Архив | Май 2018

ŞARL BODLER.  DAĞILMA   

бодлер

  La Destruction

Dayanmadan vurnuxur İblis həndəvərimdə,
Görünməz hava kimi dolaşır ətrafımda.

Alıram ixtiyarsız, yanır ciyərlərimdə,
Föhşlü və əbədi bir ehtiras yaradır.

 

Bilərək ki, Sənətə böyük məhəbbətim var,
Tamahlandırır məni, girib qadın cildinə.

Və kafir tək cürbəcür işlədərək hoqqalar,

Dodaqlarımı haram içkilərə öyrədir.

 

 

Məni Tanrı gözündən uzaqlara o çəkir,

Hüdudsuz və adamsız Qüssə vadilərinin,
Ortasına aparır yorğun, nəfəsi qara.

 

Təəccübdən partlayan gözlərimə yelləyir,
Qartmaqlı geyimləri, irinli yaraları,

Və Dağılmanın bütün qanlı diləylərini.

 

Fransızcadan tərcümə

29.05. 2018

Samara

İT HAQQINDA       

30.05.jpg

Qayalı yerində çay qırağının,
Yaşıl pöhrəlikdə yataq salaraq,
Xəstə it haçandan yıxılıb qalır,
Gözləri də qara, yunu da qara. 

+

Yanında sümüyü, tikəsi də var,
Paydır burdan keçən balıqçılardan.

Arabir başını qaldırar, baxar,

Yeməyə nə həvəs, nə güc var ancaq.

+

Laçın bir it olub yəqin haçansa,
Neçə cür kefini görüb dünyanın.

Azad it həyatı necə çətinsə,

Sevgilər yaşayıb, gəzib, oynayıb.

+

Ölüm yatağından Volqanın geniş

Sinəsi görünür. İsti havada,
Çaya az girməyib. Öləndə leşi,

Bəlkə bu sulara atılıb axar…

+

Halı pis olsa da, duyur gələni,

Narahat dikəlib bir ağız hürər.
Duruxur, istəmir onu elə bil,

Ölüm yatağında bir adam görə…

29-30. may 2018

Samara

ŞARL BODLER.   SED NON SATİATA

бодлер

Sed non satiata[i]

Gecənin zülmətinə bənzəyən qəribə sənəm,
Havana müşk ilə ətrində qarışmış elə bil,
Hansı Faust ya cadugar əlinin qüdrətidir,
Bu qaranlıq bədənində, ya doğuldun gecədən?    

 

 

Nə şərabın, nə tiryəkin, yuxunun  ləzzətini,
Sevirəm sevgili ağzındakı cövhər kimi mən.

Yürüyər üstünə karvan tək ehtirasım, o dəm,

Qəlbim istər soyuda  gözlərində xiffətini,

 

 

O qara gözlərin ki, qəlbinin nəfəsliyidir,
Rəhmsiz huri! Məni odlayır, Stiks deyiləm,

Dolanım mən necə doqquz dəfə dövrəndə sənin.

 

 

Föhşə mail Meger, əfsus, nə gücüm var, nə halım,

Əzib iradəni yoram səni, əldən düşəsən,

Sənin yataq cəhənnəmində Prozerpin olam.

 

Fransızcadan tərcümə

26-27.05. 2018

Samara

[i] Sel non satiata – fəqət doymamış (lat.)

ŞARL BODIER.  ÇATLAMIŞ ZƏNG     

бодлер

  La Cloche fêlée

Həm acı, həm şirindir uzun qış gecələri,
Tüstüləyən ocağın önündə dinləyəsən,
Xatirələr uzaqdan ucalıb necə gəlir

Dumanlarda çalınan zənglərin nəğməsiylə.

 

Zəng necə bəxtəvərdir! Boğazında yanğı var,
Yaşına baxmayaraq, gümrahdır və sayıqdır.

Dini çağırışları sədaqətlə ucaldar,

Necə ki, qoca əsgər keşiyində oyaqdır.

 
Mənimsə qəlbim sınıb, qərq olanda kədərə,
İstəyir ki, nəğməsi qovuşsun gecələrə,

Zəifliyindən ancaq sözünə baxmır səsi.

 

Elə bil xırıldayır bir əsgərin sinəsi,
Yaralı unudulub, qanlı göl həndəvəri,
Meyitlərin içində dəbərmədən can verir.

 

Fransızcadan tərcümə

27.05. 2018

Samara

ŞARL BODLER.  DUELLUM

 

Duellum

  Deux guerriers ont couru l’un sur l’autre, leurs armes


Yürüyür döyüşçülər bir-birinin üstünə,
Onların silahından qan damır, tər çilənir.

Harayıdır bu oyun, bu dəmir cingiltisi,

Qəddar bir məhəbbətə əsir olan gəncliyin,

 

Qılıncların tiyəsi sınıb! gəncliyimiz tək,

Ah, canım! Ancaq iti dişləri, dırnaqları,

Qılıncı və xəncəri indi əvəz edəcək.
  — Eşq azarlı ürəyin sönməz  hiddəti vardır!

 
Vaşaq və panterlərə oylaq olan yarğana,
Tutaqlaşan igidlər sürüşüb yıxıldılar.
Yaxaraq çiçək kimi kollara qızıl qanı.

 

Bu uçurum, cəhənnəm, burda dostlarımız var!

Ağrısız enək ora, mərhəmətsiz amazon,

Beləcə qoy bilməsin nifrət alovumuz son!

 

Fransızcadan tərcümə

25-26.05. 2018

Samara

ŞARL BODLER. AYIN QÜSSƏSİ

 

бодлер

Tristesses de la lune

Nə gözəl mürgülər bu axşam ay xumarlanaraq;

Gözəl qadın belə yastıqlara dirsəklənərək,

Etinasız və yüngül əllə, fikrə qərq olaraq,

Xoşhallanır döşünə incə sığallar çəkərək.

 

Bulud balınclaırın atlas dalında fikrə dalır,

Xumarlanır, həm özündən gedir uzun-uzadı.

Gözü zaman-zaman qəribə kölgələrdə qalır,

Mavvilikdən ucalır onlar ağ çiçək sayağı.

 

Belə üzgün xumarlanarkən ay haçansa yerə,

Axıdıb bircə damla göz yaşını salsa əgər,

Tanrı xoflu, yuxusu ərşə çəkilmiş şair,

 

Alar bu damlıanı öz ovcuna; şəffaf damcı,
Çalarlarıyla opaldır; qoyar o ehmalca,

Sinəsi üstə, günəşdən onu gizlər elə bil.

Fransızcadan tərcümə

24.05. 2018

Samara

ŞARL BODLER.  RƏQS EDƏN İLAN

бодлер

    Le Serpent qui danse

Qayğısız yaranış, gözəldir necə,

Haçan bədənin,

Qıvrılır, min çalar sayrışır incə,
Dərində sənin.

 
Gur, dibi görünməz saçların acı
Ətirlər yayar.

Elə bil onlarda sərgüzəşt acı,
Dəniz yaşayar.

 

 

Gəmi yelkənini necə ki, açar,
Səhər yeliylə,
Qəlbim arzulardan qabarıb uçar,
Səma yoluyla.

 
Gözlərinə baxan nə acı duyar,
Nə də ki, şirin.

Soyuq cüt muncuqda dəmir qızıla,

Sanki qarışıb.

 

Yerişində ritmi, təbiiliyi,

Kim duyursa da,

Elə bil ilanın rəqsidir deyir,

Əsa ucunda.

 

Başın yırğalanar xumarlığının,

Ağırlığından.

Cavan fil başını necə yırğalar,

Şən və mehriban.

 

Əyilir, uzanır sənin bədənin,

Necə  gözəl bir,
Gəmi ləngərləyir, gah da ki, birdən,

Dərinə enir.

 

Necə axın coşar gurlayıb gələn,
Ərintilərlə,
Sənin dişlərinin həndəvərində,
Su ki, yer elər,

 

Bohem şərabıdır sanki içdiyim,
Acı, can alan.

Ulduzlar qəlbimə damcılar kimi,

Enər səmadan.

 

 

Fransızcadan tərcümə

23-24.2018

Samara

ŞARL BODLER. PAYIZ SONETİ

 

бодлер

   Sonnet d’automne

Sənin büllur tək aydın gözlərin deyir mənə:

“Məndə qəribə aşiq hansı ləyaqət görər?”

   — Məlahətli ol və sus! Ürəyim küsəyəndir,

 Hər şeydən, heyvan sadəliyindən özgə.

 

Nə cəhənnəm sirrini açmaq istəyir sənə,

Məni şirin yuxuya səsləyən laylam mənim,

Nə alovla yazılmış qara əfsanəsini.

Ruhuma əzab verən ehtiras da düşmənim!

 

Gəl sevişək ürəkdən. İndi Eşq keşik çəkir,
Pusqu qurub toranda, yayını çəkib tarım,

Onun silahlarını yaxşıca tanıyıram.

 

Qan, qorxu, divanəlik! — Ah, çiçəyim, göyçəyim,
Sən də payız günəşi, elə mənim oxşarım,

Ah, soyuq Marqeritim, bəyaz payız çiçəyim.
Ilk dəfə 30 noyabr 1859-cu ildə çap olunub

Fransızcadan tərcümə

23.05. 2016

Samara

UİLYAM ŞEKSPİR. 154-CÜ SONETİN İKİ TƏRCÜMƏSİ

Sonnet_154_1609.jpg

 

154-CÜ SONET (heca ilə)

                The little love-god lying once asleep…

 

Xırda eşq tanrısı yatdı bir dəfə,

Qəlb yaxan məşəl də yanında yanır.

Bəkarət əhdli çoxlu pərisə,

Hoppanıb keçirdi. Birdən onların,
Ən gözəl olanı götürdü saysız
Ürəklərə alov salan məşəli.

Belə tırksilah etdi qayğısız,
Eşq tanrısını bakirə əli.

 

Batırdı kösövü soyuq bulağa,
Bulaq eşq odundan əbədi qızdı,

Suları verirdi o gündən şəfa,
Xəstələrə; mən də eşq əzabından,

 

                  Getdim; demə ancaq suyu məhəbbət,

                 Qızdırır, su eşqi soyutmur fəqət.

 İngiliscədən tərcümə

13.05. 2018

Samara

 

    154-CÜ SONET (əruzla)

                      The little love-god lying once asleep

                     Laid by his side his heart-inflaming brand…          

                             

Kiçik Eşq Tanrısı qəlb odladığı məşəli də,

Qoyub yanında uzandı və şirin mürgülədi.

Onu yatmış görərək astaca yaxınlaşdı,

Bir bölük huri ki, bakir subaydı hər biri də.

Subaylıq əhdinə ən sadiq olan aldı ələ,

Neçə milyon ürəyə od salıb yaxan kösövü.

İndi dünyada odlu ehtirasa hökm eləyən,

Ali sərkərdə silahsızlanıb, xəbərsiz özü.

Bulaq axırdı yaxında, yanan bu məşəli qız,

Suya atdı, həmin an yandı eşq oduyla sular.

Oldu dərman kimi, kim gəldisə, sağaldı təmiz.

Mən də getdim sağala candakı bu zalım azar.

 

          Anladım orda: yanır ehtiras odundan su,

           Yox suyun qüdrəti eşq atəşini söndürsün.

 

İngiliscədən tərcümə

28.09.16

ŞARL BODLER.  VAMPİR

 

бодлер            

Le Vampire

Sancıldın bir bıçaq tiyəsi kimi,

Şikayətlə dolu ürəyimə sən.

Heybətli bir şeytan dəstəsi kimi,
Gəldin başılovlu, geyimin qəşəng,

 

Çevirəsən həqir ruhumu tamam,
Sən öz yatağına, sən öz mülkünə;

Abırsız, əbədi sənə bağlıyam,
Dustaq zəncirinə bağlanan kimi.

 
Qumarbaz qumarı sevən kimi ya,
Ya necə şüşəyə vurulur əyyaş,

Necə leşdən ötrü ölür həşərat,

  • Lənətə, lənətə sən gələsən kaş!

 

Üz tutub yalvardım iti qılınca,
Bəlkə kölələikdən məni qurtara.

Məkrli zəhərdən istədim azca,
Dedim mən qıpığın dadına çatar.

 

Əfsus, güldü zəhər, güldü qılınc da,
Mənə istehzayla belə söylədi:

“Sən layiq deyilsən azad olmağa,

Lənət yağdırdığın köləliyindən,
Divanə! — biz onun əsarətindən,
Əgər səy eləyib çıxarsaq səni,

Özün dirildərsən öpə-öpə sən,

Yenə də leşini qaniçəninin”.

İlk dəfə 1 iyun 1855-ci ildə çap olunub

Fransızcadan tərcümə

22.05. 2018

Samara