NƏSİMİNİN «SIĞMAZAM» RƏDİFLİ QƏZƏLİ. I. MƏTNDƏKİ ARTIRMALAR HAQQINDA

“Sığmazam” rədifli qəzəlini Nəsiminin 25-27 yaşlarında yazdığını güman etsək, bu mətnin yaşı təxminən 630 ildir. Azərbaycanda qəzəl, dəftərxana dili ilə desək, ictimaiyyətə və geniş oxucu kütləsinə 1970-ci illərin lap əvvəlində, yəni Nəsiminin bir neçə il yubadılmış 600 illik yubileyinə hazırlıq gedəndə çatdırılıb. 1973-cü ildə Həsən Seyidbəyli ilə İsa Hüseynovun “Nəsimi” filmi ekranlara çıxıb və “Sığmazam” qəzəli Rasim Balayevin ifasında kütləvi mədəniyyətin, daha dəqiq desək, kütlə mədəniyyətinin ən çox dinlənilən, lap kiçik fraqmenti ilə olsa da,  ən çox sitatlanan bədii mətninə və eyni zamanda pərəstiş obyektinə çevrilib. Əslində “Sığmazam” rədifli qəzəl bir neçə il əvvəl çəkilmiş “Yeddi oğul istərəm” filmində səslənən “Yanıq kərəmi” saz havasının taleyini yaşadı. “Yanıq kərəmi”ni bu filmdən somra toylarda şıdırğı ritmdə çaldırıb oynadıqları kimi, “Nəsimi” filmindən sonra “Sığmazam” rədifli qəzəlin bütün fəlsəfi-dini məzmunu diqqətdən yayındı və ya tamam təhrif olundu, başlanğıc beytləri ilə naqqalların dilinə düşüb ciddi klassik bədii əsər statusunu itirmiş kimi oldu. Deməliyəm ki, eyni tale Füzulinin “Məni candan usandırdı…” yarımmisrası ilə başlayan qəzəlinə də aiddir. Bu qəzəl də məktəb dərsliklərindəki bayağı, bəsit təhlillərlə, yeganə ləyaqəti saxta pafos olan aktyorların “candan usandıran” ifası ilə lFüzuli qələmindən çıxmış lirik şeirə məxsus bütün emosionallıq itir, laqeyd, işini sevməyən həkimin yazdığı xəstəlik tarixini xatırladır: məni candan usandrdı…

Yeri gəlmişkən, “Sığmazam…” rədifli qəzəllə “Məni candan usandırdı…” qəzəli arasında forma oxşarlığı var. Füzulinin rəməl bəhrində yazılmış qəzəli, futbol termini işlətsək, gizli gəraylıdır. Əgər beytlərdəki misraları ikiyə bölsək, gəraylı dördlüyü alınır.

Şəbi-hicran yanar canım,

Tökər qan çeşmi-giryanım.
Oyadar xəlqi əfğanım,

Qara bəxtim oyanmazmı?

Nəsimi qəzəlində daxili qafiyələndirmə yalnız birinci misradadır, yəni hər birinci misra öz aralarında qafiyələnən iki yarımmisradan ibarətdir. Üçüncü misrada qafiyə yalnız sondadır. Bu mənada Nəsimi mətni formasına görə Füzuli mətninə bənzədiyi qədər fərqlənir də. Fərq həm də ondadır ki, Füzuli qəzəlinin bütün beytlərində bu ikiqat qafiyələnmə prinsipinə əməl olunub və Füzuli kimi sənətkardan ayrı şey gözləmək olmazdı: forma müqəddəsdir! Nəsiminin qəzəlinə diqqətlə baxsaq, görərik ki, iki beytdə forma pozulub: 3-cü və 4-cü beytlərdə.

Müqayisə ilə göstərirəm.

2-ci beytin 1-ci misrası:

Kövnü məkandır ayətim, zati dürür bidayətim

“ayətim” və “bidayətim”lə qafiyələnən yarımmisraları görürsünüz.

İndi 3-cü büytin 1-ci misrasına baxaq.

Kimsə gümanü-zənn ilə olmadı həqq ilə biliş
Yarımmisralar qafiyələnmir, 4-cü beytdə də belədir. Bu, təsadüfi ola bilərmi? Bunu, Nəsiminin səhlənkarlığı ilə izah etmək olarmı? Qətiyyən yox! Klassiklər üçün, Nəsimi miqyaslı sənətkar üçün forma məzmun qədər vacib olub və hətta, elə bu qəzəlin özündə də, məzmundan da vacib olub. İki beytin ümumi formaya uyğun gəlməməsinin bir səbəbi ola bilər: bu beytlər artırmadır. Yəni bunlar Nəsiminin mətninə sonradan əlavə olunub. Və indi kanonik sayılan mətndəki 16 beytdən neçəsinin Nəsimiyə məxsus olduğunu demək çətindir. Yəni mənim üçün çətindir. Mən kalassik ədəbiyyat mütəxəssisi deyiləm və yalnız üzdə olanı görə bilirəm. Məsələn, bu mətndə daha bir forma uyğunsuzluğu var. 12-ci beyt şeirin bütün başqa beytlərindən fərqlənir, yəni bu beytin ikinci misrası da, Füzuli qəzəli kimi qafiyələnən iki yarım misraya bölünür:

Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.

Yəni bu beyti də Füzuli qəzəli kimi dördlük, gəraylı halına da salmaq olar.

Zat iləyəm sifat ilə,

Qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə,

 Bəstə dəhanə sığmazam.

Bu beytin artırılma olmağı, mənim fikrimcə, hətta mütəxəssislərdə də şübhə doğurmamalıdır. Forma fərqindən başqa, burda ovqat dəyişikliyi də var. Bu beyti artıran adam elə bil ki, əsl müəllifə parodiya,  satirik nəzirə qoşur, yəni onunla bəlkə də dostyana məzələnir: gülşəkərəm nəbat ilə…

(ardı var)

  1. 05. 2026, Samara