjan”, “Azərbaycan qadını” jurnallarında da yazılarım çıxmışdı. Yusif müəllim, doğrudur, dedi ki, məni tanıyır, ancaq oturmaq təklif eləmədi. Dedi ki, “sizin kimi savadlı adamın mənim Salyanda müəllim işləməyimə çox şad olardım, ancaq çox təəssüf ki, müəllim yerim yoxdur.”

İndi diqqətli olun. Yusif müəllimi həmişəlik mənim yaddaşıma həkk etmiş cümləyə fikir verin: “Heç Peykdə də yerim yoxdur!”

Peyk deyəndə Yusif müəllim, əlbəttə, kosmik aparatı nəzərdə tutmurdu. Yusif müəllim Peyk kəndini deyirdi. Adını eşitdiyim, heç vaxt görmədiyim, səhv etmirəmsə, gəlmə əhali yaşayan ucqar Peyk kəndini.

Mənim iynənin ucu boyda da şübhəm yoxdur ki, Rüstəm müəllim məni lağa qoyurdu. Bütün rayonda yer yoxdursa, niyə məhz ucqar, gedər-gəlməzdə yerləşən Peyk kəndinin adını çəkir və gözəl bilir ki, yer olsa da, Peykə getmərəm.

Niyə Yusif müəllim məni lağa qoyurdu, nəyin qisasını məndən alırdı? Əvvəllər heç vaxt görüşməmişdik…

Və nəzərə alın ki, buna Mərkəzi Komitədən zəng olunub!

İndi Emil B. Məmmədovun postundan görürəm ki, Y. Rüstəmov 1980-ci ildən maarif şöbəsinə rəhbərlik edirmiş. 1985-ci ildə olur beş il. Beş il ərzində rayon maarif şöbəsinin müdiri bilirsiniz nə qədər rüşvət ala bilərdi? Çox, lap çoz. Boğazacan. Harınlamaq, qudurmaq üçün kifayət qədər.

A kişi, sən məni niyə lağa qoyursan. De ki, səndən xoşum gılmir, de ki, mən pulsuz müəllim işə götürmürəm, de ki, Mərkəzi Komiitəyə də, onun rəhbərliyinə də tüpürürəm. Ayıb deyil? Özünü ələ al, sən elə bilirsən min il yaşayacaqsan? Min ilin malını, pulunu yığa bilərsən, ancaq min il yaşaya bilməzsən…

Mən Sovet müəllimin yanına qayıdıb “məruzə elədim”. Sovet müəllim elə mənim yanımda Yusif müəllimə zəng vurdu. “Yusif müəllim, mənim qohumum, qaynım sənin yanında olub. Hə, qaynımdır. Hara? Kürqaraqaşlıya? Müğbil müəllimin yerinə? Sağ ol, deyərəm gələr…”

Sovet müəllim dedi ki, Kürqaraqaşlı kənd məktəbinin qocaman müəllimi Müğbil müəllim ölüb və on iki saat dərsi qalıb. Sənədlərlə get, əmrini versin.

Dalını qısa yazıram ki, başağrlısı olmasın. Mən Kürqaraqaşlı məktəbinə çatanda gördüm ki, Müğbil müəllimin irsi yağmalanıb, nəticədə mənə 12 saatdan cəmi 9 saat qalıb… Bir həftə işlədim. Sentyabrın 3-də ya 4-də yuxarı sinifləri apardılar pambığa, Salyan-Neftçala yolu bağlandı (Sövet hökumətinin həsrətini çəkənlər üçün yazıram), bir neçə dəfə yaşadığım Ərəbqardaşbəylidən Kürqaraqaşlıya piyada gedib-gəldim. Yeddinci ya səkkizinci günün tamamında ərizə yazıb getdim maarif şöbəsinə, katibə Yusif müəllimə imzalatdırdı, əmək kitabçamıa möhür vurub verdilər…On gündən sonra o vaxtlar Kuybışev adlanan Samaraya uçdum və 41 ildir ki, burdayam…

Emil B. Məmmədovyn Yusif Rüstəmov haqqında postu belə başlayır: “…həyatda tanıdığım ən həyalı adamlardan biri- 1980-1990-cı illərdə Salyan Rayon Maarif Şöbəsinin müdiri işləmiş Yusif Xəlil oğlu Rüstəmov..”

?

Əslində 1985-ci ildə məni Azərbaycandan qaçırmış hər kəsə minnətdaram. Çünki orda qalsaydım, çoxdan sümüklərim çürümüşdü. Az-çox öyünə bildiyim işlərin əksəriyyətini əlli, altmış yaşdan sonra görmüşəm. Burda, Rusiyada.

Bu mənada daha bir adam minnətdarlığa layiqdir: Salyan milisində pasport masa rəisi Sərraf… (soyadını bilmirəm, müəllim də demək istəmirəm, hərçənd milisə, səhv etmirəmsə, tarix müəllimliyindən keçmişdi). O məni qeydiyyata salmaqdan imtina elədi. Müəllim dostum Əhədov Məmmədağa öz şəxsi mülkünə yazdırmaq istədi, rədd etdi, mərhum doktor Şarova dördotaqlı mənzilinin kitabını verdi, getdim, geri qaytardı.

Emil bəy, onların xidmətlərini qeyd edin! Mənim həyatımın elə bir qiyməti yoxdur, hərçənd insan həyatıdır, Yisif müəllim də, Sərraf da onun xilasında rol oynayıblar. Bunu bur-iki sətirlə qeyd etməyə dəyməzmi?

Ümid edirəm ki, hörmətli Emil bəy, məndən inciməz, top tüfəng atmazsınız. Rusların bir ifadəsi var: nayti svoyu nişu. Yəni öz işini tapmaq. Köhnə adamları təzə adamlara xatırladırsınız, onları yaxınlarının nəzərində tarixi şəxsiyyətlərə çevirirsiniz. Buna haqqınız var və mən sizin işinizə qarışmaq fikrində deyiləm. Ancaq mən istərdim ki, başqa bir salyanlı həmin adamların başqa tərəflərini də göstərsin. Salyanda polis, milis, maarif şöbəsi,  səhiyyə şöbəsi – bunların hamısı korrupsiya yuvası olub. Siz məndən ən azı on yaş kiçiksiniz. Mən məktəbə birinci təyinatı 1972-ci ildə almışam. Bilirsiniz ali və orta ixtisas məktəblərinin məzunlarının başına maarif şöbəsində nə oyun açırdılar? Şorsulu sakininə Ksürsəngini təklif edirdilər, Kürsəngi sakininə Şorsulunu. Sonra hər ikisindən pul alıb öz kəndinə təyin edirdilər. Mənim bir dostum şəhər məktəbində altı saat dərs almaq üçün 500 manat (beş yüz!) rüşvət vermişdi. Soruşmayın ki, hansı müdirin vaxtında – istər Yəhya müəllim olsun, istər Yusif, istər Qulam…

Mən istəmirəm ki, korrupsionerlər, büdcəni dağıtmış, sadə insanların zəli kimi qanını içmiş adamlardan qəhrəman obrazları yaradılsın. Ölüm insanları bərabər eləmir. Eləsəydi, insan yaddaşının bir qara qəpik qiyməti olmazdı.

Mən bir vaxt xalqı minib çapan raykom katiblərinin, prokurorların, hakimlərin, idarə müdirlərinin, kolxoz sədrlərinin xalq qəhrəmanlarına çevrilməsinin əleyhinəyəm. Siz özünüzü hüquq müdafiəçisi adlandırırsınız, yəqin ki, həqiqətən də belədir, bu gün insanların hüquqları kütləvi surətdə ona görə posulur ki, Azərbaycanda idarəçilik sovet dövründən qalmadır. Orda hətta Gürcüstanda, Ermənistanda çoxdan keçirilən adminstrativ reforma da keçirlməyib. Raykomlarda olan hakimiyyət keçib icra başçılarına, birinci katiblərdəki qudurğanlıq da keçib onlara, sonuncuların səlahiyyətləri, oğurlamaq, soymaq imkanları isə qat-qat çoxalıb.

Bu gün gündəlikdə birinci məsələ keçmişin ideallaşdırılması yox, keçmişin, xüsusən yaxın keçmişin obyektiv analizidir.. Bunsuz nəyisə radikal şəkildə dəyişmək mümkün deyil…

04. 09. 2026, Samara