Sən daha orduda deyilsən, oğlan,
Adi vətəndaşsan bu gündən belə.
Daha nə topun var, nə də tapançan,
Qayıdıb gəlmisən sən yalın əllə.
=====
Zirehli canlığın geri alındı,
Dəmir dəbilqən də qaldı hissədə.
Sən dünən adi bir cavan deyildin,
Bu gün seçilmirsən daha kimsədən.
====
Yatıb dincələrsən hələ beş-on gün,
Qonaqlıq verənlər növbəyə durar.
Hamı maraqlanar necə döyüşdün,
Özün danışdığın özünü yorar…
=====
Sonra istirahət yetişər sona,
Gələr vaxtı işin, pul qazanmağın.
Yenə düyünçənə çörək bağlanar,
Gedərsən başını salıb aşağı.
=====
Gedərsən dinməzcə, gedərsən həqir,
Ordenlə, medalla bəzənmir sinən.
Bilmir tanımayan qəhrəman gedir,
Blmir ki, Şuşanı alıb gəlmisən.
======
İşlərsən qaranlıq düşənə qədər,
Qəsr ucaldarsan, ya da göydələn.
Artırıb varını sən döyüşəndə,
Güllə qabağına səni göndərən.
======
İşlədər, haqqını yubadar, kəsər,
Ağır söz də deyər, əl də qaldırar,
İndi Şuşa alan igid deyilsən,
Sənədsiz, günəmuzd fəhlədir adın.
====
Dünən qan axıtdın, mənimsənildi,
Zəfər qazanmışdın, mənimsədilər.
Əməyin, qazancın yeyilər indi,
Yağıya toy tutan dünənki əsgər!
====
Torpağa baş qoydu neçə yoldaşın,
Dağı itkilərin ürəyindədir.
İndi qarşındakı harın soydaşın,
İndi nə topun var, tüfəngin nə də.
=====
Sən daha orduda deyilsən, oğlan,
Silahsız, sursatsız, yalın əllisən!
Unutma, yağıdan Şuşa almısan,
Tanrı bağışlamaz indi əyilsən!
02. 12. 2020, Samara