Görürəm həddi yox, dost, sevincinin,
Görürəm yer görmür ayağın hətta.
Tanımayan deyər arzuna yəqin
Taleyin çatdırıb səni bu yaşda.
Arzuna çatmısan doğrudan da sən,
Xoşbəxtsən – üzündən oxumaq olar.
Elə yerli-yersiz gülümsəyirsən,
Buna, şübhəsiz ki, ciddi səbəb var.
İllərlə uğurlu soydaşına sən,
Həsədlə yaşadın, qaraydı hər gün,
Zəhrmar olurdu nə yeyib-içsən,
Sonu görünməyən yas idi ömrün.
Qəzaya uğrayıb soydaşın indi,
Dəyir nahaq zərbə yaxşıya bəzən.
Onun çətinliyi müvəqqətidir,
Sənin sevincin tək – deyim, biləsən…
Gələr öhdəsindən çətinliklərin,
Qayıdar geriyə itirilənlər.
Dönər iztirabın sənin də yəqin,
Qırışın açılmaz son günə qədər.
Özgə enməyilə ucalmaz heç kim,
Səni aşağılar öz paxıllığın.
Ömrün vurnuxmada keçər, necə ki,
Qıvrılar tavada ilanbalığı…
10. 09. 2026, Samara
