Архив | 06.08.2026

NURMƏHƏMMƏDLƏ ELXANIN MƏNİ İŞIĞA ÇAXARMAQLARI

  dastan

Bu əhvalat şeirə çəkilə gərək,
Yarı qoşma ola, yarı da qəzəl.

Xanəndələr onu əzbərləyərək,
Toyda oxuyalar şirin və gözəl.

 

Günlərin bir günü gecə keçəndə,
Söndü mənzilimin işığı birdən.

Kor kimi dolaşdım zülmət içində,

Xəsarət də aldım bir neçə yerdən.

 

İlan vuran yatı, yatammadım mən,
Fikir yordusa da səhərə qədər.

Nəhayət ki, günəş pəncərələrdən,

Yaydı mənzilimə qızıl zırrələr.

 

Qapım da döyüldü elə bu zaman,
Açıb kimi gördüm? – Nurməhəmmədi!

Soruşdum ki, xəbər tutmusan hardan,
“Mirzə, kəşfiyyatım işləyir,” – dedi.

 

O bu işin üstə gəlməmişdi tək
Yanında diplomlu mühəndis də  var.

Elxan Quliyevi çox insan gərək,
Tanısın, ya indən belə tanıyar.

 

Stulu stolun qoyub üstünə,
Məhəmməd girişdi işə dinmədən.

Hər xətti yoxladı o, dönə-dönə,

İslandı əynində köynəyi tərdən.

 

Yalan olmasın, iş çəkdi dörd saat,
Əlbəyaxa döyüş sanki gedirdi,

Cərəyan üç dəfə azı vursa da,

Qorxuda bilmədi o, Məhəmmədi.

 

Elxansa Rüstəm-Zal kimi dayanıb,
Yapışıb stoldan, ciddi dayaqdır.

Pompey əsgərini yəqin o anıb,

Postda etibarlı, həm də sayıqdır.

 

Nəhayət, mənzilin yandı işığı,
Məhəmməd alnının sildi tərini.

Müzəffər əsgər tək düşdü aşağı,
Mən də yaxın gəlib sıxdım əlini.

 

Sonra yanımızı yerə basaraq,
Sevincdən göz yaşı axıtdıq da biz.

Əllərin var olsun, usta, üzün ağ,

Qalmasın dünyada heç kim işıqsız!

 

06. 08. 2026, Samara