UİLYAM ŞEKSPİR. 149-CU SONET

 

sonnet 149

     Canst thou, O cruel, say I love thee not

Demə ki, sevmirəm səni, a zalım,
Özümə qarşıykən səninlə birgə.

Tiran, həmişə mən qayğına qalıb,

Özümə işgəncə vermirəm məgər?

 

Sənin düşməninə dost deyənəmmi?

Acığın gələnə mehribanammı?
Qaşqabaq eləsən, çəkib naləni,

Özümdən intiqam mən almırammı?

 

Ləyaqətim yox ki, hörmət edilən,
Aşağılıq sayam sənə xidməti.

Məndə yaxşı nə var sənin himinlə,
Sənin eybinə də baş əymədimi?

 

                       Nifrət elə, canım, gözlüləri sən,
                      Sevirsən, bilirəm, koram mən isə.

İngiliscədən tərcümə

09-10.05. 2018

Samara

Реклама

ŞARL BODLER. AXŞAM HARMONİYASI  

бодлер

        (Harmonie du soir)

Yetişir indi o vaxt, sapalğın üstdə əsərək,
Yayır ətrafa buxurdan kimi çiçəklər ətir.

Axşamın təntənəsində qoxular, səslər itir;
Melanxolik çalınır vals başı hərləndirərək!

 

Yayır ətrafa buxurdan kimi çiçəklər ətir,
Dinir səsində kamanın əzabdan üzgün ürək,

Çalınır vals melanxolik başı hərləndirərək,
Göy üzü mehraba bənzər, gözəl və qüssəlidir.

 

Dinir səsində kamanın əzabdan üzgün ürək,

Qaranlıq heçliyə bu incə ürək nifrət edir!
Göy üzü mehraba bənzər, gözəl və qüssəlidir;

Elə bil öz qanında qərq olur günəş gedərək.

 
Qaranlıq heçliyə bu, incə ürək nifrət edir,

Yığır işıqlı keçmişində hər nə var, sərvət tək,
Elə bil öz qanında qərq olur günəş gedərək…

Məndə nəzir camı tək xatirən közərmədədir!

 

İlk dəfə 29 aprel 1857-ci ildə çap olunub

Fransızcadan tərcümə

18-19.05. 2018

Samara