Архив | 10.09.2026

«GÖRÜRƏM HƏDDİ YOX, DOST, SEVİNCİNİN…»

Görürəm həddi yox, dost, sevincinin,
Görürəm yer görmür ayağın hətta.

Tanımayan deyər arzuna yəqin

Taleyin çatdırıb səni bu yaşda.

 

Arzuna çatmısan doğrudan da sən,
Xoşbəxtsən – üzündən oxumaq olar.

Elə yerli-yersiz gülümsəyirsən,
Buna, şübhəsiz ki, ciddi səbəb var.

 

İllərlə uğurlu soydaşına sən,
Həsədlə yaşadın, qaraydı hər gün,
Zəhrmar olurdu nə yeyib-içsən,
Sonu görünməyən yas idi ömrün.

 

Qəzaya uğrayıb soydaşın indi,

Dəyir nahaq zərbə yaxşıya bəzən.

Onun çətinliyi müvəqqətidir,

Sənin sevincin tək – deyim, biləsən…

 

Gələr öhdəsindən çətinliklərin,
Qayıdar geriyə itirilənlər.

Dönər iztirabın sənin də yəqin,

Qırışın açılmaz son günə qədər.

 

Özgə enməyilə ucalmaz heç kim,
Səni aşağılar öz paxıllığın.

Ömrün vurnuxmada keçər, necə ki,

Qıvrılar tavada ilanbalığı…

 

 10. 09. 2026, Samara

ALTI BALALI PİŞİYİN NƏĞMƏSİ

Kainat Bədəlovun pişiklərinə həsr olunur

Dünyada analoqu,

Tapılmaz bu pişiyin.

Altıca bala doğub,
Doldurub ev-eşiyi.

 

AzTv yubanmadan,
Çəkib, işıqlandırıb.

Milli Məclis bu zaman,

İşini dayandırıb.

 

Məhəllədən qonşular,

Gəlir gözaydınlığa.

Uzaqdan da gələn var,

Millət qalxıb ayağa.

 

İcra başçısı hətta,
Baş çəkdi dünən bizə.

Dedi: “Prezidentə,
Yazın yaxşı ərizə.

 

Prezident, şübhəsiz,
Bu işi bəyənəcək.

Uşaq pulu hər ay siz,

Alarsnız bir ətək”.

 

Mirzə TƏBİL

10. 09. 2026, Samara