Архив | 25.08.2026

EŞİTDİM BAĞLANIR MƏKTƏBİ KƏNDİN…

Kitabı bağlanır kiminsə gündə,
Gün nədir? Hər saat, saninə hətta.

Başına iş gəlir gözlənilmədən,

Gəlir səhər, axşam, gecə, günorta.

 

Gözünün içinə qızıl-qırmızı
Söyləyir həkimi sanki sevincək:

Kitabın bağlandı sənin, əzizim,

Belədir dünyanın işi, neyləyək.

 

Kimisə işindən qova bilərlər,
Borc bataqlığının kimsə əsiri.

Kimin bağlanıbsa kitabı əgər,
Onu açmayacaq bir daha Tanrı.

 

Kitabı bağlanan təkcə fərd deyil,

Xalqın bağlanırsa üzünə qapı,
Vurursa sərhədə hampazor qıfıl –

Bağlanır millətin, demək, kitabı.

 

Eşitdim bağlanır məktəbi kəndin.
(Bu misra üç dəfə gərək oxuna,
Şübhə kim eləsə bağlanır yəqin,
Özüm çətinliklə inandım buna….)

 

Bir vaxt o məktəbdə yaxşı şagirddim,

Sonra pisi oldum müəllimlərin.

Əgər bağlanırsa kitabı indi,

Bağlanar kəndin də kitabı yəqin…

 

Uşaq tapılmırsa indi məktəbə,
Boşalar evlər də yəqin get-gedə.

Kitablar atılar küllüyə bəlkə,
Vərəqlər çevrilər külək əsəndə…

 

25.08. 2026, Samara