Архив | 07.08.2026

GÜLMƏLİ ŞEİRLƏR. «AZƏRBAYCAN» ŞEİRİNİ MİSRA-MİSRA OXUYAQ… I

Mən Azərbaycan dilini ana dili sayan, Azərbaycan dilində təhsil almış ya alan və Azərbaycan dilini kamil bildiklərinə əmin olan hər kəsə təklif edirəm ki, Səməd Vurğunun “Azərbaycan” şeirini asudə vaxtlarında dönö-dönə və fövqəladə diqqətlə oxusunlar. Əvvəl bütöv şeiri, sonra hər misranı ayrıca.

 

“Çox keçmişəm bu dağlardan”

Siz məktəbdə bu şeiri keçəndə, sonralar oxuyanda ya eşidəndə fikirləşmisinizmi şair hansı dağları deyir? “Bu” – işarə əvəzliyidir. Bu kitab, bu ev, bu qız, bu şəhər. ”Bu” əvəzliyi tələb edir ki, şair əvvəlcədən obyektin ya predmetin adını çəksin, ya da sonradan. Səməd Vurğun demir ki, hansı dağlardan keçib, Azərbaycanda isə dağ bir deyil, iki deyil…

“Dağlardan keçmişəm” azərbaycancadır? Azərbaycan dilində dağ aşılır. Çay keçilir.

“Durna gözlü bulaqlardan”. “Keçmişəm” feli bu misraya da aiddir. Dağdan keçmişəm, bulaqlardan keçmişəm. Necə? Bulaqdan necə keçmək olar? Harasından? Bəlkə hoppanıb üstündən aşıb?

Eşitmişəm uzaqlardan
Sakit axan arazları.

Uzaqlardn – yəni hardan? Azərbaycan çaylarını şair hansı uzaqlardan eşidib? Sibir sürgünündən? Kremldən? Moskvanın elit Metropol mehmanxanasından? Birinci iki misra ilə birlikdə bu iki misra Azərbaycan haqqında nə isə deyirmi? Yəni siz burda Azərbaycanı görürsünüzmü?

“Sınamışam dostu, yarı”.

Şeir beşliklərlə yazılıb. Baxın, bu beşliyin misraları arasında üzvi əlaqə varmı? Çayların səsinə qulaq asıb, dostu-yarı sınayıb… Yaxşı, deyək ki, dostu sınayıb. Bəs yarı necə? Yarına deyib ki, Moskvaya ezamiyyətə gedirəm, getməyib, gecə yarısı öz açarları ilə qapını açıb girb evə ki, yarını oynaşı ilə tutsun?

Bunun “dağlardan keçməyə nə dəxli var”?

2-ci bənd

“El bilir ki, sən mənimsən”

Bu misra tam absurddur. “El” – bu elə Azərbaycan deyilmi? “El”siz ölkə ola bilərmi? Yox, ola bilməz. Əslində şair deyir: “Azərbaycan bilir ki, Azərbaycan mənimdir”. “El bilir ki, sən mənimsən” yalnız bir nəfərin dilində rasional səslənər və reallığı əks etdirər, o insan İlham Əliyevdir. Yəni İlham Əliyev desə ki, “El bilir ki, sən mənimsən”, oxucu üçün hər şey aydın olacaq, Əliyevin dilində “el” – ölkə deyil, “el” – kütlədir və kütlə bilir ki, Azərbaycan kimindir…

“Yurdum, yuvam, məskənimsən”

Şeirdə sadalanan sözlər ən azı nüanslarla fərqlənməlidir, yoxsa bir söz yerinə üç sözün işlənməyi ancaq misra doldurmaq kimi başa düşülür. Yurdumsan, məskənimsən? Yurd elə məskən deyil?

“Anam, doğma vətənimsən”.

“Doğma vətən” – absurd ifadədir, vətənin ögeyi olur? Rusca “rodnaya rodina” deyənə gülərlər. Ölkəyə doğma demək olar. Vətən – elə doğma ölkə deməkdir. Və Səməd Vurğunun felinə uyan azərbaycanlılar az qala yüz ildir ki, bu absurd “doğma vətən” ifadəsini saqqız kimi çeynəyirlər…

“Ayrılarmı könül candan”

İndi gəlin görək kim (ya nə) könüldür, kim (ya nə) candır. Səməd Vurğun könüldür ya can? Bəlkə Azərbaycan könüldür? Hə? Baş tapdınız?

Molla sarsaqladığını başa düşəndə tez fatihə verdiyi ki, Səməd Vurğun da bu absur bəndi “Azərbaycan, Azərbaycan” deməklə bitirir…

 

(ardı var)

07. 08. 2026, Samara