Архив | Декабрь 2020

GÖYƏRÇİNLƏR VƏ SƏRÇƏLƏR

2

Günaşırı gəlir, ya hər gün gəlir,
Parkın qırağında tutur yerini.

Bir anda məhəllə göyərçinləri,

Yığışıb doldurur həndəvərini.

Yaşının dibi yox, qədimdir qarı,

Sulu gözlərində işıq var ancaq.
İncəlib, gödəlib, çəlimsiz, arıq,

Qonsa bir budağa, saxlayar budaq.

Plastik paketdə gətirdiyiylə,
Fikirli yemləyir göyərçinləri.

Havada qapılır, udulur gilə,
Quşlar bir-birinin çiyninə minir.

Eyni bir nöqtəyə göz dikib qarı,
Hay-küyü kəsilmir göyərçinlərin.

Özü heç yeməyib bəlkə naharı,
Yesə də, bir quşdan az yeyir  yəqin.

Bükür torbasının ağzını birdən,
Canlanır, çəliyə söykənib durur.

Yelləyir, çığırır, söyür deyəsən –

Dəvətsiz sərçəni süfrədən qovur.

Qalır boğazında qapdığı gilə,
Qaçır pırıltıyla sərçə pərt kimi.

Zəngin ziyafətə baxır həsədlə,
Bu həyat hoqqası başına girmir…

Elə insanlar da quşlara oxşar,
Fərqimiz çox deyil qanadlılardan.

Ruzi alan da var, sevilən də var,
Süfrədən qovulan, burunlanan da.

Tanrıdır, əlbəttə, ruzi verən də,
Mərhəmət yiyəsi, sevən də tanrı.

Ayrı-seçkiliklər fəqət görəndə,
Gəlir göz önünə torbalı qarı…

31. 12. 2020, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-8

İlham Əliyev 4

Yolkamızı bəzəmişik,
Təzə ilə hazırıq.

Mehribanla yüngülvari,
Eləmişik bazarlıq.

=

Şəhidlərin matəmini,
Saxlayırıq ciddi biz.

Bu bayramda ciddi olar,
Mahnımız və rəqsimiz!

                   Ey! Uf!

=

Qızım Leyla şeir yazıb,
Həsr edib təzə ilə.

Ramiz Rövşən çevirəcək,
Bir aya bizim dilə.

=

Eşitmişəm, həftələrlə

Ət yeməyən adam var.

Balıq yeyir? Ya quş yeyir?

Xəstəliyi ya da var?

                      Ey! Uf!

=

Akademik qudam ölüb,
Yeri boşdur haçandan.

Qohumlarım dava salıb,
Su yerinə axır qan.

                        Ey! Uf!

=

Barmaqlarım qabar oldu,
Qollamaqdan fərmanı.

Axı gərək təltif edəm,
Döyüşmüş hər insanı.

=

Ədalətlə verirəm mən,
Payını hər nəfərin.

Qızıl orden — generalın,
Dəmir medal — əsgərin.

                 Ey! Uf!

=

Heydər deyir bir fərman da,
Gərək mənə yazasan.

Ya general olum deyir,
Ya da Milli qəhrəman.

 Ey! Uf!

Mirzə ƏLİL

29.12. 2020, Samara

ALİM QASIMOVUN DA BIĞI XOTTABIÇIN SAQQALI KİMİ SEHRLİ İMİŞ?

Без имени-1.psd

Con həftə ərzində Youtube-la müxtəlif müğənnilərin ifasında muğam və təsniflərə qulaq asmışam. İki-üçü ildə mən xalq musiqisinə qulaq asıram, sonra uzun fasilə elən edib qayıdıram klassik musiqiyə.

Deməliyəm ki, mən əsasən kişi xanəndələrə qulaq asıram. Qadınların muöam oxumağını bəyənmirəm. Ancaq Sara Qədimovanın, Rübabə Muradovanın yazılarında yaxşı yerlər olub.

Son otuz ilin muğam ifaçılığı haqqında nə demək olar?

Ən birinci onu demək lazımdır ki, studiya yazıları yox kimidir. Yəni peşakar studiyada peşəkar səs mütəxəssislərinin rəhbərliyi ilə yazılmış ifalar. Məsələn, Bülübülün lent yazıları kimi. Xan Şuşinskinin “Qarabağ şikəstəsi” ya Zabul-Segah”ı kimi. Az-çox keyfiyyətli ifalar televiziya ilə verilən konsertləin yazısındadır. Ancaq televiziya studiyası səsyazma studiyası deyil, belə konsertlərdə də çoxlu qüsurlar olur, müğənni xaric oxuyur, müşayiət də keyifiyyətsiz ola bilər. Ancaq YouTube-dakı musizinin əksəəyyəti, bəlkə doxsan faizi toylarda yazılıb və toy musiqisi əksər hallarda keyfiyyətsiz musiqidir, toyxanada kabab, plov basanların, qarnını araqla dolduranlaqın qabağında oxunan muğam ya mahnə nə səviyyədə olacaq.

Və yarım saat  belə toylara “baş vurandan” sonra Bülbülə, Xana qulaq asıb içini təmizləmək istəyirsən. Və eyni zamanda hələ 40-50—ci illərdə, səsyazan aparatlırın çox sadə olduğu bir vaxtda belə gözəl yazılar yaradıb indi yaşayanlara çatdırmış səs rejissorlarına, səs operatorlarına dərin minnətdarlıq hissi duyursan. Peşakarlığın qiyməti yoxdur!

Qxunan sözlər haqqında qısaca. Sovetdən qabaq xanəndələrin özünün poetik zövqü olub, Füzulini, Seyid Əzimi, Nəbatini oxuyublar. Sovet vaxtı senzura yalnız rəsmi tanınmış şairlərin qəzəllərini oxumağa icazə verirdi. Son onillklərdə oxunan sözlər hətta yaxşı ifadan, səsdən də çiyrindirir. Mənə elə gəlir ki, xanəndələrimizin içində ən çox söz bilən Alim Qasımovdur. Hər halda gənc vaxtında Füzulinin, Seyid Əzimin qəzəllərini çox oxuyub. Ancaq Alim Qasımov çoxlu hətərən-pətərən şeirlər də oxuyur, özü də bu şeirlərin zibil olduğunu bilə-bilə oxyur. Yəqin bu yöndəmsiz vəhətta estetik cəhətdən  abırsız qəzəlləri yazan adamlarla yaxınlığı var və xətirlərinə dəymək istəmir. Hacıbaba Hüseynova hörmətlə yanaşan başqa müğənnilər kimi Alim Qasımov da onun qəzəllərini muğam üstündə oxuyur. Hacıbaba Hüseynov əruzu bilib, yaxşı ritm duyğusu olub, təəssüf ki, özü yazdığı qəzəllərin çoxu cəfəngiyyatdır. Bəzən onun qəzəllərindəki beytlər ən hüznlü muğamı da lağlağıya çevirir. Məsələn, Alim Qasımov bir neçə ifasında bu misra ilə bitən qəzəli oxuyur:

“Gecə-gündüz Hacının yaxşılaşır ilhamı…”

Təəssüf ki, sözə münasibətdə ən pinti müğənnilərdən biri Mirələm Mirələmvdur. Mənə elə gəlir ki, bu istadadlı xanəndənin şeir zövqü də yoxdur, həm də mətn öyrənməyə tənbəldir. Neçə muğam üstündə eyni mətni oxuyur, həm də misralarda sözləri ötürə-ötürə, yerlərini səhv sala-sala…

Mən musiqiçi deyiləm, ancaq dinləyici kimi rəyimi deyə bilərəm. Mənə elə gəlir ki, xalq musiqisi ifaçılığı çox bərbad gündədir. Müğənnilər az-çox tanınan kimi özlərinə elə güvənirlər ki, elədikləri hər boğaza alqış gözləyirlər. Alqışa isə onları qarnını toy plovu və kababı ilə doldurmuş kütlə alışdırır. “Var ol! Səndən yoxdur!” Maraqlı burasındadır ki, bunu kütlə Ağaxana da deyib, Alimə də deyir, Mirələmə də deyir, Zabit Nəbizadəyə də.

Yapışıqlı cingiltili səsi olan Zabit Nəbizadənin isə ciddi, zabtəli musiqi rəhbərinə ehtiyacı var. Bu rəhbər ona deməlidir ki, a kişi, sən zəngulə vurma, zəngulə sənlik deyil. Vaxtında bu texnikaya yiyələnməmisən, yaxşı olar ki, buna girişməyəsəm də. Deməyə dil də gəlmir, ancaq Zabir Nəbizadə yaxşı ifalarında da hər iki beytin arasında elə bil ki, böyürür… Mərhum Ağaxan Abdullayev ondan da pis. Bu adamlara heç kim demir ki, böyürməyin. Nə bunu deyə bilən səs rejissou var, nə də tələbkar dinləyici. Xanəndələr isə hamısı bir-birini üzdə tərifləyirlər. Toylarda beş-altısı bir yerə yığılanda marçamarçla öpüşürlər, kefləri kökdür, yarım saata bir ətək pul alıb gedirlər. Çoxusu da “Həci…” “Həci”yə kim deyə bilər ki, xaric oxuyur və zəngulə vuranda da böyürtü kimi səslənr…

Xanəndədən nə hacı? Kim bunları Məkkəyə buraxır?

Əslində məndə ən böyük məyusluq doğuran Alim Qasımovdur. Mənə elə gəlir ki, Alim Qasımovun musiqi fəaliyyəti  40-50-ci illərinə düşsəydi, muğam ifaçılığının qızıl fondu ikiqat zənginləşərdi. Çünki Xan Şuşinskidən sonra bizim musiqimizdə belə ifaçı olmayıb. Texniki keyfiyyəti yüksək olmasa da, Tehranda və Bakıda konsetrlərdə ifa oxunmuş “Mirzə Hüseyn”lə Alim Qasımov, çox anlaşıqlı uşaq diliylə desək, hamını keçir. Burda hətta Ronaldu-Messi seçimi də yoxdur, Alim Qasımov hamıdan fərqlidir, hamıdan yüksəkdir…

Mən bir dəfə “Şirvan şikəstəsi” haqqında ayrıca məqalə yazmışam və o məqalə Bakıda, “Azadlıq” qəzetində çap olunub. Alimin “Şikəstə”si xalq musiqimizin ən saf və bənzərsiz incilərindəndir.

Təəssüf ki, Alimin unikal səsi qalıb keçən əsrin 80-ci illərinin sonunda. Ən geci – 90-cu illərin əvvəllərində.

Sonrakı Alim – laureatdır, xalqın və rəhbərliyin sevimlisidir. Pul, şöhrət boğaza qədər. Çatmayan nədir?

Səs!

Alim səsini 20-ci əsrdə qoydu…

20-ci əsrdə Alim Qasımovun bığı da vardı. Hərdən öz-özümlə zarafatlaşıram, deyirəm ki, bəlkə Alimin bığı da Xottabıçın saqqalı kimi sehrli imiş? Bığ qırxılan kimi səs də gedib…

Necə gedib, harda gedib suallarına cavabı Alim Qasımova hamıdan yaxşı məlumdur. Ancaq bunu heç vaxt boynuna almaz. Çünki əvvəl gərək səsinin getdiyini boynuna ala. Bu da böyük yox, fövqəladə şücaət tələb edir.

Alim Qasımovun səsi kimi səsi gərək dövlət qoruya, çünki milli sərvətdir. Alim Qasımov gərək basılmaz bir qalada saxlanılaydı, qalanın başında isə perimetr boyu avtomatçılar dayanaydı. Alim Qasımov gecə-gündüz İtaliyadan gəlmiş vokalçıların, səs mütəxəssislərinin nəzarəti altında olaydı. Ona toylara getmək qanunbericiliklə qadağan ediləyidi. Yalnız filarmoniya kimi yerlərdə, özü də fasilələrlə oxuyaydı, sonra da boğaz həkimlərinin müayinəsindən keçəydi, yeməyinə nəzarət olunaydı.

Qəlyan nədir, a kişi? O hoqqaya kim səni dadandırıb?

Yenə bığ məsələsi mənə rahatlıq vermir. O bığı qırxan dəlləyin yeri Kürdəxanıdır! O bığı yer üzündən, daha doğrusu Alim Qaısımovun üzündən silmiş ülgüc Azərbaycan milli mədəniyyətinə qarşı törədilmiş ağır cinayətə əşyayi-dəlil kimi Daxili işlər nazirliyinin muzeyində saxlanmalıdır!

Toylar, əlbəttə, toylar. Mən qabaq eşitmişdim ki, guya Alim Qasımov nadir hallarda gedir. Ancaq Youtube-a baxanda görürsən ki, böyük xanəndəmiz çox toylara gedirmiş. Toyda da nə hava şəraiti, nə akustika. Qarnı plovdan şişmiş kütlə üçün gərək ayıb yerin partlayana qədər qışqırasan.

Çoxlu konsertlər. Səsdən  mütəxəssis nəzarəti olmadan istifadə. Muğamlarımızda süni surətdə elə zil yerlər yaranıb ki, onların ifası üçün gərək var gücünlə qışqırasan. Nə qədər çox qışqırsan, kütlə o qədər çox alqışlayır, o qədər çox pul gəlir.

Və nadanlıq. Hətta konservatoriyada dərs deyən, hətta professor (!) adı daşıyan müğənnillərin çoxu cahil və nadandır. Onların savadı öz səslərinin də qayğısına qalmaq üçün kifayət deyil…

Alim Qasımov iyirmi ildən çoxdur ki, “huy-huy” deyir, “hay-hay” deyir, sağ əlini sol qulağına qoyur, sol əlini sağ qulağına, gah xalçanı döyəcləyir, gah əlini yuxarı qaldırıb ali baş komandan kimi yelləyir…

Səs isə yoxdur…

YouTube-da bir toy yazısı var. Aşıq Ağamuradın oğlunun toyu. Söz verilir Alim Qasımova. Alim Qasımov da başlayır…. Üzr istəyirəm, müğənni elə bil ki, diş ağrısından zarıyır… Nə səs var, nə həvəs… Əlbəttə, özü də başa düşür. Özü hamıdan yaxşı başa düşür, çünki faciəni yaşayan özüdür… Sonra zarıltını birtəhər bitirib ağrıyan dişi çəkilmiş  kimi gülümsəyir və deyir: “Gəlin indi də oynayaq…”

Düşür  ortalığa. Beş-altı adam da qoşulur əfsanəvi müğənniyə. Deyəsən, “Şalaxo” oynayırlar…

Doğrudan da Alim Qasımov qəşəng oynayır. Qəşəng dəf də çalır. Dəfin atasını yandırır…

Bu insanın mayası musiqidən tutulub. Allah ona yüz il ərzində heç kimə vermədiyi səsi vermişdi…

Lənət şeytana…

O bığı qırxdırana da lənət. Kim bilir, bəlkə elə doğrudan da səsin sirri bığda imiş…

X.X.

28. 12. 2020, Samara

ŞAGİRDİM NƏRGİZİN OĞLU ELMİR MƏMMƏDOVUN ƏZİZ XATİRƏSİNƏ

Elmir Məmmədov

Bu çayın qıraqları,
Müxtəlif, cürbəcürdür.

Bu tayı qayalıqlı,
O tayısa cüyürdür.

=

Rəngi hər gün suların,
Dəyişir, təzələnir.

Bu gün birdən bulanır,
Sabahsa təmizlənir.

=

Qayıqlar var bu çayda,
Qaba, əldəqaırma.

O taya, bu taya da,
Rahat çatdırır amma.

=

Qırılıb söyüd, qovaq,
Yulğun bürüyüb basıb.

Bübül ötərdi qabaq,

İndi kəsilib səsi.

=

Bu çayın qırağında,
Uçuşmur kəpənəklər.

Bu tayı sıxıntıda,

O tayı fikir çəkər.

=

O gənc elə ki, səhər,
Bu tayla yeriyərdi,
O tay-bu tay gözəllər,
Bir-birinə dəyərdi.

=

Təbəssümü işıqdı,
Baxışı sehrlədən.

O taya yaraşıqdı,

Bu taya fərəhdi həm.

=

Bülbüllər ötməz daha,
Uçuşmaz kəpənəklər.

Can verib Qarabağa,

Gülləyə gəlib əsgər.

=

Gözün yaşı qurumaz,

Çayda su qurusa da.

Kürün bu tayında yas,
O tayında da yasdır…

26. 12. 2020, Samara

ŞƏHİD ATASINA

26 SENT 2019. 2

Daha sən əvvəlki adam deyilsən,

Sönükmür içində, yaran ağrıdır.

Bəlkə qədim yunan faciəsindən,
Sənin müsibətin daha ağırdır.

=

Qapalı tabutda gəldi tək balan,

Əslində övladın hər biri təkdir…

Açmağın, baxmağın qəti qadağan,
Sığalı tabuta, bayrağa çəkdin…

=

Şəhidlər yüksəlir zirvəyə guya?

Görüb o zirvəni gələnlər hanı?

Min hoqqadan çıxar, nağıl uydurar,
Ölümə göndərən sənin balanı…

=

Budurmu Vətənin müharibəsi?

Xalqmı yayınaraq qalan harınlar?

Getdilər zülmətə həqir və səssiz,

Qurbanlıq quzu tək aparılanlar…

=

Sarsıdar yunanı, ingilisi də,
Sənin müsibətin, şəhid atası.

Yeganə oğluna ümid bəslədin,
İndi qiyamətə uzanar yası.

=

Yalan ayaq tutub, yeriyir indi,

Zirvə söhbətiylə baş aldadırlar.

Yerinə oğlunu göndərənindi,
Rütbə də, şöhrət də — dünyada nə var…

=

Qurbanlıq quzu tək getdi cəbhəyə,

Qapalı tabutda oğlunu aldın,

“Ölmədi, zirvəyə ucaldı”  deyən
Harınlar çıxırlar indi daldadan…

=

Rəhbərin verdiyi dəmir medalı,
Saxla yaxşı yerdə, qoyma pas atsın.

Canı dişə yığıb başını qaldır,

Dərdin böyüksə də, əsgər atası!…

25. 12. 2020, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-7

İlham Əliyev 4

Doğum günü qeyd edirəm,
Kefim kök, damağım çağ.

Heyf ki, bu bayram ildə,
Bircə dəfədir ancaq.

=

Əlli doqquz olur yaşım,
Ruhum gənc, bədənim həm.

Baxan görür bu yaşımda,

Min cavana dəyərəm.

                      Ey! Uf!
=

Eldar mənə tort bişirib,
Əlli doqquz metrlik.

Səhər tezdən təbrik etdi,
Məni hətta Araik.

=

Təbrik etdi telefonla,
Məni Putin Volodya.

Min əsgər də hədiyyə tək,
Göndərəcək bir aya.

                Ey! Uf!

=

Əsgərlərə tütün nədir,
Gedir ağ da, qara da.

Belə gözəl təminatı,

Kim görüb və harada?

=

İstəyirəm pul da verəm,
Beş-on manat əsgərə.

Sevsin əsgər həyatını,

Mehr salsın səngərə.

=

Mehribanı aparmışdım,
Zəngilana dünən mən.

Düzü, ordan istəyirdim,
Mehribansız dönüm mən.

                       Ey! Uf!

=

Qubadlıda maşın sürdüm,
İndi daha nə dərdim.

Putin yoldaş izn versə,
Xankəndyə gedərdim.

=-

Antimilli ünsürlərlə,
İnternetdə davam var.

Bayraktar tək atəş açır,
Orda igid trollar.

                Ey! Uf!

==

Mənə indi “padşah deyir,
Fətullayev Eynulla.

Bu qırışmal halaldır ki,
Məndən yaxşı yal ala.

   Ey! Uf!

       Mİrzə ƏLİL

24.12. 2020, Samara

EV VERİN YENƏ DƏ RAMİZ RÖVŞƏNƏ…

Ramiz Rövşən

Yenə ev verilib  Ramiz Rövşənə,

Çətin ki, şairin doya gözləri.

Durmur ata verən, oğul verənə,
Yəqin nəvədən də bir ev gözləyir.

                                     —-

Əbədi uyudu neçə min əsgər,
Getmir gözlərinə yuxu şairin,
Güdür, daha kim nə hədiyyə verər,
Verin, gözü doysun, yenə də verin!

                                        —-

Verin, otaqların çox olsun sayı,
İki min yeddi yüz səksən üç olsun.

Verin, əl uzadıb, dilənçi payı,
Pul verin üstəlik, cibi də dolsun.

                                   —-

Mətbəxdə, hamamda suyun yerinə,
Bütün kranlardan qızıl qan axsın.

Sayı bilinməsin pəncərələrin,
Şəhid məzarına hamısı baxsın.

                                ——

Yatır əsgərimiz, yatır əbədi,
Yatdığı nəm torpaq ikicə arşın.

Bilmir həya nədir, bilmir ar nədir,
Şair ev istəyir yas yığışmamış.

                               —-       

Ev verin şairə, yenə ev verin,

Təntənə qurulsun, gəlsin izdiham,

Ya Cəngi çalınsın, çalınsın ya himn,

Versin açarını Əliyev İlham.

                                 ——-

 İki min yeddi yüz səksən üç otaq,
Verilsin şairin ixtiyarına.

Susayıb kranı açanda ancaq,
Təpədən dırnağa bürünsün qana…

                              ———

İki arşıın yerdə əsgərim yatır,
Çəkilib yuxusu ərşə ananın.

Duyur yaxındadır hələ də qatil,

Hardasa oğlunun qurumur qanı…

20. 12. 2020, Samara

NƏVƏSİNİ İTİRMİŞ QONŞUMUZ QİSMƏT HÜSEYNOVA

Ağamoğlan Kərimov

Çiynində dünyanın ağırlığı var,

Əliboş getməyin özü çətindir,

Bir çəngə otu da mal qabağına,
Qaldırb atmağa heyin yox idni.

                      ———

Divara söykənib baxırsan yola,
Görür, tanımırsan kim keçib gedir.

Hərdənbir dayanıb kimsə salamlar:

“Nə var, Qismət dayı, kefin necədir?”

                          ——

Axar gözlərinin yaşı sel kimi,
Ovcunla sildikcə dayanmaz, axar,

“Ay bala, görürsən necəliyimi,
Mənə indən belə nə gün var daha…”

                     ——-

Nə Şuşa görmüsən, nə də Kəlbəcər,
Ağdamda olmusan nə də bir dəfə.

Gördüyün Salyandır, bir də deyirlər,
Xəstə aparmısan İran tərəfə…

                           ————

Cənnət Qarabağdan nə gül üzmüsən,
Dərman havasını udmusan nə də.

Əsgər göndərmişdin, gəldi üstünə,

Tabutu bayrağa bürünmüş nəvə.

                              —-

“Ağamaoğlan!” deyib, qonşu, ağlama,

Nə qədər ağlasan, qayıdan deyil.

Zirvə söhbətinə bel də bağlama,
Tanrıya məlumdur hamının yeri.

                             ——

Təzə güllər apar qəbrinin üstə,

Ələ al özünü, qonşum, ağlama,
Salam verib-alsan, üzün də gülsə,
Bəlkə də xoş gedər Ağamoğlana…

19. 12. 2020, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-6

İlham Əliyev 4

Deyirlər ki, müsyö Makron,
Koronayla yoluxub.

Bəlkə də bu, doğru deyil,
Bəlkə məndən o qorxub.

                      Ey! Uh!

===

Rus general Araiklə,
Öpüşür-qucaqlaşır.

Xankəndidə gey-parada,
Deyəsən hazırlaşır.

                    Ey! Uf!

==

Paşinyanın atası da,
Dünyasını dəyişdi.

Biri eyir dərddən ölüb,

Biri deyir döyüşdə.

                         ==

Başsağlığı verməmişəm,
İndiyəcən Nikola.

Bayraktarla yas payı da,
Göndərəsən, kef ola!

                  Ey! Uf!

                    ====

Yaxşı bir ev bağışladım,
Yenə Ramiz Rövşənə.

Lotu deyir Dubayda da,
Villa verin siz mənə!

                  Ey! Uf1

===

Şuşamızı geri aldıq,
Kasıb-kusub tökdü qan.

Bu gün-sabah işə başlar,

Şuşa-holdinq, Şuşa-bank.

                      Ey! Uf!

===

Leyla qızım şeir yazıb,
Vətəninə, elinə.

Bir ayacan çevirərlər,
Millətimin dilinə!

                     Ey! Uf!

Mirzə Əlil

18.12. 2020, Samara

ŞEİRİMİZDƏ «NYU», ÇILPAQ BƏDƏN TƏSVİRİ. FÜZULİNİN «HAMAM» QƏZƏLİ

həmmam

İslam qadınlara təvazölük tövsiyə edir və kişiləri tamaha sala biləcək bütün yerlərini örtməyi buyurur. Ancaq şairlərə qadın gözəlliyini, hətta çılpaq halda təsvir etməyi qadağan etmir. Hər halda belə bir qadağa bizim üçün eyni zamanda Cinayət Məcəlləsi və Mülki Məcəllə olan Quranda yoxdur. Qadağan olmayanı isə eləmək olar. Və bizim qüdrətli şairimiz Məhəmməd Füzuli sevdiyi xanımı hamamda təsvir edir.

Deməliyəm ki, “nyu”, erotika Nizamidə istənilən qədərdir. Öz əsilzadə qəhrəmanlarının zifaf gecəsini ustad Nizami anatomik təfərrüatlarla təsvir edir. Füzuli yatağa gedib çıxmır, xanımın  xəyalən kinematoqrafiq surətini yaradır.

“Hamam”  şeiri Füzulinin ən yaxşı qəzəllərindəndir və onu birinci beşliyə də salmaq olar. Məsələ burasındadır ki, eşq, ayrılıq, həsrət kimi ənənəvi mövzu və motivlərdə yazılmış qəzəllərdə Füzuli özünütəkrardan və ümumiyyətlə təkrardan qaça bilmir. “Hamam” mövzusu isə pikantdır, hər sənətkarın girə bilməyəcəyi  və ümumiyyətlə hər yazanın giirişməyə cəsarət etmədiyi bir sahədir. Ona görə qəzəl janrında yazılmış bu şeirinn metaforik xalısı orijinal rəng və naxışlardan yaranır.

Qəzəlin ilk misrası  “sərv” adlandırılan xanımın hamama getdiyini bildirir və deyilir ki, onun günəş üzüylə hamam işıqlandı. Sonra oxuyuruq ki, sərv” soyundu və “yeni ayını göstərdi tamam”.

Mavi rəngli qəftəyə bürünmüş çılpaq bədəni Füzulu bənövşə içinə düşmüş soyulmuş badama bənzədir. Sonra “sərv” hovuza girir, bu gözəlliyin şahidi olan camın da gözünə işıq gəlir.

Tas “sərv”in əlinə dəyəndə şairin bağrı həsəddən qaralır. Su çılpaq bədənə axdıqca şair qısqanclıqdan rahatlığını itirir, yəni cananını suya qısqanır.

Sona yaxın şair özünü saxlayıa bilməyib ağlayır, yəni şairin gözü həmişə ağlardır, indi bu ağlar gözün  yaşları xanımın ayaqlarına töıkülür.

“Ki gərək su tökülə sərvin ayağına müdam…”

Böyüksən, Ustad!

Axırda şair deyr ki, hamam muzduna canını verər, qoy bu gümüşbədən xanım qızıl axtarmasın…

Füzuli belə Füzulidir….

Xeyrulla Xəyal

17.12. 2020, Samara

MƏHƏMMƏD FÜZULİ             

     QƏZƏL

Qıldı ol sərv səhər, nazilə həmmamə xüram,
Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.

Görünürdü bədəni, çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.

Niligun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.

Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didadi-lətifilə ziya dideyi-cam.

Sandılar kim, satılır daneyi-dürri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.

Kakilin şanə açıb, qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam.

Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.

Çıxdı həmmamdən o, pərdeyi-çeşmim sarınıb,
Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam.

Mərdümi-çeşmim ayağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin ayağinə müdam.

Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,
Qılmasın sərf zər ol sərvqədü siməndam.