REDYARD KİPLİNQ. «ƏGƏR»

Rudyard_Kipling

REDYARD KİPLİNQ

                                             (1865 – 1936)

 

                ƏGƏR

                                           If you can keep your head when all about you   

                                           Are losing theirs and blaming it on you,   

                                           If you can trust yourself when all men doubt you, 

                                           But make allowance for their doubting too…   

 

 

Əgər hamı başıni itirsə və nədənsə

Səni də qinayarsa, sən başını saxlasan;

Sən özünə inansan, hamı şübhələnsə də

Bütün şübhələri də amma nəzərə alsan;

 

Gözləməyi bacarsan yorulmadan əgər sən,

Və min yalan eşidib özün deməsən yalan,

Qəlbində kin olmasa, çoxundan kin də görsən,

Sənə sanballı, aqil deməsə də bir insan;

 

Sən öz arzularına əsir düşməsən əgər.

Əgər fikirlərini çevirməsən məqsədə.

Qarşılaşıb həyatda Fəlakət və Zəfərlə,

Basılmasan onların əgər ikisinə də.

 

 

Dözüb dayana bilsən sənin doğru sözündən

Lotular tor hörəndə sadəlovh insanlara,

Can qoyub qurduqları dağılıb əziləndə

Diz qatlayıb yenidən yığa bilsən onları;

 

Qoya bilsən başqası dərə yetirdiyini,

Riskə gedib hər şeyi ortaya qoya bilsən,

Uduzaraq nəyin var başlaya bilsən yenə,
İtkilərin heç zaman  dilinə də gəlməsə;

 

Əgər sən sinirləri, ürək və damarları
Yenə coşdura bilsən həvəs, sevgi sönəndə,

Çarpışsan, qalmasa da içində heç nə ayrı,

Təkcə “Çarpış” deyərək əmr eləyən İradə;

 

Xalq içində ləyaqət saxlaya bilsən əgər,

Kralla yaxın olub xalqa dal çevirməsən;

Vura bilməsə nə dost sənə, nə düşmən zərər,

Hamı səni sayarsa  ölçü çərçivəsində;

 

 

Əgər hər dəqiqədə neçə saniyə varsa

Qədrini bilsən, necə bilir qaçışçı ancaq.

Onda Dünya sənindir və Dünyada nə varsa,

Ən ümdə: oğlum, adın İnsan çağırılacaq!

 

1895

İngiliscədən tərcümə

26-29.04.2017

Samara

 

 

Реклама

О ТОМ, КАК АЛИ ИНСАНОВ ОТКАЗАЛСЯ ОТ РАБСКОГО ПОДЧИНЕНИЯ И ВЫЖИЛ

Про бывшего министра здравоохранения Азербайджана Али Инсанова много лет назад мне рассказал мой односельчанин, тогда только что освободившийся после длительного заключения по обвинению в торговле наркотиками. Он говорил, что последние месяцы своего срока он жил в одном бараке с Инсановым. По его словам, в бараке одновременно находилось примерно 850 заключенных, вечерами, когда ложились спать, снимая обувь и носки, вонь поднималась страшная, было много туберкулезных и тех, кто за долгие годы пребывания в заключении перестал соблюдать элементарные правила санитарии и гигиены. И вот совсем еще недавно могучий министр здравоохранения, к тому же большой ученый Али Инсанов оказался в таких нечеловеческих условиях. Мой односельчанин говорил, что люди Инсанова хлопотали, чтобы бывшего министра перевели в другой барак, где было значительно меньше людей, но положительного результата не добились. Читать далее

İNDİ SALYANIN TARİXİNİ DƏ DUA KİMİ YAZIRAR…

Doxsanıncı illərin əvvəllərində, Məkkənin yolu hər cür lotu-potu üçün açılan vaxt mərhum qardaşım Süleyman mən vətəndə məzuniyyətdə olanda şikayətləndi: “Qardaş, biabır olmuşuq. Oturmusan yas məclisində, birdən moola elan edir ki, məclisə hacı girir, durur ayağa. Hamı durur, sən durmasan, söz-söhbət olacaq, qanqaralıq olacaq. Gələn hacını isə hamı yaxşı tanıyır, lotunun biridir…”

Mən 1981-ci ilə qədər Azərbaycanda yaşamışam, Salyan şəhərinin yedddi-səkkiz kilometrliyində. Bütün qohumlar Salyanda yaşadqlarına görə şəhəri babat tanımışam və yaxşı bilirəm ki, o illərdə orda hörmətli ruhani olmayıb. Mollalıqla təsadüfi adamlar məşğul olublar.Onların kəmsavadlılığını, əlbəttə, bağışlamaq olardı, sovet dövründə ruhani təhsil almaq, demək olar ki, mümkün deyildi. Ancaq mollalıqla məşğul olanların camaat içində hörmətsiz olmağı onların savadsızlığına görə deyildi. Camaat bu mollaları yaxşı tanıyırdı və bilirdi ki, hansı molla hansı yuvanın quşudur.

İndi mərhum Molla Salmanın adının göylərə qaldırılması, adının bəzi mənbələrdə hətta ədəbiyyat klassiklərimizlə bir sırada çəkilməsi məni təəccübləndirməkdən çox məyus etdi.

Mən Salmanın adını 60-cı illərin sonundan eşitmişəm. Mənim mərhum dayım istedadlı şair Sabir Zeynalov (Arbatanlı) Salmanın müdir olduğu dükanda satıcı işləyib. O vaxt dayım tutuldu, işi təfərrüatıyla bilmirəm, uşaq idim. Deyəsən, mal çatışmazlığı olmuşdu. Sonralar dayım mənə bu barədə heç nə danışmayıb, təəssüf ki, özüm də soruşmamışam. Kənardan deyirdilər ki, malı Salman yeyib, “Sabiri tutdurub”. Təkrar edirəm ki, mənim bu barədə dəqiq məlumatım yoxdur, Salmana qarşı iddiam da dayımın həbsi ilə bağlı deyil.

Salmanın adı Salyanda , səhv etmirəmsə, 70-ci illərin əvvəlində şəhərdə baş varmiş bir qətllə bağlı gurladı. Avtobazanın müdiri Aslanı (soyadı, təəssüf ki, yadımda deyil) evində baltalamışdılar. İşin üstü tez açıldı – məmuru öz arvadı və sürücüsü dilləşib öldürmüşdülər. Maraqlı burasıdır ki, təhqiqatın əvəlində bu işlə bağlı Molla Salman da tutulmuşdu. Danışırdılar ki, öldürülənin arvadı tez-tez Salmanın yanına gedirmiş və dua yazdırırmış. Yaddaşım məni aldatmırsa, Salmanı bir neçə gün saxlayıb buraxdılar. Ancaq Salmanla bağlı dua qalmaqalları dönə-dönə təkrar olunub. Onun yanına çox cavan arvadlar gedirmiş və “problemlərinin həlli üçün” dua yazdırırmışlar… Onu evinə hücum da çəkmişdilər, məhkəməyə verməyə də ççalışmışdılar…

Yəni o vaxtlar Salmana “molla” deyən çox idisə də, o, molla sayılmırdı, ona hamı dua yazan, “kitab açan” kimi baxırdı. Salmanı yaxşı tanıyan, mənim yüz faiz inandığım bir salyanlı “mollanın” kitab açmazdan qabaq qonaqlarıyla yaxşı konyak vurmağından danışırdı. O vaxtlar Salman özü də “vurmağını” , “kef əhli” olmağını elə də gizlətmirdi və iddia edirdi ki, “konyak” Qurana zidd deyil…

Yəni “molla Salman” lotu olub, buna söz yoxdur və bununla heç mənim işim də yoxdur. Dəqiq desəm, işim olmazdı, ancaq bir şərtlə: əgər bu insan birdən bu ali mərtəbəyə qaldırılmasaydı. “molla” Salman nə savadıyla (savadı yoxdur), nə reputasiyasıyla (bioqrafiyası dolaşıqdır) nəinki bu mərtəbəyə layiq deyil, o hətta “ruhani” statusunu diskreditasiya edir, yəni etibardan və hörmətdən salır. Bu insanı Salyanın fəxrinə çevirmək istəyənlər Salyanı sevməyənlər, Salyana düşmən olanlardır. Ailə dəyərlərinə hörməti olan heç bir salyanlı “molla” Salmanın şəklini öz evində asmaz, oğluna-qızına nümunə göstərməz.

Təkrar edirəm ki, bu adam uzun illər aradüzəldən, duayazan olub, abırlı, normal cəmiyyətlərdə belə insanların yeri türmədir. Bizdə isə bu insanı mənəvi nüfuza çevirir, tarixi və əsil tarixi şəxsiyyətləri olan qədim bir yerin “fəxrinə” çevirməyə çalışırlar.

Batasan, a Salyan!

Və əgər “molla” Salman şairdirsə, onun cızma-qaraları şeirdirsə, onda Azərbaycanın nəinki ədəbiyyatı, heç yazısı da yoxdur. Füzuli və Vaqif kimi nəhəngləri tanıyan insan heç vaxt “Lər, lər, pəncərələr, gül, bülbül” kimi qarıldamaları şeir saymaz…

Bir şeylə təsəlli tapmaq olar ki, Salyanda əsil salyanlı qalmayıb. Mənim atam bunu hələ əlli il bundan qabaq deyirdi. O vaxtlar bəlkə tək-tük salyanlı olarmış…

Ancaq əslində bu, təsəlli deyil, bu, faciədir…

Əgər Salyanda salyanlılar yaşasaydı, şəhərin başına bu oyunlar gələrdimi? Hər beş-on ildən bir rayona bir yadelli təyin olunur, çevirir şəhərin altını üstünə…Salyanlılar da dillərini qarınlarna qoyub quzu kimi baxırlar…Yadelli başçıların dağıda bilmədikləri yeganə şey şəhərin mərkəzi hissəsinin planıdır, onu da haçansa ruslar yaradıblar…

Mən bir dəfə ağdamlı Nadir Abbasovdan yazmışdım. 70-ci illərdə Salyanda birinci katib işlədi. Bütün həyətlərin hasarlarını, çəpərlərini sökdürdü ki, gərək həyət qıraqdan görünə…Doyunca arvadbazlıq da elədi. Özü də heç kimdən qorxmurdu. Pencəyini qolunun üstünə atıb gəzirdi. Bıçaqvuran, qoçu salyanlıların biri ona güldən ağır söz demədi. Neçə il bu ağdamlı minib çapdı salyanlıları, qəhrəman adı alıb getdi…

İndi baxın şəhərə: bu ağdamlıdan nə qalıb?

Bəlkə də Salyanda əsil salyanlılar qalıb. Ancaq onlar da Salyana doğma şəhər kimi baxmırlar, çünki hökumət onların başına yeridib ki, şəhər onların deyil, şəhər məmurlarındır – sökürlər, alt-üst edirlər, tarixi adları dəyişirlər. Salyanlılar da gözlərini döyə-döyə baxırlar…

Salyanlı deyəndə ki “bu Əiyyev niyə Qarabağı almır”, mən yanıb-tökülürəm – a kişi, sən öz şəhərinə yiyəlik eləyə bilmirsən, nə Qarabağ…

Salyan, əlbəttə, qədim yerdir, tarixi var, tarixi şəxsiyyətləri var. Ancaq təəssüf ki, indi ancaq lotu-potu köpük kimi üzə çıxır. Mən bir neçə il elə bu İnternetdə  bir neçə salyanlı ilə Aşıq Pənahın üstündə tutuşmuşdum. Ömründə bir misra da yazmamış bu toy xanəndəsini böyük sənətkara, şairə çevirməklə Salyana hörmət qazandırmaq olarmı? Yaşlı nəsil yaxşı bilir ki, Aşıq Pənahın adıyla oxunan şeirləri Əliağa Kürçaylı, Ağacavad Əlizadə və başqaları (o cümlədən mənim mərhum dayım) yazıblar. Qondarma ruhanilər, qondarma aşıqlar, qondarma toponimlər, qondarma “Heydər” bağı, “qondarma “Zərifə” bağı… İnsanlar daim yalan eşidir, yalanla nəfəs alır, göz qabağında olan hər şey isə qondarmadır.

Belə yalan, qondarma tarixlə böyüdüklərinə görə salyanlı gənclər sədərəkli banditin başına gül səpirdilər. Elə deyilmi?

Bu insanlar vətənlərini əsil məhəbbətlə sevə bilərlərmi?

Yox…

Mən söhbətimin sonuna bir az işıq salmaq istəyirəm. Bu işıq isə mənim mərhim tumsatan Laqqo (əsil adı, səhv etmirəmsə, Lətif idi) ilə görüşdən gəlir. Bir dəfə mərhum məni bir yoldaşımla həyətinə apardı (tum istədik, boş kisəsini göstərdi, əliylə işarə etdi ki, gəlin dalımca). Taalvarın altında iri teştlər vardı və Laqqo yenə əlini işartısiyə bizi başa saldı ki, tumu qazla yox, odunla qovurur.

Mərhum çox zəhmətkeş və işıqla adam idi.

Və səhv etmirəmsə, mərhum tumsatan Lətif kişi “molla” Salmanla doğma qardaş idi…

Allah rəhmət eləsin.

21.04. 2017

 

BOMBALARIN BİOLOJİ ANASI

TRAMP: Rəcəb, təbrik edirəm səni, referendumu uddun.

ƏRDOĞAN: Tramp əfəndi, udmağına uddum, ancaq “yox» deyənlər də çox oldu. İndi istəyirəm ölüm hökmünü qanuna salam, müxalifətçiləri bir-bir öldürəm.

TRAMP: Rəcəb, səndə müxalifətçilər çoxdur, bir-bir öldürsən, əldən düşərsən. Məndə yaxşı bomba var. Bombalar anası. Müxalifətçilər bir yerə yığılanda at üstlərinə, hamısı birdən qırılsın. Mən özüm demokratlara bu bombanı atardım, ancaq bizim qanunlar yol vermir…

ƏRDOĞAN: Tramp əfəndi, bəs sən o bombanı Əfqanıstana atmadın?

TRAMP: Rəcəb, Əfqanıstana atdığım bombaların surroqat anasıydı. Bombaların bioloji anası məndədir, atılmağa hazır durub. Sənə endirimlə sataram. Kürəkənim Kuşnerə zəng elə, alverdə o məndən zirəkdir…

Mirzə ƏLİL

MİLLİ ƏTALƏT VƏ ÜMİDSİZLİK RƏMZİ OLAN İNSAN — RAMİZ MEHDİYEV

Bu gün Azərbaycan perezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 79 yaşı tamam olur. Dünyanın heç bir başqa ölkəsində bu yaşda bu cür məsul vəzifə sahibi yoxdur.

Ümumiyyətlə, Ramiz Mehdiyevin bioqrafiyasında heyrət doğuran faktlar çoxdur. 2001-ci ildən o, Azərbaycan Milli elmlər akademiyasının həqiqi üzvüdür. Yəni akademikdir. Ramiz Mehdiyevin ixtisası “elmi kommunizm”dir. Tələbələrə də “elmi kommunizm”dən dərs deyib. Yəni mümkün olmayan, Marksın, Leninin fantaziyalarından yaranan bir şeydən. Danışmaq, əlbəttə, olar. Lap olmayan şeydən də. Ancaq olmayan şeyin elmi ola bilməz. Yəni “elmi kommunizm” heç vaxt elm olmayıb, sovet adamlarının, xüsusən ali məktəb tələbələrinin başına zorla yeridilən cəfəngiyyatdır. İndi sual çıxır: cəfəngiyyatla məşğul olmuş adam necə akadüemik adını daşıya bilərr? Və əgər daşıyırsa, bu fakt Azərbaycan akademiyasının səviyəsini göstərmirmi?

Onu da qeyd edək ki, Raniz Mehdiyev ali məktəbə çoxları kimi 17 yaşında yox, 21 yaşında girib. Bu da vacib faktdır. Və girən kimi də komsomol fəalı olub, yəni əli-əayağı quru, isti yer, rahat çörək. Daim də komsomol, partiya xətti ilə gedib qabağa. Yəni Qorbaçov SSRİ-ni dağıdanacan Ramiz Mehdiyev kommunist çörəyi ilə dolanıb, özü də yaxşı dolanıb, çünki o vaxt Mərkəzi Komitənin rəhbər işçiləri xalqdan fərqli olaraq, Marksın və Leninin əfsanəvi kommunizmində yaşayırdılar, yəni quş südündən başqa hər şeyləri vardı.

İndi az qala 50 il partiya çörəyi yemiş, xalqın başını “emi kommunizm” cəfəngiyyatı ilə tovlamış bir qoca qurd guya azad demokratik rejimli, guya azad iqtisadiyyatlı ölkədə ən mühüm vəzifərlədən birini tutur. Bu necə mümkün olur?

Burda iki şey var: ya Ramiz Mehdiyev heç vaxt əsil kommunis olmayıb, kommunist maskası taxıb, azad ruhlu, demokratik düşüncəli insan olub.

Ya da Azərbaycan demokratik rejimli, azad iqdisadiyyatlıŞ insan hüquqlarının prioritet olduğu ölkə deyil, sadə dillə desək, quldurxanadır.

Mənə elə gəlir ki, bəzi düzəlişlərlə, hər iki ehtimalın yeri var. Əlbəttə, Ramiz Mehdiyev heç vaxt əsil kommunist olmayıb, yəni Lenin kimi, Çe Gevara kimi kommunist olmayıb. Ramiz Mehdiyev üçün kommunist ideologiyası çörək ağacı olub. Özü bu ideologiyaya, bir saniyəlik də olsa, inanmayıb. Yəni Ramiz Mehdiyevin əqidəsi olmayıb, indi də yoxdur.

Azərbaycan da, əlbəttə, demokratik ölkə deyil. Azərbaycan demokratik ölkə olsaydı, millətin gənc, vətənpərvər övladları türmədə çürüməz, Ramiz Mehdiyev kimi sovet-partiya rəhbərliyinin tör-töküntüləri ölkəni hərləməzdilər.

Yadınıza salım ki, ölkənin baş naziri Artur Rəsizadə Ramiz Mehdiyevdən də yaşlıdır.

İndi belə adamların rəhbərlik etdiyi, yəni hərlədiyi ölkənin bu vəziyyətdə olmağı ağlı başında olan adamları təəccübləndirməlidirmi? Belə rəhbərlərə görə Azərbaycan kimi böyük iqtisadi və hərbi potensiallı ölkə balaca Ermənistanın əlində aciz qalmayıbmı?

Və yəqin ki, yaxın illlərdə vəziyyət dəyişməyəcək. Yəni nəqədər ki, ölkə ər-arvad prezidentliyinin, Ramiz Mehdiyev, Artur Rəsisadə kimi rəhbərlərin əlində girincdir, heç nə dəyşməyəcək, yəni milli rüsvayçılıq davam edəcək.

Ramiz Mehdiyev isə, yəqin ki, həllə uzun illər millətin belindən düşməyəcək. Çünki Ramiz Mehdiyev komsomol südü əmib, komsomol çörəyi yeyib. Komsomolun canı isə, klassikin dediyi kimi…

17.04.17

PREZİDENT DÜZ DEYİR, TƏZƏ İŞ YERLƏRİNİN SAYI BƏLKƏ YÜZ MİNDİR…

Azərbaycan prezidenti və birinci vitse-prezidentin əri İlham Əliyev bu günlərdə elan edib ki, ölkədə 85 min yeni iş yeri açılıb. Çox təəssüf ki, xalq içində bu vacib məlumata tək-tük də olsa şübhə edənlər tapılıb. O adamları polis idarəsinə aparıb yaxşı yoxlasan, hələ beş-altı polis dəyənəyi vursan, məlum olar ki, onlar heç Allaha da inanmırlar və arxayındırlar ki, insan meymundan əmələ gəlib…

Bu adamlar başa düşmürlər ki, prezidentlər sadə insanların danışdığı dildə danışmırlar, onların dilini başa düşmək üçün gərək yüksək intellekt sahibi olmasan da, gərək əmlak sahibi olasan, biznesin ola, ya da yaxşı qazanc gətirən dövlət qulluğun ola. Onda başa düşərsən ki, prezident nə demək istəyir.

Prezident demk istəyir ki, ölkədə 1 (bir) iş yeri açılıb. Yəni birinci vitse-prezident yeri. Ancaq bu iş yeri 85 min iş yerinə dəyər. Elə xəzinəyə də bu vəzifə 85 min işçinin maaşından da baha oturur və bəlkə bundan da artıq. Yəni yaxşı hesablasan, vitse-prezident vəzifəsi 100 min iş yerinə bərabərdir. İndi daha İlham müəllim dərinə getməyib. Xırdalamayıb. Xalqımızım müdrikliyinə, qanacağına arxayın olub. Xalq doğrudan da müdrikdir, qanacaqlıdır. Ancaq, təəssüf ki, xalqın içində elələri var ki, nəinki prezidentə, heç Allaha da inanmırlar. Allah onları düz yola qoysun, günahlarından keçsin.

Allah vitse-prezidenti qorusun, 85 min iş yerini bir nəfər tutur, maşallah!

Mirzə ƏLİL

 

PREZİDENTİN TAPŞIRIĞI VƏ PETROVİÇİN QAPAZI

Möhtərəm Azərbaycan prezidenti, birinci vitse-prezident Mehriban xanımın əri İlham Əliyev həmişə deyir ki, gərək xaricdəki azərbaycanlılar yaşadıqları ölkənin əhalisinə ermənilərin işğalçılıq siyasətini izah etsinlər, yəni çatdırsınlar ki, bu vələdəzzina ermənilər Azərbaycanın dörddə birini işğal ediblər, qaytarıb vermək fikirləri də yoxdur.

Rusiyanı, əlbəttə, əsil xaric saymaq olmaz, ancaq yalan-doğru xaricdir, buna görə mən də xaricdə yaşayan sayılıram. Mən də möhtərəm birinci vitse-prezidentin ərinin dediyi barədə çox düşündüm. Bir anlığa təsəvvür etdim ki, mən ağdamlıyam (kəlbəcərliyəm, şuşalıyam, zəngilanlıyam, laçınlıyam…). Əlbəttə, mən ağdamlı ola bilmərəm, yaradan özü ağdamlılıq səadətini mənə qıymaybsa, nə deyə bilərəm… Mən bunu ancaq bir anlığa təsəvvür elədim. Və təsəvvür elədim ki, çoxdankı tanışım Petroviçlə oturub söhbət edirik. Birdən özümü cəmləşdirib səsim tutula-tutula deyirəm:

  • Petroviç, Allahdan gizli deyil, səndən nə gizlədim. Mən sənə bir sirr açmaq istəyirəm.

Petrovoviç də birdən-birə canlanır, rəngi açılır.

  • Aç, a kişi, de gəlsin. Hamının sirri var. Mən şəxsən o qədər pozğunluqlar eləmişəm ki…
  • Petroviç, mənim başıma gələn əhvalat bilmirəm pozğunluqdur ya yox. Ancaq deyəcəyəm. Bil və agah ol: Mənim vətənim Ağdamı ermənilər işğal ediblər…

Bunu eşidəndə Petroviçin rəngi boğulur, mənə əyri-əyri baxır və birdən ikiəlli başıma elə bir qapaz salır ki, gözlərimdən od çıxır.

  • A kişi, mən hər cür pozğunluq eləmişəm, ancaq sən deyən lap binamusluqdur. A kişi, sənin vətənin işğal olunubsa, get əlinə silah al, silah tapmasan, daş götür, ağac götür, get işğalçıların üstünə. Vətənin işğaldadırsa, sənin burda nə ölümün var? Üzünə deyirəm, Mirzə, səndən zəhləm getdi…

Və bu səhnəni gözümün qabağına gətirəndən sonra başa düşdüm ki, biz xaricdə yaşayan azərbaycanlılar gərək işğal olunduğumuzu, qırıldığımızı, qovulduğumuzu gərək xarici ölkələrdə gizlədək. Ağzımızdan çıxarsaq, biabir olarıq.

Ay ağdamlıılar, füzulililər, qubadlılılar, zəngilanlılar, şuşalılar, kəlbəcərlilər! Rusiyada heç kimə deməyin ki, vətəniniz işğal olunub. Desəniz, başınıza yağlı qapaz vuracaqlar.

Yoxsa xətrinizə qapaz düşüb?

 

Mirzə Əlil

 

06.04. 2017

Samara