Архив тегов | Məndə sığar iki cahan təhlil

NƏSİMİNİN «SIĞMAZAM» RƏDİFLİ QƏZƏLİ. III. NƏSİMİ BİR CƏHƏTDƏN TANRI İLƏ OXŞARDIR: İKİSİNİN DƏ YARATDIĞI QÜSURSUZ DEYİL…

əvvəli burda: https://xeyrulla.com/2026/05/19/nesiminin-sigmazam-redifli-qezeli-ii-seir-deyil-sektant-manifestidir/

Sərt bədii forma kənar müdaxiləni tamamilə istisna etməsə də, bu ehtimalı minimuma endirir. İtalyan soneti və ya Şekspir soneti girilməz qaladır. Şekspir sonetləri ilə bağlı mübahisələr müxtəlif nəşrlərdə olan xırda fərqlərdən yaranır. İtalyan sonetinin və Şekspir sonetinin həm də konkret mövzusu, elm adamlarının diliylə desək, konsepsiyası var. “Sığmazam” qəzəlində nəinki konkretlik yoxdur, bu şeirdə şairin öz auditoriyasına, oxucusuna, məzhəb yoldaşına nəyi çatdırmaq istədiyini demək mümkün deyil. Mövzu qeyri-müəyyənliyi, absurd konsepsiya dil hərcmərcliyi, xaosu yaradır. Baxın:

“Həm sədəfəm, həm inciyəm, həşru sirat əsinciyəm”

Sədəf (almanca perlmutter – mirvarinin anası) təbii kompozitdir, yəni daşqaşdır. “İnci” isə daşqaşların ümumi adıdır.  Yəni “həm sədəfəm, həm inciyəm” – tavtalogiyadır, sənətkar üçün yolverilməz dil pintiliyidir. Misranın ikinci hissəsinin əvvəli ilə məna yə məntiqi əlaqəsi yoxdur. Beytin 2-ci misrasında isə şair paltara keçir və “bu dükanə sığmazam” deyib beyti bitirir.

Şeir “iki cahan”la başlanır, bunu gərək şeiri oxuyub qurtaranadək yadımızda saxlayaq. 9-cu beyt belə başlanır:

“Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm”

Hansı cahan? Hər ikisi? Ya biri? Hansı?

“Can mənəm”, yəmi “mən — canam” – yəni həyatam? Və ya “bədənəm”? Əlbəttə, nə qədər ki, sağıq, hamımız, canıq, bunun üçün hürufi məzhəbinə keçmək lazım deyil…

“Gərçi mühiti-əzəməm, adım Adəmdir, Adəməm…”

Hansı Adəm? Cənnətdən rüsvayçılıqla qovulan?  Adəm Yaradanın hökmünə baş əyərək cənnəti tərk edir, Rasimbalayev pozası alıb gözlərini süzdürərək demir ki, yox, sən məni qova bilməzsən, mən günəşəm, fələkəm, “pəncü şeşəm”…

“Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm”

Yəni günəşəm, ayam, balam, şəkərəm…

Bu sıranı təşkil edən sözlər arasında məna, kateqoriya fərqi yerdən göyə qədərdir. Bənzətmə üçün sıralanan sözlər arasında yazınlıq olmalıdır: günəş hara, bal hara… Və yarım misralardakı “qəmər” və “şəkər” sözləri qafiyə xatirinədir. “Günəş”lə “pəncü şeş” də həmçinin…

“Gülşəkərəm nəbat ilə…” – fəlsəfi dərinliyi bəlkə burda axtarmaq lazımdır? Bəlkə “fəlsəfi şşirinlik” dadmalıyıq?

Belə şeiri, yalan olmasın, kilometrlərlə uzatmaq olar. Canlı, cansız cisimlərin, təzahürlərin, fenomenlərin sayı-hesabı yoxdur. Onları sadalamaqla yeni beytlər qoşursan, bir şərtlə ki, rədifin əvvəlində qafiyə olsun: can, cahan, dükan, məkan, qazan, iki qoz bir girdəkan…

Mənim alim soydaşlarım iddia edirlər ki, Nəsimi insan azadlığına himn bəsləyib. Bu son dərəcə dolaşıq mətndə azad insanı görənlərə qibtə etmək olar. Mətndəki insan “Mən Allaham” və ya “Tanrıya bərabərəm” deyib özünü Napolen, İcgəndər Zülqərneyn, Yuli Sezar sayan dəliləri xatırladır.

Hürufiliklə insan azadlığı bir araya sığmır. Hürufilik öz ardıcılının başını, beynini ərəb əlifbasının hərflərinə bağlamaqla onun azadlığını daha da məhdudlaşdırır, daha doğrusu, ruh azadlığından tamamilə məhrum edir.

Əvvəldə dediyim kimi, bu şeirdə hürufi insanına təlqin edilməli, aşılanmalı olan etik-əxlaqi model rüşeym, eskiz halında belə gözə dəymir. Müəllif yalnız Yaradanla bəhsləşir və özünü əslində gülünc vəziyyətə salır. Belə bərbad dillə, belə bənzətmələrlə, belə bəsit təfəkkürlə Yaradana meydan oxuyan şəxs tragik qəhrəman kimi yox, komik personaj kimi görünür…

Bu şeir, əvvəldə dediyim kimi, gənclik illərində yazıla bilərdi. Qüdrətli şairlik təbiəti ilə doğulmuş və yeniyetməlikdən xarizmatik sekta rəhbəri Nəiminin təsiri altına düşmüş Nəsiminin özünü hardasa çox yuxarılarda görməsi izah oluna bilər. O, gəncdir, qanı qaynayır, güclü şairlik təbiəti coşur, xəstəlik yoxdur, ölüm isə… Jan Pol Sartrın məşhur ifadəsinə azacıq dəyişiklik eləsək, deyə bilərik: gənclikdə “ölüm – başqalarıdır”. Və o düşünmür ki, iki gün yuyunmayanda öz ətrafına üfunət yayır, tanrıdan, fələkdən, mələkdən fərqli olaraq onun yeməyə, paltara, istidən, soyuqdan sığınacaq yerinə ehtiyacı var. Böyüklük – Yaradanla bəhsləşməkdə deyil, özünü Yaradana bərabər etməklə insana azadlıq gəlmir…

Mən bunu Nəsimiyə ünvanlamıram. Mən bunu Nəsimini bu gün oxuyanlara, onun sabahkı oxuyanlarına ünvanlayıram. Nəsimi “mən həqqəm”, yəni “mən tanrıyam” desə də, nə həqq idi, nə də tanrı. Ona görə də onun mətnlərində mistika axtarmaq, qorxmaq, çəkinmək lazım deyil. Yəni Nəsiminin də mətnlərinə bütün başqa mətnlərə olduğu kimi tənqidi münasibət vacibdir. Dünyamıza, həyatımıza baxanda görürük ki, Tanrının da yaradıcılığında çox ciddi qüsurlar olub… Pis yaxşıdan az deyil…

Nəsiminin yaradıcılığında olduğu kimi. Yəni ən azı bu cəhətdən Nəsimi ilə Tanrı arasında eynilik olmasa da, yaxınlıq var…

 

 20 05. 2026, Samara

NƏSİMİNİN «SIĞMAZAM» RƏDİFLİ QƏZƏLİ. I. MƏTNDƏKİ ARTIRMALAR HAQQINDA

“Sığmazam” rədifli qəzəlini Nəsiminin 25-27 yaşlarında yazdığını güman etsək, bu mətnin yaşı təxminən 630 ildir. Azərbaycanda qəzəl, dəftərxana dili ilə desək, ictimaiyyətə və geniş oxucu kütləsinə 1970-ci illərin lap əvvəlində, yəni Nəsiminin bir neçə il yubadılmış 600 illik yubileyinə hazırlıq gedəndə çatdırılıb. 1973-cü ildə Həsən Seyidbəyli ilə İsa Hüseynovun “Nəsimi” filmi ekranlara çıxıb və “Sığmazam” qəzəli Rasim Balayevin ifasında kütləvi mədəniyyətin, daha dəqiq desək, kütlə mədəniyyətinin ən çox dinlənilən, lap kiçik fraqmenti ilə olsa da,  ən çox sitatlanan bədii mətninə və eyni zamanda pərəstiş obyektinə çevrilib. Əslində “Sığmazam” rədifli qəzəl bir neçə il əvvəl çəkilmiş “Yeddi oğul istərəm” filmində səslənən “Yanıq kərəmi” saz havasının taleyini yaşadı. “Yanıq kərəmi”ni bu filmdən somra toylarda şıdırğı ritmdə çaldırıb oynadıqları kimi, “Nəsimi” filmindən sonra “Sığmazam” rədifli qəzəlin bütün fəlsəfi-dini məzmunu diqqətdən yayındı və ya tamam təhrif olundu, başlanğıc beytləri ilə naqqalların dilinə düşüb ciddi klassik bədii əsər statusunu itirmiş kimi oldu. Deməliyəm ki, eyni tale Füzulinin “Məni candan usandırdı…” yarımmisrası ilə başlayan qəzəlinə də aiddir. Bu qəzəl də məktəb dərsliklərindəki bayağı, bəsit təhlillərlə, yeganə ləyaqəti saxta pafos olan aktyorların “candan usandıran” ifası ilə lFüzuli qələmindən çıxmış lirik şeirə məxsus bütün emosionallıq itir, laqeyd, işini sevməyən həkimin yazdığı xəstəlik tarixini xatırladır: məni candan usandrdı…

Yeri gəlmişkən, “Sığmazam…” rədifli qəzəllə “Məni candan usandırdı…” qəzəli arasında forma oxşarlığı var. Füzulinin həzəc bəhrində yazılmış qəzəli, futbol termini işlətsək, gizli gəraylıdır. Əgər beytlərdəki misraları ikiyə bölsək, gəraylı dördlüyü alınır.

Şəbi-hicran yanar canım,

Tökər qan çeşmi-giryanım.
Oyadar xəlqi əfğanım,

Qara bəxtim oyanmazmı?

Nəsimi qəzəlində daxili qafiyələndirmə yalnız birinci misradadır, yəni hər birinci misra öz aralarında qafiyələnən iki yarımmisradan ibarətdir. Üçüncü misrada qafiyə yalnız sondadır. Bu mənada Nəsimi mətni formasına görə Füzuli mətninə bənzədiyi qədər fərqlənir də. Fərq həm də ondadır ki, Füzuli qəzəlinin bütün beytlərində bu ikiqat qafiyələnmə prinsipinə əməl olunub və Füzuli kimi sənətkardan ayrı şey gözləmək olmazdı: forma müqəddəsdir! Nəsiminin qəzəlinə diqqətlə baxsaq, görərik ki, iki beytdə forma pozulub: 3-cü və 4-cü beytlərdə.

Müqayisə ilə göstərirəm.

2-ci beytin 1-ci misrası:

Kövnü məkandır ayətim, zati dürür bidayətim

“ayətim” və “bidayətim”lə qafiyələnən yarımmisraları görürsünüz.

İndi 3-cü büytin 1-ci misrasına baxaq.

Kimsə gümanü-zənn ilə olmadı həqq ilə biliş
Yarımmisralar qafiyələnmir, 4-cü beytdə də belədir. Bu, təsadüfi ola bilərmi? Bunu, Nəsiminin səhlənkarlığı ilə izah etmək olarmı? Qətiyyən yox! Klassiklər üçün, Nəsimi miqyaslı sənətkar üçün forma məzmun qədər vacib olub və hətta, elə bu qəzəlin özündə də, məzmundan da vacib olub. İki beytin ümumi formaya uyğun gəlməməsinin bir səbəbi ola bilər: bu beytlər artırmadır. Yəni bunlar Nəsiminin mətninə sonradan əlavə olunub. Və indi kanonik sayılan mətndəki 16 beytdən neçəsinin Nəsimiyə məxsus olduğunu demək çətindir. Yəni mənim üçün çətindir. Mən kalassik ədəbiyyat mütəxəssisi deyiləm və yalnız üzdə olanı görə bilirəm. Məsələn, bu mətndə daha bir forma uyğunsuzluğu var. 12-ci beyt şeirin bütün başqa beytlərindən fərqlənir, yəni bu beytin ikinci misrası da, Füzuli qəzəli kimi qafiyələnən iki yarım misraya bölünür:

Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.

Yəni bu beyti də Füzuli qəzəli kimi dördlük, gəraylı halına da salmaq olar.

Zat iləyəm sifat ilə,

Qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə,

 Bəstə dəhanə sığmazam.

Bu beytin artırılma olmağı, mənim fikrimcə, hətta mütəxəssislərdə də şübhə doğurmamalıdır. Forma fərqindən başqa, burda ovqat dəyişikliyi də var. Bu beyti artıran adam elə bil ki, əsl müəllifə parodiya,  satirik nəzirə qoşur, yəni onunla bəlkə də dostyana məzələnir: gülşəkərəm nəbat ilə…

(ardı var)

  1. 05. 2026, Samara