DAŞ TÖKÜB CİBİNƏ YOLDA DURAN VAR…

U LENİ

Altından, çürümüş böyürlərindən,
Su sızan kolazda Kürü adladım.

Gördüm şəhərlərin böyüyünü də,
Tanıdım bir neçə böyük adamı.

+

Tanıdım qüdrətli dilləri də mən,
Onlarda sehr və musiqi duydum.

Ancaq buraxmadı cazibəsindən,
Məni ana dilim və doğma yurdum.

+

Bəzən düşünsəm də mən özgə dildə,
Nə yazsam, öz ana dilimdə yazdım.

Keçmədi, aşmadı səsim sərhədi,
Vətənim – nə vaxtdan dil fəzasıdır.

+

O çay hardan axır? Hanı o kolaz?
Hardadır yolların qayıdanbaşı?

Özüm də getməsəm, söz də yollasam,
Kəsir qabağını elə bil qoşun…

+

Vətən göylərində xırda bir çıraq
Olsam, vurub salar batareyalar.

Quşa çevrilərdim, uçardım, ancaq,
Daş töküb cibinə yolda duran var…

17. 01. 2020, Samara