Təzə duyulan tək yazın nəfəsi,
Qalın söyüdlükdə, Kür qırağında,
Ertədən dinirdi bülbülün səsi,
Yorulmur, qalmırdı oxumağından.
Özü görünmürdü, necə baxaydın,
Bülbül zalım oğlu (ya zalım qızı?),
Elə bil quş deyil, ruhdu oxuyan,
Ruhu dinləyənin göyləri gəzir…
Uşaqdım o vaxtlar. Bülbülün səsi,
Məni haldan-hala salardı hökmən.
Bilirdim sevgidən söyləyir nəsə,
Amma nə — bilmirdim onda hələ mən…
Söyüddən, qovaqdan, qızılağacdan,
Bülbülün səsini çox eşitmişəm.
Qızıl gül üstündə ancaq heç zaman,
Onu nə eşitdim, nə də gördüm həm.
Vurğunu kəpənək, arıdır gülün,
Başına dolanan, öpən də incə.
Sıxlıq, ucalıqdır yeri bülbülün,
Oxuyur hər səhər, oxuyur gecə.
Bəlkə min illərdir nəsillər aşıb,
Ölkədən ölkəyə keçib yayılan
Belə əfsanə var: gülə aşıqdır,
Guya ki hər bülbül, ürəyi də qan.
Hardadır mənşəyi şayiələrin?
Söz çıxır, ağızdan keçir ağıza.
Susdura bilərmi miyon şairi,
Bülbül zalım oğlu (ya zalım qızı?)…
05.01. 2020, Samara