Öz aralarında, öz ölkələrində bir-birlərini didən, hətta kütləvi qırğınlara məruz qoyan müsəlmanlar qərb ölkələrində müsəlman dinli kimsə hansı sahədəsə böyük uğur qazanırsa, on milyonlarla müsəlman İnternetdə atəşfəşanlıq düzəldir, yəqin qurbanlar da kəsilir, nəzir-sədəqə verilir. Müsəlmanların fikrincə, müsəlman Lamin Yamalın fövqəladə nailiyyətlərinə səbəb onun dinidir, yəni müsəlman olmağıdır.
Lamin Yamal müsəlman ölkəsində yox, İspaniyada doğulub, atası Mərakeşdən gəlib, anası xristiandır. Lamin Yamalı katolik İspaniya böyüdüb boya-başa çatdırıb, Barselonanın akademiyasında futbolçu istedadı açılıb. Mərakeşdə doğulsaydı, o adda futbolçunu yəüin ki, heç kim tanımazdı.
Sonuncu dünya çempionatında Mərakeş millisinin tərkibindəki oyunçuların 18-i (on səkkizi!) Avropada doğulub. Onlardan altısı İspaniyada, altısı Fransada, üçü Niderlandda, üçü Belçikada doğulub və o ölkələrdə boya-başa çatıblar. Daha bir nəfər – qapıçı Yassin Bunu Kanadada doğulub.
Mərakeşin qırx milyona yaxın əhalisi var, hamısı da müsəlmandır. Bəs odra niyə Əşrəf Hakimi, Lamin Yamal kimi futbolçular yetişmir?
Valideynləri əlcəzairli olan Zinəddin Zidan və Kərim Benzema Fransada doğulublar və Fransanın futbol təhsili, futbol industriyası onlardan dünya şöhrətli idmançılar yetişdirib.
Realın və Arsenalın əfsanəvi futbolçusu Mesut Özil etnik türk olsa da, türk futbolçusu deyil, alman futolçusudur. Eləcə də İlkay Gündoğan.
Şöhrətlilər arasında müsəlman axtarmaq, tapıb özününkü saymaq kasıblıqdandır, çünki müsəlman ölkələrinin nə elmdə, nə incəsənətdə, nə də idmanda qərb ölkələri ilə müqayisə edilə biləcək nailiyyətləri var.
Futbol oyunu qaydalarına görə necə sadə olsa da və ya sadə görünsə də, intellektual yarışdır. Futbol dağıstanlıların və çeçenlərin lider olduqları oyunlardan deyil. Futbolda yumruq, təpik işləmir. Yumruqla, təpiklə futbolçu da yetişməz. Əhalinin total kontrol altında olduğu ölkələrdən keyfiyyətli futbol gözləməyə dəyməz. Azadlıqdan mərhum insan çidarlı at kimidir. Çidarlı at cıdıra çıxarmı?
İndi gürcülərə baxaq: Xviça Kvaratsxeliya – PSJ (Fransa), G. Mamardaşvali – Liverpul (İngiltərə), J. Mikautadze – Vilyareal,(İspaniya), G. Koçoraşvili – Sevilya, (İspaniya) Z. Davitaşvili — Sent Etyen, (Fransa), G. Çikvetadze – Udineze, (İtaliya)B. Zivzivadze – Haydenhaym (Almaniya). Bunlardan əlavə, Rusiya çempionatında da xeyli gürcü oynayır. Niyə Avropanın top liqalarında bir nəfər belə azərbaycanlı yoxdur? Niyə müsəlman dini onları gürcülər qalxan zirvələrə qaldırmır? Yeri gəlmişkən, Rusiya çempionatında erməni də az deyil, onlardan biri, Zaxaryan, indi ispan çempionatında oynayır, Spertsyanı səudilər 25 milyon avroya alıb apardılar.
Azərbaycan, əlbəttə, tam müsəlman ölkəsi deyil. Ancaq Azərbaycandakı repressiv siyasi rejim, feodalizm dövrünü xatırladan idarəçilik, fərdi azadlıqların ləğvi – mühüm dərəcədə müsəlman zehniyyəti ilə bağlıdır. İqtisadiyyatın doxsan faizinin kölgədə olduğu ölkədə prioritet futbolun kütləviliyi, bütün regionların zəruri infrastruktura malik olması deyil, “Qarabağ”, “Sabah” kimi siyasi və ya piar xarakterli proyektlərdir. Azərbaycan çempionatında iştirak edən komandalar elə Azərbaycan parlamentinin formalaşma prinsipi ilə yaradılır, Milli Məclisə deputatlar necə təyin edilirlərsə, tarixi, ənənələri, hətta bəzən öz stadionu olmayan komandalar da eləcə yuxarıdan yaradılır.
1966-cı ildə Neftçi SSRİ çempionatında 3-cü yeri tutub bürünc medal qazananda komandada cəmi bir azərbaycanlı var idi – Yaşar Babayev. Bir azərbaycanlı da var idi, Adil Babayev, o vaxtkı qaydalara görə ona medal düşmürdü, çünki oyunların 50 faizindən azında oynamıdı. Deyəsən, Bakı Moskvanı razı salıb Adil Babayevə də medal yazdırdı… Kapitan erməni Eduard Markarov idi, o, 1970-ci ildə Yerevana gedənədək Neftçinin tərkibində 96 qol vurub, 1966-cı ilin dünya çempionatında SSRİ yığmasınında Banişevski ilə birlikdə Bakını təmsil edib…
Yəni o vaxtdan Azərbaycan futbolu, daha doğrusu, azərbaycanlı futbolu irəli getməyib, bəlkə də geri gedib. Gürcü, erməni uşaqları saatlarla top qovanda, bizim kəndlərdə uşaqların qəpik-qəpik yığdıqları pula aldıqları topu valideynlər cırırdılar ki, işdən yayınmasınlar…
Futbol söhbətini uzatmaqda məqsədim top futbolçular arasında daim müsəlman axtaran, hətta müsəlman olmayanları müsəlman elan edən insanlara fikrimi çatdırmaqdır. Futbol oyununu ingilislər yaradıb və onun heç bir dinlə heç bir əlaqəsi yoxdur. Futbol yarışlarında uğurun ya uğursuzluğun səbəbini dində axtarsaq, onda gərək razılaşaq ki, Allah bu oyunda xristianların tərəfindədir, çünki bütün çempionatları xristian ölkələr udublar…
Əlbəttə, müsəlmanları bizim adam təkcə top idmançılar arasında yox, elmdə, biznesdə uğur qazanmış şəxslərin arasında da axtarır. Bu da yoxsul insanın zəngin qohumları ilə fəxr etməsi kimi bir şeydir. Siz əvvəl Lamin Yamalı Lamin Yamal edən katolik İspaniyaya baxın, sonra da baxın onun atasının doğulduğu Mərakeşə. Diqqətlə baxın, görəcəksiniz ki, kral Mərakeşində, demokratik azadlıqların olmadığı Mərakeşdə Lamin Yamalın şansı sıfra bərabər idi. Bunu Qızıl top sahibi Usman Dembele haqqında da demək olar. Atasının vətəni Malidə, anasının vətəni Seneqalda ya Mavritaniyada onun şansı var idimi? Dembele də Zidan kimi, Benzema kimi fransız futbolçusudur, vəssalam.
FB-da rilzlərə baxanda tük ürpədən videolar qabağıma çıxır. Bir cavan oğlan son dərəcə eybəcər sifətli molladan soruşur ki, tualet kağızından istifadə etmək olarmı. Molla deyir ki, olar. Daşdan, torpaqdan da istifadə etmək olar. Molla deyir ki, peyğəmbərimiz su olmayanda özünü torpaqla təmizləyirmiş…
Mən fikirləşirəm: bu cavanın ayrı problemi yoxdur? Niyə tualet kağızından istifadə üçün molladan sanksiya almalıdır? Bəlkə naqqallığından bu sualı verir?
Quranda deyilir ki (yəni bunu Allah deyir), ayaqyolunda olmusunuzsa, arvadımənızla zad eləmizinizsə və su tapmırsınızsa, özünüzü qumla təmizləyin…
Bunu guya yeri-göyü yaradan Allah deyir. İnanmalı deyil. Bunu insan deyir. Və o insan ki, hər addımbaşı bulaqları pıqqıldayan, çayları şırıldayan Qafqazı görməyib. Bu insan elə ərəbərin yaşadıqları yarımadanı görüb, həmişə sudan korluq çəkib…
Sonra bu ərəblər gəlib həmin Qafqazı işğal ediblər.Əlbəttə, min kilometrlərlə yolu at, dəvə belində ona görə gəlməyiblər ki, bizim ulu babalarımıza və nənələrimizə özlərini torpaqla sürtüb təmizləməyi öyrətsinlər. İşğalçılar başqa ölkələrə niyə gəlirlərsə, onlar da ona görə gəliblər. Və işğal elədikləri əraziləri asan idarə eləmək üçün əhalini özlərinin təzə yaratdıqları dini qəbul etdiriblər. Qəbul eləməyənlərə vergi qoyublar. Bizimkilər qəbul eləyiblər. Bablarımızdan nə qədər müqavimət göstərəni olub, bilmirik. Az olmazdı. Ancaq biz indiyədək babalarımızı zorlamış bu ərəblərin cazibəsindən çıxa bilmirik. Əsrlərin təcrübəsindən bilirik ki, onların təlimi bizə yaxşı heç nə gətirməyəcək, ancaq özümüzü ələ ala bilmirik. İndiyəcən bizə özümüzü torpaqla, qumla təmizləməyi buyuran Quranı öpüb qoyuruq gözümüzün üstünə…
03. 09. 2026, Samara
