Архив тегов | vətən haqqında şeirlər

ROBERT BERNS. AĞLAR QULUN NƏĞMƏSİ

Robert Burns

Məni qul eləyərək doğma Seneqalımda
Düşmənlər gətirdilər Virciniyaya, aman;

Sevimli sahilimdən biryolluq qoparıldım,
Əfsus! Necə yorğunam! Üzülmüşəm nə yaman!
Doğma elimdən indi mən çox uzaqlardayam,
Sevimli sahilimi görmərəm mən heç zaman!

 +

Sevimli doğma yurdda nə şaxta var, nə də qar,
Virciniya-ciniya üşüdür iliyəcən.

Solmur orda çiçəklər, qurumur orda çaylar,

Əfsus! Necə yorğunam, necə üzülmüşəm mən!

Aman! Aman! İl boyu çiçəklər orda yaşıl,
Seneqalımdan ötrü axır gözümün yaşı!

 +

Çəkəm gərək  bu yükü; məni gözlər, qorxuram,

Virciniya-ciniya elində fəlakət, ah!

Dostları yada salıb acı yaş axıdıram,

Üzülmüşəm, öldürər məni belə şiddət ah!

Xəbər tuta dostlarım, aman, mənim halımdan,
Düşmənlər ayrı saldı doğma Seneqalımdan!

 1792

ingiliscədən tərcümə

14. 05. 2024, Samara

QEYD:

Bu şeir şotland xalq nəğmələri janrında yazılıb, altımisralıq bəndlərin son beytləri refrendir, yəni təkrar edilən nəqəratdır. Azərbaycnlı oxucu üçün belə təkrarların yöndəmsiz görünəcəyini nəzərə alıb onları kontekstlə bağlı orijinal misralarla əvəz elədim. Bernsin orijinalı qafiyəsizdir. Mən nəğməni qafiyəli tərcümə elədim və düşünürəm ki, Azərbaycan dilində mətn yzxşı səslənir – X. X.

+++++++++++++

Robert BURNS

The Slave’s Lament

 

It was in sweet Senegal that my foes did me enthrall

For the lands of Virginia-ginia O;

Torn from that lovely shore, and must never see it more,

And alas! I am weary, weary O!

Torn from that lovely shore, and must never see it more;

And alas! I am weary, weary O! Читать далее

ROBERT BURNS. VİDALAŞMA

Robert Burns

         1.

 Qoca, soyuq şotland eli, əlvida,
İsti düzənlərdən əzizsən daha,

Dadlı ananaslar bitirməsən də!

Salamat qal anam, əzizim, incim,

Ah çəkən qardaşım, ağlayan bacım,

Cin, qəlbi kədərli sevgilim, sən də!

Körpəm, salamat qal, sən indən belə,

Məhrumsan qayğımdan, burdadır ancaq,
Mənim sədaqətli qardaşım hələ,

Onda məni də gör, yararlan hər vaxt.

Mənim ürək dostum, Smit, əlvida,
Tanrı amanında sağ-salamat qal.

Dost, məni saxlasan əgər yadında

Dost ol bacım Cinlə, qayğısına qal.

                   2.

Ah, bu nə qüssədir qəlbimi didir,
Söylə, bu ayrılıq zəruridirmi?

“Yox” cavab verirsən sən ağlayaraq,
Əfsus, fəlakətlə üz-üzəyəm mən,
Ehtiyac yıxacaq getməsəm, hökmən –

Читать далее

KLAUSTRAFOBİYA

29 iyun

Bəlkə məni xırda, çəlimsiz həm də,
Tanrım yaratdı ki, zavallı ölkəm,
Möhtəşəm görünə məinm gözümdə.

Taleyin yükünü səbrlə çəkəm.

 —

Mən də yük çəkirdim səbrimi basb,
Nə qədər uşaqdım, ağıldan da kəm.

Mənə bəs edirdi ölkə miqyası,
Başqa bir ölkə də tanmırdım həm.

 — 

Klaustrafobiya adlı bir azar,
Bir gün xirtdəyimdən yapışdı ancaq.

Kiçildi gözümdə ölkəm, oldu dar,

Evsə ruhu sıxan, incidən bucaq.

 —

Böyük çayında da gəmilər üzməz,
Dənizi qapalı – elə adı var,

Hava qıtlığından qaralır nəfəs,

Çünki havaya da yiyə durublar.

 —

Daim qulağında Rəhbərin səsi,
Burnunun ucunda yumruğu hər an.

Əzir, əızışdırır hər kəs hər kəsi.
Qapı, pəncərə yox çıxıb qaçasan.

 —

Klaustrafob azarı haçan,
Kimdən keçdi mənə — deyə bilmərəm.

Bəlkə iki dünya dar gələn insan,
Zehnimi sarsıtdı, ruhumu da həm?

 —

Havası çatmırdı, baş aldı birdən,

Çox gəzib Hələbə gəldi nəhayət,

Adamyeyənlərdən çıxıb əlindən,
Dərisoyanlara ilişdi fəqət…

 —

Çırpınıb, çırpışıb çıxdım ölkədən.

Olanım kağızdı — yaxama sancdım,

Hava istəyirdim sinə dolu mən,
Hava nemət idi — mən axı gəncdim.

 —

Gəncdim, zəifdim həm… Rusdan o yana,
Getməyə çatmadıiradəm, əzmim.

Buranı yuyurdu üç okeanın

Suları. Qıt olmaz hava, deyirdim.

 —

Özü də gözümdə indi kiçilib,
Dünyanı başıma dar edib həm də.

Hər kəsə, hamıya qənim kisilib,

Nə istisi qalıb, havası nə də.

 —

Əhali toplanır, avtomatlanır,
Gedir dağıtmağa, qan axıtmağa.

Getmək istəməyən xain adlanır,

Nəfəs çəkməyin də riskdir daha.

 —

Qorxuram bundan da qara gün gələr,
Kibrit, duz yığıram, bir az da ərzaq.

Ətraf dəri soyan, adamyeyənlər,
Boyum tək dilim də qısadır ancaq…

 

02-03. 07. 2022, Samara

“OTUZ BEŞ İL OLDU BURA GƏLDİYİM…”

Otuz beş il oldu bura gəldiyim,

Şəhərə yağırdı… şıdırğı, soyuq.

Gecə aeroport cəhənnəm idi,
Qarşılayan da yox, gözləyən də yox…

=

Şəhər yöndəmsizdi – özü, həm adı,

Söyürdü elə bil “Kuybışev” deyən,
Bu adı beş il də daşıyacaqdı,
Öz adı dönüncə geri yenidən.

=

Dolandım qıraqda otuz beş ili,
Şəhər də heç mənə gəlmədi yaxın.

Tabordan qovulan qaraçı bilir
Bəlkə də… bilmir ki, nədir günahım…

=

Məni bu şəhərə gətirən uçar,

Şığıyıb dalımca gələn deyildir.
Şəhərə yenə də şıdırğı  yağar,
Açılmır ürəyim  otuz beş ildir…

23.09. 2020, Samara

АЭРОПОРТ С ЮСИФОМ 2

“AH, KEÇİR İLLƏR, UNUDULMUR VƏTƏN…”

 

08.06 2020

Ah, keçir illər, unudulmur vətən,
Gözdən uzaqdırsa da, könlündədir.

Lap çıxasan doğma elindən dünən –

Tüstülənir həsrəti, göz göynədir.

=

Ah, bu günün getməyi… göylər yanar —

Bənzəyir axşamçağına kəndimin.

Təndiri odlar, durub ağlar anam,

İzləyər ancaq qızaran kündəni…

22.09. 2020, Samara

«HARDA GÜNƏŞ VARSA, VƏTƏNDİR QUŞA…»

18.11. 19

Ah, necə də yay tələsir köçməyə,
Həsrətik artıq günəşi görməyə!

 

 

Xoş, quru günlər daha düşmür ələ,
Ah, yenə  tezliklə soyuqlar gələr.

 

 

Astaca yel də üşüdür indidən,
Damcı düşən tək yerə sızlar bədən.

 

 

Quş qatarı gah ucalır, gah enir,
Həndəvəri qıyyası diksindirir.

 

 

Harda günəş varsa, vətəndir quşa,
Yox soyuğa etibarı, yox qışa.

 

 

Sənsə, qoca, dur əlin alnında sən,
Quş qatarından elə bil qalmısan.

 

 

Qan soyuyub canda, qanadlarda buz,
İndi şimaldır əbədi yurdumuz…

 

16. 08. 2020, Samara

QADIN SƏSİ

08.06 2020

 

Bir vaxt Haqverdiyev Əbdürrəhimin,
Yazdığı faciə sanki oynanır.

Kişilərə verib bütün rolları,

Surəti, sözüsə yox qadınların.

 

Hərdənbir, həftədə, ya da ki, ayda,
Dili eşidirəm kişi səsiylə.

Ciddi ya lağlağı danışsalar da,
Dözüb dinləyirəm dil həvəsiylə.

 

 

Anamın dilindən dil eşitdiyim,
Bilmirəm beş ildir, əlli il ya da.

Toyuğa, cücəyə “kiş” deyə indi,

Qarğış da eləyə — qəlbimə yatar…

 

 

Ya anam çağıra adımla birdən,
Ya da Bəyim xala, Tükəzban xala.

Adımda taleyim sanki dinərdi,

Ana dilimizdə haçan tutula…

 

 

Dili eşitmirəm qadın səsindən,
Elə bil çəkilib gedir şirəsi.

Səs vardı, eşitcək qəlbim əsərdi,

Dil elə həmindir, itirdim səsi…

 
Daha incəlikdən yadırğamışam,
Həsrətəm haçandan bal avazlara.

Yox daha eyhamla, himlə danışan,
Susan çoxmənalı pauzalarla.

 

 

Kar kimi, lal kimi indi yazıram,
Səsim batıb qalıb içimdə çoxdan,

Xəbərlə uzlaşır hələ mübtədam,

Çıxmayıb vergülün yeri yadımdan.

 
Səsi yaddaşımdan çəkilən qadın,

Məni yazdığımdan tanıya bəlkə.

ÇağrIla anamın səsiylə  adım,
Bilərəm hardayam, nəçiyəm, kiməm…

 

20-21.06. 2020, Samara

OTUZ İL BƏS DEYİL MİLLƏT OLMAĞA…

08.06 2020

Tayfayıq hələlik, uzağı xalqıq,
Biz indi millətik yalnız ağızda.

Fransız, ingilis, alman olmağa,
Otuz il bəs deyil, əlli il azdır.

 

 

Kasıbıq yaddaşdan, nə gizlədək ki,
Əsrdən o yana  az insan aşar.

Bilən yox babanın babası kimdi
Nə kağız sənəd var, nə də ki, daş var.

 

 

Güdülən, qorunan sərhəd olmayıb,
Vuruşan vuruşub yad ordularda.

Qılınc çalan olub, zəfər çalmayıb,
Papaq özgənindi, yaddı şüar da.

 

 

 

Bəs deyil otuz il millət olmağa,
Qoltuq axtarırırq dürtməyə başı.

Qardaşıq gah türkə əziz və doğma,
Gah da səfəviyik biz, qızılbaşıq.

 

 

 

“Farsdili Nizami bizə fəxrdir”

Deyən həm də farsı söyür nədənsə.

Urus məktəbinə övladı gedir,
“Urus bizi qırdı” söyləyən kəsin…

 

 

Ərəbi söyürük, salmırıq yada,
Kitab da, məscid də ərəbdən gəlib.

Ərəb muğamıyla qidalanaraq,
Bizim müğənninin səsi yüksəlib.

 

 

 

Qurtula bilmirik tayfaçılıqdan,
Vətəndaş deyilik, tayfadaşlarıq.

Hərənin vətəni  hasar dalında

Hərənin sərhədi hasar başıdır.

 

 

Himnimiz, gerbimiz, bayrağımız var,
Varmı dövlətimiz – demək çətindir.

Doğulur, yaşayır, ölür adamlar,
Bilinmir onları xalq edən nədir.

 

 

 

Korporasiyadır ölkə, ya şirkət,
Canı bəsləyən var, canı üzən də.

Millət yaranacaq haçansa bəlkə,
Buna bəs eləməz əsrin özü də.

 

 

Çəkilib hardasa xətti sərhədin,
Nə vaxtdan mövqedə dayanıb ordu.

Hələ qələbəsi yoxdu millətin,
Millətin özü də hələ ki, yoxdur.

 

17.06. 2020, Samara

«VƏTƏN NƏ ÖLKƏ, NƏ DƏ DÖVLƏTDİR…”

QATARDA 2009

Vətənim var mənim də, əlbəttə,
Qütbdən qütbə uçmuram quş tək.

Vətən nə ölkə, nə də dövlətdir,
Bir qarış yerdi ki, bağlanmış ürək.

+

Cənnətə bənzəməz, gözəl də deyil,

Yayın da qış kimi əziyyəti var.

Gülləri sısqadır, ötməz bülbül,
Nə sərindir, nə duru orda sular.

+

Kişi tutqun və qaşqabaqlı gəzər,
Ağzı qarğışla arvadın açılar.

İncidər qonşunu bəd qonşu, əzər,

Uşaqların da böyük hikkəsi var.

+

Buranı kimsə cəhənnəm də sayar,
Bir az şişirtmədir bu, insafən.

Adi kənddir…pisi var, yaxşısı var,

Əziz və doğma…Vətəndir o, vətən…

+

Sözümlə, istəsə əgər Tanrı,
Dönərəm, vaxt gələndə, mən də ora,

Qoyaram arxada təyyarələri,
Ürküdüb quşları çaş-baş salaram.

+

Yox ləyaqətsə yanam ulduz tək,
Kəndin üstündə dönərəm buluda.

Bu işə xeyli təəccüblənərək,

Mənə baxar kişi də, arvad da…

02. 06. 2020, Samara

DAŞ TÖKÜB CİBİNƏ YOLDA DURAN VAR…

U LENİ

Altından, çürümüş böyürlərindən,
Su sızan kolazda Kürü adladım.

Gördüm şəhərlərin böyüyünü də,
Tanıdım bir neçə böyük adamı.

+

Tanıdım qüdrətli dilləri də mən,
Onlarda sehr və musiqi duydum.

Ancaq buraxmadı cazibəsindən,
Məni ana dilim və doğma yurdum.

+

Bəzən düşünsəm də mən özgə dildə,
Nə yazsam, öz ana dilimdə yazdım.

Keçmədi, aşmadı səsim sərhədi,
Vətənim – nə vaxtdan dil fəzasıdır.

+

O çay hardan axır? Hanı o kolaz?
Hardadır yolların qayıdanbaşı?

Özüm də getməsəm, söz də yollasam,
Kəsir qabağını elə bil qoşun…

+

Vətən göylərində xırda bir çıraq
Olsam, vurub salar batareyalar.

Quşa çevrilərdim, uçardım, ancaq,
Daş töküb cibinə yolda duran var…

17. 01. 2020, Samara