KLASSİK MUSİQİ

2

Bilmirəm, bu, şeytan işi idimi,

Yoxsa ki, Tanrının – kənddə qəfildən,

Keçəl şah qızına vurulan kimi,
Vuruldum klassik musiqiyə mən.

 

 

Qoşub fəsillərə  “Fəsillər”ini,
Gəldi kəndimizə bəlkə Vivaldi.

Mozartla açıldı günəşin eyni,

Sızdı buludlardan, Şopen də gəldi.

 

 

Mən də oğurluqca, xəlvəti, mən də,
Lüdviq Bethovenə qulaq asardım.

Bu işi bir adam biləndə kənddə,

Deyərdi yəqin ki, başım xarabdır…

 

 

Ciddi gizlədərdim mən bu həvəsi,
Yəni anaşa-zad çəkən adam tək.

Yuxuma klassik musiqi səsi,
Gələrdi, elə bil layla deyərək.

 

 

Kənddəsə o vaxtlar radiolarda,
Özünü yırtırdı muğamatçılar.

Qan-yaş axıdılar, yas qurulardı:
Aman, yenə yarı aparıb əğyar…

 

 

Qırx ilə yaxındır mən ordan gedən,
Kənddə nə çalınır bilmirəm indi.

Ancaq Bethoven də, Şopen də hökmən,

Dinən tək gözümün kənd önündədir.

 

 

Bəlkə də hər gecə, bəlkə mən indi,

Burda dinləyərkən Sebastyan Baxı,

Ayın işığıyla sızıb buluddan,
Ata yurdumuza musiqi axır…

 

22.01. 2020, Samara